Azərbaycan
artıq kosmik klubun üzvüdür
2013-cü il, fevralın 8-dən 9-na keçən gecə...
Müstəqil Azərbaycan Respublikası çox böyük tarixi qələbəyə imza
atdı: birinci Azərbaycan telekommunikasiya peyki - “Azərspace-1”
uğurla kosmosa
çıxarıldı. Cəmi 21 illik
müstəqillik tarixi olan
gənc bir dövlət üçün
bu son dərəcə
böyük nailiyyətdir. Yüz illərlə müstəqillik təcrübəsi
olan əksər dünya
dövlətlərinin gerçəkləşdirə bilmədiyi
tarixi qələbədir. Nəzərə
almaq lazımdır ki,
Azərbaycan bu uğura
məcburən cəlb olunduğu
müharibə şəraitində imza
atmışdır.
Baxmayaraq ki,
torpaqlarımızın 20 faizi hələ
də düşmən işğalı altındadır. Milyondan artıq qaçqın və məcburi
köçkünümüz vardır. Bütün bu çətinliklərə, məhrumiyyətlərə
sinə gərərək, ölkəmiz getdikcə daha da qüdrətlənən
dövlətə çevrilməkdədir. Çoxdan
arzusunda olduğumuz və
nəhayət kosmosa göndərdiyimiz süni peyk bunu bir daha
təsdiqlədi.
Bir
neçə ay öncə Ermənistanın eks baş naziri
Qrant Baqratyan bəyan etmişdi ki, “Azərbaycan yaxınlarda
kosmosa peyk göndərəcək, Ermənistan isə
inkişafda hətta Tacikistandan da geri qalır”. Kosmosa göndərdiyimiz süni
peyk düşmənlərin bu böyük layihədən əvvəlcədən
məlumatlı olduqlarından və narahatlıq keçirdiklərindən
xəbər verir. Onlar yaxşı anlayırlar ki, Azərbaycan
kimi imkanları sürətlə genişlənən dövlətlə
müharibə aparmaq Ermənistana baha başa gələcək
və bu vaxta qədər ianə hesabına diləndikləri
və oğurluqla qazandıqları hər şeyi qısa
zaman çəçivəsində itirə bilərlər.
Onsuz da bu, gec - tez baş verməlidir. Çünki itirən
və işğala məruz qalan bir dövlətin getdikcə
belə güclənməsini yalnız uca Haqqın ədaləti
kimi dəyərləndirmək mümkündür. Bəşəriyyət
tarixində haqqın qələbəsinin dəfələrlə şahidi
olmuşdur.
Vaxtilə xalqımız SSRİ-nin kosmik uğurlarına sevinirdi. İndi isə öz milli nailiyyətimizə sevinirik. Buna sevinmək hər bir azərbaycanlı üçün qürur məsələsidir. Təsəvvür edin ki, ölkəmizin bu qələbəsinə burada yaşayanlarla bərabər qürbət ölkələrdə məskunlaşan, çalışan soydaşlarımız da sevindi. Kim istəməz ki, onun mənsub olduğu dövlət güclü olsun, inkişaf etsin, belə bir möhtəşəm uğura imza atsın. Soydaşlarımızın süni peykimizin kosmosa göndərilməsinə olan sevincinə şahid olmaq üçün təkcə sosial şəbəkələri izləmək kifayətdir. İnternet səhifələrində onların açıq-aşkar sevinci, qürur duymaqları paylaşdıqları fikirlərdən açıq-aydın görünür.
Azərbaycan dövlətinin bu qədər
maliyyə vəsaiti hesabına ərsəyə gətirdiyi bu
nəhəng layihənin gətirəcəyi mənfəətdən
öncə bir vətəndaş olaraq məni
düşündürən başqa məsələdir. Təsəvvür
edin ki, dünyada mövcud olan 200-ə yaxın dövlətin indiyədək
yalnız cəmi 11-i kosmosa öz peykini göndərmişdir.
Azərbaycandan ərazisinə və əhalisinin sayına
görə qat-qat böyük
ölkələr var ki,
bu sırada hələ də yer almayıb. Lakin ölkəmiz
cəmi 21 illik müstəqilliyi
dövründə buna nail
olmağı bacardı. Belə olan halda Azərbaycan vətəndaşı olmaqdan necə qürur duymayasan.
Bəs bu qədər maddi tutumu olan bu qlobal layihə ölkəmizə hansı faydalar verəcək. Əvvəlcə gəlin “Azərspace-1” barədə bəzi statistik məlumatlara nəzər salaq. Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan üzərində üçrəngli Azərbaycan bayrağı olan, “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılan Azərbaycanın ilk rabitə peyki - “Azərspace-1” Amerikanın “Orbital Sciences” korporasiyası tərəfindən inşa olunub. Peyk Malayziya hökumətinə məxsus, həmin ölkənin “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yayım xidməti göstərəcək. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərində olacaq.
Azərbaycanın ilk peyk
proqramının ümumi dəyəri təxminən 250 milyon
dollar təşkil edir. Çəkisi 3275 kq, tam
açılmış halda ölçüləri 23,6 m x 8,9
m x 5,6 m-dir.
Telekommunikasiya
peyki olan “Azərspace-1” səs, internet, TV və radio yayım
xidmətləri göstərəcək. Əsas idarəetmə
mərkəzi Bakının Qaradağ rayonu Güzdək kəndində yerləşdirilir.
İkinci mərkəz
Naxçıvanda yerləşdirilir.
Peykin
resurslarının reallaşdırılmasından ilk
daxilolmalar may ayından başlayacaq. “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev mətbuata
açıqlamasında bildirib ki, “artıq may ayından
etibarən icarə ilə bağlı ödənişlər
Azərbaycan tərəfinə ödəniləcək. Belə
ki, Azərbaycanın “Azərspace-1” ilk telekommunikasiya peykinin resurslarının 42-43%-i artıq 15 illik müddətə Malayziyanın “Measat” peyk operatoruna
icarəyə verilib. Onun sözlərinə
görə, “Azərspace-1” peykinin sığortalanması ilə əlaqədar
bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün
qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri
hesabına “Azərspace-1” layihəsini davam
etdirmək imkanına sahib olacaq.
Azərbaycanda
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin,
o cümlədən digər çoxməqsədli peyklərin
orbitə çıxarılması ilk növbədə
informasiya mübadiləsinin xarici ölkələrdən
asılılığının aradan qaldırılması və
informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni
zamanda ölkədə yeni iqtisadi sahələr üzrə
mövcud insan ehtiyatları və intellektual potensialın
inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata
keçirilməsi və nəticə etibarilə innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması istiqamətində aparılan
işlər arasında öz xüsusi və strateji əhəmiyyəti
ilə seçilir. Bundan əlavə,
peykin idarəsi və istismar
edilməsi “Azərkosmos” ASC-də çalışan azərbaycanlı
mütəxəssislər tərəfindən həyata
keçiriləcək. Müxtəlif yerli və xarici ali məktəblərdə təhsil
almış bu mütəxəssislər
mütəmadi olaraq müxtəlif ölkələrdə
ixtisasartırma kurslarında və təlimlərdə iştirak edir, texniki hazırlıq səviyyələrini
artırmaq üçün daim iş aparırlar.
Bundan
əlavə, nəzərə alsaq ki, peyk rabitəsi xidmətlərinin
maksimum keyfiyyətli təşkili
məqsədilə ölkəmizə məxsus geostasionar peyklərin
orbitə çıxarılmasının ölkə
iqtisadiyyatınada böyük töhfəsi olacaq, onda layihənin
əhəmiyyətliliyi bir daha təsdiqini tapır. İstifadəsi
bütün Azərbaycan
ərazisini əhatə edəcək “Azərspace-1” peyki keyfiyyətli
televiziya və radio
yayımı, o cümlədən sürətli
internet xidmətlərin göstərilməsi
təmin olunacaq, ötürülən məlumatlara
daha yaxşı nəzarət ediləcək,
məsafədən təhsil və elektron
səhiyyə kimi digər proqramlar üçün platforma
yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi
hallarda rabitə problemlərinin aradan qaldırılması üçün
səmərəli və sürətli həll yolu
olacaq, habelə rabitənin təhlükəsizliyi
təmin ediləcək. Ölkənin uzunmüddətli inkişaf strategiyasının bir hissəsi olan bu nəhəng layihənin məqsədi ən
qısa zaman çərçivəsində
Azərbaycanın bu sahədə olan bütün
çatışmazlıqlarının aradan
qaldırılmasına yönəlmişdir. Onu da qeyd edək ki, hazırda ölkəmizdə əsas gəlir
mənbəyi ilk növbədə neft sektorudur. Peykin resurslarının 20 faizi
Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq,
qalan 80 faizi isə dünya bazarlarına ixrac
ediləcəkdir. Artıq peykin 40 faizinin satışı üçün
müqavilələr imzalanmışdır. Prezident
İlham Əliyevin də
çıxışlarında dəfələrlə qeyd etdiyi kimi,
qeyri-neft sektorunun inkişaf etdirilməsi zamanın tələbi
və ölkəmizin bir növ
gələcək sığortasıdır. Bu
baxımdan peykin qeyri-neft
sektorunun tərəqqisinin tərkib hissəsi
hesab etsək, yanılmarıq. Onu da qeyd
edək ki, bu il informasiya kommunikasiya
texnologiyalarının ölkə iqtisadiyyatında önəmli
sahə kimi elan
olunması, Bakıda İnternet Forumunun keçirilməsi bu
qlobal layihənin məntiqi
başlanğıcı və uğurlu nəticəsidir.
Bu layihə həm də yuxarıda
qeyd etdiyimiz kimi, məhdud sayda olan kosmik ölkələr cərgəsinə
daxil olmaq və dövlətimizin beynəlxalq imicinin möhkəmləndirilməsi
baxımından olduqca faydalıdır. Yeni iş yerləri,
yeni mütəxəssislərin hazırlanması və
bütövlükdə gələcək üçün
yeni infrastrukturun formalaşması baxımından süni
peykimizin orbitə çıxarılması Azərbaycan
dövlətinin məqsədyönlü və inkişafa
hesablanmış siyasətinin nəticəsidir.
Süni
peykin əsas siyasi və hərbi cəhətdən faydalı
amillərindən biri də odur ki, düşmən dövlət
tərəfindən hazırlanan təhlükəli nöqtələrin
qabaqcadan müyyənləşdirilməsi və dəqiqləşdirilməsi
prosesi asanlaşacaq və bu sahədə informasiya
çatışmazlığının aradan
qaldırılması sürətlənəcəkdir.
Bu
uğurumuzun davamı olaraq 2015-ci ildə aşağı
orbitli peykin, 2016-cı ildə isə “Azərspace-2”-nin orbitə
buraxılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyev kosmosa süni peyk göndərilməsi
münasibətilə söylədiyi təbrik nitqində bildirir: “Biz gələcəkdə də
yeni peyklərin orbitə
çıxarılması istiqamətində fəal işləyirik
və buna nail
olacağıq. 2015, 2016-cı illərdə əlavə iki peyk orbitə
buraxılacaq və artıq Azərbaycanda kosmik
sənayenin inkişafı üçün
əlverişli imkanlar yaranacaqdır. İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafı bizim uğurlu
gələcəyimizi müəyyən edəcək, təmin
edəcəkdir. İKT sahəsi həm
bilik, zəka, intellekt, eyni zamanda biznes sahəsidir. Peykin fəaliyyəti
nəticəsində Azərbaycan
dövləti, eyni zamanda maliyyə məsələlərini həll
edəcəkdir. Yəni bu
peykin fəaliyyəti
iqtisadi cəhətdən
də səmərəli
olacaqdır”.
Əminliklə demək olar ki, Azərbaycanda yeni araşdırma sahəsi yarandı. Kosmik sahənin
inkişafına doğru
atılan belə ilk addım Azərbaycanda bu sahə üzrə
yeni elmi sahənin yaranması üçün stimul olacaqdır. Peyk texnologiyasının
inkişafı və xüsusi tədqiqat sahəsinə çevrilməsi,
elmi axtarışların
nəticələrinin çap
olunması, bu sahədə dissertasiya mövzularının yaranması
və yeni kosmik alimlər şəbəkəsinin meydana
gəlməsi üçün
baza rolunu oynayacaqdır.
Cəmi 21 illik müstəqilliyi dövründə miqyasca belə böyük nailiyyətlərin əldə
edilməsi Azərbaycanın
parlaq gələcəyinin
hələ irəlidə
olduğunu düşünməyə
əsas verir. Ümummilli
liderimiz Heydər Əliyev müstəqilliyimiz
barədə demişdi:
Azərbaycanın müstəqilliyi
əbədidir, daimidir,
dönməzdir.
Kosmik sferada qazandığımız böyük
nailiyyət ulu öndərin bu qətiyyətli fikirlərini
bir daha təsdiqləyir. Hər bir azərbaycanlı
bu inamı yaşatmalı və onun itirilməməsi üçün əlindən
gələni əsirgəməməlidir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 5.