XOCALI HƏQİQƏTLƏRİ:
Bəşəriyyətə və insanlığa
qarşı görünməmiş cinayətin tarixi kökləri
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və
Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi,
Azərbaycan Müəllimlər İnstitutu ictimai fənlər
kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyevin
tədqiqatlarında ölkəmizin dilbər guşələrindən
olan Dağlıq Qarabağın qədim və müasir
tarixinin öyrənilməsi mühüm yer tutur.
Tanınmış
alimin AzərTAc-a təqdim etdiyi “Xocalı həqiqətləri:
Bəşəriyyətə və insanlığa
qarşı görünməmiş cinayətin tarixi kökləri” sərlövhəli yazı Azərbaycanın
işğal altındakı bu qədim diyarında erməni
vandallarının törətdikləri vəhşiliklərin,
xüsusilə xalqımızın qədim mədəniyyət
beşiklərindən biri olan Xocalıda həyata keçirilmiş
soyqırımının baş verməsi səbəbləri
təkzibolunmaz faktlar əsasında qələmə
alınmışdır və uzaq və yaxın tariximizin
gerçəkliklərinə ayna tutmaq baxımından son dərəcə
aktual və əhəmiyyətlidir. AzərTAc yazını təqdim
edir.
Ermənilər
zaman-zaman azərbaycanlılara qarşı soyqırımı
siyasəti həyata keçirmişlər. XX əsr isə
bütünlükdə soyqırımlar silsiləsidir.
Əsrin
əvvəllərində ermənilər özlərinin cəfəng
“Böyük Ermənistan” xülyalarını
reallaşdırmaq üçün Osmanlı dövlətində
başladıqları terrorçu fəaliyyətlərini Azərbaycanda
da davam etdirməyə cəhd göstərdilər. Bu prosesdə
onların xarici havadarları ilə yanaşı, Azərbaycanda
yaşayan və işləyən ermənilər də fəal
iştirak etmişlər.
Bakıda
1905-ci ilin fevralında ermənilərin törətdikləri
və “Müsəlman-erməni” və “Tatar-erməni”
toqquşması kimi qələmə verilən qanlı
qırğın o zaman Avropanın və çar
Rusiyasının hərbi və siyasi dəstəyi ilə azərbaycanlılara
qarşı aparılan əsl müharibə idi. Əhməd
Ağaoğlu bu barədə yazırdı: “Bu
üç-beş erməninin başı boş hərəkəti
deyil, arxasında güclü Qərb havadarlarının dəstəyini
hiss edən və strateji plana sahib Daşnaksütyunun
planlı işidir”.
Bakı
hadisələrindən sonra həmin ilin mayında
Naxçıvanda qanlı qırğınlar başlandı. Təpədən-dırnağadək
silahlanmış ermənilər kazaklardan da istifadə edərək
müsəlmanları qətlə yetirir, qarət edir, kəndləri
yandırırdılar. Ermənilər terror fəaliyyətlərini
İrəvan, Çəbrayıl, Şuşa, Cavanşir, Gəncə,
Tiflis, Qazax qəzalarında da eyni ssenari ilə həyata
keçirirdilər.
Məmməd
Səid Ordubadi Cavanşir qəzasının Ümidli kəndindəki
erməni vəhşiliyini belə təsvir edir: “Bəşər
tarixinə nəzər salsaq görərik ki, indiyə qədər
heç bir xalq qadın tayfasına bu qədər cəfa etməmişdir
ki, ermənilər Ümidli camaatına etdilər. Bir
ananın qarşısında 3-4 balasını qurban edib,
balaları əl-ayaq çaldıqda ananı gözü
yaş ilə dolu bir halda bihörmət etmək
insafdandırmı?!.. Budurmu erməni mədəniyyəti?!”
XX əsrin
əvvəllərində Daşnaksütyun partiyasının
terror şəbəkəsi artıq kifayət qədər
formalaşmışdı. Təkcə
1905-1909-cu illərdə bu terror qrupları tərəfindən
200-dən artıq qanlı aksiyalar həyata
keçirilmişdi. 1905-1907-ci illər ərzində daşnak
silahlı qüvvələrinin sayı 100 min nəfərə
çatdırılmışdı. Bu qüvvələrin tərkibində
xeyli sayda Osmanlı erməniləri də var idi. Xüsusilə Gəncə və Bakıda daşnak
hərbi qüvvələrinin güclü şəbəkəsi
yaranmışdı. 1905-1906-cı illərdə Gəncə,
Bakı və Azərbaycanın digər bölgələrində
azərbaycanlı əhaliyə qarşı kütləvi
qırğınların törədilməsi də bu şəbəkənin
“fəaliyyəti”nin dəhşətli nəticələrini
göstərir. Həmin illərdə Bakı və
Gəncədə çar polisi tərəfindən ələ
keçirilmiş, silah anbarlarında və emalatxanalarında
üzə çıxarılmış böyük hərbi
ehtiyatlar ermənilərin terror şəbəkəsinin nə
qədər güclü, niyyətlərinin nə qədər
qəddar və çirkin olduğunu sübut edirdi.
Xatırladaq
ki, Daşnaksütyun partiyasının Qafqazdakı silah
anbarlarında 10 min ədəd tüfəng, hədsiz sayda
revolver, 1 milyondan artıq patron, 1000-dən çox bomba
saxlanılmışdır.
Ermənilər
Birinci Dünya müharibəsindən, xüsusilə 1917-ci
ilin fevral və oktyabr çevrilişlərindən sonra Rusiyadakı
siyasi vəziyyətdən öz mənafelərinə
uyğun istifadə edərək bolşevizm bayrağından
bəhrələnməyə çalışırdılar. Bakı Kommunası əksinqilabçılara
qarşı mübarizə şüarı altında 1918-ci
ilin martında Bakı quberniyasında azərbaycanlıların
tamamilə məhv edilməsi kimi cinayətkar planın
icrasına başlamışdı. Milli mənsubiyyətinə
görə minlərlə azərbaycanlı qətlə
yetirilmiş, evlər və insanlar
yandırılmışdır. Milli arxitektura abidələri,
məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılmış,
Bakının çox hissəsi xarabalığa
çevrilmişdir. Azərbaycanlıların
soyqırımı Bakıda, Şamaxıda, Qubada,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və digər yerlərdə xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Həmin ərazilərdə dinc əhali
kütləvi şəkildə məhv edilmiş, kəndlər
yandırılmış, tikililər və milli abidələr
dağıdılmışdır.
1918-ci
ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada,
Muğanda və Lənkəranda ermənilər 50 min nəfərdən
çox azərbaycanlını qətlə yetirmiş, evlər
qarət edilmiş, on minlərlə şəxs evlərindən
qovulmuşdur. Təkcə Bakıda 30 min nəfər
xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər
öldürülmüşdür. Onlardan 1653-ü qadın,
965-i uşaq olmuşdur. Qubada 122, Qarabağda 150, Zəngəzurda
115 kənd yerlə-yeksan edilmiş, cinsindən və yaşından
asılı olmayaraq bütün əhaliyə divan
tutulmuşdur. İrəvan quberniyasında 211, Qarsda isə 92
azərbaycanlı kəndi dağıdılmışdır.
Təkcə İrəvan və onun ətrafında 88 kənd
yerlə-yeksan edilmiş, 1920 ev yandırılmış, 131970
nəfər öldürülmüşdür.
Həmin
dəhşətli günlərin şahidi olmuş Kulner
familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə
bunları yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi
öldürür, qılıncla parçalayır,
süngü ilə dəlmə-deşik edirdilər.
Qırğından bir neçə gün sonra şəhərdəki
çuxurlardan birində 87 azərbaycanlı cəsədinin
qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmış, cinsiyyət orqanları
doğranmış vəziyyətdə
tapılmışdır”.
Ermənilərin
azərbaycanlılara qarşı soyqırımı və
deportasiya siyasəti 1948-1953 və 1988-90-cı illərdə də
davam etdirilmişdir.
Bu qəbildən
olan Xocalı soyqırımı isə xüsusi vəhşiliklə
törədilmişdir.
Məlumat üçün bildirim ki, Xocalı Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Burada hələ tunc dövründən başlayaraq Xocalı-Gədəbəy mədəniyyətinin daşıyıcısı olan ulu əcdadlarımız yaşamışlar. Arxeoloqlar tərəfindən Xocalıda tunc dövrünə aid 100-ə qədər kurqan qeydə alınmış və onların bir hissəsi artıq öyrənilmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Xocalı kurqanlarında əsasən dövrünün məşhur sərkərdə və əyanları dəfn edilmişlər.
XX əsrin
90-cı illərinə qədər Xocalı kənd statusuna
malik yaşayış məntəqəsi olmaqla Əsgəran
rayonuna tabe idi. O zaman Xocalıda cəmi 3 min nəfər əhali
yaşayırdı.
Xocalıya şəhər statusu 1990-cı ilin
fevralında verilmişdir. Ermənistandan didərgin
salınmış azərbaycanlıların, Özbəkistandan
qovulmuş Məhsəti türklərinin, Dağlıq
Qarabağın Xankəndi və başqa yaşayış məntəqələrindən
zorla çıxarılmış azərbaycanlıların
bir hissəsi Xocalıda yerləşdirilmişdir. Buna görə də Xocalı əhalisi 1992-ci ildə
7 min nəfərə çatmışdır.
Xocalıya pənah gətirənlər üçün
çoxsaylı fin evləri
quraşdırılmışdır. Beləliklə,
Xocalı şəhərində evsiz-eşiksiz bir nəfər
də qalmamışdır. Şəhərdə
toxuculuq və tikiş fabrikləri, digər sənaye müəssisələri
fəaliyyət göstərirdi.
Xocalı faciəsini törətmək üçün
ermənilər xüsusi plan hazırlamışdılar. Hələ 1992-ci il fevralın 16-da Xankəndidə, 366-cı
alayın nəzdində “Gizli erməni cəbhəsi” deyilən
bir “rota” yaradılmışdır. Rotanın özəyini
Livan, Amerika, Kanada, İran, İsveç, Türkiyə,
İtaliya və Hollandiyadakı erməni icmalarını təmsil
edən, başlarının üstündən “Böyük
Ermənistan” xəritəsi asılmış silahlı erməni
birləşmələri təşkil edirdi. Fevralın
17-də qızlardan ibarət “Şuşanik” adlı
snayperçilər dəstəsi də həmin “cəbhə”yə
qoşulmuşdu. O da məlumdur ki, Xocalı faciəsindən
bir neçə gün əvvəl 36 məşhur erməni
firması “Gizli erməni cəbhəsi”nə 470 min dollar
“yardım” etmişdi.
Ermənistan
silahlı qüvvələri 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Dağlıq Qarabağ ərazisindəki
erməni silahlı dəstələri, keçmiş
SSRİ-nin Xankəndidə yerləşən 366-cı
motoatıcı alayının şəxsi heyətinin və
texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın
Xocalı şəhərini zəbt edərək,
xalqımıza qarşı soyqırımı siyasətini həyata
keçirmişlər.
Xocalı
əməliyyatı zamanı dinc əhalidən 613 nəfər,
o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi
amansızlıqla, işgəncələrlə
öldürülmüş, insanların başları kəsilmiş,
gözləri çıxarılmış, hamilə
qadınların qarınları süngü ilə
deşik-deşik edilmişdir. 230 ailə başsız qalmış,
200 nəfərin əlləri, ayaqları kəsilmişdir.
Rusiyanın
“Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına
əsasən, dörd gün ərzində Ağdama
Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının
meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz
qalması faktı aşkar edilmişdir. Ağdamda 181
meyit (131 kişi, 51 qadın və 13 uşaq) məhkəmə-tibbi
ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı müəyyən
edilmişdir ki, 151 nəfərin ölümünə güllə
yaraları, qəlpə yaraları səbəb olmuş, 10 nəfər
küt alətlə vurularaq
öldürülmüşdür. Hüquq-Müdafiə Mərkəzi
diri adamın baş dərisinin soyulması faktını da
qeydə almışdır.
İstintaq
materiallarından məlum olmuşdur ki, Xocalıya hücumda
366-cı alayın 1, 2 və 3-cü batalyonları iştirak
etmişdir. Xocalının külünü göyə
sovuran isə 366-cı alayın polkovniki İvan Moiseyevin
batalyonu olmuşdur. Araşdırmalar nəticəsində
məlum olmuşdur ki, o gecə 366-cı alaydakı hərbi
texnika və silahların 85 faizi ermənilərin əlinə
keçmişdir. Üstəlik Fransadan göndərilmiş
142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd
bronjilet, 146 ədəd tapança...ermənilərin istifadəsinə
verilmişdir. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da
döyüşdən əvvəl ermənilərə
paylanmışdır.
Xocalı soyqırımında iştirak edən 366-cı motoatıcı alayın polkovniki V. Savelyevin “Məxfi arayış”ında deyilir: “...Ermənilər ruslara məxsus 02-19-MM nömrəli “KamAZ”la ərazidəki meyitləri yığıb Xocalıda tonqal qurdular... İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim. Mən sizə azğınlaşmış sıravi ermənilərə qoşulub əsir azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm:
- Polkovnik B.Baynukov - arxa cəbhə üzrə
polk komandirinin müavini;
- Polkovnik
İ.V. Moiseyev - birinci batalyonun komandiri;
- Mayor
S.İ.Ohanyan - ikinci batalyonun komandiri;
- Mayor E.A.Nabonik - üçüncü batalyonun komandiri
və qeyriləri".
Xocalıya nəinki yerüstü, hətta havadan da zərbə
vurulmuşdur.
Xüsusi hazırlıq görmüş erməni pilotları
1992-ci il fevralın 17-də Telavi hərbi
bazasında terrorçu-yazıçı Zori Balayandan
xeyir-dua almışdılar. Xocalı əməliyyatında
istifadə üçün müxtəlif markalı 9 hərbi
vertolyot ayrılmışdır. Fevralın
22-də vahid komandanlıq üçün vertolyot
eskadrilyası 366-cı alayın tərkibinə
keçirilmişdir. 1992-ci ildə Xocalını
bombalayan vertolyot eskadrilyasının siyahısı belə
idi: 39 nömrəli vertolyotun pilotu Livan ermənisi Romb
Qalaqçyan, 40 nömrəli vertolyotun pilotu Suriya ermənisi
Razdan Minoyan, 29 nömrəli vertolyotun pilotu Livan müsəlmanı
Zahid əl-Məhəmməd və 17 nömrəli vertolyotun
pilotu Yerevan ermənisi Suren Pirimyan olmuşdur.
Fevralın 25-i saat 16-dan 24-dək Xocalı ərazisinə
bu vertolyotlardan 89 dəfə raket atılmışdır. Fevralın
28-də Xocalı əməliyyatında fəal
iştirakına görə Zahid əl-Məhəmmədə
və Suren Pirimyana “Qızıl xaç” ordeni verilmişdir.
Mənfur Zori Balayan 1996-cı ildə Vanazorda nəşr
olunmuş “Dirilmə” adlı kitabında Xocalıda törədilən
qətliamlardan pafosla bəhs edərək belə
yazırdı: “Vətəndaşlıq və kişilik vəzifəsi
kimi mən də moğol dölü olanlara (yəni türklərə)
işgəncə verdim. Mən Xacaturla onların
saxlandığı zirzəmiyə girəndə bizim əsgərlər
çox səs çıxarmaması üçün
uşağın dırnaqlarından pəncərəyə
mıxlandığını gördüm. Xaçatur uşağın anasının kəsilmiş
döşünü onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türkün sinəsini
və qarnını yardım. Uşaq 7 dəqiqə
sonra qan itkisindən öldü. Mənim
ixtisasım doktor (humanist) olduğu üçün
uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə bir böyük sevinc vardı.
...Xacatur
itdən doğulmuşların (yəni türklərin) cəsədini
parçalara böldü və itlərə atdı. Dünən biz eyni hərəkətləri daha
üç türk dölünə tətbiq etmişdik.
Bununla Xaçatur və mən ermənilik, vətənsevərlik
və vətəndaşlıq borcumuzu yerinə yetirdik...”
2000-ci ildə
Beyrutda nəşr olunmuş “Xaç naminə” adlı kitabında
Daud Xeyriyan da Xocalı soyqırımından ağızdolusu
bəhs edir: “Bu səhər soyuqda Daşbulağa doğru təxminən
bir kilometrlik yolu keçmək üçün cəsədlərdən
yol düzəltdik. Mən cəsədlərin
üstündən keçmək istəmirdim. Polkovnik Ohanyan mənə qorxmamağımı və
bunun müharibə qanunları olduğunu söylədi.
Mən 9-11 yaşlarında bir qız cəsədinin
sinəsinə çıxaraq irəlilədim. Mənim pal-paltarım qana bulaşmışdı.
Beləcə mən təxminən 1200 cəsədin
üstünə çıxaraq keçdim...” O, daha sonra
yazır: “Martın 2-də “Qaflan” erməni qrupu (cəsədləri
yandırmaq üçün yaradılmış xüsusi
qrup) axmaq moğollara (yəni, türklərə) aid 2000 cəsəd
yığdı və Xocalının qərbində onları
bir yerə toplayaraq yandırdı. Son yük
maşınında mən təxminən 10 yaşında bir
qız uşağı gördüm. Qız
boynundan və əlindən yaralanmışdı. Diqqətlə baxanda yavaşca nəfəs
aldığını gördüm, soyuq, aclıq və
aldığı yaraya baxmayaraq uşaq hələ
yaşayırdı. Tiqran adlı bir əsgər
onun qulağından tutub yandırılmaq üçün bir
yerə toplanmış və üzərinə mazut
tökülmüş cəsədlərin yanına gətirdi
və daha sonra onları yandırdı. Bu zaman mən
birinin yardım səsini eşitdim...”
Azərbaycan
matəm içərisində ikən erməni diasporunun dəstəyi
ilə Xocalıya gəlmiş avropalı erməni “jurnalistlər”
isə faciəni azərbaycanlıların törətdikləri
haqqında yalan məlumatlar yazmağa, dünyanı
aldatmağa çalışırdılar. Amma
onların içərilərində həqiqəti yazanlar da
var idi. Mənşəcə Avropa ermənisi olan
jurnalistlərdən biri törədilən faciəni
olduğu kimi çatdırmağa
çalışmışdı: “Xocalıda qətlə
yetirdikləri 100 nəfəri yan-yana düzərək
körpü düzəltdilər. Mən bu
körpüdəki cəsədlərin üzərindən
keçdim. Ayağımı körpə
bir uşağın sinəsinə qoyanda elə titrədim ki,
fotoaparatım, bloknotum, qələmim yerə düşərək
qana boyandı. Özümü tamamilə
itirdim. Bədənim tir-tir titrəyirdi”.
Fransada çıxan aylıq jurnalların birində
“Hücumdan əvvəl” yazısını (12 mart 1992-ci il) çap etdirən erməni jurnalisti Siracyan
yazır: “Xocalını gözlərimlə gördüm. Hər yandan qan iyi gəlirdi. Qar üzərində
kimsəsiz, cansız, sahibsiz cəsədlərdən qorxdum...
Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi,
sabahkı nəsillər susmasın... Bu gün
ruslar bizimlədir. Bəs sabah ? Biz tənha qala bilərik”. Fransız jurnalisti
Jan-iv Yunet isə
belə yazırdı: “Biz Xocalı faciəsinin şahidi
olduq, yüzlərlə öldürülmüş
günahsız meyitləri gördük. Bunlar
qadınlar, uşaqlar, qocalar və Xocalının
keşikçiləri idilər. Bizə
alçaqdan uçan vertolyot verdilər. Xocalıda
nə baş verdiyinin şahidi olduq. Ermənilər
bizi atəşə tutduqlarından çəkilişi
axıra çatdıra bilmədik. Mən
müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin
qəddarlığını eşitmişəm, amma ermənilər
onları ötüb keçmişdilər. Onlar
5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə
öldürmüşdülər”.
“İzvestiya”
qəzetinin müxbiri V.Belux isə öz qeydlərində
Xocalı hadisələri zamanı gözləri oyulmuş,
qulaqları kəsilmiş, kəllə sümükləri
çıxarılmış, başları kəsilmiş
meyitlərin şahidi olduğunu yazmışdır. Mayor Leonid Kravets isə Xocalı dəhşətlərini
belə xatırlayır: “26 fevralda mən azərbaycanlılara
kömək üçün yaralıları daşıyarkən
200-ə qədər öldürülmüş və səpələnmiş
insan cəsədləri gördüm. Ölüləri
götürmək istədik. Bizimlə birgə
Xocalıdan olan yerli kapitan da var idi, adı yadımdan
çıxıb. O, ölülər arasında 4
yaşlı oğlunu tapdı. Uşağın beyni
dağılmışdı. Kapitan huşunu itirdi. Biz ermənilərin
gülləbaranına düşməmək üçün
aradan çıxdıq. Götürə bilmədiyimiz bir
başqa uşağın isə başını kəsmişdilər.
Biz hər yerdə vəhşicəsinə təhqir
edilmiş qadın, uşaq, qoca meyitləri
görürdük”.
Xocalıya hücumda iştirak
etmiş polkovnik Savelyev 1992-ci il noyabrın 26-da, 1994-cü il martın
19-da, 1998-ci il avqustun 22-də və nəhayət 2000-ci ilin
iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına...
sonda Baş Kəşfiyyat İdarəsinə (BKİ) “Məxfi
arayış”lar təqdim etmişdir. Arayışda
deyilir: “...Mən bütün bunları yazmaya bilmərəm.
İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin
güllədən keçmiş bədənlərini unuda
bilmirəm. Qoy azərbaycanlılar məni
bağışlasınlar ki, bütün bu qanlı və
amansız sonluğu olan hadisələrdə əlimdən
heç nə gəlmədi. Təkcə yazdığım məxfi
arayışı Kremlə, həm də BKİ-nin generallarına
göndərdim. Biz rusların zabit şərəfi
görün, necə ləkələndi... Əslində millətlərarası
münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında
həmin problemlər daha qabarıq nəzərə
çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər
tərəfinə keçib azərbaycanlıları
qırması, hərbi texnika və silahları ermənilərə
verməsi məsələsi artıq siyasi məzmun
daşıyırdı...”
Bu
gün Azərbaycanın Xocalı adlı bir şəhərindən
əsər-əlamət yoxdur. Sağ qalan xocalılar Azərbaycanın
48 şəhər və rayonunda 500-dən çox kənd və
qəsəbəsində sanatoriya, düşərgə,
çadır şəhərçiyi və xüsusi evlərdə
müvəqqəti məskunlaşdırılmışlar.
Artıq
21 ildir ki, dövlətimiz tərəfindən Xocalı həqiqətlərinin
dünyaya çatdırılması üçün
mühüm işlər görülür! Bütün dünya dövlətləri
Xocalı soyqırımını tanımağa
başlamışlar.
Allah
Xocalıda həlak olan bütün soydaşlarımıza rəhmət
eləsin! Qoy, yağı düşmənlərimiz bir
daha bilsinlər ki, məzlumun ahı yerdə qalmaz və
qalmayacaqdır!
Xalq qəzeti.- 2013.- 15 mart.- S. 10.