Masallının qəsəbə və kəndləri abadlıq yürüşündə

 

On ildən bəri regionlarımızda başlanan sosial-iqtisadi inkişaf addım-addım rayon mərkəzlərindən qəsəbə və kəndlərə, ən ucqar yaşayış məntəqələrinə də gedib çıxmaqdadır. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, yaxın və ya uzaq olmasına baxmayaraq, hər yerdə əhalinin həyat şəraiti yaxşılaşır, sovet dövründə belə təbii qaz almayan kəndlərə mavi yanacaq çəkilir, sakinlər günün 24 saatı işıqla təmin olunurlar. Sosial obyektlərin tikintisi, yolların təmiri üçün ardıcıl tədbirlər görülür. Masallı rayonu bu baxımdan örnək sayıla bilər.

 

Ölkəmizdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətdə insan amili önə çəkilir, atılan bütün addımlar məhz əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir. 2012-ci ildə Masallı bir çox sahələrin inkişafının dinamikasını yaşamış, xeyli abadlaşmış və gözəlləşmişdir.

Şəhər nümayəndəliyi ən böyük strukturlardandır. Dadva, Seybətin, Digah və İskəndərli əraziləri də bu nümayəndəliyə daxildir. Əhalinin sayı 23 min 732 nəfər, təsərrüfatların sayı isə 4369-dur. Şəhərdə neçə-neçə təhsil və səhiyyə ocağı, istehsal və emal müəssisəsi, çoxsaylı sosial-mədəni obyektlər fəaliyyət göstərir. Ötən il şəhərdə park və xiyabanlar salınmış, yollar asfaltlanmış, mədəniyyət evi, Gənclər Mərkəzi, uşaq bağçası əsaslı təmir edilmişdir. Şəhərin bir neçə yerində baxımsız ərazilər təmizlənmiş və səliqəli istirahət guşələri yaradılmışdır. Su-kanalizasiya şəbəkəsinin yaradılması üzrə tədbirlər davam edir. Şəhərin Talışxanov prospekti, Dadva, Zərifə Əliyeva, Füzuli, Qarabağ küçələri genişləndirilmiş və piyada səkiləri yaradılmışdır. Yaşıllıqlar artırılmışdır. Bir sözlə, abadlıq işlərinin görülmədiyi küçələr, demək olar ki,  qalmamışdır. Şəhərdə beynəlxalq folklor festivalı yüksək səviyyədə təşkil olunmuş, “İdman ili” ilə əlaqədar bir sıra maraqlı yarış və turnirlər keçirilmişdir. Ötən ilin martında Masallıya səfəri  zamanı Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razı qalmış, tövsiyələr vermişdir.

Şəhər sakinləri söhbətlər zamanı quruculuq işlərini bəyəndiklərini söyləmiş, maraqlı təkliflər vermişlər.

Ərkivan qəsəbəsi rayonun ən böyük yaşayış məntəqəsidir. Burada 16 min 368 nəfər əhali yaşayır. Təsərrüfatların sayı 4 mindən artıqdır. Ötən il qəsəbədə qaz xəttinin çəkilişinə başlanmış, mərkəzi yollara 1,4 kilometr asfalt vurulmuş, suaparıcı kanallar yenidən qazılmış, qəsəbədə istirahət mərkəzi tikilmiş, küçələrə zibil qutuları qoyulmuşdur. Mərkəzi stadionda soyunub-geyinmə yerləri hazırlanmışdır. Xatirə parkında abidələr əsaslı təmir edilmişdir. Bədirli küçəsində işıqlandırma sistemi quraşdırılmışdır. Evlərin işıq təchizatı normaldır, qəsəbənin yaşıllaşdırılması müsbət hal kimi dəyərləndirilə bilər.

Boradigah inzibati ərazi dairəsi eyniadlı qəsəbəni, Mollaoba Babaser kəndlərini əhatə edir. Ərazidə 11 mindən artıq əhali yaşayır. Yol kənarları, çay vadisi sair yerlərdə təmizlik-abadlıq işləri mütəmadi səciyyə daşıyır. Yeni İdman Mərkəzinin inşası davam edir. Ərazidə həlli vacib olan işlər çoxdur. Onların əksəriyyətinin cari ildə həyata keçirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir.

Masallının Qızılağac inzibati ərazi vahidində kəndarası yollara çınqıl döşənmiş, Viləşçay istiqamətində yol çökəklərinə bişmiş asfalt vurulmuş, uşaq bağçası təmir olunmuş, bağ salınmış, suaparıcı arxlar təmizlənmişdir. Evi yanmış sakinə rayon rəhbərliyi tərəfindən hər cür yardım göstərilmişdir. Bu il içməli su təbii qaz çəkilişləri, ATS binasının inşası, Viləşçayın mənsəbinin təmizlənməsi, yolların təmiri reallaşmalıdır.

Musaküçə kəndində 1941-45-ci illər abidəsinin yanında istirahət mərkəzinin inşasına başlanmış, nümayəndəliyin həyəti park tipində abadlaşdırılmış, Lürən yolunun böyük bir hissəsi təmir edilmiş, zəbt olunmuş həyətyanı torpaq sahələrinin təmizlənməsi həyata keçirilmişdir. Kommunal xərclərin tam ödənilməsini təmin etməkdən ötrü tədbirlər görülür. 600-dən çox abonenti olan ATS-ə sürətli internet xətti çəkilmişdir.

Təzə Alvadı inzibati ərazi dairəsində kənd təsərrüfatı, o cümlədən heyvandarlıq genişlənir. Məktəblərdə, Sağlamlıq mərkəzində, rabitə obyektlərində işlər günün tələbləri səviyyəsinə qaldırılmışdır. Ərazi Ələt-Astara yolunun üstündə yerləşdiyindən bu istiqamətdə Xatirə kompleksinin təmiri, piyada səkilərinin yaradılması, qazlaşdırmanın başa çatdırılması təmin olunmuşdur.

Banbaşı ərazisində yollar, arxlar təmir edilmiş, Kosaküldə küçə işıqları çəkilmiş, üç körpü dəyişdirilmiş, suaparıçı kanalların ətrafında 1000-dən artıq ağac əkilmişdir. Hazırda Banbaşıda İstirahət mərkəzinin tikintisi davam edir.

Şərəfədə 6,4 kilometr kəndarası yol təmir edilmiş, 4,3 kilometr suaparıcı kanal qazılmış, inzibati binaların qarşısına çınqıl tökülmüş, kənd məscidi abadlaşdırılmış, tibb məntəqəsi uşaq bağçası təmir edilmiş, yeni məhəllədə 30 elektrik dirəyi basdırılmışdır. Abadlıq-quruculuq işlərinin miqyası daha da atırılacaqdır.

Bədəlan ərazisində evlər qazlaşdırılmış, daxili yollara çınqıl səpilmiş, Aşurlu-Çayqıraq yoluna asfalt döşənmiş, yararsız elektrik dirəkləri dəyişdirilmişdir. Qəbristanlığın giriş hissəsində talvar düzəldilmişdir. Kənddə istirahət mərkəzi üçün bina tikilmişdir. Dəmirçi əsas məktəbi dərs ilinin əvvəlində istifadəyə verilmişdir.

Rayon mərkəzindən 20 kilometr məsafədə yerləşən Mahmudavar inzibati dairəsində kəndarası yollara 60 maşın çınqıl səpilmişdir. Mololan kəndinə təbii qaz verilişi bərpa edilmişdir. Rüdəkənara asfalt çəkilmişdir. İşıq dirəklərinin bir qismi, transformator dəyişdirilmişdir. Kənddə İstirahət mərkəzi inşa olunmuşdur.

Masallının digər ərazi vahidlərində   işgüzar ovqat hökm sürür. Ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərini, sosial sahənin inkişafı naminə atılan addımları əhali bəyənir. Bu il daha böyük səylə işlər davam etdiriləcək, adamların güzəranının daha da yaxşılaşması, məşğulluğunun tam təmin edilməsi yönündə real tədbirlər görüləcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 14 mart.- S. 7.