Lerikdə
qadınların konfransı keçirilmişdir
Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə Azərbaycan Qadınlarının IV qurultayına
hazırlıq mərhələsində Lerik rayon
qadınlarının konfransı keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi
önünə gül dəstələri düzmüşlər.
Tədbiri
giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin
başçısı Rövşən Bağırov
açaraq bildirmişdir ki, Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdikdən sonra qadınların həyatımızın
bütün sahələrində fəallığı
artmışdır. Ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasət nəticəsində ailələrin,
qadınların və uşaqların həyat səviyyəsinin
yüksəldilməsi, onların sosial müdafiəsinin daha
da yaxşılaşdırılması istiqamətində
böyük işlər görülmüşdür. O
cümlədən rayonumuzda bu sahədə həyata
keçirilən tədbirlər öz müsbət nəticəsini
verməkdədir. Bu gün rayonumuzun ictimai-siyasi və mədəni
həyatında qadınlar fəal iştirak edirlər.
Lerik
Rayon İcra Hakimiyyəti başçısının
müavini - ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Arzu Vəliməmmədova
bildirmişdir ki, bütün respublikada olduğu kimi, Lerikdə
də qadınlar dövlətin yaratdığı imkanlardan
yararlanırlar. Rayon əhalisinin 50,2 faizini, yəni 39157 nəfərini
qadınlar təşkil edir. Onlar icra və məhkəmə
hakimiyyəti, yerli özünüidarəetmə
orqanlarında, elm, təhsil, səhiyyə, mədəniyyət,
biznes qurumlarında - bir sözlə, bütün sahələrdə
təmsil olunurlar. Rayonda rəhbər vəzifələrdə
işləyən qadınların sayı 26 nəfər,
sahibkarlıqla məşğul olan qadınların sayı 21
nəfərdir. Bələdiyyə üzvü olan
qadınların sayı 49 nəfərdir ki, onlardan da 1 nəfəri
bələdiyyə sədridir. Pedaqoji sahədə 322 nəfər,
mədəniyyət sahəsində 280 nəfər, səhiyyə
sahəsində 157 nəfər qadın
çalışır. Dövlət müstəqilliyinin bərpasından
sonra 1 nəfər qadın “əməkdar həkim”, 1 nəfər
“əməkdar müəllim” fəxri adına layiq
görülmüş, 2 nəfər qadın “Tərəqqi”
medalı ilə təltif olunmuşdur. Respublikanın ali təhsil
müəssisələrinə qəbul olunan qızların
sayı da ilbəil artır. 2012-ci ildə onların sayı
23 nəfər olmuşdur. Sevindirici haldır ki, onlardan 1 nəfəri
- Vizəzəmin kənd tam orta məktəbinin məzunu Nərmin
Əmirova ali təhsil müəssisələrinə qəbul
imtahanlarında yüksək bal toplayaraq Prezident təqaüdünə
layiq görülmüşdür.
Konfransda
çıxış edən Səmayə Cəfərova,
Gültəkin Şıxəliyeva, Dilarə Fətullayeva, Səbiyyə
Zülfiyeva xalqımıza dahi şəxsiyyətlər bəxş
etmiş Azərbaycan qadınının mənəvi
saflığından, mərdliyindən, sədaqətindən
söz açaraq qadınların rayonun ictimai-siyasi həyatında
fəaliyyətindən bəhs etmişlər.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Elmira Axundova bildirmişdir ki, əvvəlki
qurultaydan keçən 5 il ərzində Azərbaycanda
dövlət qadın siyasətinin həyata keçirilməsi
istiqamətində böyük işlər
görülmüşdür. Azərbaycan cəmiyyətində
qadının ictimai-siyasi, sosial-iqtisadi
və mədəni sahələrdə rolu
ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun,
ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasətin əməli nəticəsidir. Ölkədə
qadın problemləri daim dövlətin
diqqət mərkəzindədir. Sevindirici
haldır ki, Azərbaycan
Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın şəxsində
qadınlarımız dünya səviyyəsində
öz sözünü
deyə bilir.
Konfransda
Azərbaycan qadınlarının IV qurultayına Lerik
rayonundan nümayəndələr seçilmiş, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciət qəbul edilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 16
mart.- S. 7.