Milli dövlətçiliyimizin
növbəti sınaq mərhələsi: 1995-ci ilin mart hadisələri
Ulu öndər Heydər Əliyevin müdrikliyi müstəqil Azərbaycan
Respublikasını bu sınaqdan uğurla çıxardı
Müstəqilliyimizin
ilk illərini dövlətçiliyin
qorunması və möhkəmləndirilməsi uğrunda gərgin mübarizə dövrü kimi qiymətləndirmək
olar. Bir tərəfdən torpaqlarımızın işğal edilməsi və davam
edən qanlı müharibə, digər tərəfdən isə
ölkə daxilində ayrı-ayrı siyasiləşmiş
cinayətkar qruplar və silahlı dəstələr
arasında gedən hakimiyyət mübarizəsi Azərbaycan
Respublikasının müstəqilliyini təhlükə
qarşısında qoymuşdu. AXC-Müsavat iqtidarının yetişdirdiyi
liderciklərin hər biri silahlı dəstələrə
arxalanaraq, hakimiyyəti ələ
keçirmək üçün cəhdlər
göstərirdilər.
AXC-Müsavat iqtidarının yüksək məqama çatdırdığı Rəhim Qaziyev, Surət Hüseynov, Əlikram Hümbətov, Rövşən Cavadov kimi fiqurları əvvəlcə həmin iqtidarın özünə qənim kəsildilər, bacarıqsız, səriştəsiz iqtidar süqut etdikdən sonra isə silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə çalışdılar. Bu adamları Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamaq deyil, hansı yolla olursa-olsun hakimyyət kreslosunu ələ keçirmək, ölkənin varidatına sahib olmaq düşündürürdü. Belələri bugünkü radikal müxalifət düşərgəsində yer alaraq xaricdəki düşmənlərin dəyirmanına su tökürdülər.
1993-cü
ilin ortalarından etibarən ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində ölkədə müəyyən
sabitlik yaradılmasına baxmayaraq, 1995-ci ilin əvvəllərində
siyasi gərginlik hələ də qalırdı. 1994-cü ilin oktyabr
hadisələrindən sonra Surət
Hüseynov və onun xarici ölkələrdəki havadarları öz məkrli niyyətlərindən hələ
də əl çəkməmişdilər. Hələ
üstəlik, onlara dəstək verən
cinayətkar ünsürlər də tapıldı. Bəzi
qüvvələrin əlində alətə çevrilmiş
Mahir və Rövşən Cavadov qardaşlarının Xüsusi
Təyinatlı Polis Dəstəsindən
istifadə etməklə müxtəlif cinayətlər
törətməsi, dövlət qurumlarına hücumlar təşkil etmələri həm
Surət Hüseynovun, həm də Cavadov qardaşlarının eyni
mərkəzdən idarə olunduğunu
göstərirdi. Vahid ssenari
əsasında baş verən bu hadisələri törətməkdə əsas
məqsəd isə hakimiyyəti qəsb etmək və xaricdəki
düşmən qüvvələrin planlarını ölkəmizdə
gerçəkləşdirmək idi.
Bu dəfə dövlət çevrilişi
planı ilk olaraq
1995-ci il martın 13-də Qazax
şəhərində həyata keçirilməyə
başlandı. DİN sabiq XTPD-nin Qazaxda yerləşən
8-ci rotasının əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələrinin fərarilik
etmiş hərbi qulluqçuları və
mülki şəxslər müxtəlif
markalı odlu silahlar,
döyüş sursatları ilə
silahlanmış vəziyyətdə, hərbi texnikadan
istifadə etməklə Qazax rayon polis şöbəsinin,
icra hakimiyyətinin binalarını, rabitə
qovşağını quldurcasına zəbt etdilər. Bundan sonra cinayətkar dəstə
Ağstafa şəhərində də həmin
hərəkətləri davam etdirdi. Rövşən Cavadov
birbaşa Daxili
İşlər Nazirliyinin nəzdində olan XTPD-nin bazasına gedərək
oradan hakimiyyətə ultimatumlar
verdi. Onun və rəhbərlik etdiyi qeyri-qanuni silahlı dəstənin
qarşıya qoyduğu əsas vəzifə
bundan ibarət idi: nə
yolla olursa-olsun Prezident Sarayını zəbt etmək, Azərbaycan
Prezidentini ya fiziki cəhətdən məhv etmək, ya da həbs etmək, Ali Soveti, Azərbaycan Milli Televiziyasını və Daxili
İşlər Nazirliyini öz
tabeçiliyinə keçirmək. Bu çirkin işlərin necə həyata
keçiriləcəyi, kimlər tərəfindən icra ediləcəyi də artıq
planlaşdırılmışdı.
Cinayət hadisələrini törədənlərə rəhbərlik edən Rövşən Cavadov qanuni dövləti, hakimiyyəti silah gücünə devirəcəyini gizlətmirdi. O, müxtəlif bəyanatlar verərək hakimiyyətə hədə-qorxu gəlirdi. Onun verdiyi bəyanatlara diqqət yetirin: “Bunlar haradan qüvvə gətirsələr də, mümkün deyil. Bunlar bizimlə bacaran deyillər”, “...Necə istəyirsiniz elə edin. Mən sözümü dedim... vətəndaş müharibəsi, dünya müharibəsi, necə istəyirsiniz, bunu adlandırın. Əgər onlar getməsələr, istefa verməsələr, biz onları zorla devirəcəyik”. “Biz hakimiyyətə gələcəyik. Ölkə rəhbərliyində mənim yerim isə Dövlət Şurası yaradıldıqdan sonra kollegial surətdə müəyyənləşdiriləcək”. Göründüyü kimi, Rövşən Cavadov silah gücünə, günahsız insanların qanını tökmək yolu ilə hakimiyyətə gəlmək niyyətini gizlətmirdi. Belə insanlarda milli təəssübkeşlik, vətənpərvərlik hissləri, xalqına, dövlətinə qarşı heç vaxt məhəbbət olmur. Ölkəmizə düşmən kəsilən xarici qüvvələrə belə insanlar lazım idi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin kökündə məhz bu məqsədlər dururdu: Ölkədə siyasi cəhətdən səbatsız, milli təəssübkeşliyi olmayan və idarəetmədə diletant olan adamlar hakimiyyətə gəlsin ki, məhz onların fərasətsizliyi və xəyanəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirsin. Surət Hüseynov və Cavadov qardaşları o qədər ağıla malik deyildilər ki, bu məsələlərin mahiyyətinə vara bilsinlər. Onlar düşünmək üçün yox, güc tətbiq etmək üçün seçilmiş fiqurlar idi.
1995-ci
il martın 15-də onların Bakıdakı “əqidə
qardaşları” Nizami Rayon Polis İdarəsinə silahlı
basqın etdilər və dəf olundular. Həmin gün ulu öndər Heydər
Əliyev televiziya və radio
ilə xalqa müraciət etdi.
Türk dünyasının böyük oğlu
1993-cü ildən — hakimiyyətə gəldiyi gündən
görülən işlər barəsində xalqa
ətraflı məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan
müstəqil dövlət kimi beynəlxalq
aləmə nüfuz edir,
əlaqələrini möhkəmləndirir, iqtisadi
cəhətdən inkişaf edir. Dünyanın ən iri
şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə
maraqlıdırlar. Belə bir şəraitdə
bir qrup qeyri-qanuni silahlı dəstə Azərbaycanda
dövlət çevrilişi etməyə
cəhd göstərir. Ulu öndər xalqa müraciətində demişdir:
“...Onlar vətəndaş müharibəsinə
başlayıblar. Rövşən Cavadov
və onun dəstəsi tökülən
qanların günahkarlarıdır. Bilirsiniz,
XTPD-nin yerləşdiyi 8-ci Kilometrdəki bazaya cinayətkarları toplayırlar. Bu ağır vəziyyətimizdə gəncləri
tərbiyə etmək əvəzinə, cinayətə sövq edirlər, onlara silah paylayırlar, dövlət əleyhinə
çıxmaq istəyirlər. Onlar Nizami Rayon Polis
İdarəsinə hücum ediblər. Polis əməkdaşları o
hücumun qarşısını
alıblar, qəhrəmanlıq göstəriblər. İki nəfər polis əməkdaşı
yaralanıb. Beləliklə, Ağstafada, Qazaxda, gəlib Bakıda da
qan töküblər. Düzdür,
XTPD-dən də biri həlak olub və bəlkə də o,
günahsız bir zavallıdır. Allah ona da
rəhmət eləsin. O da vətəndaşımızdır,
o da Azərbaycan Prezidenti kimi mənim vətəndaşımdır.
Onun cinayət yoluna
düşməsi özünün
günahı deyil, Cavadovların
günahıdır. Bütün o tökülən qanlara günahkar onlardır”.
Ulu öndər cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyyə etdi. Bildirdi ki, tökdüyünüz qanlara, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb: “Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var”. Lakin cinayətkar dəstə bütün bunlardan bir nəticə çıxarmadı. Xalq isə dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyini bildirdi, onun ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi.
Görünən
o idi ki, xarici düşmənlər və daxilimizdəki xəyanətkar
qüvvələr hər şeyi nəzərə alsalar da,
“Heydər – Xalq”, “Xalq – Heydər” həmrəyliyinin, birliyinin
bu qədər güclü olacağını xəyallarına
belə gətirməmişdilər. Cəmiyyətdə
dövlət çevrilişinə cəhd göstərənlərə
qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün
bu hoqqabazlıqlara, xəyanətkar, cinayətkar
əməllərə son
qoyulmasını tələb edirdi. Rövşən Cavadovun
adamlarının, eyni zamanda,
proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı
müxalifət partiyalarının nümayəndələrinin
xalq arasında apardığı təbliğat
işləri isə heç bir nəticə vermirdi. Əksinə,
belələri ictimaiyyətin qınağına tuş gəlir, ağır ifadələrlə
təhqir olunmaqdan belə yan
keçə bilmirdilər.
Nəhayət, xalqın tələbi ilə dövlət başçısının 16 mart 1995-ci ildə imzaladığı fərmanla XTPD ləğv edildi. Prezident Heydər Əliyev “omonçular”ın silahı təhvil verib yerləşdikləri bazanı tərk etmələri üçün şərait yaradılmasına göstəriş verdi. Cavadov qardaşları dövlət başçısının bu humanist addımını zəiflik kimi qəbul edib ona məhəl qoymadılar. Onlar əvvəlcədən bazada topladıqları silahlıları şərti olaraq formalaşdırdıqları dörd hücum qrupuna bölərək martın 16-dan 17-nə keçən gecə Prezident Sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq üçün həmlə ilə mühasirəni yarmağa, şəhərə çıxmağa çalışdılar. XTPD üzvləri öz həmvətənlərinə, qardaşlarına qarşı silah qaldırıraq hücuma keçdilər. Açılan atəş nəticəsində neçə-neçə əsgərimiz şəhid oldu. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik, cəsarət göstərdilər, Azərbaycan dövlətçiliyini, qanuni hakimiyyəti, müstəqilliyimizi qoruyub saxladılar. Xalqımızın qəhrəman, igid oğulları xəyanətkarların öz arzularına çatmasına imkan vermədilər. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı.
1995-ci ilin mart hadisələri milli dövlətçiliyimiz üçün ciddi təhlükə idi. Bununla bərabər, həmin hadisələr həm də ölkəmizin daxilində özünə yer tapmağa çalışan və xarici qüvvələr tərəfindən idarə edilən siyasiləşmiş silahlı dəstələrin ortadan qaldırılmasına, cinayətkarların cəzalandırılmasına da rəvac vermişdi. Həmin il martın 17-də Prezident Heydər Əliyevin yanında keçirilmiş müşavirədə ulu öndərin söylədiyi yekun sözündə də bu reallığı görmək olar. Türk dünyasının böyük oğlu o zaman demişdi: “Mən hesab edirəm ki, bu gün biz irəliyə daha inamla, nikbinliklə baxa bilərik. Qarşımızdakı planların həyata keçirilməsi üçün daha sərbəst fəaliyyət göstərə bilərik və əminəm ki, bizim gələcəyə doğru yolumuz uğurlu olacaqdır”.
Bəli, bizim gələcəyə doğru uzanan yolumuz uğurlu oldu və bu gün dünya ictimaiyyəti bizim möhtəşəm nailiyyətlərimizi səmimi şəkildə, səxavətlə və ürək açıqlığı ilə etiraf edir. Bu hadisələrdən keçən on səkkiz il ərzində Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi, mövqeləri möhkəmləndi. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı və Prezident İlham Əliyevin həyata keçirdiyi elmi əsaslara söykənən xarici və daxili siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionun lider dövlətinə, güc mərkəzinə çevrildi.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 15 mart.- S. 7.