Goranboy: tərəqqiyə möhkəm təməl yaradılmışdır

 

İpək  yolunun Goranboy rayonu  ərazisindən  keçən hissəsində çəkilmiş ikitərəfli  magistral  bu yerlərdə  həyatın  ümumi ahəngini də dəyişmiş,  təkcə hərəkətin deyil, inkişafın sürətini də xeyli artırmışdır. Artıq  ətraf bölgələrdən  rayona gediş-gəliş  rahat, tez,  ahəngdar olmuşdur.  Yol  infrastrukturu ilə yanaşı, ətraf  kommunikasiya,  qurğu və tikililər də  yeniləşmiş, müasirləşmiş,  qabaqcıl dünya nümunələri  səviyyəsinə yüksəlmişdir.

 

Goran stansiyasından ayrılıb  rayon mərkəzi Goranboy şəhərinə gedən  yol, elə bil ki,  bir çay qolu kimi bu  tərəqqi,  inkişaf  amillərini ölkənin ana  axarından götürüb  rayonun  yaşayış  məntəqələrinə, bərəkətli torpaqlara, istehsal  obyektlərinə axıdır. Hər  addımda  rastlaşdığımız yeniliklər,  ürəkaçan  mənzərələr, insanların  xoş  güzəranı    məmnunluğu bir  daha  göstərir ki, Goranboy  inkişaf  və rifah yolundadır.

 Bu barədə söhbət açan Goranboy  Rayon İcra Hakimiyyətinin  başçısı Nizaməddin Quliyev bildirdi:

— Ötən il  rayonumuz üçün gələcək uğurların təməl ili olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin yanvarın 21-də Goranboya səfəri, bir sıra obyektlərin açılış mərasimlərində iştirakı, abadlıq, tərəqqi və inkişafı yüksək qiymətləndirməsi ümumi yüksəlişə təkan verdi. “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident sərəncamı isə rayonda yeni inkişaf mərhələsinin təməlini qoydu.

Məhz bunun nəticəsində rayon mərkəzində geniş abadlıq-quruculuq işləri aparılmış, əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində layihələr həyata keçirilmişdir. Goranboy şəhərinin Heydər Əliyev prospektində, S.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov, N.Nərimanov küçələrində, Goran-Goranboy yolunun İrəvanlı kəndi ərazisində 8334 kvadratmetr mişar daşı ilə divar hörülmüşdür. Divarların 9230 kvadratmetri aqlay, 3000 kvadratmetri süni daşla üzlənərək memarlıq baxımından müasir görkəm almışdır. Bu  küçələrə 4500 metr səki daşları düzülmüş, 5080 kvadratmetr tamet döşənmişdir. C.Cabbarlı küçəsinə və yeni yaşayış massivinə 27 min 382 kvadratmetr asfalt örtük salınmış, 29 müasir işıqlandırma dayaqları quraşdırılmışdır.

Beşmərtəbəli yaşayış binasında, Heydər Əliyev prospekti 8 saylı və S.Vurğun küçəsi 33 saylı yaşayış binalarında əsaslı təmir işləri aparılmış, onlara yeni görkəm verilmişdir. Şəhərdə yeni yaşıllıq zolağının salınması üçün 25 min kubmetr torpaq daşınıb tökülmüşdür. Gəncə istiqamətindən ikitərəfli yolun tikintisi başa çatdırılmış, 19 ədəd müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Qızılhacılı istiqamətində ikitərəfli yolun tikintisi başa çatdırılır. C.Cabbarlı küçəsində yol genişləndirilir.  N.Gəncəvi adına istirahət parkının 1,5 hektar hissəsinin tikintisi başa çatmış, əhalinin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Hazırda parkın 2,2 hektar hissəsində tikinti işləri davam etdirilir.

YAP rayon təşkilatı, Qaz İstismar və Su-Kanal idarələri üçün yeni inzibati binalar tikilmişdir. Köhnə mehmanxana binası müasir şəkildə yenidən qurulmuşdur. Hazırda şəhər avtovağzalının, Paylayıcı Elektrik Şəbəkəsinin inzibati binasının, Goran istiqamətində yeni istirahət mərkəzinin tikintisi aparılır, Şəhidlər Abidə Kompleksi yenidən qurulur.

Başçı daha sonra qeyd etdi ki, abadlıq-quruculuq işləri təkcə rayon mərkəzini deyil, yaşayış məntəqələrini də əhatə etmişdir. Dəliməmmədli şəhərinin T.Əkbəri, S.Vurğun, M.Əsədov küçələrinin 2400 metr, Qızılhacılı qəsəbəsinin Ə.Hüseynov küçəsinin 1150 metr hissəsinə asfalt örtük salınmışdır. Dəliməmmədli şəhərində yol dairəsi yenidən tikilmişdir.

Əhalinin içməli su təminatı məqsədilə Ağamalıoğlu kəndində 5 km uzunluğunda su xətti çəkilmiş, hər birinin tutumu 15 ton olan 3 ədəd su çəni quraşdırılmış, 23 bulaq tikilmişdir. Qırıqlı və Gülməmmədli kəndlərində 65, Muzdurlar kəndində 60, Yolpaq və Əhmədabad kəndlərində 78 evə içməli su xətti çəkilmişdir. Ağamalıoğlu, Tatarlı, Balakürd kəndlərində kənddaxili körpülər yenidən tikilmişdir.

Veyisli kəndində broyler-quşçuluq obyekti, Quşçular kəndində süd emalı məntəqəsi, Fəxralı kəndində icma mərkəzi, Nadirkənddə giriş qapısı, Aşağı Ağcakənd qəsəbəsində “Qala” kompleksi tikilmişdir. Səfikürd, Balakürd, Yeniyol kəndlərində işıqlandırma dayaqları quraşdırılmışdır. Todan kəndində Şəhidlər kompleksi, Eyvazlılar məktəbində 10 tonluq su hovuzu tikilmiş, su xətti çəkilmişdir. Qurbanzadə və Bəşirli kənd ümumi orta məktəblərində yeni istilik sistemləri quraşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həllinə başlanmışdır. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuşdur. Əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. 2013-cü ildə isə əlavə olaraq 500 metr mühafizə divarı tikiləcək, Murov-Goranboy magistral su xəttindən kəndə 17 km uzunluğunda su xətti çəkiləcəkdir.

Dövlət Proqramına uyğun olaraq, rayonda xeyli yol-tikinti işləri görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2012-ci il tarixli sərəncamı ilə ayrılmış 4,6 milyon manat vəsait hesabına 15 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən 22,5 km uzunluğunda Dəliməmmədli — Həmənli yolu yenidən tikilmişdir. Rayonda yol təsərrüfatının yenidən qurulması məqsədi ilə Nəqliyyat Nazirliyinə, “Azəryolservis” ASC-yə müraciətlər edilmiş, icraçı təşkilat olan “Akkord” Şirkəti ilə işgüzar əlaqələr yaratmışıq. Artıq 7,5 km Səmədabad-Əhmədabad, 5 km Dəliməmmədli-Fəxralı, 3,3 km magistral yoldan Nadirkənd kəndindən keçməklə dövrələmə yolun tikintisi başa çatmışdır. Bu il digər yolların da tikintisi nəzərdə tutulmuşdur.

Goranboyda olarkən  rayonun son 1 illik sosial-iqtisadi inkişaf göstəriciləri ilə də tanış olduq. Öyrəndik ki, keçən il rayonun makroiqtisadi göstəricilərində də dinamik artım müşahidə olunmuşdur. 2012-ci ildə ümumi məhsul buraxılışı 9,1 faiz, sənaye məhsulunun həcmi 10 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz, tikinti-quraşdırma işləri 10 faiz artmışdır. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə rayon üzrə 1569 yeni iş yeri yaradılmışdır ki, bunun da 850-si daimi iş yeridir. Orta və xırda sahibkarlığın inkişafı  məqsədi ilə ötən il  banklar 15,4 milyon  manat  kredit ayırmışdır. Bundan əlavə, sahibkarlıqla məşğul olmaq istəyənlərə lazımi şərait yaradılmış, torpaq sahələri verilmişdir. Sahibkarlıq subyektlərinin sayı 742 ədəd artaraq 3386-ya çatmışdır.

Aqrar sahənin inkişafına dövlət qayğısının nəticəsidir ki, rayon əhalisinin kənd təsərrüfatına marağı xeyli artmış, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Ötən il bitkiçilikdən 40 milyon manat, heyvandarlıqdan isə 33,5 milyon manat gəlir əldə edilmişdir.

Goranboy tarixən taxılçılıq rayonu kimi tanınmışdır. Bu ənənə inkişaf edir, iri taxılçılıq təsərrüfatının yaradılması üçün 5 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.Eyni zamanda, iri heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətində də iş aparılmalıdır.  Əkinçilikdə yüksək reproduksiyalı toxumların tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

Əhalinin elektrik enerjisi ilə davamlı təminatı üçün müəyyən tədbirlər görülmüşdür. Qızılhacılı qəsəbəsi ərazisində inşa edilən 330 kva-lıq yarımstansiya da buna xidmət edəcəkdir. Rayonda elektrik təsərrüfatı 50-ci illərin sonlarında qurulmaqla istismar müddətini başa vurmuşdur. Ölkə Prezidenti elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı tapşırıq vermişdir. Problemin həlli ilə bağlı Nazirlər Kabineti, “Azərenerji” ASC qarşısında məsələ qaldırılmışdır. İlin sonunadək qeyd edilən problemlər həllini tapacaqdır.

Rayonun qazlaşdırılması işi davam etdirilmişdir. Ötən il 5 kəndə təbii qaz verilmişdir. Hazırda 87 yaşayış məntəqəsindən 55-i təbii qazla təmin edilməklə, rayon üzrə qazlaşma 88 faizdir. Biz rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması üçün Dövlət Neft Şirkətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərlikləri ilə danışıqlar aparırıq. İlin sonuna kimi qalan 30 yaşayış məntəqəsində 3600 fərdi yaşayış evinin qazlaşdırılması nəzərdə tutulmuşdur. 2013-cü ilin axırında qazlaşma 100 faizə çatdırılacaqdır.

Prezident İlham Əliyevin tapşırığı ilə digər regionlarla yanaşı Goranboy şəhərində də içməli su təchizatı  və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi icra edilir. Layihə çərçivəsində 45,2 km Murov-Goranboy magistral su xətti çəkilmişdir. 2 ədəd 1000 tonluq su anbarının tikintisi başa çatmış, şəhərdaxili 110 kilometr su xətti, 82 kilometr kanalizasiya xətti, 950 metr magistral kollektron xətti çəkilmişdir. İlin sonunadək layihə başa çatmaqla kəmərboyu 12 kənd də içməli su ilə təmin ediləcəkdir.

Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. Keçən il orta məktəbləri bitirən 991 məzundan 671 nəfəri, yəni 66,2 faizi ali məktəblərə sənəd vermişdir. Onlardan 326 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, bu da əvvəlki dərs ilinə nisbətən 50 nəfər çoxdur. Tələbə adını qazanan 6 məzun 600 baldan yuxarı, 29 məzun isə 500-600 bal intervalında nəticə əldə etmişdir. 2 məzun orta məktəbi qızıl medalla bitirmişdir.

2013-cü il Goranboy üçün olduqca əhəmiyyətli olacaqdır. İrimiqyaslı işlərin görülməsi nəzərdə tutulmuşdur. Bir daha qeyd etmək istəyirəm: Bu il Olimpiya İdman Kompleksi, imtiyazlı şəxslər üçün 54 mənzilli yaşayış binası, Heydər Əliyev Mərkəzi, 5 məktəb, bir neçə kəndlərarası yol tikiləcək, Goranboy şəhərinin su və kanalizasiya sistemi istifadəyə veriləcək, şəhərin bütün küçələrinə yeni asfalt-beton örtük salınacaqdır.

Mərkəzi xəstəxana kompleksi əsaslı şəkildə yenidən qurulacaq, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində əsaslı və cari təmir işləri aparılacaq. Bütün yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdiriləcəkdir. Əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcəkdir. Görülən bütün işlərin mərkəzində insanların rifahı dayanır.

 

 

Ziyəddin SULTANOV

 

Xalq  qəzeti.- 2013.- 12 mart.- S. 8.