Regionlarda içməli su layihələrinin
icrası intensivləşir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Bakı şəhərinin, eləcə də respublikanın
iri şəhər və rayon mərkəzləri ilə
yanaşı, kənd və qəsəbələrinin də
içməli su təchizatının
yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Səhmdar cəmiyyətin təxirəsalınmaz tədbirlər
proqramına uyğun olaraq hazırda bölgələrdə
içməli su çatışmazlığı
müşahidə olunan kənd və qəsəbələrdə
mühüm işlər görülür.
Proqram
çərçivəsində Oğuz rayonunun Xaçmaz,
Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və
Baş Daşağıl kəndlərinin içməli su təchizatının
yaxılaşdırılması layihələri uğurla
başa çatdırılmış və Novruz bayramı ərəfəsində
yeni infrastruktur istismara verilmişdir. Martın 11-də
Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və
Baş Daşağıl kəndlərinə, martın 12-də
isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar
açılış mərasimləri keçirilmişdir.
“Azərsu”
ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov
bildirmişdir ki, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq
bölgələrdə su təchizatı və kanalizasiya
infrastrukturu yenidən qurulur və
bu sahədə işlər şəhər mərkəzləri
ilə yanaşı, kənd və qəsəbələri də
əhatə edir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin
ölkəmizin hər bir şəhər və kəndinin 24
saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin
edilməsi barədə tapşırıqlarına uyğun
olaraq bu istiqamətdə bölgələrdə
genişmiqyaslı işlər həyata keçirilir.
Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin
24 şəhər və rayon mərkəzində, həmçinin
300-dən artıq kənd və qəsəbəsində su
layihələrinin uğurla icra
olunduğunu diqqətə çatdıran E. Məmmədov
2013-cü ildə isə 10-a yaxın şəhərdə
yeni layihələrə start veriləcəyini bildirmişdir.
Bu tədbirlərin tərkib hissəsi olan Oğuz rayonunun 7 kəndinin
içməli su təchizatının
yaxşılaşdırılması nəticəsində
içməli sudan əziyyət çəkən 17 mindən
artıq sakinin problemi öz həllini tapmışdır. Gələcəkdə
isə rayonun digər kəndlərində də su layihələrinin
icrası planlaşdırılır.
Mərasimdə
çıxış edən Oğuz
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Qurbanov həyata keçirilən layihənin rayonun
sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd etmiş
və “Azərsu” ASC-nin
regionlarda su təchizatı və kanalizasiya sistemlərini yenidən
qurulması üzrə fəaliyyətinin yüksək qiymətləndirmişdir.
Göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə
başçısına minnətdarlığını bildirən
E. Qurbanov son illər Oğuzda infrastruktur layihələrinin
icrasının sürətləndiyini söyləmişdir:
Bu gün istismara verilən içməli su layihələrinin
sakinlərə ən gözəl bayram hədiyyəsi kimi dəyərləndirən
natiq bu işlərdə əməyi olan hər bir şəxsə
oğuzlular adından təşəkür etmişdir. O,
hazırda kəndlərlə yanaşı, Oğuz şəhərində
də su və kanalizasiya sistemlərinin tamamilə yenidən
qurulmasını, eləcə də rayonuda həyata
keçirilən təbii qaz, yol layihələrinin turizmin inkişafına böyük
təkan verəcəyini və bunun da əhalinin sosial vəziyyətinin
yaxşılaşmasına səbəb olacağını
bildirmişdir.
Açılış mərasimlərində
çıxış edən kənd sakinləri neçə
illərdir davam edən və kəndlərin ən
böyük qayğılarından olan içməli su məsələsinin
həllinə göstərdiyi diqqət və qayğıya
görə ölkə rəhbərliyinə, “Azərsu”
ASC-nin kollektivinə minnətdarlıqlarını
bildirmişlər.
Yeri gəlmişkən, 2012-ci ildə
icrasına başlanmış layihə çərçivəsində
bulaq və çaylarda sugötürücü qurğular
tikilmiş, ümumi uzunluğu 80 kilometr olan magistral su xətti
çəkilmişdir. Rayonun 7 kəndini fasiləsiz içməli
su ilə təmin etmək məqsədilə ümumi tutumu
4600 kubmer olan 11 ədəd su anbarı tikilmiş, 223 kilometr
uzunluğunda paylayıcı su şəbəkəsi
yaradılmışdır. Bundan əlavə, kəndlərdə
hər bir evə birləşmə verilmiş və 3425 ədəd su sayğacı
quraşdırılmışdır.
Layihənin icrası nəticəsində Oğuz
rayonunun Xaçmaz kəndinin 7140, Böyük
Söyüdlü kəndinin 1140, Kərimli kəndinin 3240,
Bayan kəndinin 1770, Bucaq kəndinin 1480, Muxas kəndinin 1415 və
Baş Daşağıl kəndinin 1265 sakininin içməli
su təchizatı əsaslı şəkildə
yaxşılaşdırılmışdır.
Xatırladaq ki, “Azərsu” ASC Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də qısa müddətdə belə layihələr həyata keçirmişdir. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapmışdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 14 mart.- S. 7.