Azərbaycanı
xoşbəxt gələcəyə aparan
xarizmatik lider
Ölkəmiz müstəqilliyini bərpa
etdikdən indiyədək bir çox tarixi sınaqlardan
uğurla çıxmışdır. Ulu öndər Heydər
Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi,
Vətəninə olan sonsuz məhəbbəti, qətiyyəti
və uzaqgörənliyi Azərbaycanı saysız-hesabsız
bəlalardan xilas etdi. Ümummilli liderimizin nurlu yolunu yeni
meyarlarla davam etdirən, müasir dövrün
çağırışlarına uyğun daxili və xarici
siyasəti həyata keçirən, dünya birliyinin diqqətini
cəlb edən Prezident İlham Əliyev respublikamızı Cənubi
Qafqazın lider dövlətinə çevirdi.
2003-cü
ildən bugünədək ölkəmizdə gedən
müsbət inkişaf prosesləri bir daha sübut etdi ki,
xalqımız Heydər Əliyev təcrübəsinə ən
yaxından bələd olan, bir çox məqamlarda isə
onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri
ilə yadda qalan İlham Əliyevə böyük etimad
göstərməklə doğru seçim etmişdir.
Dövlət başçımızı ulu öndərin ən
etibarlı silahdaşı adlandırmağımız səbəbsiz
deyil. Mübaliğəsiz deyə bilərik ki, dünyada
böyük rezonans doğuran “Əsrin müqaviləsi”nin
imzalanmasında və 40-50 il üçün nəzərdə
tutulmuş yeni neft strategiyasının hazırlanmasında
Heydər Əliyevin ən etibarlı silahdaşı məhz
İlham Əliyev olmuşdu.
Azərbaycan
Respublikasının Prezidenti olduğu 10 ildə anda sədaqətin,
Vətənə xidmətin İlham Əliyev nümunəsini yaradan dövlət
başçısı ölkəmizin bugünkü tərəqqisini
təmin etmək, xoşbəxt gələcəyini qurmaq
yolunda göstərdiyi misilsiz işlərə görə
xalqımızın dərin rəğbət və məhəbbətini
qazanmışdır. Məhz ölkə rəhbərinin
müasir dünyanın geosiyasi təlatümlərindən,
iqtisadi uğursuzluqlardan çıxarmaq üçün
çox yüksək səriştəyə, analitik təfəkkürə
və siyasi iradəyə malik olması nəticəsində
Azərbaycan qlobal maliyyə böhranının ən yüksək
həddə çatdığı illərdə belə
sürətlə inkişaf etmiş, böyük nailiyyətlər
qazanmışdır.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin AzərTAc-a
verdiyi müsahibəsində qeyd etdiyi kimi, dünyanın
aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri
və proqnozları, ən əsası, uğurlarımızın
real mənzərəsi bir daha təsdiq edir ki, hələ
2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi
strateji hədəflər, qarşıya qoyduğu vəzifələr
artıq reallığa çevrilmişdir. 2009-cu ildə
iqtisadi keçid dövrünü başa çatdıran Azərbaycan
son 10 ildə iqtisadiyyatını şaxələndirməyə,
ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası,
iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə
nail oldu. Ötən müddətdə ölkəmizin strateji
valyuta ehtiyatları 30 dəfəyə yaxın artaraq 46 milyard
dolları ötmüşdür. Bu gün Cənubi Qafqaz
iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın
payına düşür. Ölkəmiz hətta bəzi
inkişaf etmiş dövlətlərə də nümunə
göstərir. Məsələn, yoxsulluğun səviyyəsinin
49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi
həyata keçirilən sosial siyasətin ən böyük
uğuru hesab olunmalıdır. Müqayisə
üçün deyək ki, bəzi inkişaf etmiş ölkələrdə
işsizliyin səviyyəsi 25 faizdir. Gənclər arasında
isə bu rəqəm 50 faizə çatır. Yəni
qazandığımız uğur, hətta inkişaf etmiş
ölkələr üçün çox yüksək
göstərici hesab olunur.
Göründüyü
kimi, ötən dövrlərdə neft gəlirləri əsasında
yaradılmış möhkəm maliyyə-iqtisadi baza
hesabına qeyri-neft sektorunun dinamik inkişafı, ölkə
iqtisadiyyatının diversifikasiyası, özəl sektorun
inkişafına hərtərəfli dövlət dəstəyi,
regionların tarazlı inkişafı, insan kapitalının
formalaşdırılması, səmərəli beynəlxalq
iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına
inteqrasiya və son nəticədə ölkəmizin hər
bir vətəndaşının rifahının yüksəldilməsi
ilə bağlı müsbət
dəyişikliklər baş vermişdir. Azərbaycan
iqtisadiyyatı bu dövr ərzində öz dinamik
inkişafını qoruyub saxlamışdır. Hazırda
iqtisadi inkişaf tempinə görə dünyanın 10
aparıcı ölkəsi sırasındayıq. Bütün
bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin həyata
keçirdiyi siyasət iqtisadi yüksəlişimizi təmin
etmiş, dövlətimizi gücləndirmişdir.
Təbii
ki, dünyanın istənilən ölkəsinin
qazandığı nailiyyətlərin əsasında həmin
ölkənin liderinin üzərinə
götürdüyü missiyanı uğurla yerinə yetirməsi,
müasir dövrün tələblərinə cavab verən qərarlar
qəbul etməsi və ümumilikdə, hər sahədə
düzgün siyasətin müəyyənləşdirməsi
mühüm rol oynayır. Bütün bunlarla yanaşı,
milli-mənəvi keyfiyyətlərin qorunması, məhz həmin
dəyərlərə söykənərək müasir
dövlət idarəçilik sisteminin uğurlu fəaliyyətinin
təmin olunması da mühüm vəzifələr kimi
qarşıda durur. Bu mənada, Azərbaycan həqiqətən
də dünyanın şanslı ölkələrindən
biri hesab oluna bilər. Məsələ
ilə bağlı fikirlərini bildirən akademik Ramiz Mehdiyev
demişdir: “İlham Əliyev
dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin
dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni
yerinə yetirməklə, həm də milli şüurumuzun
inkişafı və cəmiyyətimizin müasirləşməsi
üçün yorulmadan səy göstərir. O, hər bir
situasiya üçün düzgün qərar verərək,
onların həyata keçirilməsinə nail olur. İlham Əliyev
siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir.
Cənab Prezidentin qazandığı uğurlar
xalqımıza böyük ümidlər verir, gələcəyə
geniş yollar açır”.
Azərbaycanın
müstəqillik dövrü ərzində
qazandığı ən böyük uğurlardan biri də
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin əfsanədən reallığa
çevrilməsidir. Prezident İlham Əliyev həmin layihələrin
reallaşması üçün bütün zəruri
addımları atdı. Ardınca Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata
vəsiqə alması Azərbaycanı dünya miqyasında həmin
sahədə böyük təcrübəsi olan dövlət
kimi tanıtdı. Hazırda ABŞ, Böyük Britaniya,
Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya,
Norveç, Almaniya, Çin və digər inkişaf etmiş
dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində
mühüm iqtisadi layihələrdə iştirak edirlər.
Belə layihələrin reallaşdırılması ölkəmizin
beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək
verir. Bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan
Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq
üçün xərclərin 80 faizini öz üzərinə
götürüb. Bu, ölkəmizin hansı səviyyəyə
yüksəldiyini göstərən ən önəmli
faktlardan biridir.
Qeyd
etdiyimiz kimi, Azərbaycanın neft strategiyasının
uğurla reallaşdırılması ölkəmizin dinamik
sosial-iqtisadi inkişafı
üçün möhkəm baza yaratmışdır. Zəngin
karbohidrogen ehtiyatlarından düzgün, səmərəli
şəkildə istifadə nəticəsində Azərbaycan
Respublikası regionun ən sabit və dinamik inkişaf edən
ölkəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin
təminatında da mühüm rol oynayır. Artıq 15 ilə
yaxındır ki, Azərbaycanın karbohidrogen ehtiyatları
dünya bazarına çıxarılır. Onu da qeyd etmək
lazımdır ki, neft və qaz ehtiyatlarının ixracı
üçün yaradılmış çoxvariantlı boru kəmərləri
ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin
təminatındakı rolunun daha da artırılmasına
şərait yaradacaqdır. Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
qeyd etdiyi kimi, respublikamız öz tərəfdaşları
ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini
uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi
xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə
davam edir. Öz enerji təhlükəsizliyini təmin
etmiş ölkəmiz Avropanın enerji bazarında
mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə
öz töhfələrini verir. Hesablamalara görə,
hazırda bir sıra Avropa ölkələrinin enerji
bazarında Azərbaycanın payı 30-40 faiz təşkil
edir.
Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi elmi əsaslara
söykənən uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmiz beynəlxalq aləmdə çox mühüm
bir missiyanı öz üzərinə
götürmüşdür. Bu, dinlərarası və mədəniyyətlərarası
dialoqun təşkili məsələsidir. Bu gün Azərbaycan
Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq
və Qərb sivilizasiyalarının dialoq platformasına
çevrilib. Belə dialoq bəşəriyyətdə
müxtəlifliyin əhəmiyyətini göstərməklə
fərqlilik amilinə dözümlülüyü təbliğ
edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam
Əməkdaşlıq Təşkilatının üzvü
kimi həm Qərb, həm də Şərq dəyərlərini
özündə birləşdirən və inkişaf etdirən,
xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu,
Azərbaycanın qədim tarixi xüsusiyyətlərindən
irəli gəlir. Qərb ilə Şərqin qovuşduğu
məkanda yerləşən ölkəmiz hər iki region
arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin
inkişafında mühüm amilə çevrilmişdir.
Həmin amillərin əhəmiyyətini
düzgün qiymətləndirən dövlət
başçımız İlham Əliyevin təşəbbüsləri
nəticəsində respublikamız, həm də bu kimi qlobal
məsələlərin müzakirə olunduğu möhtəşəm
əməkdaşlıq məkanına çevrilib. Akademik
Ramiz Mehdiyevin dediyi kimi, Azərbaycan Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
üzvü kimi qlobal siyasətin formalaşmasında
iştirak edir, sülhün və təhlükəsizliyin təmin
olunmasına dəyərli töhfələr verir. “Eurovision”,
BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq
Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də
sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə
qlobal məsələlərin müzakirə edildiyi əlverişli
məkana çevrilmişdir. Gələn ay Bakı şəhəri
Davos İqtisadi Forumunu qəbul etməklə özünün
dünya əhəmiyyətli iqtisadi mərkəz statusunu
möhkəmləndirəcəkdir. 2015-ci ildə isə biz I
Avropa Oyunlarını keçirən ölkə kimi tarixə
düşəcəyik. Bu il ilk telekommunikasiya peykimizin orbitə
çıxarılması, Azərbaycanda kosmik sənayenin
yaradılması inkişafımızın zirvəsi olmaqla
uğurlarımızın, nailiyyətlərimizin
miqyasını təcəssüm etdirir.
Beynəlxalq
tədbirlərin Azərbaycanda baş tutmasının səbəblərini
yuxarıda qeyd etdik. Bu səbəblər arasında ən əhəmiyyətli
olanı isə respublikamızın iqtisadi inkişafı ilə
yanaşı, demokratik inkişafını da təmin etməsi,
ölkəmizdə ictimai-siyasi sabitliyin daimi olmasıdır.
Ölkə rəhbərimizin qeyd etdiyi kimi,
inkişafımızın əsasında
düşünülmüş siyasət, liberal islahatlar,
dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən
dəstəklənməsi, güclü hakimiyyət və
sabitlik amilləri dayanır. Dövlət
başçımızın praqmatik siyasi kursu, hakim
komandanın səmərəli fəaliyyəti və ən əsası,
xalqımızın güclü dəstəyi olmasaydı,
bütün bu uğurlar əlçatmaz xəyal olaraq
qalacaqdı.
Dünyaya
iqtisadi inkişafın Azərbaycan modelini təqdim edən,
ölkəmizi regional güc mərkəzinə çevirən
və nəhayət, qlobal problemlərin müzakirəsində
aktiv rol oynayan, onların həllinə töhfələr verməyə
çalışan lider, təbii
ki, dünya ölkələrinin liderlərinə də
nümunə təşkil edir. Bütün bunlar həm
xalqımızın, həm də beynəlxalq ictimaiyyətin
nəzərində, habelə dünyanın siyasi elitası
arasında cənab İlham Əliyevin qurucu, yaradıcı,
görkəmli dövlət və siyasi xadim obrazını
şərtləndirən mühüm amillərdir. Bu fikirləri
bildirən akademik Ramiz Mehdiyev
demişdir: “İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni
əsrdə Azərbaycanın Prezidenti olmasının
özündə rəmzi məna vardır. O, postsovet məkanında
tamamilə yeni tipli siyasi liderin nümunəsinə
çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi
səciyyələndirən başlıca xüsusiyyəti
onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin,
həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin
təbliğində, həm də ölkəmizin dolğun
müsbət imicinin formalaşmasında ailəsinin hər bir
üzvü onunla həmrəydir, həmfikirdir”.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 16 mart.- S. 7.