Azərbaycan: region liderinin yeni hədəfləri
(əvvəli qəzetin 10 mart tarixli sayında)
Sürətli iqtisadi inkişaf tempinə
malik və müharibə aparan ölkə hərbi potensial
baxımından da
region ölkələrini üstələyir.
Doğrudur, bir çox ekspertlər, hətta ölkələr
bunu regionda təhlükəsizlik baxımından qorxulu
tendensiya hesab edirlər.
Lakin
müstəqilliyinə sahib çıxdıqdan sonrakı 20
ildən artıq bir müddətdə təkcə ayrı-ayrı nüfuzlu ölkələrinin
deyil, beynəlxalq təşkilatların belə ikili standartdan
yanaşması səbəbindən ədalətli həllini
tapmayan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazisinin
BMT-nin məlum 4 qərarına baxmayaraq, hələ də azad olunmaması
ölkəyə başqa çıxış yolu qoymur.
Elə bu səbəbdəndir ki, ildən-ilə artan
dövlət büdcəsində ölkə rəhbərliyi
hərbi xərcləri də artırır. Hazırda Azərbaycanın
dövlət büdcəsində hərbi xərclərə
ayrılan vəsait 3,7 milyard dollar təşkil
etdiyi halda təcavüzkar Ermənistanın dövlət
büdcəsindən 1, 7 milyard dollar çoxdur. Ümumiyyətlə isə Azərbaycanın hərbi
qüvvələri Ermənistan və Gürcüsanın
birlikdə hərbi qüvvələrindən 30 min əsgər
çoxdur. Hərbi texnika baxımından
da Bakı bu qonşularını bir neçə dəfə
üstələyir.
Buna imkan yaradan isə, əlbəttə, karbohidrogen
ehtiyatları ilə zəngin olan ölkənin neft gəlirləri
sayəsində sürətli iqtisadi inkişaf tempinə nail
olması və bu göstəricilərinə görə
dünyanın aparıcı ölkələrini belə
üstələməsidir. Ölkənin son on ildəki iqtisadi
inkişaf tempinə həqiqətən istənilən
inkişaf etməkdə olan ölkə həsəd apara bilər:
10 ildə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 13,6 faiz artmışdır. Ölkədə
ümumdaxili məhsul 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə
rekord həcmdə 32,5 faiz, bir çox mənbələrə
görə hətta 36, 6 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə
10, 8 faiz təşkil etmişdir.
Ömrün
davamlılığını, səhiyyənin səviyyəsini,
təhsilə, biliyə və informasiyaya yiyələnməyi
əsas götürən BMT-nin
insan inkişafına görə
dünya reytinqində də bu
dövrdə Azərbaycan 67-ci yeri tutduğu halda,
Gürcüstan və Ermənistan müvafiq olaraq 74 və
76-cı yerləri tutmuşlar.
Dünyada maliyyə iqtisadi böhranın
başlandığı vaxtdan bu günə Azərbaycan
özünün iqtisadi inkişaf tempinə görə təkcə
region ölkələri arasında deyil, MDB məkanınında
da açıq - aydın lider olaraq qaldı.
Bu isə ondan irəli gəlirdi ki,
böhran şəraitində Azərbaycan iqtisadiyyatda
artımı qoruyub saxladı və bununla da öz
iqtisadiyyatının gerçək sabitliyini nümayiş
etdirdi. Rəsmi statistikada göstərildiyi kimi, böhranlı
2009-cu ildə iqtisadiyyatı 9, 3 faiz artan ölkə ÜDM-in
artım tempinə görə dünyada 3-cü yeri tutdu.
Bununla əlaqədar
“İnternational Living” jurnalında 2009-cu ilin nəticələrinə
görə Azərbaycan “ İqtisadiyyat” kateqoriyasında 100
baldan 42 bal toplayaraq, nəinki Cənubi
Qafqazda, həm də MDB ölkələri arasında ən
güclü iqtisadiyyata malik ölkə hesab olundu. Rusiya 38 bal,
Gürcüstan və İran 33, Türkiyə 32, Ukrayna isə 31 balla ondan geridə
qalırdılar. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət
qabiliyyətinə görə Azərbaycanı dünyanın
133 ölkəsi arasında 51-ci
yerə, Dünya Bankının Maliyyə Korporasiyası isə
biznes mühitində islahatların keçirilməsinə
görə 181 ölkə arasında 33-cü yerə layiq
gördü. Ötən il isə Ümumdünya Davos
İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə
46-cı yerə qalxmış və bununla da yenə MDB məkanında lider olduğunu təsdiqləmişdir.
Maraqlı
və diqqət çəkən məqamlardan biri də ondan
ibarətdir ki, vaxtı ilə sərmayə
axtarışında olan Azərbaycana makroiqtisadi sabitliyin
mövcud olduğu və güclü infrastruktur layihələrin
reallaşdırıldığı təkcə 2009-cu ildə
9,2 milyard dollar sərmayə yatırılmışdır ki,
bunun da 7,2 milyardı daxili sərmayələrdir. Ümumiyyətlə,
özünün dövlət müstəqilliyinə nail
olandan sonrakı illərdə, 1993-cü ildən başlayaraq
2010-cu ilə qədər Azərbaycana 66,2
milyard dollar investisiya
yatırılmışdır.
Bütün
bunlardan sonra mətabuat Azərbaycanı az qala inkişafda
dünya lideri kimi təqdim etməyə və yeni fenomen, bu dəfə
“Cin möcüzəsi” yox, artıq “Azərbaycan fenomeni”
haqqında bəhs etməyə başladı.
Əslində belə bir fenomen yenə də var və Azərbaycan
bu gün də iqtisadi uğurlarını
sıralamaqdadır. 2012-ci ilin nəticələri göstərir
ki, ölkə ümumdaxili məhsulu, həmçinin
qızıl və valyuta ehtiyatlarını artırmaqla
sosial-iqtisadi dinamikanı qətiyyətlə təmin edir.
Hazırda Azərbaycanın valyuta ehtiyatları
46 milyard ABŞ dollarını keçmişdir. Beləliklə,
ölkənin strateji ehtiyatları artıq ÜDM-in 70 faizini
keçmişdir ki, bu da Azərbaycana qlobal mövqelərdə
öndə olmağa imkan verir.
Sevindirici məqam ondan ibarətdir ki, bu uğurlar təkcə
neft - qaz sektoru ilə bağlı deyil. Ötən
ilin yekunları göstərir ki, milli iqtisadiyyatda qeyri-neft
sektorunun payı ildən ilə artır. Əgər
ötən il ümumdaxili məhsul 2,2 faiz
artmışdırsa, qeyri-neft sektoru 9,7 faiz
artımışdır ki, bu da
proqnoz gözləntilərini təsdiqləmişdir. Sənaye
və kənd təsərrüfatı sahələrində də
müvafiq olaraq 8 və 6,5 faiz artım qeydə
alınmışdır. Dünyanın qabaqcıl ölkələrinin
iqtisadi böhrandan can
qurtara bilmədiyi bir vaxtda bunlar zənnimizcə, çox yüksək
göstərici sayılmalıdır.
2012-ci ildə
investisiya həcminin artımı da qibtə doğuracaq qədər
yüksək olmuşdur. Rəsmi statistikaya görə ötən
il investisiyaların həcmi 22 milyard dollardan çox olmuş,
bunun 13 milyarddan bir qədər artığı daxili
investisiyalar, 9 milyard dollara yaxını isə xarici
investisyalardır.
Azərbaycan dövlətinin gücünün və
qüdrətinin əlavə təsdiqə ehtiyacı yoxdur. Bu ölkə
artıq qlobal şəkildə beynəlxalq əhəmiyyətli
geniş miqyaslı vəzifələri üzərinə
götürməyə malik olan bir dövlət kimi qəbul
olunur.
Son illərdə
Azərbaycanın təkcə neft - qaz ixracatçısı
kimi deyil, tranzit
ölkə kimi də geosiyasi rolu artmaqdadır. Yeni
nəhəng neft yataqları aça bilməyən Azərbaycan
üçün indiki resurs bolluğu ən azından
hazırkı nəsl vətəndaşların
ömrünün sonuna qədər bəs edəcək.
Ötən ilin sonunda Azərbaycanın 2020-ci ilədək
olan İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Bu sənəddə
adambaşına düşən ÜDM-in ikiqat
artırılması, Azərbaycan dövlətini səmərəli
sosial inkişaf sisteminə malik və insan kapitalının inkişafına
əsaslanan müasir postindustrial cəmiyyətə
çevirmək kimi ambisiyalı və çox böyük vəzifələr
qarşıya qoyulmuşdur. Konsepsiyaya uyğun olaraq
artıq bu illərdə Azərbaycanda orta iqtisadi artım 5,5-6 faiz olmaqla 2020-ci ildə ÜDM 100 milyard
dolları keçməlidir.
Bu məqsədlərə çatmaq üçün
ölkənin çox əlverişli coğrafi mövqeyi,
inkişaf etmiş enerji, nəqliyyat, tranzit və loqistik
infrastrukturu var. Əsas məram Azərbaycanı mühüm
və funksional regional mərkəzə çevirməkdir. Bununla da
ölkə innovasiya və modernləşdirmə sahəsində
yeni mərhələyə qalxacaq ki, bu da Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətliliyini
yaxşılaşdıracaq və dünya iqtisadiyyatına səmərəli
inteqrasiyasına imkan verəcək.
Mövcud konsepsiya artıq bir çox beynəlxalq təşkilatlarda
böyük maraq doğurmuş və onlar bunun
reallaşmasına qoşulmağa hazır olduqlarını
bildirmişlər. Məsələn, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı
rezident əlaqələndiricisi Antonius Bryok Bakıda
çıxışlarının birində bildirmişdir ki,
BMT və UNDP artıq “Azərbaycan - 2020” inkişaf
Konsepsiyasının reallaşdırılmasında
iştirakını müzakirə edir. Asiya İnkişaf Bankı qarşıdakı 8
ildə Azərbaycanın iqtisadi artım proqnozlarına daha
optimist mövqeydən yanaşır. AİB-in Bakı
nümayəndəliyinin rəhbəri Olli Noroyono bəyan
etmişdir ki, ”bankın mütəxəssisləri
Azərbaycanda 2020-ci ilə qədər ümumdaxili məhsul
artımının
proqnozlarını Azərbaycan hökumətinin
proqnozlarından yüksək qiymətləndirir. Bizim
hesablamalarımıza görə, 2020-ci ildə Azərbaycanda
ÜDM-in həcmi 130 milyard ABŞ dollarına, ölkənin
infrastrukturuna qoyulan investisiyanın həcmi isə 40 milyard
dollara çatacaq”. Olli Noroyono təsdiq etmişdir ki, “Azərbaycan
iqtisadiyyatı çox sürətlə inkişaf edir. Ancaq buna baxmayaraq, iqtisadiyyatın
diversifikasiyasını davam etdirmək, enerji amilindən
asılılığı azaltmaq, rəqabət qabiliyyətliliyi
yüksəltmək və bütövlükdə,
infrastruktura diqqəti artırmaq vacibdir”.AİB
düşünür ki, gələcək illərdə də
Azərbaycanın infrastruktur layihələrinin maliyyələşdirilməsinə
yönəltdiyi dövlət xərcləri əvvəlki kimi
yüksək qalacaq.
Aydın məsələdir ki, neft yataqlarının
mövcudluğu iqtisadiyyatı daha uğurlu edən amil deyil,
baxmayaraq ki, onun irəli çıxmasına imkan verir. Bunu anladığı
üçün də Azərbaycan
hökuməti 2004-2015-ci illər üçün
yanacaq-energetika kompleksinin inkişafı proqramını
işləyib hazırladı. Bu proqrama uyğun olaraq ölkədəki
elektrik stansiyalarının real gücünün 2010-cu ildə 6100 meqavat, 2015-ci ildə
isə 6750 meqavata
catdırılması nəzərdə tutulurdu. Bundan dərhal sonra ölkənin elektrogenerasiya
güclərinin modernləşdirilməsinin geniş
miqyaslı proqramının reallaşdırılmasına
başlanılmışdır. Onlardan birincisi–400 meqavat
gücündə ilk belə qurğu 2002-ci ildə, 520 meqavat
gücündə ikinci qurğu 2009-cu ildə istismara verildi. 760
meqavat gücündə üçüncü qurğu isə
bu günlərdə istifadəyə verilmişdir. 2011-ci ildə elektrik enerjisi istehsalında təbii
qaz neft yanacağını demək olar ki, tamamilə
sıxışdırıb aradan çıxardı.
Mütəxəssislərin hesablamalarına görə, yeni
strategiya ssenarisinə görə Azərbaycanın elektrik
enerjisi sektoruna 2035-ci ilə qədər 6,5
milyard dollar investisiya lazım gələcək.
Bunlarla yanaşı, ölkədə çox münbit
işgüzar şərait mövcuddur.
Bu gün Azərbaycanda sahibkarlıq
sektorunun ÜDM-də payı 84 faiz həddindədir. Bu sahənin
inkişaf etməsində, biznesi tənzimləyən bir
çox sferalarda “vahid pəncərə”
sisteminin tətbiqi böyük rol oynayıb. Tədricən
vergi dərəcələri aşağı salınır.
Hökumət bu siyasətini gələcək
illərdə də davam etdirməkdə israrlıdır.
Əmək haqlarının
leqallaşdırılması naminə BVF də ölkəni
buna çağırır.
Fikirlərimi
yekunlaşdırarkən qeyd etməliyəm ki, artıq tarixə
yazılan 2012-ci il Azərbaycan üçün həqiqətən,
çətin sosial-iqtisadi hədəfləri dəf etmək və
dövləti dünyanın dinamik regionlarından birində
nüfuzlu güc mərkəzinə çevirmək yolunda mühüm bir dövr oldu.
Prioritet vəzifələrin
eşelonlaşdırılmış həlli Azərbaycana
imkan verdi ki, dünyanın orta gəlirli
dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirsin. Respublika məhz bu ümidverici şəraitlərlə beynəlxalq
müşahidəçiləri
və mütəxəssisləri özü haqqında, ətrafında
gözgörəsi sabitlik kəmərinin və produktiv
qarşılıqlı əlaqələrin formalaşdığı səmərəli
geoiqtisadi məkan kimi danışmağa məcbur etdi.
Amma
gerçəklik ondadır ki, indiki iqtisadi böhran mərhələsində
Azərbaycanın daha sabit inkişafı üçün ölkə neft
ixracından və büdcə
balansının neftin qiymətindən yüksək
asılılığını tam şəkildə dəf
etməlidir. Struktur islahatların sürətləndirilməsi,
Azərbaycanın milli iqtisadiyyatının diversifikasiyası,
biznes mühitinin daha da yaxşılaşdırılması,
vergi bazasının genişləndirilməsi, qeyri-neft
sektoruna investisiyaların cəlb olunması, bank sisteminin
möhkəmləndirilməsi ölkənin sürətli
inkişafının prioritet istiqamətləridir.
İqtisadiyyatın sonrakı diversifikasiyası Azərbaycanın
gələcək illərdə uzunmüddətli
inkişafı üçün böyük perspektivlər
açır və biz əminik ki, bu ona dünyanın iqtisadi
cəhətdən daha inkişaf etmiş ölkələri
sırasına daxil olmağa imkan verəcək.
Arzuman MURADLI,
politoloq, iqtisadçı ekspert
Xalq qəzeti.- 2013.- 12 mart.- S. 7.