İnfrastruktur layihələrinin
reallaşdırılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirir
Regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
reallaşdırılan kompleks tədbirlər ölkəmizin
sosial-iqtisadi uğurlarını şərtləndirmişdir.
Həyata keçirilmiş məqsədyönlü iqtisadi
siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı mühüm nəticələr
əldə edilmişdir.
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması 2012-ci ildə də inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Dövlət büdcəmizin xərcləri təxminən 20
milyard manat səviyyəsindədir.
Əlbəttə, bu, böyük
rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki,
ölkə qarşısında duran əsas
infrastruktur layihələrini başa çatdıraq. Bizim
düşünülmüş siyasətimiz,
eyni zamanda, planlı
addımlarımız məhz ona
hesablanıb ki, bütün
infrastruktur layihələri bu ilin sonuna
qədər başa çatsın. Bu layihələrin bəziləri əvvəlki
illərdə, bəziləri keçən il
başlanmışdır. Ancaq bu layihələrin icra
edilməsi nəticəsində biz bütün infrastrukturumuzu
yeniləşdirəcəyik. Çünki
bizim infrastruktur layihələrimizin
yaradılması sovet dövründən
başlamışdır. Onların bir
hissəsi köhnəlmiş, bir hissəsi
sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni
texnologiyalar vardır, yeni
ixtiralar üzə
çıxıbdır. Biz elə etməliyik
ki, gələn ildən başlayaraq
bizim infrastruktur sahəsində
heç bir
çatışmazlıq olmasın. Hesab
edirəm ki, Dövlət İnvestisiya
Proqramının həcmi və istiqamətləri bu məqsədə çatmaq
üçün bizə imkan
yaradacaqdır. Nəzərə alsaq
ki, Dövlət İnvestisiya
Proqramı ilin əvvəlində deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir,
biz vaxt itirmədən
işlərə başlamalıyıq və artıq
başlamışıq. İnfrastruktur
layihələri arasında əlbəttə ki,
prioritetlər vardır. Bu prioritetlər
artıq neçə ildir ki,
Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Dövlət investisiyaları,
əlbəttə, infrastruktur layihələrinin
təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda,
biz görürük ki, dövlət investisiyaları özəl
sektordakı vəziyyətə canlanma gətirir.
Özəl investisiyalar da
böyük həcmdə gözlənilir”.
Dövlət
başçısı daha sonra demişdir ki, keçən il
tarixdə ən böyük investisiya-22 milyard dollardan
çox investisiya Azərbaycan iqtisadiyyatına qoyulmuşdur.Bu
səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə,
həm dövlət, həm yerli və xarici özəl
şirkətlər tərəfindən qoyulacaq sərmayə
ölkəmizi daha da möhkəmləndirəcəkdir.
Prioritetlərə gəldikdə isə, biz infrastruktur layihələrimizi
ardıcıllıqla icra etməyə
başlamışdıq. İlk növbədə,
ölkəmizin enerji potensialının
yaradılmasına çalışırdıq. Son illər ərzində 1500 meqavat
gücündə yeni elektrik
stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz
nəinki özümüzü təmin edirik, eyni zamanda,
başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə
də ixrac edir. Yəni,
bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə
böyük dərəcədə uğurlara nail olmuşuq. Generasiya
güclərimizi böyük dərəcədə
artıra bilmişik. Bu il “Cənub”
elektrik stansiyasının işə
düşməsi, - bu da
təqribən 800 meqavat gücünə
yaxın olan bir
stansiyadır, - bizim bu
sahədəki vəziyyətimizi daha da yaxşılaşdıracaqdır. Çünki həm istehsal
gücü artır, eyni
zamanda, itkilər də azalır. Əvvəlki
dövrlə müqayisədə itkilər böyük
dərəcədə aşağı düşmüşdür.
Bu gün itkilər
demək olar ki, qəbul
edilmiş normalar səviyyəsindədir.
Ancaq bununla bərabər,
biz bu sahədəki fəaliyyətimizi
davam etdirəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi
davam edir. O da təqribən 400 meqavata
yaxın əlavə gücün
yaradılmasına xidmət göstərəcəkdir.
İnfrastruktur
siyasətində enerji təchizatından sonra
qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət
daşıyır. Son illər bu sahədə bir sıra
mühüm tədbirlər
reallaşdırılmışdır. Bu ilin investisiya proqramında
da bu məqsədlər
üçün vəsait nəzərdə
tutulur. İlin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsinin 90
faizə çatacağı gözlənilir. Bölgələrdə
gedən işlər deməyə əsas verir
ki, bu hədəf də
reallaşacaq.
Elektrik enerjisinin təchizatına gəldikdə isə generasiya ilə bağlı artıq işlər yüksək səviyyədədir. Amma xətlərdə hələ ki, problemlər var. Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanda,
eyni zamanda, içməli su və kanalizasiya layihələri
uğurla icra edilir. İçməli su
ilə bağlı layihələrin böyük
əksəriyyəti bu ilin
sonuna qədər başa
çatacaqdır. Bununla paralel
olaraq, kanalizasiya xətlərinin
çəkilişi də davam etdirilir.
Pzezident
İlham Əliyev sözügedən iclasda daha sonra
demişdir:“Dövlət İnvestisiya Proqramında magistral
yolların çəkilişinin davamı və yeni
yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu
sahədə də çox işlər görmüşük, magistral
yollarımızı böyük dərəcədə
bərpa edə bilmişik və yeni yollar
salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və
bu işlər artıq tamamlanır.
Bununla bərabər, şəhərlərarası
yolların çəkilişi də gedir.
Bu sahəyə də bu
il vəsait qoyulacaqdır. Biz
artıq bir neçə ildir
ki, kənd yollarının çəkilişi
ilə çox ciddi məşğul
olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin
icrası rayonlardan gəlmiş
sifarişlər, əhalidən gələn müraciətlər
əsasında təşkil edilibdir. İlk növbədə, biz
çalışmışıq ki, əhalinin
ən çox məskunlaşdığı
kəndlərimizi yeni yollarla
təmin edək. Kəndlərarası yolların çəkilişi
geniş vüsət almışdır.
Keçən il bu məqsədlər
üçün həm dövlət
büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan yüz milyon manatdan artıq vəsait
ayrılmışdır. Bu il də bu
məbləğ ondan az
olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün
kənd yollarını tikək. Çünki
onların əksəriyyəti torpaq yollar idi və qar, yağış yağan
kimi o yollar
keçilməz olurdu. İndi
bütün yollara asfalt salınır. Ancaq
əlbəttə ki, biz
bu işləri digər infrastruktur
layihələri ilə uzlaşdırmalıyıq, xüsusilə,
yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda
olmalıdır. Ondan sonra
yollar salınmalıdır, yəni, ardıcıllıq
məhz belə olmalıdır. Mən infrastruktur
layihələri arasında, eyni zamanda, meliorasiya layihələrini
qeyd etmək istəyirəm. Bu sahəyə də biz böyük vəsait ayırmışıq.
Həm Dövlət Neft Fondunun
xətti ilə, eyni zamanda,
dövlət büdcəsinin xətti ilə”.
Hazırda
Azərbaycanda su təsərrüfatı sahəsində iki nəhəng
layihə – Taxtakörpü su anbarı-Samur-Abşeron
kanalı və Şəmkirçay su dəryaçası
layihələri icra edilir. Bu layihələrin
icrası nəticəsində on minlərlə
hektar torpaq dövriyyəyə
buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün mühüm önəm daşıyır. Taxtakörpü su
anbarı bu il istifadəyə
verilməlidir. Şəmkirçay su
anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir.
Beləliklə,
qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur
layihələri qarşıdakı il ərzində başa
çatsın və ondan sonra Dövlət İnvestisiya
Proqramına yeni prizmadan yanaşılsın. Hazırda
yuxarıda qeyd edildiyi
kimi, ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur
layihələri icra edilir.
Onların tam əksəriyyəti dövlət
tərəfindən maliyyələşdirilir. Yollar,
su-kanalizasiya layihələri,
qazlaşdırma, elektrik xətlərinin,
kənd yollarının çəkilməsi uğurla
reallaşdırılır. Bu da son illər ərzində
daha çox diqqət
tələb edən məsələdir. İndi
dövlət başçısı bölgələrdə
olarkən demək olar ki,
hər dəfə yeni kənd yolunun açılışında iştirak edir. Bu, müasir Azərbaycanın
reallıqlarıdır. Əlbəttə, yol
təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral
yollara diqqət yetirilirdi.
Ancaq indi kənd
yolları da abadlaşdırılır.
Hazırda Azərbaycan kəndlərinə çəkilən
yollar çox keyfiyyətlidir,
yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir
və bölgələrin daha da sürətli inkişafını təmin edir.
Bütün
yuxarıda deyilənlər Dövlət Statistika Komitəsinin
2012-ci ilin yekunları ilə bağlı yaydığı məlumatda
da öz ifadəsini tapmışdır. Hesabat
dövründə ölkədə tikinti-quruculuq,
abadlıq işləri geniş vüsət
almış, yol-nəqliyyat sisteminin əsaslı
təmirinə və yenidən qurulmasına
başlanılmış, əhalinin kommunal
problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
üçün çox
iş görülmüşdür.
Nəticədə Azərbaycanın, eləcə
də Bakının, Bakıətrafı qəsəbə və
kəndlərin sosial-iqtisadi və mədəni
siması xeyli dəyişmiş, qaza, suya, elektrik
enerjisinə olan tələbatının
ödənilməsi, küçə və məhəllədaxili
işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz
işləməsi, sosial təyinatlı
obyektlərin - məktəblərin, uşaq
bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə
bağlı xeyli iş
görülmüşdür.
Ölkənin
tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək
bütün maliyyə mənbələrindən əsas
kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən
18 faiz çox vəsait yönəldilmiş, onun 78,8 faizi
daxili mənbələr hesabına təmin edilmişdir. Sərf
edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı, 56,6 faizi
xidmət sahələri obyektlərinin inşasında istifadə
olunmuşdur. Dövlət mülkiyyətli
müəssisə və təşkilatlar tərəfindən
əsas kapitala yönəldilmiş vəsait
ümumi sərmayənin 59,3 faizini təşkil etmişdir.
Respublikamızın
maliyyə ehtiyatlarının və büdcə vəsaitlərinin
getdikcə artması sosial infrastruktur sahələrində daha
yeni layihələrə başlamağa əlverişli zəmin
yaradır. Məlum olduğu
kimi, hökumət büdcənin böyük bir hissəsini
sosial proqramlarla
yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir.
2012-ci ildə sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların
inşası, təmiri, yeni müasir tibb müəssisələrinin
yaradılması və ən son texnika ilə təminatı,
qaçqın və məcburi köçkünlər üçün yeni
yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik
stansiyalarının yenidən qurulması və digər layihələr
infrastruktur proqramlarının çox əhatəli olduğunu
təsdiqləyir.
İnfrastruktur
layihələri respublikamızın bütün bölgələrini
əhatə etməklə yanaşı, regional xarakter
almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya
layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini
əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur
şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi,
Rusiya və İran
istiqamətində tranzit
marşrutlarının dünya səviyyəsində
yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin
çəkilişinin sürətləndirilməsi
çoxşaxəli regional infrastruktur sisteminin
yaradılmasının əyani təzahürüdür.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm
ölkəmizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla
təmin olunmasına səbəb olur, həm
də Azərbaycanın regionda gücünü artırır.
İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə də bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 10 mart.- S. 1.