Azərbaycanın
neft strategiyası Avropanın enerji təminatına
mühüm töhfələr verir
Azərbaycanın neft
strategiyasının uğurla reallaşdırılması
ölkəmizin dinamik sosial-iqtisadi
inkişafı üçün möhkəm baza
yaratmışdır. Belə ki, zəngin karbohidrogen
ehtiyatlarından düzgün, səmərəli şəkildə
istifadə nəticəsində Azərbaycan Respublikası
regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə
çevrilmişdir. Artıq 15 ilə yaxındır ki, Azərbaycanın
karbohidrogen ehtiyatları dünya bazarına
çıxarılır. Onu da qeyd etmək lazımdır ki,
neft və qaz ehtiyatlarının ixracı üçün
yaradılmış çoxvariantlı boru kəmərləri
ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin
təminatında yaxından iştirak etməsinə imkan
verir.
Ötən
müddətdə neft və qaz ixracından əldə edilən
gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları
xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin
təşəbbüskarı və əsas
iştirakçısına çevrilmişdir. “Əsrin
müqaviləsi”nin imzalanması ilə əsası
qoyulmuş Azərbaycanın
yeni neft strategiyasının uğurları iqtisadiyyatın
şaxələndirilməsinə, xüsusən də
qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Bu da
öz növbəsində ölkə
iqtisadiyyatının neftdən
asılılığının azaldılmasına və yeni
iş yerlərinin açılmasına imkan
yaratmışdır.
Azərbaycanda
neft-qaz sektoru isə hələ uzun illər iqtisadiyyatın
aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin
karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə
birgə işlənməsini nəzərdə tutan
hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını
qoymuş “Əsrin müqaviləsi”
çərçivəsində əvvəlki dövrlərdə
olduğu kimi, 2012-ci ildə də mühüm tədbirlər
həyata keçirilmiş, bu sahədə bir sıra nailiyyətlər
qazanılmışdır. “Azəri-Çıraq-Günəşli”
layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2012-ci
ilin nəticələrinə
dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki,
yanvar-dekabr ayları ərzində
konsorsium iştirakçıları tərəfindən
“Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat
tədbirlərinə 725 milyon dollar, əsaslı məsrəflərinə
isə 2 milyard 495 milyon dollar xərclənmişdir
ki, bu da əvvəlki illə müqayisədə xeyli
çoxdur.
2012-ci
ildə müqavilə sahəsindəki
beş hasilat platformasından ümumilikdə 32,9 milyon ton və
ya 243 milyon barel neft hasil olunmuşdur. Həmin platformalar
üzrə ümumi orta gündəlik neft hasilatı isə
664 min 400 barel təşkil etmişdir. Bunun da 74 min 440 bareli
“Çıraq”, 158 min 430 bareli “Mərkəzi Azəri”, 190 min
540 bareli “Qərbi Azəri”, 134 min bareli “Şərqi Azəri”
və 107 min bareli “Dərinsulu
Günəşli” platformalarının payına
düşür.
Bütövlükdə isə 1997-ci ilin noyabr ayında
“Əsrin müqaviləsi” çərçivəsində
ilkin neftin hasilatına başlandığı gündən
2012-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan təqribən 292 milyon ton neft
çıxarılmışdır.
Ötən
il müqavilə sahəsində 65 hasilat
quyusundan neft hasil edilmişdir. Bundan əlavə, 29 quyudan texniki məqsədlər
üçün istifadə olunmuşdur ki, bu da hasilat
quyularının sabit rejimdə işləməsini təmin
etmişdir.
“Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu
hissəsi) yataqlarında neftlə bərabər, səmt
qazı da çıxarılır. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, həmin
qaz təmənnasız olaraq Azərbaycan hökumətinə
təhvil verilir. “Azəri-Çıraq-Günəşli”
layihəsinin operatoru olan bp şirkəti 2012-ci ildə “Azəri” yatağındakı
üç hasilat platformasından səmt qazının 28
düyməlik sualtı kəmər vasitəsilə Səngəçal
terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi
üçün ölkənin qaz şəbəkəsinə
göndərməkdə davam etmişdir. İl ərzində
“Çıraq” patformasından hasil edilmiş səmt
qazının da bir hissəsi mövcud 16 düyməlik
sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft
Daşlarındakı kompressor stansiyasına nəql
olunmuşdur. Ötən il konsorsium
iştirakçıları tərəfindən Azərbaycanın
qazpaylayıcı şəbəkəsinə gündə təxminən
9,2 milyon kubmetr olmaqla 3,4 milyard kubmetr səmt qazı təhvil
verilmişdir. Bu isə bütün il
üçün nəzərdə tutulduğundan 13 faiz
çoxdur. “Azəri” yatağından çıxarılan səmt
qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə
yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri
ilə “Mərkəzi Azəri” platformasına körpü
vasitəsilə birləşdirilmiş kompressor və suvurma
platformasına göndərilmişdir. Hazırda adıçəkilən
platforma vasitəsilə beş quyudan laya
qazvurma əməliyyatları davam etdirilir.
2012-ci ildə “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində qazma və tamamlama
əməliyyatları da uğurla davam etdirilmişdir.
Belə ki,
il ərzində müqavilə sahəsində
dörd neft quyusu və bir qaz injektor quyusu qazılaraq istismara
verilmişdir. Bundan əlavə, “Çıraq”
neft layihəsi çərçivəsində 7 öncə
qazma quyusu qazılaraq gələcəkdə istifadə
üçün bağlanmışdır. Ötən ilin noyabr ayında “Çıraq”
platformasının qazma qurğusunda
planlaşdırılmış profilaktik tədbirlər və
bir sıra quyularda nəzərdə tutulmuş texniki işlər
başa çatdırılmışdır. Hazırda bir
quyuda yanaqazma əməliyyatları aparılır. Cari ilin ikinci yarısında isə daha iki hasilat
quyusunun istismara verilməsi və bir quyuda intervensiya əməliyyatlarının
həyata keçirilməsi planlaşdırılır.
2012-ci ildə “Mərkəzi Azəri” platformasında da
uğurlu qazma əməliyyatları həyata
keçirilmiş, il ərzində burada yeni bir qaz injeksiya və
bir neçə neft quyusu istismara verilmiş, bəzi quyularda yenidən tamamlama əməliyyatları
aparılmışdır. Yeri gəlmişkən, Azərbaycanda
“Əsrin müqaviləsi” çərçivəsində
böyük neft hasilatına məhz 8 il əvvəl
- 2005-ci ilin fevral ayında “Mərkəzi Azəri”
platformasının istismara daxil edilməsi ilə
başlanmışdır.
Ötən
il “Azəri” yatağının qərb və
şərq hissələrində də qazma əməliyyatları
nəzərdə tutulmuş tədbirlər planına
uyğun həyata keçirilmişdir. Belə
ki, ilin əvvəlində istismarda olan C07 quyusunda qazliftə
uyğunlaşdırma əməliyyatları
aparıldıqdan sonra C04 quyusunda yenidən tamamlama işləri
aparılmışdır. Bundan əlavə, hesabat ilində
burada daha beş quyuda analoji işlər
başa çatdırılmış, yeni bir quyuda qazma əməliyyatlarına
start verilmişdir. Həmin quyu isə bu
yaxınlarda istismara təhvil veriləcək. 2013-cü
ilin qalan dövrü ərzində “Azəri”
yatağının qərb hissəsindəki quyularda intervensiya əməliyyatlarının
başa çatdırılması və burada yeni bir hasilat
quyusunun qazılması nəzərdə tutulur. “Şərqi
Azəri” platformasında isə il ərzində
bir quyuda yenidən tamamlanma əməliyyatları
aparılmış, iki hasilat quyusu qazılıb təhvil
verilmiş, bir sıra quyularda isə lazımi texniki işlər
görülmüşdür. Burada qazma və texniki işlər
cari il ərzində də davam etdiriləcək.
Belə ki, bu il platformada bir hasilat və
bir suvurma quyusu qazılıb istismara veriləcək.
Konsorsium
iştirakçıları tərəfindən “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
istismarı da il ərzində uğurla
davam etdirilmişdir. Belə ki, burada nəzərdə
tutulmuş qazma və intervensiya işlərinin vaxtında başa
çatdırılması yataqda hasilatın sabit saxlanmasına imkan
yaratmışdır. Ötən il “Dərinsulu
Günəşli”platformasında üç quyuda intervensiya
işləri uğurla başa çatdırılmış və
E16 quyusunda qazma əməliyyatları bərpa edilərək
dekabr ayında həmin quyu təhvil verilmişdir. 2012-ci ilin
üçüncü rübündə “Dədə Qorqud”
qazma qurğusu vasitəsilə burada sualtı qazma əməliyyatlarına
başlanmış və iki quyuda işlər uğurla
başa çatdırılmışdır.Yeri gəlmişkən,
“Cünəşli” yatağının dərinlikdə yerləşən
hissəsində Xəzər dənizində ilk dəfə
olaraq sualtı suvurma əməliyyatlarının həyata
keçirilməsi üçün lazımi infrastruktur
yaradılmışdır. Bu
ilin ikinci rübündə Dədə Qorqud üzən
qurğusu vasitəsilə burada qazma əməliyyatlarına
başlanacaq. Xatırladaq ki, “Dərinsulu Günəşli”
platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən
üç sualtı qazma mərkəzindən qazılan 13
sualtı quyu vasitəsilə kollektora gündə təqribən
400 min barel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində
ilk mühüm sualtı işlənmə layihəsidir və
gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə
geniş yol açır. “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
istismarını həyata keçirən konsorsium
iştirakçıları 2013-cü ilin planlarını da
açıqlamışlar. Belə ki, cari
ildə burada yeni bir hasilat quyusunun qazılıb istismara verilməsi,
“Dədə Qorqud” qazma qurğusunda
planlaşdırılmış profilaktik işlərin
aparılması və yataqda suvurma quyularının
qazılması nəzərdə tutulur ki, bu da hasilatın
sabit saxlanmasına imkan yaradacaq.
2013-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində
ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq
ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan
çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri
vasitəsilə Səngəçal sahil terminalına nəql
olunur. Terminalın texniki emal sistemlərinin gücü isə
gün ərzində 1,2 milyon barel nefti qəbul edib ixraca
yönəltməyə imkan verir. 2012-ci ildə Səngəçal
terminalından 282,9 milyon barel neft ixrac
olunmuşdur. Xam neftin 246,4 milyon bareli
Bakı-Tbilisi-Ceyhan, 29,1 milyon bareli Bakı-Supsa kəmərləri,
təxminən 6 milyon bareli isə
dəmir yolu vasitəsilə daşınmışdır.
Bundan əlavə, il ərzində xam neftlə yanaşı,
1,4 milyon barel kondensat ixrac edilmişdir.
Azərbaycan neftini dünya bazarına daşıyan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti
də getdikcə genişlənir. 2012-ci ildə
Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə
64 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən
kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barelə
çatdırılmışdır. Ötən il
adıçəkilən kəmərlə 32,8
milyon ton xam neft ixrac edilərək 320 tankerlə dünya
bazarına çıxarılmışdır.
Bütövlükdə isə 2006-cı il iyun ayının
4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından
indiyədək kəmər
vasitəsilə nəql edilmiş 213 milyon ton xam neft 2061 tankerə
yüklənərək dünya bazarlarına göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün
üçün ən yüksək ötürmə
gücü isə 1 milyon 44 min barel təşkil etmişdir.
Yeri gəlmişkən,
hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə
“Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz”
yatağından çıxarılan
kondensatla yanaşı, Türkmənistan nefti də
daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə
Qazaxıstanın “Tengiz” yatağından neft həcmlərini
daşımaq haqqında sazişlər də mövcuddur.
Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli
fəaliyyəti üçün geniş imkan yaradır.
Göründüyü kimi, Azərbaycanda “Əsrin
müqaviləsi” çərçivəsində hasil olunan
neftin dünya bazarına çıxarılması
üçün ölkəmizdə son dərəcə
etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur.
Bu da Azərbaycanın dünya arenasında
etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil
möhkəmlənməsinə səbəb olur, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təminatında
yaxından iştirak etməsinə imkan yaradır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 3.