Binəqədi rayonunda muğam
festivalı keçirilmişdir
Binəqədi Rayon İcra Hakimiyyətinin
dəstəyi ilə rayondakı uşaq musiqi və incəsənət
məktəbləri şagirdlərinin iştirakı ilə
muğam festivalı keçirilmişdir.
Festivalın
əvvəlində 11 nömrəli uşaq musiqi məktəbinin
direktoru Rövşən Məmmədov
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
musiqimizin inkişafına göstərdiyi yüksək diqqət
və qayğı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezident İlham Əliyevin Azərbaycan
musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər
xalqımız tərəfindən həmişə
böyük rəğbət və hörmətlə
qarşılanır.
Qeyd
edilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın musiqi mədəniyyətinin,
muğamın inkişafında misilsiz xidmətləri
vardır. Mehriban xanım Əliyevanın gərgin zəhmətinin
bəhrəsidir ki, Azərbaycan muğamı UNESCO-nun
“Xüsusi mühafizə edilən irs” siyahısına
salınmışdır.
Azərbaycanın
müstəqilliyi dövründə milli muğam
ifaçılığı yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan,
zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti
zənginləşən Azərbaycan muğamının
müasir tarixində Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən çoxşaxəli, silsilə
tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin
nəticəsidir ki, son illər muğam
ifaçılığı ən müxtəlif aspektlərdən
hərtərəfli dəstək alaraq, sözün əsl mənasında,
intibah dövrünü yaşayır. UNESCO-nun qərarı
ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri
əhəmiyyətə malik sərvətləri
sırasına daxil edilməsi muğamın təkcə
xalqımızın deyil, bütün bəşəriyyətin
misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi
qiymətləndirilməsinə bariz nümunədir.
Festivalda M. Maqomayev adına 26 və 11 nömrəli uşaq musiqi, 6
nömrəli uşaq incəsənət məktəbləri
şagirdlərinin ifasında səslənən muğamlar
böyük heyranlıqla qarşılanmışdır.
Tədbirdə
rayon icra hakimiyyəti başçısının müavini
Vüsal İsmayılov şagirdləri təbrik etmiş,
onlara işlərində uğurlar arzulamışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 16 mart.- S. 10.