Fransanın Azərbaycandakı
səfiri Paskal Mönye
Bakı Ali Neft Məktəbində
olmuşdur
Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət
attaşesi Vənsan Lorenzini, dilçilik və təhsil sahəsində
əməkdaşlıq missiyasının rəhbəri Şarlot
Payen Bakı Ali Neft Məktəbində (BANM) olmuşlar.
Qonaqları
salamlayan rektor Elmar Qasımov bildirmişdir ki, bu ali məktəbin
yaradılmasında əsas məqsəd dinamik sürətlə
inkişaf edən ölkənin
sənaye müəssisələrində, habelə artıq
transmilli şirkətə çevrilmiş ARDNŞ-ın istər
Azərbaycanda, istərsə də respublikanın
hüdudlarından kənarda reallaşdırdığı
beynəlxalq layihələrdə
işləyə biləcək ingilisdilli, müasir biliklərə
yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir.
BANM-də
tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin
genişləndirilməsi istiqamətlərində
görülən işlər haqqında ətraflı məlumat
verən rektor diqqətə çatdırmışdır ki,
məktəb fəaliyyətə başlamasının ilk
ilində Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının qəbulunun göstəricilərinə
görə tərtib etdiyi reytinq cədvəlində lider
olmuşdur. Ali məktəbdə tədrisin ingilis dilində təşkil
edildiyini vurğulayan rektor bu məqsədlə Böyük
Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq
haqqında razılaşma imzalandığını, mütəxəssis
hazırlığının bu universitetin tədris
proqramları əsasında müasir tədris
texnologiyalarının tətbiqi ilə həyata
keçirildiyini və məzunlara 2 diplom veriləcəyini
xatırlatmışdır. O, “Neft-qaz mühəndisliyi” və
“Kimya mühəndisliyi” ixtisasları üzrə qəbula
başlayan BANM-də bu il 3-cü - “Proseslərin
avtomatlaşdırılması mühəndisliyi”
ixtisasının açılacağını demişdir.
Azərbaycan
və Fransa arasında bir çox sahələrlə
yanaşı, elm və təhsil
münasibətlərindən də danışan
E.Qasımov Heydər Əliyev Fondunun təşəbbüsü
və ARDNŞ-ın dəstəyi ilə Bakıda yaxın
zamanlarda fəaliyyət göstərəcək “Fransız məktəbi”nin
bunun bariz nümunəsi olduğunu qeyd etmişdir. Eyni zamanda
Fransanın “Total E&P Azərbaycan” şirkəti və məşhur
elm və təhsil müəssisələri ilə BANM
arasında əməkdaşlığın qurulması, habelə
inkişaf etdirilməsi sahəsində razılıq əldə
olunmuşdur.
Səfir
Paskal Mönye bildirmişdir ki, Azərbaycan və Fransa
arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil
sahələrində əməkdaşlıq əlaqələri
günü-gündən inkişaf edir. Azərbaycan dövlətinin
həyata keçirdiyi uğurlu layihələrdən söhbət
açan səfir Azərbaycanda ingilisdilli, beynəlxalq tədris
sisteminin şərtlərinə və tələblərinə
cavab verən belə bir ali məktəbin
yaradılmasının məqsədəuyğun olduğunu
diqqətə çatdırmışdır. O, BANM ilə
“Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan
məmnunluğunu bildirərək,
BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində
əməkdaşlıq etməyə, Fransanın
tanınmış “İFP
School” (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali
məktəbləri ilə əlaqələr qurulması
üçün dəstək verməyə hazır
olduğunu bildirmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 14 mart.- S. 7.