1995-ci
ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər
üçün ibrətamiz bir dərs oldu
Ulu
öndər Heydər Əliyev müdrikliklə
çevriliş cəhdinin qarşısını aldı
1995-ci- ilin mart hadisələrindən 18 il
ötür. Lakin həmin hadisələri törədənlərin
cinayətkar əməlləri
hələ də unudulmayıb. O dövrdə hakimiyyət hərisi
olan bir qrup xəyanətkar insan öz ətrafına
topladığı qeyri - qanuni silahlı birləşmələr
vasitəsilə müstəqilliyimizə qəsd etməyə
cəhd göstərmişdi. Ölkədə
yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən
dağıdıcı qüvvələr Azərbaycanın
beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə
düşərək xarici himayədarlarının təhriki
ilə dövlət çevrilişinə cəhd etmişdilər.
Özü də xalqımız müqəddəs Novruz
bayramına hazırlaşdığı bir vaxtda. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərə
üstünlük verilməsi və beynəlxalq aləmə
inteqrasiya olunduğumuz bir vaxtda həmin xəyanətkarların
dövlətçiliyimizə qəsdi xalqın hiddətinə
səbəb olmuşdu.
Dövlət
çevrilişinə cəhdin üstündən 18 il
keçsə də, həmin hadisələri göz
önünə gətirib bir sıra məqamları
vurğulamağı zəruri sayırıq. 1993-cü ildə ulu
öndər Heydər Əliyevin
xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə
qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş
müstəqilliyimizin yeni bir mərhələsinin əsasını
qoydu. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi,
müstəqilliyimiz xilas edildi.
Heydər Əliyev hakimiyyətə
qayıtmasaydı, 1991-cı ildə yenidən bərpa
edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə
başa çatmış olacaqdı. Çox güman
ki, biz bu gün çətinliklə əldə oluunmuş
müstəqilliyimizin iyirmi ikinci ilini qeyd edə bilməyəcəkdik.
Müstəqil dövlətimizin məhv olma həddinə
çatdığı bir vaxtda tale Azərbaycanı yenidən
dirçəltmək, onun müstəqilliyini qorumaq kimi
çətin və şərəfli bir missiyanı məhz
Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə
davam edən siyasi hakimiyyət böhranı, anarxiya və
özbaşınalığa son qoyuldu. Azərbaycanda
yeni tarixi mərhələ - dövlət müstəqilliyinin
möhkəmləndirilməsi dövrü başlandı.
Ümummilli lider Heydər Əliyevin müdrik daxili və
xarici siyasəti nəticəsində hüquqi demokratik
dövlət quruculuğu, Milli Ordunun
formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın
nüfuzunun yüksəldilməsi sahəsində böyük
işlər görülmüşdür. Ulu öndərimiz dünyanın bir çox
aparıcı dövlətlərinin rəhbərləri,
nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar
dairələrlə yüksək səviyyəli rəsmi
görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini,
dövlətimizin mövqeyini dünyaya
çatdırmış, bununla da ölkəmizə diqqət
və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz
genişlənmiş, mühüm müqavilə və
sazişlər imzalanmışdır...
Ölkəmiz
müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən
təxribatlar, dövlət çevrilişinə cəhdlərlə
üz-üzə qaldı.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında
dövlət çevrilişinə silahlı cəhdlərin
göstərilməsi müstəqil dövlətçiliyimiz
üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin
qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi
nəticəsində bu təhlükəli cəhdlərin,
dövlət çevrilişi cəhdlərinin qarşısı
alındı, ölkədə hakimiyyəti zor və silah
gücünə ələ keçirmək ənənəsinə
birdəfəlik son qoyuldu. 1993-1995-ci illər
müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin
qorunub saxlanılması uğrunda mübarizə dövrü
kimi yazılmışdır. İctimai-siyasi
sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu
dövrün ən mühüm nailiyyəti oldu və ulu
öndərimizə dövlət quruculuğunda, iqtisadi,
sosial, siyasi və mədəni həyatda genişmiqyaslı və
ardıcıl islahatlar aparmaq üçün əlverişli
imkan yaratdı.
Mart hadisələri
1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazaxda
başladı. Həmin gün Xüsusi Təyinatlı
Poils Dəstəsinin bölmələri Qazax və Ağstafa
rayonlarının daxili işlər bölmələrindən
400 ədəd odlu silah ələ keçirmişdi. Onlar Ağstafa təcridxanasından 25 məhbusu
azadlığa buraxmış və həmin məhbuslar cinayətkarlara
qoşulmuşdu. Bu rayonların dövlət hakimiyyət
orqanları da zəbt edilmiş, nəticədə cəbhəyanı
bölgədə vəziyyət ciddi surətdə gərginləşmişdi.
Onlar regionda vəziyyətin sabitliyini pozur,
dövlət hakimiyyət orqanlarına qarşı təcavüzkar
niyyətlərini açıq şəkildə büruzə
verirdilər. Rövşən Cavadovun rəhbərlik
etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri inzibati
orqanların binalarına və poçta hücum edərək
onların normal fəaliyyətini pozmuş, sonra isə
Ağstafa rayonunda öz çirkin niyyətlərini davam
etdirmişdilər. Dövlət mənafeyini,
dövlətçiliyi müdafiə edən Ağstafa Polis
Şöbəsinin bir əməkdaşı
öldürülmüşdü. XTPD-nin
üzvləri getdikcə daha da azğınlaşmış,
çoxlu sayda silah-sursat ələ keçirərək
öz qanunazidd əməllərini daha da genişləndirmişdilər.
Halbuki Xüsusi Təyinatlı Polis
Dəstəsinin 1990 - cı ildə hansı məqsədlərlə
yaradıldığı
hamıya bəllidir. Təsadüfi deyil ki, ulu öndər
Heydər Əliyev XTPD - nin üzvlərinə martın 15-də
televiziya ilə müraciət edərkən də onların
torpaqlarımızın işğaldan azad olunmasında
göstərdikləri şücaəti xüsusilə qeyd etmişdi.
Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik
edən Rövşən Cavadov bundan nəticə
çıxarmamış, əksinə, hakimiyyəti qeyri -
konstitusion yolla ələ keçirmək üçün zorakılıq yollarına əl
atmışdı.
Hələ
martın 14-də daxili işlər naziri “OMON”un
buraxılması və onun üzvlərinin 3 gün ərzində
silahı təhvil verməsi barədə əmr
imzalamışdı. Əmrə görə,
silahı könüllü təhvil verənlər törətdikləri
əməllərə görə cəzalandırılmayacaq
və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər.
Bundan 2 gün sonra, yəni silahlı
qarşıdurma ərəfəsində Prezident Heydər Əliyev
“OMON”çulara bağışlanmaq imkanı yaradan xüsusi
fərman imzaladı. Lakin XTPD-nin başçısı
Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru,
qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri
ilə dövlət başçısı
qarşısında müəyyən şərtlər
qoydular. Həmin vaxt Surət Hüseynovla Ayaz
Mütəllibov “Arqumentı i faktı” qəzetində bəyanat
vermişdilər ki, guya, onlar vətəndaş ittifaqı
yaratmışlar. Bu, bir daha göstərirdi
ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə
inteqrasiyası nə onlar, nə də radikal müxalifət
üçün önəmli deyilmiş. Belələri
şəxsi məqsədlərinə nail olmaq
üçün hər cür çirkin vasitədən
istifadə etməyə hazır idilər.
Azərbaycan
Prezidenti Heydər Əliyev
1995-ci il martın 15-də televiziya və radio ilə xalqa
müraciətində Surət Hüseynovun, Rövşən və
Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan
radikal müxalifət nümayəndələrinin dövlət
çevrilişi cəhdini pisləyərək qeyri-qanuni
silahlı qruplaşmalara qanunsuz əməllərindən əl
çəkmələri barədə dəfələrlə
xəbərdarlıq etmişdi, onları əfv edəcəyini
bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar
Cavadovla da danışmışdı, ona
oğlanlarını vətəndaş müharibəsi,
silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi
tövsiyə etmişdi. Rövşən Cavadov da o vaxt verdiyi
müsahibələrinin birində bunu təsdiqləyərək
demişdi: “Biz Heydər Əliyevlə neçə dəfə
danışmışıq. Bunlar bizimlə bacaran deyillər,
bacara da bilməzlər... Biz hakimiyyətə gələcəyik.
Artıq heç özümüzdən
ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə
alacağıq, artıq sabah, birisi gün, bir neçə
günə Heydər Əliyev istefa verməsə, onu zorla
devirərik, yəni zorla, silahla”.
Dövlət
çevrilişinə cəhd edən qeyri - qanuni silahlı
birləşmələrin rəhbəri Rövşən
Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə,
qeyri-konstitusion yolla ələ keçirməkdə tam
israrlı idilər. Onlar
ağsaqqalları, ziyalıları, hətta yaşlı
atalarını da dinləmədilər. Rövşən
Cavadovun böyük iddiası vardı: dövlət
başçısı olmaq.
1995-ci il martın 16-dan 17-nə keçən gecə
isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON”
- çuların qərargahı yaxınlığında
başlanan atışmada dünənədək cəbhə
bölgəsində, erməni təcavüzkarları ilə
savaşda səngər yoldaşı olmuş
döyüşçülər üz-üzə dayandılar. Bu, Azərbaycan
üçün faciəli mənzərə idi. Ermənistan
silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda , Azərbaycanın
paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ
keçürmək üçün dövlətçiliyimizə
qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində
qardaş qanı töküldü. Cavadov
qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ
keçirmək cəhdləri 22 hərbçi, 7 mülki
şəxs, 1 polis və 8 XTPD əməkdaşının
ölümünə səbəb olmuşdu. Hadisə
nəticəsində 105 nəfər yaralanmışdı.
XTPD rəhbəri Rövşən Cavadov isə
aldığı güllə yarasından DİN-in
hospitalında vəfat etmişdi.
Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti
və qətiyyəti müstəqilliyimizə, həmçinin
dövlət çevrilişinə qəsdin
qarşısını aldı. Birmənalı şəkildə demək olar
ki, zəmanəmizin ən böyük azərbaycanlısı
olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin
dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Azərbaycanın
demokratik və bəşəri dəyərlərə sadiq
müstəqil bir dövlət kimi formalaşması
böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin dövlət çevrilişlərinin
qarşısını qətiyyətlə alması Azərbaycan
xalqının
sabaha, gələcəyə ümidini daha da artırdı. Ulu öndər Heydər
Əliyev düşmənlərimiz tərfindən təşkil
olunmuş dövlət çevrilişi cəhdlərinin
qarşısını almaqla Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsini, xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını
özünün dövlətçilik strategiyasının
prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 12 mart.- S. 6.