Azərbaycan: region liderinin yeni hədəfləri

 

Bu gün Azərbaycan dünyanın bir çox ölkələrindən olan investorlara  Qafqazın, bəlkə də bütün Asiyanın regional lideri statusuna iddialı olan ölkə kimi tanınır. Bunu, Ermənistanla müharibə şəraitində olan gənc, müstəqil bir ölkənin təkcə zəngin karbohidrogen ehtiyatlarından qazandığı neft gəlirləri ilə bağlamaq qətiyyən doğru olmazdı.

 

Neft bumundan necə gəldi istifadə etmək bir məsələdir, onu zamanında ölkənin müasir sənaye infrastrukturuna, kənd təsərrüfatına və bütövlükdə qeyri-neft sektorlarına yönəldib ölkənin iqtisadi potensialını artırmaq başqa bir məsələdir. Bir iqtisadçı ekspert, müasir dünya siyasətini araşdıran politoloq kimi tam qətiyyətlə təsdiq edirəm ki, Azərbaycan neft bumunun başladığı ilk gündən ikinci yolu seçdibunun gerçək bəhrələrini görmək isə elə böyük vaxt istəmədi.

Amma Azərbaycan buna, heç də  asanlıqla və az bir zamanda nail olmamışdı. Azərbaycan bu iqtisadi uğurları, sözün həqiqi mənasında, analoqu olmayan bir şəraitdə yaşaya- yaşaya,  əslində işğalçı Ermənistanla döyüşə- döyüşə, müharibənin dağıntılarını bərpa edə-edə, erməni işğalı altında olan 20 faiz torpaqlarından qaçqın düşmüş bir milyondan çox vətəndaşının qayğısını çəkə-çəkə, ölkə daxilindəki 1992- 1995-ci illərdəki siyasi gərginliyi, bəzi hallarda qarşıdurmaları tənzimləyə-tənzimləyə qazanıb. Bu gün bunlar haqqında nə qədər sakit danışsaq belə, müharibə hələ bitməyib, kövrək atəşkəs hər an pozula bilər və o zaman nələrin baş verəcəyini söyləmək indi çox çətindir.

Bəs Azərbaycanın son 10 ildəki iqtisadi uğurlarının, “Azərbaycan fenomeninsirri nədədir? Bu uğurların əldə edilməsinə aparan yollar hansılardır? Təbii ki, maliyyəçi ekspertlər bunu ilk növbədə ölkənin zəngin enerji resursları ilə – neftqaz ehtiyatları ilə bağlayırlar. Amma bu ehtiyatlar, düşünülmüş iqtisadi strategiyanın gerçəkləşdirilməsi üçün yalnız bir, həm də çox qiymətli vasitə idibunu zaman da göstərdi.

 

İflasdan dirçəlişə

 

XX əsrin sonunda postsovet Azərbaycanında müstəqil dövlətçilik quruculuğu dünyanın geostrateji strukturundakı radikal dəyişikliklərin başlanması ilə eyni vaxta düşmüşdü. Ayrı-ayrı dövlətlər arasında olduğu kimi, dövlətlərarası  qarşılıqlı münasibətlərin də artması siyasətin beynəlmiləlləşməsinə gətirib çıxarmışdı.

“Azərbaycansayağı yenidənqurma” dalğasında hakimiyyətə gəlmiş müstəqil ölkənin ilk rəhbərlərinin diletantlığı və qeyri-peşəkarlığı respublikanın qazandığı suverenliyə çox böyük zərbələr vururdu. Hakimiyyətdə olduqları qısa müddətdə onlar nəinki dünya ictimaiyyətinin Azərbaycana etibarını möhkəmləndirə bilmədilər, hətta özlərinin birtərəfli mövqeləri ilə, qonşu dövlətlərin ünvanına kəskin münasibətlərini bəyan etməklə ölkənin nüfuzunu qırdılar, dünyada həyata keçirilən,  ziddiyyətli  yanaşmanı və  soyuq müharibə” stereotiplərini təkzib edən konstruktiv siyasət kursunu şübhə altına aldılar. Ölkə təkcə şimaldan deyil, cənubdan da Mərkəzi AsiyaŞimali Qafqaz respublikaları kimi ənənəvi yaxın tərəfdaşlardan və dostlardan belə ehtiyatlı etimadsızlıq divarı ilə ayrılırdı.

Mövcud şərait   xarici siyasət konsepsiyasında təcili, radikal yenilənmə tələb edirdi. Elə bir yenilənmə ki, bu konsepsiyaya yeni məzmun versin, müstəqilliyin və demokratik dəyərlərin qorunmasını təmin edəcək taktikastrategiya işlənib hazırlansın. Bunu isə yalnız  xalqın böyük əksəriyyətinin tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev edə bildi. Postsovet məkanında, hətta beynəlxalq siyasi səhnədə kifayət qədər yaxşı tanınan və nüfuz sahibi olan Heydər Əliyev hər şeydən əvvəl regionda söz sahibi olan qonşu Rusiya ilə bütün sahələrdə münasibətləri normal ahəngə saldı və onun nüfuzundan istifadə edərək Azərbaycanda vəziyyəti normal hala  gətirmək üçün çox vacib olan atəşkəsə nail oldu. Siyasət patriarxı qabaqcıl NATO ölkələrinin antiAzərbaycan əhvali-ruhiyyəsini neytrallaşdırmaq, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların geri qaytarılmasında dünya ictimaiyyətinin dəstəyini qazanmaq, ölkənin çökmüş, iflas həddində olan iqtisadiyyatının bərpasında və inkişafında birbaşa rol oynayacaq  xarici investorları Xəzərin Azərbaycan akvatoriyasındakı karbohidrogen ehtiyatlarının işlənməsinə cəlb etmək, eyni zamanda onların cəlb olunması ilə  Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyinə təminat qazanmaq kimi vacib tədbirlərə ilk növbədə Qərbdə informasiya blokadasını dağıtmaqdan başladı.

İstənilən mürəkkəb və zəhmət tələb edən prosesdə  təminatlı uğur formulu özlüyündə bir çox naməlum vəzifələr ehtiva edir. Bu vəzifələrin həlli üçün sistemlilikdüşünülmüş addımlar tələb olunur. Onların köməyi ilə son nəticədə universal və cəlbedici inkişaf modelində əksini tapan kompleks rasional alqoritmlər işlənib hazırlanır. Azərbaycanın inkişaf modelində də bu kompleks alqoritmləri bir çox xarici mətbuat orqanlarının “hakimiyyət ustası” kimi təqdim etdikləri Heydər Əliyev işləyib hazırladı.

Dünyada “enerji diplomatiyası” əsrinin yeni mərhələyə qədəm qoyduğunu gözəl bilən Heydər Əliyevin   bu sahədə strateji taktiki gedişlərinin ilk uğuru  1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə gəldi. Həmin dövrdə tanınmış rus siyasətçilərindən biri yazırdı ki, “vaxtilə Neft daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”. Azərbaycan üçün məhz bu tarixi uğurdan sonra  iqtisadiyyatda yeni bir dövr başladı. Dünyanın enerji daşıyıcıları bazarında  tələblər artdıqca ölkənin neft-qaz sektoruna xarici investisiyaların axını da sürətlə artırdı.

“Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxtda Azərbaycan  iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. 1997-ci ildə isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başlamışdı. “Əsrin müqaviləsi”nin reallaşmağa başlaması sənayenin də bir çox sahələrinə investisiyaların yönəlməsinə, kiçikorta müəssisələrin özəlləşdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsinə və yeni sənaye müəssisələrinin istifadəyə verilməsinə şərait yaradırdı.

“Enerji diplomatiyası”ndan fəal istifadə tədricən ölkənin iqtisadıyyatını qaldırmağa, həyat səviyyəsini yüksəltməyə, müasir, demokratik  dövlətçiliyin möhkəmlənməsinə imkan açdı.  Dünya birliyinə, xüsusilə Avroatlantik strukturlara inteqrasiya sürətlənməyə başladı. Azərbaycan diplomatiyası milli maraqların prioritetlərinin müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsində, xarici ölkələrlə olduğu kimi, dövlətlərarası birliklərlə də razılığa gələ və üst-üstə düşən maraqları tapa  bildi.

Beynəlxalq Valyuta Fondunun apardığı təhlillər də göstərir ki, Azərbaycanda 1996-cı ildən etibarən iqtisadi dirçəlişin əlamətləri özünü göstərməyə başlamışdı. 1996-cı ildən 2000-ci ilə qədər xarici investisiyaların həcmi 5 milyard dollara çatdı. Daxil olan xarici investisiyaların 50 faizi maşınqayırma, rabitə və qida sənayesinə, xidmət bölməsinə və digər sahələrə yönəldilmişdi. Artıq 1996-cı ildə qeyri-neft sektoruna yönələn investisiyaların həcmi 33 faiz təşkil edirdi.

Neft ölkəsi kimi isə Azərbaycanın bu sahədəki gəlirləri daha çox idi və bu da ölkənin iqtisadiyyatına birbaşa təsir edirdi. Statistika göstərir ki, müstəqilliyinin 20 ili ərzində Azərbaycanda qaz kondensatı da daxil olmaqla 413 milyon ton xam neft, 191,6 milyard kubmetr qaz hasil edilmişdir. Məhz bunun nəticəsidir ki, bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələrindən 100 milyard ABŞ dolları investisiya yönəldilmişdir.

Bu gün müstəqil Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev hakimiyyətinin son on ilində özünün siyasi tərcümeyi-halına bütöv yeni bir regional diplomatiya strategiyasının yaradıcısı adını da əlavə etdi. O, çox vaxtında beynəlxalq nəqliyyat dəhlizi məsələsini aktuallaşdıraraq, Azərbaycana Şərqi və Qərbi birləşdirən ölkə statusu qazandırdı və respublikanı regional geosiyasi oyunçu formatına saldı. Azərbaycan ona özünün unikal siyasigeostrateji formatına görə seçilən Bakı-Tbilisi-Ceyhan neft kəməri,  Bakı-Tbilisi-Ərzurum qaz kəməri, nəhayət, Böyük İpək Yolunun yeni interpretasiyası olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinə görə minnətdar olmalıdır. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları, hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC - nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi.” Amma dəyişən təkcə xəritə deyildi, onunla bərabər Azərbaycan və onun beynəlxalq imici də dəyişirdi.

 

İnkişaf strategiyasının yeni hədəfləri

 

Son illər Azərbaycanda əldə olunmuş uğurlu dövlət quruculuğu təcrübəsi bir əhəmiyyətli xüsusiyyəti ilə daha çox diqqət çəkir: bu da optimal prioritetlər naminə intellektualfiziki resursların fəal şəkildə konsentrasiya olunmasıdır. Belə olan halda isə rasional idarəçilik mövqeyindən yanaşma yaradıcı potensialı artırır və təkcə mövcud problemləri deyil, perspektiv vəzifələri də mükəmməl həll edir.

2003-cü ildə Heydər Əliyevin siyasi varisi  İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. Öz xalqının İlham Əliyevi böyük səs çoxluğu ilə prezident seçməsini onun siyasi karyerasını diqqət mərkəzində saxlayan dünya ictimaiyyəti də bəyənir. Çünki dünyanın siyasi elitası bu gənc siyasətçini “Əsrin müqaviləsi”nin hazırlanması zamanı 14 ölkənin 19 nəhəng neft şirkətinin rəhbərləri ilə apardığı danışıqlardan, beynəlxalq iqtisadi forumlarda ölkəsinin mənafeyinə xidmət edən çıxışlardan, AŞPA-dakı siyasi fəaliyyətindən yaxşı tanıyırdı. Qloballaşan dünyanın siyasiiqtisadi aspektlərini çox gözəl bilən Azərbaycan  Prezidenti İlham Əliyevin həyata keçirməyə başladığı istər iqtisadi, istər siyasi kursun təməlində isə şübhəsiz bütün keyfiyyətlərinə görə Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dururdu. Məhz elə bu strategiya ilk gündən gənc dövlət başçısının bələdlədiyi strateji orientirlərə xidmət etməyə başladı.

Prezidentliyinin ilk günlərində  İlham Əliyev deyirdi: “Biz neft dollarlarını boş yerə xərcləməməliyik. Bu pullara gələcək nəsillər üçün yeni şəhərlər, yollar, zavodlar və fabriklər tikməliyik. Bu məqsədlə “mineral-ehtiyatlarfondu yaratmaq lazımdır. Belə fondlar ABŞ-da, Kanadada, Səudiyyə Ərəbistanında,  Küveytdə, Norveçdə və digər ölkələrdə mövcuddur. Onların əsas məqsədi mineral-xammal ehtiyatlarını (ilk növbədə  neft və qazı) emal sənayesinə istiqamətləndirilən maliyyə ehtiyatlarına çevirməkdir... Artıq bu gündən neftlə bağlı olmayan yeni yerləri, yeni infrastruktur  yaratmaq lazımdır, çünki ovaxtsa qurtaracaq. Əgər bu proqram bu gün işə düşəcəksə, sabah gələcək nəsil neft hasilatından və neftin dünya bazarlarındakı qiymətindən asılı olmayacaq. Ona görə də neft bizim üçün  məqsəd yox, güclü iqtisadiyyat yaratmaq üçün vasitədir”.

Onun tələbləri və qısa zaman üçün qarşıya qoyduğu vəzifələr bəlli idi: zaman-zaman artan neft gəlirlərini çevik şəkildə ölkədə istehsal sənayesinin yaradılmasına, respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qlobal enerji layihələrinin reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə, regionların inkişaf proqramlarının maliyyələşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafına, Azərbaycanda müdafiə sənayesinin yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, səhiyyənin və təhsilin inkişafına və sair sahələrə yönəltmək. Bəs nəticə necə oldu?

Başlıca nəticə ondan ibarətdir ki,  özünün yaxın qonşularından  siyasi, iqtisadi və demoqrafik  nöqteyi-nəzərdən kəskin şəkildə fərqlənən Azərbaycan iqtisadiyyatı artıq on ilə yaxındır ki, çox böyük sürətlə inkişaf edir. Doğrudur, deyirlər ki, istənilən  müqayisə zərərlidir, ancaq ölkənin gerçək potensialını göstərərkən bu müqayisələrsiz ötüşmək olmur. Statistikaya nəzər salanda aydın görünür ki, Cənubi Qafqaz regionunun bütövlükdə iqtisadiyyatında Azərbaycanın payı 75 faiz təşkil edir. Əhalinin sayına gəldikdə, yaxın qonşuları olan Gürcüstan və Ermənistanin bir yerdə əhalisi 7,7 milyan təşkil etdiyi halda bu respublikanın əhalisi 9 milyonu keçir.

 

(ardı var)

 

 

Arzuman  MURADLI,

politoloq, iqtisadçı ekspert

 

Xalq qəzeti.- 2013.- 10 mart.- S. 5.