Azərbaycan neft-qaz sektorundan
asılılığın azaldılması istiqamətində
uğurlu addımlar atmaqdadır
Bu zaman iqtisadiyyatın şaxələndirilməsi daha çox diqqət mərkəzində
saxlanılır
Bu gün dünyanın ən iti
sürətlə inkişaf edən ölkələrində
belə sosial-iqtisadi inkişafın Azərbaycan modeli ilə
bağlı xüsusi müzakirələr aparılır,
geniş təqdiredici fikirlər səsləndirilir.
Dünyanın
aparıcı reytinq mərkəzləri və mötəbər
beynəlxalq təşkilatlar səmimiyyətlə və səxavətlə
etiraf edirlər ki, cəmi 21 il müstəqillik tarixi olan gənc
bir dövlətdə cəmiyyətin demokratikləşdirilməsi,
insanların sosial-rifah halının yüksəldilməsi,
işsizliyin və yoxsulluğun azaldılması, beynəlxalq
aləmə inteqrasiyanın sürətləndirilməsi və
bu kimi bütün sahələrdə möhtəşəm
uğurların əldə edilməsi o qədər də
inandırıcı görünmür. Fəqət
bütün bunlar reallıqdır, bugünkü Azərbaycan
həqiqətləridir. Həm dövlət rəsmilərimizin,
həm də beynəlxalq ekspertlərin dönə-dönə
vurğuladığı kimi, bütün bunlar ölkənin
elmi şəkildə əsaslandırılmış dövlət
proqramları ilə idarə olunmasının nəticəsidir.
Bu nəticələrin necə,
hansı yolla qazanıldığını bilmək istəyən
xarici partnyorlarımız da, bizim sürətli
inkişafımızdan xoflanan qüvvələr də öyrənirlər
ki, bütün uğurlarımızın təməlində
ulu öndər Heydər Əliyevin siyasi kursu və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti,
iradəsi dayanır. Prezident
İlham Əliyevin hələ on il əvvəl qarşıya
qoyduğu əsas vəzifələrdən biri ölkənin
neft-qaz asılılığından azaldılması məsələsi
idi. Odur ki, bu gün Azərbaycanda
dövlət idarəetməsinin
prioritet sahələrindən biri məhz həmin tezislərin
reallaşdırılmasıdır. Bununla yanaşı,
iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi
və işsizliyin azaldılması da daim diqqət mərkəzindədir.
Buna görə də dövlət
həmin proseslərə iki mövqedən
yanaşır. Belə ki, kənd təsərrüfatı
iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng
sektorudur. Kənd təsərrüfatının
inkişafı həm də gələcəkdə məşğulluğun
təmin edilməsi deməkdir. Bu sahədə Azərbaycanın ixrac potensialı kifayət qədər
böyükdür. Dövlətimiz əsas qida məhsulları
üzrə bir ildən, maksimum
iki ildən sonra özünü tam təmin edə biləcək. Təbii ki, məhz həmin nəticədən
sonra artıq xarici bazarlara
çıxış prosesi başlana bilər.
Əlbəttə,
ölkənin neft-qaz sektorundan
asılılığının
azaldılması yolunda atılmalı olan və faktiki
atılan mühüm addımlardan biri informasiya-kommunikasiya
texnologiyaları sektorunun durmadan inkişaf etdirilməsi, bu sahənin
ən yeni nailiyyətlərinin ölkə iqtisadiyyatına tətbiq
olunmasıdır. Həmin tezisləri əsas götürən
Azərbaycan dövləti artıq bu ilin fevral ayında ölkənin ilk telekommunikasiya peykini orbitə buraxmışdır. Prezident İlham Əliyevin dediyi
kimi, biz artıq kosmik sənaye
yaratmışıq və bu istiqamətdə çox fəal
irəliləyirik. Bundan başqa, bu gün Azərbaycanda,
genişmiqyaslı sənayeləşmə proqramı həyata
keçirilir. Dövlət rəsmilərinin səsləndirdiyi
məlumatlarda qeyd olunur ki, yaxın vaxtlarda respublikamızda texnoparkların
yaradılması üçün olduqca güzəştli şərtləri olan sənəd qəbul ediləcəkdir. Dövlətdə
hesab edirlər ki, respublikamızda
orta və kiçik sahibkarlıqla yanaşı,
böyük sənaye komplekslərinin inkişaf etdirilməsi də gələcəkdə
iqtisadiyyatın neft-qaz sektorundan
asılılığını tamamilə aradan
qaldırmağa imkan verəcək.
Təbii ki, qarşıya qoyulan vəziflərin icrasına nail olmaq
üçün dövlətin daha böyük layihələr
düşünməsinə və mühüm layihələrin
icrasına ehtiyac vardır. Ona görə də bilavasitə
Prezidentin təşəbbüsü ilə “Azərbaycan - 2020: İnkişaf Konsepsiyası”
adlı möhtəşəm bir sənəd qəbul
edilmişdir. Həmin sənəd barədə söz
açan dövlət başçımız qeyd edir ki, biz
hazırda həyata keçirdiyimiz bütün planları
iyirminci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik.
Bütövlükdə son 10 ildən az müddətdə biz
iqtisadiyyatın həcmini üç dəfə
artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz
artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in
ikiqat artırılmasını planlaşdırırıq.
Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata
keçiriləcəkdir.
Elə
bu sitatdan da göründüyü kimi, Azərbaycan dövləti iqtisadi
siyasətin əsas məqsədlərini müəyyənləşdirərkən
bilavasitə bu yazının sərlövhəsinə
çıxardığımız məsələnin həlli nəzərdə tutulur. Bu məqsədlərin
reallaşdırılması üçün isə, ilk
növbədə, geniş investisiya layihələrinin
reallaşdırılması zərurəti ortaya
çıxır. Dövlət başçımız bu məsələ
ətrafında söz açarkən maraqlı fikirlər səsləndirib:
“İnvestisiyalar baxımından biz hazırda çox
böyük bir sərmayə layihəsi - Türkiyədə
neft-kimya və neft emalı kompleksi layihəsini həyata
keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar
sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir.
Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq,
İsveçrədə, Rumıniyada sərmayə qoymağa
başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada
investisiya proqramlarına başlamışıq. Belə ki,
Rusiyada iri investisiya layihələri - daşınmaz əmlaka
və Rusiyanın ən iri kommersiya strukturlarının səhmlərinə
sərmayə qoyacağıq. Azərbaycan şirkətləri
Rusiyada kənd təsərrüfatı məhsullarının
emalına da sərmayə qoymağa başlamışlar,
artıq ilk layihələr vardır. Belə ki, xarici
investisiyalarımızın spektrini genişləndiririk”. Diqqət yetirin, bizim investisiya
yönəltdiyimiz sahələrə daşınmaz əmlak,
kommersiya strukturlarının səhmləri, kənd təsərrüfatı
və sair qeyri-neft sektoru sahələri daxildir.
Yeri gəlmişkən, Azərbaycan
iqtisadiyyatının məqsədyönlü
inkişafını təmin etmək üçün
qonşu ölkələrlə iqtisadi əməkdaşlığın
genişləndirilməsi məsələsi
də daim diqqət mərkəzində saxlanılır. Bundan əlavə, siyasi məsləhətləşmələr
sahəsində də Azərbaycan qonşuları ilə daim bütün səviyyələrdə
dialoq aparır. Hamı ilə
yaratdığımız münasibətlər tərəfdaş
münasibətləridir. Tərəf - müqabillərimiz də bu münasibətləri strateji tərəfdaşların
münasibətləri kimi səciyyələndirirlər. Yəni,
bizim əməkdaşlığımız münasibətlərin bütün
kompleksini əhatə edir. Son nəticədə
isə iqtisadi sahədə əmtəə dövriyyəsinin
strukturu
yaxşılaşır. Rəsmi sənədlərdə
göstərilir ki, Azərbaycana
idxalın həcminə görə Rusiya birinci yerdədir. Yəni,
biz ən çox Rusiyadan mal idxal edirik. Dövlət
başçımızın dediyi kimi, Rusiya ilk növbədə, bizim kənd
təsərrüfatı məhsulları üçün
çox mühüm bazardır. Yəni biz ölkəmizin
daha qüdrətli, iqtisadiyyatımızın daha güclü
olması üçün mümkün olan bütün
variantlardan bəhrələnməyə
çalışırıq və bəhrələnirik.
Bu da
bir faktdır ki, Azərbaycanda
dövlət başçısı tərəfindən
elan olunmuş gənclər ilinin, ekologiya ilinin, informasiya
texnologiyaları ilinin və idman ilinin böyük uğurlarla
başa çatdırılmasının əsas səbəblərindən
biri mükəmməl idarəetmədirsə, digər səbəb
mütləq iqtisadi imkanlardır. Yeri gəlmişkən, London
Yay Olimpiadasında Azərbaycan
idmançılarının əldə etdiyi nəticələr bizi sevindirir,
ruhlandırır və məlumdur ki, bu nəticələr
çoxillik gərgin işlə təmin edilmişdir. Biz Londonda həqiqətən tarixi
uğur qazanmış, ümumi komanda hesabında 30-cu yeri və
Avropada 15-ci yeri tutmuşuq.
Ötən ilin sonlarında isə biz daha bir mühüm xəbər
eşitdik. Avropada tarixi qərar
qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunları Bakıda
keçiriləcək. Məlum olduğu kimi, indiyə qədər heç
vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir.
Doğrudur, Olimpiya Oyunlarının təməli Avropada
qoyulmuş və baron de Kuberten tərəfindən Avropada bərpa
edilmişdir. Amma, başqa qitə oyunlarından fərqli
olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdir.
Bu oyunların keçirilməsi haqqında qərar qəbul
ediləndə və oyunların Bakıda keçiriləcəyi
elan ediləndə Azərbaycanın istənilən vətəndaşı
böyük məmnunluq hissləri içərisində idi.
Biz çox şad olduq ki, Avropa idman
ailəsi bu oyunların Bakıda keçirilməsinə
böyük üstünlüklə səs vermişdir.
Artıq respublikamız bu qitə miqyaslı, fəqət
bütün dünyada maraqla izlənəcək həmin
oyunlara ciddi şəkildə
hazırlaşır. Əsas Olimpiya oyunlarından fərqli olaraq Avropa
Oyunlarına hazırlaşmaq üçün cəmi iki il
vaxt var. Məlum olduğu kimi, dünya olimpiya oyunlarına həmin tədbiri keçirəcək
ölkələr 6-7 il hazırlaşırlar, lakin bizim
vaxtımız həddən artıq azdır. Buna baxmayaraq biz
“Avrovision” mahnı müsabiqəsində olduğu kimi, Avropa
Olimpiya Oyunlarını da uğurla başa çatdırmaq əzmindəyik.
Dövlət başçımızın dediyi kimi, biz Azərbaycanı olimpiya hərəkatının
inkişafı mərkəzinə çevirəcəyik. Necə
ki, ölkəmizi qısa müddətdə beynəlxalq kosmos
ölkələri ailəsinə qatmağı bacardıq.
Bütün bunların təməlində isə ölkə
iqtisadiyyatının gündən-günə inkişaf
etdirilməsi dayanır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 7 mart.- S. 1.