ARDNŞ-in İnsan
Resursları Departamentində QHT-lərin iştirakı ilə
müşavirə
Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə son
illər daha ciddi xarakter almışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyev
iqtisadiyyatdakı inhisarçılıq meyillərinin
qarşısını almağı, azad rəqabət
mühitinin yaradılmasını təmin etməyi, vergidən
yayınma hallarına qarşı təsirli tədbirlər
görməyi, qiymətlərin süni şəkildə
şişirdilməsinə yol verməməyi, əsassız
yoxlamalara son qoymağı, ölkə həyatının
bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha
ciddi və sistemli mübarizə aparmağı
mühüm vəzifə kimi qarşıya qoymuşdur.
Ona görə də bu gün ölkəmizin hər
yerində bu məsələ
ciddi nəzarətdədir və
bununla bağlı mühüm
tədbirlər həyata keçirilir.
ARDNŞ
İnsan Resursları Departamentində qeyri-hökumət təşkilatlarının
iştirakı ilə keçirilən müşavirə də bu
mühüm məsələyə
həsr olunmuşdu. Yüksək
və işgüzar şəraitdə keçirilən müşavirədə
müxtəlif ictimai birliklərin, assosiasiyaların, fondların,
şirkətlərin, konfederasiyaların, mərkəzlərin
və digər qeyri-hökumət təşkilatlarının
rəhbərləri və nümayəndələri
iştirak etmişlər.
Toplantıda giriş sözü ilə
çıxış edən ARDNŞ İnsan Resursları
Departamentinin rəisi Asif Bəkirli departamentin yaranması və fəaliyyəti
barədə ətraflı məlumat vermişdir. O,
bildirmişdir ki, ARDNŞ işə
qəbul prosedurlarını təkmilləşdirməklə daha şəffaf prinsiplərə
söykənmiş və bu
işdə obyektivliyi əsas götürmüşdür.
İmtahanların keçirilməsi və testləşdirmə
prosesi beynəlxalq təcrübə və standartlara
uyğunlaşdırılmışdır. ARDNŞ sistemində işə götürülən hər bir vətəndaş öz
bilik, bacarıq və səriştəsinə güvənərək
imtahanlarda iştirak edib müvəffəqiyyət qazanmışdır. Hazırda bu proses uğurla davam etməkdədir.
İşçilərlə əlaqələr yüksək səviyyədə
qurulmuşdur. ARDNŞ-də fəaliyyət göstərən
hər bir əməkdaş öz seçimi ilə təhsilinə,
biliyinə, iş təcrübəsinə, bacarıq və səriştəsinə
uyğun olaraq karyera inkişafını təmin edə biləcək.
A.Bəkirli
bildirmişdir ki, ARDNŞ xarici
və daxili təqaüd proqramları həyata keçirərək
potensial kadrların formalaşmasına əsas vermişdir.
Daha sonra departamentin fəaliyyətini
və strukturda olan dörd şöbənin işini əks
etdirən təqdimat keçirilmişdir.
Müşavirədə
çıxış edən QHT-lərin Antikorrupsiya şəbəkəsinin
koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyev bildirmişdir ki, peşəkar kadrların seçilməsində
ədalətlilik və obyektiv prinsiplərin olması Azərbaycan
dövlətinin maraqlarını və onun gələcəyini
təmin edir. O qeyd etmişdir ki, bu nümunəvi tədbir
dövlət qurumları və vətəndaş cəmiyyəti
arasındakı münasibətlərin möhkəmlənməsinə
müsbət təsir göstərir. Bunun nəticəsində
vətəndaşlarda qanuna və qanunun aliliyinə inam
artır.
Daha
sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın sədr
müavini Fuad Mayılov maddi sərvətlərin insan
kapitalına, intellekt məhsuluna çevrilməsinin vacib bir
ictimai məqsəd olmasından bəhs etmişdir.
Qeyd
olunmuşdur ki, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunda bizə peşəkar kadrlar
lazımdır. Son dövrlərdə Azərbaycan iqtisadiyyatının
çox sürətlə inkişaf etməsi peşəkar
kadrların hazırlanması və üzə
çıxarılmasının nəticəsində
mümkün olmuşdur.
Bütün sahələrdə olduğu kimi,
kadrların hazırlanması sahəsində də korrupsiya və rüşvətxorluqla
mübarizə sənayemizin və iqtisadiyyatımızın
inkişafına səbəb olmuşdur.
Müşavirədə
“Konstitusiya” Araşdırmalar Fondu, Sahibkarlığın və
bazar iqtisadiyyatının inkişafına yardım Fondu,
Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlar Təşkilatları Milli
Konfederasiyası, İqtisadi və Sosial İnkişaf Mərkəzi,
Sahibkarlığın və bazar iqtisadiyyatının
inkişafına yardım Fondu,
Effektiv Təşəbbüslər Mərkəzi,
“Hüquq və İnkişaf” İB, “Demokratiyanı Öyrənmə”
İB, Neftçilərin Hüquqlarının Müdafiə
Təşkilatı, “Cəmiyyət və Vətəndaş
Münasibətlərinin İnkişafı” İB, “Azərbaycan
Hüquq İslahatları Mərkəzi” İB, İqtisadi və
Sosial İnkişaf Mərkəzi, “Ümid” İB, İqtisadi
Tədqiqatlar Mərkəzi, “Ekoaləm” İB, Sosial-Strateji Tədqiqatlar
və Analitik Araşdırmalar Mərkəzi, “Demokratik Təsisatlar
və İnsan Hüquqları” İB və “Qadınlar
Arasında Həmrəylik” İB-nin nümayəndələri
iştirak etmişlər.
Müşavirə
iştirakçıları belə tədbirlərin tez-tez
keçirilməsini məqsədəuyğun hesab etdiklərini
bildirmişlər. Tədbirdə ədalətlilik və
obyektivlik prinsipinin cəmiyyətin bütün sferalarında
öz əksini tapmasının vacibliyi
vurğulanmışdır.
Müşavirədə
iştirakçıların sualları ətraflı
cavablandırılmışdır. Müzakirələrdə
qeyd olunmuşdur ki, korrupsiya və rüşvətxorluqla
mübarizənin gücləndirilməsi həm təhsil, həm
səhiyyə, həm də sənaye sahələrində yüksək nəticə verməkdədir.
Görüşün
sonunda tədbir iştirakçıları müsbət rəylərini
ifadə etmiş və bu kimi işlərdə vətəndaş
cəmiyyətinin rolunun gücləndirilməsində göstərdiyi
təşəbbüsə görə ARDNŞ rəhbərliyinə
öz təşəkkürlərini bildirdilər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 16 mart.- S. 7.