Şəki Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilir

 

Dağı dağ kimi, aranı aran kimi misilsiz olan Şəki bu gün təkcə ölkəmizdə deyil, eləcə də bütövlükdə postsovet məkanında turistlərin daha çox üz tutduğu ünvanlardan birinə çevrilir. Elə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla söhbətimizdə də əsasən bu barədə danışmaq istəyirdim. Elxan müəllimin məsələyə münasibəti bir az fərqli oldu:–Şəkinin təbiəti də, tarixi də, mədəniyyəti də, həqiqətən, o qədər də tez-tez ələ düşən dəyərlərdən deyil. Ona görə də biz həmin üç dəyərin hamısıyla fəxr edirik.

 

Ancaq onları bizə ulu babalarımız və tanrı verib. Biz isə hesabat verəndə müasir şəkilinin ortaya qoyduğu nailiyyətlərdən söz açmalıyıq. Çünki bu gün dünya xəritəsində güclü Azərbaycan dövləti var. Həmin dövlətin daha da qüdrətləndirilməsi üçün biz nə etmişik? Şəkililər dövlət siyasətimizin irəli aparılmasında, sözün həqiqi mənasında, böyük işlər görürlər.

Beləcə, yazını məhz Elxan müəllimdən eşitdiyimiz faktlar və 2012-ci ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair ümumrayon toplantısında səsləndirilən faktlar əsasında qurduq. Orada Azərbaycan Prezidenti ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın öz xanımları ilə birlikdə Şəkinin qonağı olması, TÜRKSOY-un bu şəhəri 2012-ci ildə qeyri-maddi mədəni irs paytaxtı seçməsi, şəhərin baş planının hazırlanması, Şəkinin ölkə taxılçılarının önündə getməsi kimi çoxlu faktlar var idi. Ancaq Elxan müəllim söhbətə birbaşa sosial-iqtisadi göstəricilərdən başladı: —2012-ci ildə rayonumuzda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon 480 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 11,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 93 milyon 223 min manatı və yaxud 83,6 faizi dövlət mülkiyyətinin, 18 milyon 256 min manatı və ya 16,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 90 milyon 323 min manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 5,9 faiz, qeyri -dövlət mülkiyyəti üzrə 51, 8 faiz artmışdır.

Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, 2012-ci il dekabrın  19-da Şəki Şəhər İcra hakimiyyəti başçısının sahibkarlarla  görüşü keçirilmişdir. Görüşdə məqsəd yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmaq,  qarşıya çıxan problemlərin həllində onlara kömək göstərmək olmuşdur. Hazırda Şəki rayonu üzrə 3924 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilmişdir.

 Xatırladım ki, dövlətin bütün addımlarını lazımınca dəyərləndirməyi bacaran şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edirlər.

Ötən illərdə olduğu kimi, 2012-ci ildə    məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2012-ci ilin məhsulu üçün 76265 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir.  Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş yığıncağında taxıl biçininin tez və itkisiz başa çatdırılması məsələsi müzakirə olunmuş və konkret qərarlar qəbul edilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış, 256 min ton taxıl istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə 2012-ci ildə birinci yeri tutmuşdur.

Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılmışdır. İyun ayının 5-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə heyvandarlıqda damazlıq - seleksiya işlərinə dair respublika seminar müşavirəsi keçirilmişdir. Seminar müşavirədə kənd təsərrüfatı naziri İsmət Abbasov, həmçinin respublikamızın 52 rayonundan 320 nəfər iştirak etmişdir.

Bir faktı da qeyd edim. Belə ki, cənab Prezident İlham Əliyev qədim şəhərlərimizin hamısının bərpasına xüsusi önəm verir. Elxan müəllim dedi ki, 2012-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti  Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını  hazırlamışdır. Baş Plana əsasən bir sıra infrakstruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur. 2012-ci ildə şəhərin M. Ə. Rəsulzadə prospektində , Salman Mümtaz və “Oğuz şosesi” küçələrində, eləcə də yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında ümumilikdə, 42210 kvadratmetr ərazidə yollar genişləndirilib asfalt-beton örtük salınmaqla yenidən qurulmuş, köhnə arxlar əsaslı surətdə bərpa edilmiş, səkilərə beton plitələr düzülmüşdür. Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurulmuş,  ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. M.Ə. Rəsulzadə, Heydər Əliyev prospektləri və “Oğuz şosesi” küçəsində müasir tipli 770 ədəd işıq dirəyi və 1100 ədəd lampa quraşdırılmaqla yeni işıqlandırma sistemi yaradılmışdır. Qala divarlarının ətrafında 6000 kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılmış, yeni işıqlandırma sistemi qurulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq böyük ədibin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri əsasən başa çatmışdır. Şəki Şəhər İcra Hakimiyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazinin siması tamamilə  dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır.  Bu sərəncama uyğun olaraq həmçinin dahi ədibin ev muzeyinə gedən yolda, qala divarları qarşısındakı meydanda və onun ətrafında müasir işıqlandırma sistemi qurulmuş, yeni yaşıllıq zolağı salınmışdır.    Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. İl ərzində qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin,  Şəki Dövlət Dram Teatrının  binasının, Şəki Mərkəzi Rayon Xəstəxanasının fasad hissəsində aparılan təmir işləri davam etdirilmişdir.  2012-ci ildə  kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

İl ərzində 1515 mənzil təbii qazla təmin edilmiş, abonent sayı 19409-a çatdırılmışdır. 2013-cü ildə ən mühüm vəzifə daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Son illər Şəki təhsilinin əldə etdiyi uğurları danılmazdır. 2012-ci ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1731 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 587 nəfəri tələbə adını qazanmışdır.Məzunlardan 112 nəfəri 500-dən, 35 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəlmiş tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Burada turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Ötən il sentyabr ayının 9-da Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Şəki turizm mərkəzidir. Şəki nəinki Azərbaycanın, bölgənin və dünyanın turizm mərkəzinə çevrilməlidir”. Əvvəlki ilin müvafiq dövrünə nisbətən Şəkiyə gələn turistlərin sayı 5 dəfə artmışdır. 2012-ci ildə şəhərimizin qonağı olan Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva, ABŞ-ın ölkəmişdəki səfiri Riçard Morninqstar, İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Diplomatik Akademiyaların Bakıda keçirilən 40 -cı Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmiş və bu şəhərdən xoş təəssüratla ayrılmışlar.

Yayda isə Şəkidə dörd günlük “İpək Yolu ” III Beynəlxalq  Musiqi  Festivalı və “Şəki Xan Sarayı”nın 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri keçirilmişdir.    

Tədbirlərdə ölkəmizdə akkreditə olunmuş 30-a yaxın dövlətin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, ATƏT-in Bakı ofisinin, Türkiyə Respublikasının Giresun,  Gürcüstan  Respublikasının Telavi şəhər bələdiyyəsinin nümayəndələri, Milli Məclisin üzvləri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri - ümumilikdə 700 nəfərdən çox  qonaq iştirak etmişdir.

Bu böyük bayram tədbiri  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə “Arşın malçı İpək Yolunda” musiqili hekayəti ilə başlamış, sonrakı günlərdə Cənubi Koreyanın, Türkiyənin, İranın, Gürcüstanın, o cümlədən ölkəmizin tanınmış musiqi kollektivlərinin  çıxışları ilə davam etmişdir. Beş gün davam edən musiqi festifalına “Şəki Xan Sarayı”nın 250 illik yubiley tədbiri ilə yekun vurulmuşdur. Festival nəinki şəhərimizin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs  Qarayev qeyd etmişdir ki, Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan “Şəki Xan Sarayı”nın 250 illik yubileyi Şəkidə beynəlxalq səviyyədə qeyd olunmuşdur.

Elxan müəllim danışdı ki, sentyabr ayının 22-də şəhərimizdə görkəmli maarifçi və ictimai xadim  M. F. Axundzadənin 200 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. 2012-ci il TÜRKSOY tərəfindən həm də “M. F. Axundzadə ili” elan olunmuşdur. Bu baxımdan Axundzadənin yubiley tədbirlərində TÜRKSOY-un üzvü olan ölkələrdən, o cümlədən Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası Başqırdıstan Respublikasından dəvət olunmuş qonaqlar iştirak etmişlər. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi onun vətəni Şəkidə ədəbiyyat, poeziya və söz bayramı kimi qeyd olunmuşdur. Sentyabrın 23-də isə şəhərimizdə ilk dəfə olaraq Şəkinin 2700 illik yubileyinə həsr olunmuş “Şəhər günü” bayram tədbiri keçirilmişdir.  “Şəhər günü” çərçivəsində Şəki şəhər bələdiyyəsi ilə Türkiyənin Konya şəhər Məram bələdiyyəsi arasında qardaş şəhər  haqqında protokol imzalanmışdır . “Şəhər günü” bayram tədbirinə Türkiyənin məşhur  Anadolu atəşi” rəqs ansamblının konserti ilə yekun vurulmuşdur.

Elxan Usubov görülmüş işlər barədə fəxrlə danışdığı kimi, qarşıda duran vəzifələr haqqında da qətiyyətlə söz açdı: “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yaxın iki ildə rayonumuzun sosial-iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qarşıda duran mühüm məsələlərdən biri sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi və ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunmasına nail olmaqdır. Bununla yanaşı yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi olduqca vacibdir.

Məlumdur ki, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.   İl ərzində şəhərimizdə bir sıra mühüm əhəmiyyətə malik layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 2012-ci ilin  yekunlarına həsr olunan geniş yığıncağında hörmətli Prezidentimiz demişdir: “İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz Vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq”.

...Beləcə, Şəkidən hazırladığımız növbəti yazıda bu cənnətmisal məkanın bütün sahələrini əks etdirən zəngin faktlar sadalandı. Qaldı təkcə şəkililərin mənəvi sərvətlərindən biri olan hazırcavablılıq məsələsinə. Çoxdan tanıdığım bir ağsaqqala yarızarafat, yarıciddi dedim ki, dayı, son illər Şəkinin belə iti sürətlə inkişaf etməsi bilavasitə sizi də məmnun edirmi? Nə desə, yaxşıdır? Dedi: - Yarızarafat, yarıciddi soruşmasaydın, cavab verərdim.

Yəni bu gün Şəkinin elə bir sakini yoxdur ki, rayonun sosial-iqtisadi inkişafında iştirak etməmiş olsun. Eyni zamanda, elə bir şəkili tapa bilməzsən ki, buranın qədim gülüş ənənəsini yaşatmamış olsun.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 12 mart.- S. 10.