Tarixi saxtalaşdırmaq cəhdləri yolverilməzdir

 

Azərbaycan xalqı zəngin çalarlara malik bir tarixə sahibdir.  Bu tarixin hansı məqamına nəzər salsaq görə bilərik ki, dünyanın bir sıra böyük dövlətləri ya ölkəmizə işğalçılıq niyyəti ilə daxil olub, ya da hansısa xəbis, naqis güclərdən, millətlərdən xalqımıza, Vətənimizə qarşı istifadə etməyə çalışıb. Azərbaycan tarixinin hansı  səhifəsini  vərəqləsək orada, Vətənimizə qarşı hansısa məkrli  düşmən planını görməmək, hansısa bir xəyanətlə üz-üzə qalmamaq mümkün deyil...

 

Bu torpağın qədimliyi, millətin öz  qanı bahasına Vətənini qoruması, bu yolda canını belə verməyə hazır olması bu yurdu keçilməz səddə çevirib. Elə bu səbəbdəndir ki, həmin naqis, xəbis güclər əllərinə imkan düşən kimi, bu xalqın tarixinə qara yaxmaq, keçmişinə ləkə vurmaq, yalan-böhtanlarla millətin tarixini saxtalaşdırmaq cəhdindən hər bir vasitə ilə istifadə etmyə çalışıblar. Amma buna nail ola bilməyiblər. Çünki müəyyən bir zamanda yalanı doğru donunda təqdim etmək olar, amma gec-tez həqiqət meydana çıxır, əlahəzrət fakt özünü təqdim edir...

Yazıçı Əkrəm Naibovun “Daş yuxular” romanı da bütün məqamları ilə Azərbaycan tarixinin saxtalaşdırılmasına “xidmət” göstərən bir romandır, desək – yanılmarıq. Mətləbə keçməzdən öncə bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, cəmiyyətdə tanınmış hər bir insan addım atmazdan öncə dövlətini, torpağını, millətini, yaşadığı cəmiyyəti və öz ailəsini düşünməlidir. Əslində, romanla bağlı hisslərimə söykənən təəssüratlarımı qələmə almaq istəmirəm. Çünki hər cümləsində, hər bir abzasında sətirlərin arxasında Azərbaycan xalqına ironiya, millətimizin “barbar” adlandırılması məntiqi boylanan bu əsər haqqında danışmaq belə çətindir. Hər bir ifadə Əkrəmin oxunun hədəfinin Azərbaycan xalqına, Azərbaycan tarixinə yönəldildiyindən xəbər verir. Bircə məqamı vurğulamaq istəyirəm ki, heç olmasa, bu romanı yazanda bircə dəfə Xocalı soyqırımında qarlar üzərində yatan körpənin vəhşicəsinə eybəcər hala salınmış siması Əkrəmin gözlərinin önündə canlanmalı idi...

Bir daha vurğulamaq istəyirəm ki, romanda əsas xətlərdən biri Azərbaycan tarixinin saxtalaşdırılmasıdır ki, bu da yolverilməzdir. Bu romanda Azərbaycan torpaqları, qədim yurdlarımız “erməni məskəni” kimi qələmə verilir, qədim köklərimiz olan əcdadlarımızdan – albanlardan bizə yadigar qalan kilsələrimiz “erməni məbədi” kimi xalqa sırınır. Bax, ən böyük həqarət, ən böyük xəyanət buradadır...

Təbii ki, Əkrəm Naibov tarixdən xəbərdardır.  Hətta tarixin uzun və bəlli yolu elə onun gözlərinin önündə keçib, 75 yaş az deyil. Elə insanda təəccüb doğuran da budur, axı, onu nə məcbur etdi ki, tarixi məhz ermənilərin xeyrinə saxtalaşdırsın? Ən azından roman yazmağa və orada tarixin hansısa məqamlarını işıqlandırmağa çalışan bir şəxs ermənilərin bu torpaqlara nə zaman köçürüldüyünü tapmalıydı...

Əkrəm Naibov bilirdi ki, Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Bəli, təəssüf ki, vaxtilə Osmanlı Türkiyəsi ilə Azərbaycanın Səfəvilər xanədanı arasında baş verən münaqişələrin bizə miras qalan ən böyük yaralarından biri də bu gün hər iki qardaşa düşmən kəsilən erməni “qara yarası” oldu. Məhz XVIII əsrin əvvəllərindən sonra Səfəvilərin zəifləməsindən istifadə edən Pyotrun 1724-cü il noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra bu planın əsası qoyuldu. Fərmana görə, ermənilər Rusiya imperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində “beşinci qüvvə” rolunu oynamalı idilər. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa-olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Amma Rusiyanın Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Ardınca isə 1828-ci ilin 10 fevralında imzalanmış Türkmənçay müqaviləsinin şərtinə görə, 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı imperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar...

Bəli, Əkrəm Naibov! Sənin “gəlmə” adlandırdığın Azərbaycan xalqı bu torpaqların keçmişi, dünəni, bugünü və sabahıdır. Azərbaycan xalqı tarix yaranandan öz torpağında yaşayır. Yuxarıda qeyd etdiyim faktları bilmək üçün gözünüzdəki erməni “pərdəsini” yana çəksəniz, əsl həqiqətləri görə bilərsiniz. Hətta həmin dövrlərin məşhur rus diplomatı Qriboyedov bu barədə yazırdı ki, erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər: “Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar”.

Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunlar qeyd olunub: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilmişdir... Ruslar iki dəfə–1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər”.

Tarixən yanaşdıqda isə vəziyyət tam aydın olur. Ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam edib. Hətta XX əsrin əvvəllərində “ermənişünaslığın korifeyi” N.Adens yazırdı ki, ermənilər Frakiyadan kimmerlər tərəfindən Şərqi Asiyaya gətiriliblər. Rus qafqazşünası İ.Şopen XIX əsrdə həmçinin belə hesab edirdi ki, ermənilər gəlmədirlər.

Bu deyilənlərin, fikrimizcə, şərhə ehtiyacı yoxdur. O ki qaldı qədim yurdumuz olan İrəvanla bağlı məsələyə... Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə, Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olundu, onların yerində rus hakimləri tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni inzibati qurum yaradıldı. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyuldu. Xalqımızın  keçmişini dəqiqliyi ilə bilməyən Əkrəm Naibovun Azərbaycan tarixinə yaxdığı ləkənin ağrısı heç də Nikolayın etdiyindən az deyil. Birisi, qədim yurd yerlərimizin adını dəyişib, bir başqası isə utanmadan təxminən 200 ildən sonra bu şərəfsizliyə haqq qazandırmağa çalışır...

Dini məsələyə, kilsəyə gəldikdə isə... Tarixi faktlara əsasən ermənilər 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qreqorianlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başlandı. Hətta rus tarixçisi Veliçko yazırdı: “Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi”.

Bunu erməni müəllifi B.İşxanyan da təsdiq edərək yazırdı: “Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub, qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir”...

Fikrimizcə, Əkrəm Naibovun xalqımızın tarixinə qarşı necə bir kin-küdurətlə silahlandığı elə bu faktlardan bəllidir. Onun ən kobud səhvi isə doğulub boya-başa çatdığı və qədim Azərbaycan yurdu olan Naxçıvanı, Ordubadı, qədim türk yurdu Əylisi ermənilərlə bağlamağa çalışmasıdır. Amma tarixin bütün dönəmlərinin faktları, yazılı əlyazmalar, o cümlədən, tarixi araşdırmalar bunu təkzib edir...

Həqiqət isə belədir: Çar Rusiyasının ermənilər Şimali Azərbaycana köçürmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdı. Rusiya bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay İrəvan və Naxçıvan xanlıqları əsasında “Erməni vilayəti” yaradılması haqqında 1828-ci ilin martında fərman verdi. Lakin qısa bir müddət sonra, 1840-cı ildə bu vilayət ləğv olundu, beləliklə, həmin ideyanın doğru olmadığı təsdiqini tapdı. Buna baxmayaraq, 1828-1831-ci illərdə Naxçıvan bölgəsinə xeyli sayda erməni köçürüldü. Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür. Qoy Əkrəm bu faktlara diqqət yetirsin və Azərbaycan tarixini, Naxçıvan, Ordubad tarixini saxtalaşdırmasın...

“Daş yuxuları”nın ən böyük zərbələrindən biri də Naxçıvanda guya türklərin erməniləri qətlə yetirməsi, bunun qarşılığında isə ermənilərin humanist bir millət olaraq təqdim olunmasıdır. Əkrəm Naibov, təbii ki, erməni məsləhəti ilə azərbaycanlıları hər zaman “qatil” obrazında görüb. Bunun qarşılığında isə Xocalını soyqırımına məruz qoyan, torpaqlarımızı işğal edən ermənilər “məzlum” qismində təqdim olunur... Bu ağılasığmazdır. Çünki...

Terrorizm, işğalçılıq ermənilərin xisləti olub tarixən. Hətta ermənilərin cənubi Qafqazda ərazi iddialarının ideoloji əsası 1885-ci il Fransada yaranmış “Armenakan”, 1887-ci ildə Cenevrədə yaradılan “Qnçaq” və 1890-cı ildə Tiflisdə əsası qoyulan “Daşnaksütyun” terrorçu-millətçi partiyalarının fəaliyyəti ilə bağlı olub. Bu partiyalar Osmanlı imperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoyublar. “Qnçaq” partiyasının proqramı xüsusilə bu fikri ifadə edirdi: “Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək, onlardan qisas almaq”.

Qırğınlara gəldikdə isə... Təkcə, 1905-ci il avqustun 16-da başlayan və avqustun 21-də bitən ermənilərin azərbaycanlılara qarşı zülmü və qətl planı nəticəsində Qarabağda yüzlərlə azərbaycanlı qətlə yetirilib. Hətta bununla kifayətlənməyən ermənilər 1905-1906-cı illərdə Türkiyə və İrandan muzdlu erməni döyüşçüləri gətirib azəri türklərinə qarşı vuruşdururdular. Bu haqda tarixi ədəbiyyatlarda kifayət qədər məlumatlar vardır. Müsəlmanların öldürülməsində Rusiya tərəfindən Qarabağa və Şuşa qəzasına təyin edilən generalların da iştirakı olmuşdu. Bunlardan general Qalaşşapov daha qəddar olmuşdur. 1904-1906-cı illər ərzində erməni terrorçuları 209 adamı qətlə yetirmişlər ki, bunların da əksəriyyəti siyasət adamları olmuşdur.

Həmin dövrdə və ondan sonrakı illərdə bu qırğınlar davam edib. Özü də bu tək Qarabağda baş verməyib, Azərbaycanın bir sıra bölgələrində, ən əsası isə Əkrəmin yazdığının əksinə, Naxçıvanda da baş verib, ermənilər azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib. Təbii ki, azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi bu günə qədər mürəkkəb yol keçib. 1905-1906-cı illər azərbaycanlı soyqırımına M.S.Ordubadi və M.M.Nəvvabın əsərlərində əsasən düzgün qiymət verilib. 1918-1920-ci illər hadisələri də milli qırğın kimi qiymətləndirilməlidir. Çünki 1905-1906-cı illərdə Naxçıvanda baş verən hadisələr zamanı ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər iki mərhələdən ibarət olub: 1905-ci il 5-12 may və 26-30 noyabr. Həmin dövrdə ermənilərin azərbaycanlıların başına gətirdiklərini öyrənmək üçün tarixi faktlara müpaciət etmək və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini də oxumaq kifayət edir.

1918-1920-ci illərdə bu qırğınlar daha amansız şəkil alıb. Bu dövrdə də Naxçıvan bölgəsi hadisələrin mərkəzində olmuşdu. Ermənilərin bütün cidd-cəhdlərinə baxmayaraq, Naxçıvanı Azərbaycandan qoparmaq səyləri boşa çıxdı. Bunun qarşılığında isə onlar yeni yaranmış Cümhuriyyətin əsgəri gücünün zəifliyindən istifadə edib Azərbaycana, Naxçıvana hücumlar etdilər. Yəqin ki, Əkrəmin böyük sevgi ilə “yad etdiyi” tayqulaq Andronikin Naxçıvanda törətdiyi qırğınların qarşısını almaq üçünsə Qafqaz İslam Ordusunun komutanlarından olan Ədif paşanın (o Ədif paşanın ki, Əkrəm Naibov onu düşmən qismində təqdim edir) rəhbərliyi altında Naxçıvanın xilası üçün Türkiyədən kömək gəlir. Bu kömək sayəsində Naxçıvan torpağındakı qırğınların qarşısı alınır, azərbaycanlılar erməni fitnəsindən və terrorundan qurtulur...

...Həqiqəti demək üçün, ümumiyyətlə, hansı dindən və ya hansı millətdən olmağın əsas deyil. Bunun üçün, sadəcə, bir keyfiyyətə-insanlığa və həqiqəti qəbul etmək bacarığına malik olmaq gərəkdir. Məsələn, elə xristian əsilli insanlar var ki, onlar erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayıblar. Onlardan biri olan avstriyalı Erik Fayqlın çəkdiyi “Türklərin gəldikləri yerlər” və “Türklərin getdikləri yerlər” (Osmanlı imperiyasının təşəkkülü və süqutu haqqında) individual televiziya filmlərində qədim türk torpaqları haqqında məlumat verilib. Bundan başqa, professor Fayqlın tarixi araşdırmaları əsasında “Bardo” və “Dirçəliş” kimi filmlər də çəkilib. Vyana Universitetinin professoru Erik Fayql erməni terrorizminin gerçək üzünü ortaya çıxaran bir neçə əsərin müəllifidir. Bu əsərlər ingilis, alman, fransız, rus dillərində yüksək tirajla nəşr olunub. Türkiyənin məşhur köşə yazarı Namiq Kamal Zeybək professor Fayqlın erməni terrorizminə həsr olunmuş kitablarını belə xarakterizə edib: “Erməni terrorizmi haqqında təsəvvürü olmayan adi bir şəxs belə professor Fayqlın kitabını oxuduqdan sonra bu iyrəncliyin gerçək üzünü dərk edə və erməni terrorizminə bütün həyatı boyu nifrət edə bilər”.

E.Fayql mətbuata açıqlamalarında dəfələrlə bildirib ki, “mənim məqsədim həmişə erməni xalqına qarşı deyil, erməni terrorizminə qarşı mübarizə aparmaq olub. Qarabağ münaqişəsi başladıqdan sonra isə bütün diqqətim Azərbaycanda cərəyan edən hadisələrə yönəldi və ölkənizin tarixi ilə daha dərindən maraqlanmağa başladım”.

E.Fayql bildirir ki, “dünya erməniliyi bütün dünyaya dönə-dönə xatırladır ki, 1915-ci ildə 1,5 milyon erməni vəhşicəsinə qətlə yetirilmişdir. Bu rəqəmin özünün ağ yalan olması başqa bir mövzunun söhbətidir. Üzərinə böyük formatda “1915-ci il” həkk olunmuş bu tüstü pərdəsinin arxasında başqa illər gizlədilərək görünməz edilir: Qərbi Azərbaycanın zaman-zaman itirilmiş torpaqları və Xocalı həmin faciədə bir zirvə nöqtəsi olacaq. Bütün dünyaya uydurma soyqırım haqqında car çəkməklə ermənilər ictimaiyyətin diqqətini bu gün etdikləri haqsızlıqlardan, Xocalıda və bir çox digər Azərbaycan ərazilərində törətdikləri cinayətlərdən yayındırmağa çalışırlar”.

Fayqlla yanaşı, tanınmış ABŞ yazıçısı Samuel Viims özünün “Ermənistan: terrorçu xristian dövlətinin sirləri” kitabında yazır ki, “mən erməni mənşəli amerikalıların 150 yaşlı “qədim” vətənlərini mükafatlandırmaq üçün türklərdən, eləcə də, Amerika xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq məqsədilə soyqırımı və qətllərlə bağlı uydurma və yalanlar yaydığını sübut edən faktlar aşkar etmişəm”.

Samuel Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır. Kitabda eləcə də tanınmış tarixçi alim Oqust Karyerin fikri verilir. O, ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin qalıqlarının Ararat dağında tapıldığına görə guya ermənilər Nuh peyğəmbərin nəslindən olan Haykın törəmələri, Şərqi Anadolunun isə başdan-başa erməni torpaqları olması barədə iddialarını rədd edir. Beləliklə, ermənilərin mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana əsaslanır.

Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə istinad edilərsə, Qafqaz bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Orada böyük şəhər və 600 kənd var idi. Onların 150-sində ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla köçürüldükdən sonra ermənilər burada üstünlük təşkil etdi. 1907-1912-ci illərdə Rusiya çarizmi yarım milyondan çox erməninin İrandan və Osmanlı dövlətindən əsasən müsəlman azərbaycanlılarının yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demoqrafik dəyişikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan çıxan bircə yol var idi. O da Bakıya gedirdi. Ermənistana isə heç bir yol yox idi. Təkcə bu fakt çox şeydən xəbər verirdi. Bəlkə elə buna görə, hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur...

Bəli, bu növbəti faktdır ki, artıq erməni fitnəkarlığı bütün dünya üçün bəlli bir məsələdir. Maraqlıdır ki, bəzən hissə qapılan insanlar sülh sözünü, humanizm sözünü bir az ifrat dərəcədə qavrayaraq həqiqətləri belə bu “humanizmin” arxasında gizlətməyə çalışırlar. Amma həqiqət elə bir məfhumdur ki, istər-istəməz, tez va ya gec özünü göstərəcək. Əgər bu gün ermənilərin azərbaycanlılara tutduqları divanı, etdikləri terror hadisələrini dünyaya nümayiş etdirmək lazım gələrsə, bunun üçün uzağa getmək lazım deyil. Elə, ermənilərin “ideoloqlarından” sayılan Zori Balayanın yazdıqlarına nəzər salmaq bəs edir. O, “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq” ...Artıq şərhə ehtiyac varmı?

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”... Bu cür  dəhşətləri törədənlər necə humanizmdən danışa bilər? Onların humanizm anlayışının hansı vəziyyətdə olduğu elə bu kimi misallardan bəlli deyilmi!?

Bir hakimin siyasətlə məşğul olmağına qanun yol vermir. Mən də bir yazıçı, ziyalı kimi öz təəssüratlarımı və vətəndaş mövqeyimi bölüşməyə çalışdım. Bütün bu deyilənlər, yazılanlar isə birmənalı şəkildə əsl həqiqəti əks etdirən faktlardır. Bu faktlar birmənalı şəkildə Azərbaycan tarixinin saflığını, keçmişini hər bir insana açıb göstərir. Ermənilərin bu torpağa köçürülməsi ilə başlanan intriqalar isə bu günün rakursunda tarixi sənədlərə və həqiqətlərə söykənilərək müzakirə edilməlidir. Ermənilərə ucuz humanizm “qayğısı” göstərənlər buna Azərbaycan tarixinin saxtalaşdırılması ilə nail olmağa çalışmamalıdırlar. Təəssüf ki, Əkrəm Naibov da psevdohumanizm iddiaları və bəlkə də erməni sevgisinin təsiri ilə bu tarixi həqiqətləri ayaqlar altına atmağa cəhd göstərdi. Elə bu səbəbdən də Azərbaycan xalqı birmənalı şəkildə onu öz yazıçısı adlandırmaqdan imtina etdi. Və nəhayət, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən onun “Xalq yazıçısı” titulu əlindən alındı, fərdi təqaüddən məhrum edildi. Bu, ilahi ədalət idi. Əgər Əkrəm bu torpağa şər atırsa, bu Vətəni ləkələməyə çalışırsa, bu xalqı “barbar” kimi təqdim etmək istəyirsə, deməli, bu xalqdan, bu millətdən, bu torpaqdan deyil...

 

 

Ənvər SEYİDOV,

yazıçı-dramaturq,

professor

 

Xalq qəzeti.- 2013.- 12 mart.- S. 9.