Arzuları, ümidləri səmaya yüksəldən Yel çərşənbəsi

 

 Xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramının artıq üçüncü çərşənbəsini qeyd edirik. Bu çərşənbə xalq arasında Yel çərşənbəsi adlanır. Ancaq buna  “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyənlər var.

 

Qədim etiqadlara görə, torpağın altında–“qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif  libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel  ağ, qara yel qara, xəzri  göy, gilavar  qırmızı libasda təsvir olunur. Rəvayətə görə,  çərşənbə  günü yel bu dörd yellə birləşib dünyanı dolaşır,  oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişini müjdələyir.

Belə bir inanc da vardır ki, əgər Yel çərşənbəsi günü kim söyüd ağacının altına gedib Yel babanı  çağırıb niyyət etsə və  bu zaman söyüdün budaqları torpağa toxunsa, bu, həmin insanın arzuladığı  diləyin yerinə yetəcəyinə işarə hesab olunur. Hətta  bugünün özündə də kiminsə qarğışından, xoşa gəlməyən sözündən narazı qalan nənələr tez deyərlər: “Ağzından qara yellər aparsın”. Təzə bəylə gəlinə xeyir-dua verəndə söyləyərlər: “Üstünüzə yellər əssin”.

İlaxır çərşənbələrinin məhz üçüncüsünün küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında yellə bağlı müxtəlif nəğmələr, əfsanələr, rəvayətlər, inanclar  yaranıb. Yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı  bir çox mif, atalar sözləri, bayatılar, tapmacalar da vardır. Məsələn, belə bir deyim vardır ki, Yel baba  xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmaz. Nümunə:

 

Yelə dedilər: - Əsmə!

 

Dedi - Kələyimi kəsmə.

 

Qara yel əsdi keçdi

 

Səbrimi kəsdi keçdi.

 

Vətəndən gələn durna

 

Yaman tələsdi keçdi.

 

Üç qardaşım var,

 

Biri sulayır,

 

Biri üfürür,

 

Biri bitirir

 

(Yağış, Külək, Günəş).

 

Məhz Novruz ərəfəsində odla, suyla, küləklə, torpaqla əlaqələndirilən günlərin–ilaxır çərşənbələrin xüsusi təntənə ilə qeyd edilməsi etiqadla bağlıdır. Digər tərəfdən,  Yel qayadan aparar?”, “Yelnən gələn, selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yelin işini bilmək olmaz”, “Külək kimi hərdən bir yana əsməifadələrinin xalq arasında geniş yayılmasında qədim adət-ənənələrimizin böyük rolu olmuşdur.

Bütün çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində tonqallar qalanır. Adət-ənənəyə görə həmin gün  südlü plov ya bulğur aşı bişirilir. Süfrəyə quru meyvə dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək evdən çıxarılaraq çöldə havaya verilir.

Yellə bağlı müxtəlif miflər mərasimlər mövcuddur. Deyilənlərə  görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyur. Axırıncı bağlama qarının dizinin altından çıxıb diyirlənir. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: “Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı axı?”. Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından çıxaraq diyirlənməyə başlayıb. Fatı qarı buna dözməyərək qarğışı qarğışa calayıb onun gileyləri, söyüşləri öz başına bəla gətirib. Yel baba qarının iplərini qanadına alaraq üfüqlərə qədər aparıb. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa dönərək göydə parıldayır. Qarı da edirsə, Yel babanı vura bilir, iplərini tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən yeddi rəngli qurşağa el arasındaFatı qarının hanasıdeyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq qədər nəğmə oxusa da, Yel babaya yalvarsa da, faydasız olur. Həmin nəğmələrdən biri budur:

 

Yel babam,

 

Yel babam,

 

Telli babam,

 

Tel babam,

 

Gül babam.

 

Dərdimi gəl bil, babam,

 

Gəl babam, ay gəl, babam

 

Novruzun bu üçüncü çərşənbəsində hər bir evə-ocağa ruzi bərəkət  arzulayırıq. Həmişə süfrəniz bol olsun.  Gün gələcək Novruz tonqalları, onların şöləsinə həsrət qalan torpaqlarımızdaişğal altında inləyən ərazilərimizdə yandırılacaq,üçrəngli bayrağımızı dalğalandıracağıq.

 

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2013.- 12 mart.- S. 7.