Çobanın
könlü olsa...
– Oxumazsan, gedib axırda çoban
olarsan! Uşaq vaxtı məktəbdə müəllimlərimizdən,
evdə valideynlərimizdən,
çöldə-bayırda böyüklərdən
çox eşitmişik bu xəbərdarlığı.
Böyüyüb boya-başa çatmışıq, hərəmiz
bir işin qulpundan yapışmışıq, ailə sahibi olmuşuq, biz də
tənbəllik edib dərsə getmək, oxumaq istəməyən
övladlarımızı, nəvələrimizi bu
sözlərlə
qorxutmuşuq: “Oxumasanız,
çoban
olacaqsınız!”
...
İndi ömrümün bu
ahıl
çağında fikirləşirəm
ki, görəsən,
uşaqları niyə məhz
çobanlıqla qorxudurlar? Məgər
çobanlıqdan
çətin, ağır
zəhmət tələb edən peşə yoxdur? İnsanları
yedirdib-içirtmək,
geyindirib-keçindirmək
kimi şərəfli
bir missiyanın yerinə yetirilməsində
bilavasitə iştirak edən
bu xeyirxah işin sahibləri nədən belə
arzuolunmazdırlar? Bu səhv təsəvvür haradan
qaynaqlanır?
Bu suallar ətrafında düşünərkən
yadıma ötən əsrin
80-ci illərində ulu öndər Heydər Əliyevin
indi öz adını
daşıdığı Respublika
sarayında
heyvandarlığın inkişafı ilə
bağlı keçirdiyi fəallar
yığıncağında dediyi
sözlər
düşür:
– Kənd təsərrüfatı ağır sahədi. Gərgin əmək tələb edir.
Deyə bilərsinizmi, hər hansı biriniz axşam
işdən
qayıdıb evə gələndə süfrəyə nə
bişirilib gətiriləcəyini soruşmursunuz? Hansı evi
ağartısız təsəvvür etmək
olar? Belədirsə,
heyvandarlığa,
xüsusən
qoyunçuluğa biganə yanaşmaq
olarmı? Mən sizdən
qəti tələb edirəm,
bu tədbirdə şəxsən iştirak
edən əmək qəhrəmanı çoban Boran
Quliyevin təcrübəsini hər bir təsərrüfatda yayın,
ata-baba qoyunçuluq sahəsinin inkişafını daim diqqətdə saxlayın.
Halal zəhmət sahibləri
Uzun müddət rayonumuzda kənd təsərrüfatı sahəsində işləyərkən
çoban, naxırçı,
sağıcı, zootexnik və baytar işçiləri ilə, demək olar ki, hər gün ünsiyyətdə
olduğumdan, ömrünün
60 ildən çoxunu
çobanlıq sahəsinə
həsr edən halal zəhmət
adamlarından öyrəndiklərim
bu gün yaddaşımda ən
gözəl xatirə kimi yaşayır. Belə bir rəvayət də vardır ki, bir
şəxs ev-eşiyindən,
ailəsindən 15 il ayrı
düşüb elm və bilik
almağa gedibmiş.
Qayıdanda çobanla
rastlaşır. Çoban onu süd-çörəyə qonaq edir. Hal-əhvaldan sonra alimə sual
verir:
– Elmin əsası
nədir?
Alim
düzgün cavab tapa
bilməyəndə
çoban deyir ki, bir
il də mənim
yanımda qal, çobanlıq et, cavabı öyrədərəm. Alim bu
işə məəttəl qalır,
razılıq verir. Bir ildən sonra çoban
deyir:
– Get, yadında saxla, elmin başı səbirdir.
16 il
evdən
çıxmış
şəxs gəlib məkanına çatır.
Görür ki,
cavan ikən evləndiyi
ailəsinin yanında bir növcavan uzanıb yatıb. Qılıncı çəkib onu öldürmək istəyəndə arvadı
deyir:
– Əl
saxla, bir səbr elə,
sən gedəndə hamilə idim, oğlun
oldu, indi
böyüyüb, maşallah, daha kişidir.
Alim
çobanın ağlına, biliyinə, həyat təcrübəsinə, hikmətinə heyran
qalır.
Dahi Nizami
Gəncəvi ölkəni idarə
etmək əvəzinə başını
eyş-işrətə, ova qatan, rəiyyətin dərd-sərini unudan Bəhramguru sürüyə xəyanət etmiş
itini asan çobanla üzləşdirir. Bəhramgur çobanın
yaratdığı ibrət mənzərəsindən
öz səhvini anlayıb, taxta-taca
qayıdaraq işini yenidən qurur.
Qoyunlu evlər
gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz
evlər gördüm,
Qurumuş çaya bənzər.
Elin bu hikməti ev
heyvanları arasında
qoyunun nə qədər faydalı
olmasından soraq verir. Qoyunun əti ən kalorili ərzaqdır.
Südü, bulaması, kətəməzi, qatığı, şoru,
dələməsi, pendiri, qaymağı damaqların dadıdır. Yunundan yorğan-döşək,
toxuma köynək, corab, əlcək hazırlanır. Dünyanın məşhur muzeylərinin bəzəyi
olan Azərbaycan xalçaları, gəbə,
kilim, cecim, palaz, qarbıd, keçə, heybə,
durdan, cul qoyun yunundan hasilə
gəlir. Sürülərin erkəci olan təkələrin, keçilərin
qəzilindən kəhər, qəmər, köhlən atlara
sicim toxunur. Dərisindən, bağırsaqlarından geyim əşyalarından başqa
musiqi alətlərində,
kolbasa
hazırlığında
istifadə olunur. Ölkəmizdə “Qala”, “Qaradolaq”, “Ləzgi”, “Dağ
merinosu”, “Qarabağ”, “Balbas”, “Mazex”
qoyun cinslərinin ilbəil
saflaşdırılmasında,
məhsuldarlığının yüksəldilməsində çoban
əməyinin müstəsna
rolu vardır.
Çobanlıq qədim
peşədir. Elə
çobanlar vardır ki,
sürüyə baxan kimi
hansı heyvanın azar-bezara
tuş gəlib,
üz-gözündən məlal
yaydığını dərhal görürlər. Gecələr doğulan quzuların əlamətinə, rənginə görə
anasını tapıb tələyirlər. “O quzu bu qoyunun balasıdır, bu quzu o qoyunun”
– deyə ilk günü əmizdirirlər.
Buna quzunun mayalanması deyərlər. Hələ
bu harasıdır, peşəsinə canı-dildən
bağlı olan
çobanların tütəkdə çaldıqları qədim “Qoyunhəngi” havasının elə
sirli-soraqlı
dünyası vardır ki,
bu hikmətə heyran qalırsan.
“Qoyunhəngi”
İndi elmi-texniki
tərəqqi o həddə çatıb ki, dünyanın bir çox yerlərində heyvanların məhsuldarlığını artırmaq üçün hətta
elektron çalğı alətlərindən də istifadə olunur.
Lakin Dədə Qorqud
yurdu olan
allı-güllü
yaylaqlarımızda belə alətlərə ehtiyac yoxdur. Şahbuz
rayonunun Qızıl
Qışlaq kəndində
90 il ömür sürən, ömrünün 62 ilini
çobanlıq sənətinə həsr edən və böyük məharətlə “Qoyunhəngi” çalan
Kamil baba var idi.
İkinci
cahan müharibəsində Berlinə
qədər
döyüş yolu
keçmişdi. Sağ ayağından aldığı güllə yarasını cəbhədən qayıdandan
sonra yenə çobanlıq sənəti ilə yaşada-yaşada sağaldıb unutmuşdu.
Kamil baba elin əsl xan çobanı idi. Dizi qara, gözü qara məşhur “Balbas”
qoyun cinsinin çəkisini 90-100
kiloqrama, xalçaçılıqda tayı-bərabəri olmayan yunun çəkisini hər başdan 3-3,5
kiloqrama çatdırdığına görə iki dəfə
Moskvada Ümumittifaq Xalq Nailiyyətləri sərgisinin iştirakçısı və laureatı olmuş, “Şərəf nişanı”, “Qırmızı Əmək
Bayrağı” ordenləri ilə müharibədə aldığı orden və
medalları yaxasına yan-yana
düzüb bəzəyəndə geydiyi
pencəyin ətəkləri
də tutmurdu.
Onun çobanlıq sənətinin qabaqcıl
davamçıları həmişə ölkəmizin əmək
bahadırlarının
iştirak etdikləri ali tədbirlərdə Şahbuz
dağlarını təmsil etmişlər. Kamil baba
heybəsində həmişə misdən
hazırlanmış qədim yan
tütək saxlardı. Kamil
baba çobanlara həmişə deyərdi ki, istəyirsinizsə otardığınız sürülər dərə-təpədə
qurda-quşa tuş gəlməsin, çox dağınıq otlamasın, hamısı
göz qabağında olsun,
onda sürünü “Qoyunhənginə” öyrədin. Bu havacatın hikmətinin dədə-baba çəmini də
çobanlara öyrədərdi.
Tütəkdə hava çalınanda o
biri çoban xəlvəti gedib
sürünün
qabağında yerə uzanardı. Elə ki, “Qoyunhəngi”
çalındı, sürüdəki bütün heyvanlar
otlamağı
dayandırıb tütək səsinə dinşək kəsilərək çobana
tərəf baxarlar. Elə bu vaxt yerə uzanmış
çoban yerdən qəfil
qalxaraq sürüyə tərəf papaq, yaxud əl ağacı atar. Hürkən
sürü
çobana sarı qaçışar. Azı bir
həftə ara-bir bu
üsulla sürü tütək çalan
çobanın yaxınlığına o qədər gələr
ki, sürünün təkəsi gəlib
çobanın lap
yaxınlığında havacata
qulaq asar. Elə ki,
sürü bu üsula
alışdı, onda
heyvanlar dağınıq
otlayanda, sürüdən uzaqlaşanda “Qoyunhəngi” çalınan kimi erkəklər, təkələr
sürünü
çobana tərəf gətirər, vəfalı qoyun itləri də bir yandan kömək edər.
Belə olanda sürünün qurddan
qorxusu olmaz. Arxada
canavarın qənimi itlər, qabaqda da
sürünün
dayağı çoban.
Canavarla üzbəüz
Ömrünü
elin sərvəti, ruzi-bərəkət mənbəyi olan
qoyunçuluğa həsr edən xan çobanlarımız
canavarın sürüyə necə qənim kəsildiyini bir an belə unutmazlar. Məsəldi deyərlər:
Qurdu it basmaz, küt basar. Usta çobanlar
arxacdakı daş yalaqlara isti yal, süd töküb itləri
tox saxlarlar. Üstəlik “bala təndir”,
“çəlvərə” deyilən ocaqlarda itlərə
küt bişirərlər. Küt yeyən
itlər pələng kimi güclü olar.
Yeniyetməliyindən
ta 80 yaşınadək Şahbuz dağlarında
çobanlıq etmiş, 90 il ömür
sürən Şahhüseyn baba deyərdi ki, itə küt, ət,
sümük, kəsilən heyvanın dırnaqlarını
atanda bir fikir verin, görün onu yerdən necə
götürür. Əvvəlcə diqqətlə
baxır, iyləyir, sonra yemi götürür. Ta bundan
sonra o iti yüz dəfə daşa bassan da, həmin adama dəyməz.
Elə Şahhüseyn babanın qonşusu
çoban Zakir Dünyamalıyev də bu fikirdə idi.
Deyirdi ki, kəndimizin axar-baxarında Səfərbəy Səngərinin
“Tay daşı” deyilən sərhəd yerində erməni
xainliyi yenidən baş qaldırdığı 90-cı illərdə,
guya, uzun müddət həmgələ
otardığımız örüşdə çoxdan
tanıdığım, hərdən bir süfrədən
çörək kəsdiyimiz erməni çobanları ilə
yenə üz-üzə gəldik. Gördüm
ki, bu dəfə üz-gözlərindən kin-qəzəb
yağır, qırımları başqa şey deyir.
“Çəmbər” itim də yanımda idi: it üzümə
baxaraq, elə bil ürəyimdən keçənləri
duydu. Dərhal qoparaqlanaraq sürünü
qaytarıb, öz tərəfimizə sarı qovmağa
başladı. Erməni çobanlar bunu görcək
aralıdakı bağlamada olan silaha tərəf gedəndə
mən işi bilib aşağı tullandım və “Tay daşın” Küküyə
tərəf cablarına girdim. Qol-qılçım
yaralanmışdı. Ermənilərin
atdığı güllə səsləri
dağı-daşı bürüdü. Baxdım
ki, vəfalı itim sürünü güllə məsafəsindən
də xeyli uzaqlaşdırıb öz yerimizə tərəf
aparır. Onda Şahhüseyn kişinin
dedikləri gözüm önünə gəldi. İt itliyiynən yağı düşməndən
çox-çox etibarlı imiş. Çoxları
elə bilir ki, çobanıq, yəqin, dünyadan xəbərsizik.
Yox, Sovet dövründə Mingəçevirin
işığı, Bakının nefti-qazı, yurdumuzun
növbənöv məhsulları ilə dolanan, çox vaxt
kəsdikləri saxta pullarla bazarlarda öz halal məhsullarını
satanları aldadan, nemətlərimizi yeyib, axırda bizə
belə qənim kəsilən düşmənlərdə
sür-sümük və küt verdiyimiz it qədər etibar
yox imiş. Təəssüf ki, xalqımız
20 ildir, torpaqlarımıza məqsədli
köçürülən belə xainlərlə qonşuluq
etməyə düçar olub. Bu da bir
taledir.
Çobanlıq çətin peşədir. O, insanları gündəlik ruzi - bərəkət,
geyim-keçimlə təmin etməkdən ötrü ev -
eşikdən olur. Təbiətin dolusu,
leysanlı, ildırımlı şıdırğı
yağışı ilə üzləşir. Çox vaxt gecələr başını
daşın üstə qoyub yatır, necə deyərlər,
ayağı yaşda, başı daşda çörək
qazanır. Sevindirici
haldır ki, ölkəmizdə yaranmış bolluğun bir tərəfini
də cəfakeş çobanlarımız yaradır. Bu qədim sənəti yaşadanlar qədirbilənlər
yanında həmişə hörmətli olurlar.
Qaşdar ƏLİYEV,
əməkdar təbiəti mühafizə işçisi, texnoloq,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Naxçıvan MR, Şahbuz rayonu
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 6.