Troya, etruskpelasq sirrinin türk açarını tapmış soydaşımız

 

Biz kimik? Bu böyük çay öz mənbəyini hardan götürüb? Adı tez-tez dəyişdirilən bu millət haradan gəlib, hara gedir? Bu suallar BDU şərqşünaslıq fakültəsinin tələbəsi kimi qoca Şərqin tarixini öyrənərkən qarşımıza çıxmışdı. Və onların arxasınca getmək istəyəndə sovet tarixşünaslıq yasaqları qalın divar kimi qarşımızı kəsmişdi. Sonralar Əlcəzair Universitetində oxuyarkən, Türküstanda, ərəb ölkələrində tərcüməçi işləyərkən bu sualların cavabını tapdım.

 

Əlcəzair Universitetində ilk günlər mənə “qara rus” deyən tunisli tələbə türk kökənli olduğumu biləndən sonra məşhur ərəb tarixçisi və romançısı Curci Zeydanın Məhəmməd peyğəmbərin (s.a.s.) türk əsilli olmasını yazdığını bildirdi. Qazaxıstanda hərbi tərcüməçi kimi çalışanda isə burada albanların bir qolunun yaşadığını söylədilər. Dəməşqin köhnə məhəlləsindəki “Zahiriyyə” kitabxanasında şair, filosof Sührəverdinin, Zəncani təxəllüslü riyaziyyatçının, böyük astranom Uluqbəyin əsərlərini gördüm. Bağdadda tarix muzeyində şumer abidələri ilə tanış oldum... XIX əsr fransız tarixçisi Elize De Rekyunun şumerlərin mənsubiyyəti haqqında yazdığı bu cümlələr beynimə həkk olundu: “Avropalılar  Mesopatamiyada arxeoloji qazıntılara başlayanda ehtimal edirdilər ki, burada  əcdadlarının qalıqlarını görəcəklər. Lakin, ilk nəticələrdən pərt oldular: burada Anadoludakı kimi türklərin əcdadları yatırdılar...”

Əfsuslar olsun ki, bu sualların cavabını tapsam da, onları bilən bir çoxları kimi susmalıydım. Çünki sovetlər dönəmində bu böyük gerçəkliyi demək, yazmaq yasaqlanmışdı. Hələ ötən əsrin 20-30-cu illərində nəinki Azərbaycan türkoloqlarının, hətta akademik Marr kimi böyük alimin belə ağzını qapatmış, əsərlərinin yayılmasına qadağa qoymuşdular. Öz xalqının tarixi köklərini hara istəyirsən - lap Afrika zəncilərinə, uzaq Avstraliya buşmenlərinə, Amerika hindularına apar çıxar, amma özünə, “türk” demə! Dilimizə Türkiyə türkcəsindən, qədim türk dilindən söz gətirənlərə “pantürkçü” damğası vurulmuşdu. 1960-cı illərin ortalarında Çinin SSRİ-yə torpaq iddiaları böyük türkoloq L.Qumilyovun əsərlərinin üzə çıxmasına yol açdı.

Bütün bu görüb-oxuduqlarım içimdə təlatüm yaradırdı. Lakin mən ərəbşünas idim, əvvəl xarici ölkələrdə ərəb dili tərcüməçisi, sonra isə ölkəmizdə jurnalist kimi çalışdım. Bu sahədə dərin araşdırmalar aparmaq imkanım yox idi. Sovet dönəmində ixtisası dəyişmək, türkologiya sahəsinə keçmək müşkül məsələ idi. Obyektiv səbəblərlə yanaşı subyektiv nədənlər də vardır: bu iş bir ömrü qurban verməyi tələb edirdi. 1937-ci il qurbanları, Xəlil Rzanın, Aydın Məmmədovun taleləri  kimi.

Amma inanırdım ki, hələ dəyərincə araşdırılıb - öyrənilməmiş, bəzi dairələrdə qısqanclıqla, hətta, düşmənçiliklə qarşılanan Türk tarixinin yeni qatları açılıb yazılacaqdır, o “ağ atlı oğlanlar” gələcəkdir.

Mənə çox xoş oldu ki, ilk “ağ atlı” oğlan tanıdığım, qurucusu olduğum “Azernews” qəzetində bir müddət tərcüməçi işləmiş doktor Çingiz Qaraşarlı oldu. O, uzun zaman apardığı elmi araşdırmalarının bəhrəsi olaraq, son üç ildə bu mövzuya aid dəyərli tədqiqat əsərlərini-“Aralıq dənizi hövzəsinin erkən sakinləri - türklər” (Bakı, “Elm və təhsil”, 2009-cu il), “The Turkic Civilization lost in the Mediterranean basin” (Baku 2011) və “Troyalılar türk idilər” (Bakı, “Elm və təhsil”, 2012-ci il") ortaya qoydu.

Ötən əsrin son illərində Ç.Qaraşarlı Azərbaycan Dillər Universitetində ingilis dilindən dərs deməklə bərabər, yeni yaratdığım “Azernews” qəzetində də çalışırdı. O zamanlar mənə etrusk yazılarını araşdırdığını söyləmişdi. Bu mövzuda ingiliscə ilk yazılarını bizim qəzetdə nəşr etdik. Doğrudur, Aralıq dənizi hövzəsinin quzey sahillərində ən əski sakinlərin türklərin ulu əcdadlarının olması haqqında tarixçilər, arxeoloqlar, hətta dilçi alimlər də ara-sıra bəhs etmişlər və indiyə qədər bu mövzuda elmi mübahisələr getməkdə davam edir.

Doktor Çingiz Qaraşarlı isə düz onluqdan vurdu, mövzunun şah damarından tutdu. O, əksər oponentlərindən fərqli olaraq, mifoloji və tarixi materiallarla yanaşı, əsasən, yunan və latın dillərinə Aralıq dənizi hövzəsinin “aborigen” xalqlarından keçmiş toponimlər, hidronimlər, oykonimlər və antroponimlərdən yapışdı. Ən əsası aborigen xalqların - pelasqların, etruskların, troyalıların, trakların qədim türk mənşəli olduqlarını dil faktoru ilə əsaslandırdı. Halbuki tarixin atası sayılan Herodotdan tutmuş çağdaş  araşdırmaçılaradək bu aborigen dillər haqqında dolğun və ətraflı məlumat verən olmamışdır.

Müəllif haqlı olaraq yazır: “Aralıq dənizi hövzəsində latın, yunan və digər hind-Avropa dillərindən daha əvvəl formalaşan və regionun geniş ərazilərində istifadə edilən aborigen dillərin mənşəyi problemi Avropa dilçiliyində yüz illərlə araşdırma obyekti olsa da, indiyədək öz həllini tapmamışdır: Yunanıstanda yunan dilindən əvvəlki pelasq və trak dilləri, Kiçik Asiyanın qərb hissəsində troyan dili və həmin dillər əsasında formalaşmış etrusk dilinin hansı dil ailəsınə mənsub olması dilçilərə məlum deyildir. Etruskların İtaliya ərazisində tərk etdiyi yazıların oxunmasına Qərb dilçilərinin həsr etdikləri 500 illik araşdırmalar, demək olar ki, nəticəsiz qalmışdır.

Etruskoloqların gəldikləri yeganə düzgün fikir bundan ibarətdir ki, etrusk dili qeyri-hind-Avropa mənşəli bir dil olmuşdur. Eyni fikir Egey dənizinin qərb sahillərində danışılmış troyan dili haqqında da irəli sürülür. Alimlərin qənaətinə görə, troyalıların dili də hind-Avropa mənşəli deyildi. Bu səbəbdən də nə troyalıların dilinə, nə də bu dilə qohum olan pelasq və trak dillərinə aid onomastik materialın yetərli interpretasiyası mümkün olmamışdır".

Ç.Qaraşarlı Qərb dilçilərinin etrusk, pelasq, trak, troyan və digər aborigen dillərlə bağlı araşdırmalarda uğur qazana bilməmələrinin səbəbini açıb göstərmişdir: onlar bu məsələyə  avrosentrik nəzəriyyədən yanaşmış, regionun aborigen dillərini müqayisəli şəkildə öyrənməyə imkan verəcək qohum dilləri düzgün təyin etməmişlər. Məhz buna görə də Qərb dilçi alimləri etrusk mətnlərini oxuya bilməmiş, onun naməlum mənşəli bir dil olması qərarına gəlmişlər.

Etrusk, pelasq və troyan dilləri Aralıq dənizi regionunda latın və yunan dillərindən daha öncə formalaşmış qədim türk ləhcələri olub,  Türkiyə və Azərbaycan türkcəsi, çuvaş, qırğız, qazax və tatar dilləri ilə eyni kökdən qaynaqlanmışdır. Qərb dilçiləri həmin erkən dillərin açarını yanlış olaraq hind-Avropa dillərində axtardıqları üçün sirlərin yatdığı 40-cı  otağın açarını tapa bilməmişlər.

Ç.Qaraşarlı bu “40-cı otağ”ın sirrini qədim türk dillərində taparaq, avropalıların etrusk dilinə yapışdırdıqları “naməlum mənşəli dil” etiketini cırıb atmışdır. Onun sözügedən kitablarındakı “Əski yunanlar pelasqlar idilər”, “Pelasqların türk adları”, “Tiras, traklar və türklər”, “Qədim yunan dilində türkizmlər haqqında”, “Troyalı sərkərdələrin türk adları”, “Romanın troyalı çarları”, “Tarxon və Tirsen - etruskların boz qurdları”, “Etrusk dilinin qrammatik icmalı”, “Troyalılar və türklər”, “Qədim skandinavların türk kralları”, “Sultan Mehmed və Troyanın intiqamı” və s. başlıqlı fəsil və paraqrafların hər biri ayrıca tədqiqat əsəri olub, uzun və səbrli zəhmətin bəhrəsidir.

 

Bu kitablar istər türkdilli, istərsə də avropalı xalqlar üçün eyni dərəcədə maraqlıdır. Sadəcə, bir faktı göstərmək yetərlidir: Ç.Qaraşarlının fikrincə desək, çağdaş ingilis, fransız, alman və digər Avropa dillərində latın və yunan mənşəli sayılan geniş bir leksik təbəqə Qərb tədqiqatçıları tərəfindən “yad mənşəli” sayılır və onun hansı dillərdən alınması qaranlıq qalır. Əslində, bu anlaşılmazlıq onların özləri üçündür. Onlar qədim türk dillərini müqayisəyə cəlb etsəydilər, bu anlaşılmazlıqla qətiyyən üzləşməzdilər.

Ç.Qaraşarlı sübut edir ki, qədim Yunanıstanın naməlum mənşəli sayılan Egey, Ergin, Gerey, Danay, Yolay, Atas, Tenes və onlarca digər mifoloji şəxs adları, əslində, türk mənşəlidir və qədim türk, qazax, altay, tatar, başqırd, çuvaş və qırğızların doğmaca şəxs adlarıdır və həmin dillərdə aydın mənaları vardır. Misal üçün, pelasqlara məxsus Danay qazax türkcəsindəki “dan yeri” mənalı Danay şəxs adıdır. Və yaxud, pelasqlara məxsus Egey qazax dilindəki “hökmdar” mənalı Egey şəxs adıdır. Pelasqların daşıdıqları Ergin şəxs adı isə bir sıra türk dillərində işlənən “hakimiyyət”, “güc” mənalı Ergin şəxs adıdır. Bu kimi onlarca digər şəxs adları Yunanıstanın məhz erkən sakinlərinə - aborigenlərə məxsus idi və bunu antik müəlliflər qeyd edirlər.

Qədim türk izləri Qədim Yunanıstan onomastikasının başqa sahələrində də üzə çıxarılır. Ç.Qaraşarlı Yunanıstan ərazisində mövcud olmuş Selenqa çay adını Sibirdəki məşhur Selenqa çay adı ilə müqayisə edərək, onun mənşəcə selenq (“uğultu”) hidronimik terminindən yarandığını müəyyən edir və Avropa dilçiliyində mənşəyi naməlum olan bu çay adının mənasını açır.

O, yalnız qədim Yunanıstanın deyil, Aralıq dənizi regionunun geniş ərazilərində, belə desək, bütöv bir “türk dünyasını” üzə çıxarır: qədim İtaliyada, bütün Avropada, eləcə də qədim Kiçik Asiyada. Türkiyə ərazisində mövcud olmuş Troya dövlətinin çarı Priam qədim qazax eposundakı Turan sərkərdəsi Priyam ilə tutuşdurulur. Çar Priamın sərkərdələrinin də qədim türk adlarını daşıdıqları üzə çıxarılır: Alber - Alper, Askan - Askan, Eney - Eney, Atas - Atas və onlarca başqa şəxs adları.

Ç.Qaraşarlı ilk dəfə olaraq müəyyən edir ki, Troya ərazisində mövcud olmuş Tarna vilayət adı xəzərlərə məxsus Tarna tayfa adıdır. O, troyalıların tapındıqları Bayana adlı ilahənin türk xalqlarının mifologiyasındakı məşhur Bayana (bay-ana) qadın tanrısı olduğunu üzə çıxarır. Qədim İtaliya onomastikasında tədqiqatçının diqqətini cəlb etmiş onlarca türk mənşəli adlar arasında Roma çarı Qay Yuli Sezarın (latınca Kezər) türk mənşəyi mübahisəli olan bu adın hər üç komponenti qədim türk tayfa, şəxs və titul adlarıdır : Qay - qədim türklərdə tayfa, Yuli - şəxs adı, Kezər - qəhrəmanlara verilən tituldur.

Məlum olduğu kimi, Roma çar sülaləsinin əsasını troyalılar (etruskların əcdadları) qoymuşdular. Antik müəlliflərə görə, Roma çarları özlərinin Troya mənşəli olmaları ilə fəxr edirdilər.

Aralıq dənizi regionunun erkən çağlarına aid olan bu “türk dünyasının” üzə çıxarılmasına Ç.Qaraşarlı ömrünün 30 ilini həsr etmişdir. Görkəmli Norveç alimi Tur Heyerdal Ç.Qaraşarlının “Azernews” qəzetində çap olunmuş “Troyalılar türk idilər” adlı məqaləsini oxuyaraq, müəllifə elmi əməkdaşlıq təklif etmiş və onun tədqiqatına yüksək qiymət vermişdir. Tədqiqatçının “The Turkic Civilization Lost in the Mediterranean Basin” (“Aralıq dənizi hövzəsində qeyb olmuş türk sivilizasiyası”) adlı kitabı türk tarixini sevən vətənpərvər insanların təşəbbüsü ilə dövlət tərəfindən 2011-ci ildə nəşr olunaraq, Avropa ölkələrində yayılmışdır.

İtaliyanın qədim sakinləri olmuş etruskların dilində yazılmış mətnlərin oxunmasında qədim türk dillərindən açar kimi istifadə edilməsi Ç.Qaraşarlının elmi araşdırmasının zirvəsini təşkil edir. Tədqiqatçı etrusk mətnlərində türkcə səslənən bir-iki söz tapmaqla işini bitmiş hesab etməmişdir. Son 500 ildə etnik mənşəyi açılmamış etrusk mətnlərinin həm aparıcı leksik tərkibinə, həm də qrammatik quruluşuna görə qədim bir türk dili olduğu ilk dəfə olaraq müəyyən olunur.

Mətnlərin tərcüməsində diqqəti cəlb edən çox önəmli bir məntiq vardır: dini etrusk mətnləri əsasən qədim türk dini terminlərindən, ehsan mərasimləri ilə bağlı mətnlər yemək və içki bildirən türk sözlərindən, məzar yazıları isə qədim türk məzar yazılarında rast gəlinən ifadələrdən ibarətdir. Bu, etrusk mətnlərinin Ç.Qaraşarlı tərəfindən düzgün oxunduğunu göstərən çox mühüm bir məntiqdir. Bu məntiq, eləcə də digər dil faktorları etrusk mətnlərinin və nəticə etibarilə etrusk dilinin sirrinin artıq açıldığını göstərir.

Görkəmli dilçi alimlər, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, professor Qəzənfər Kazımov öz rəylərində, professor Sayalı Sadıqova öz məqaləsində (“Kredo”, 8 may 2010-cu il), professor Firudin Cəlilov “Etrusk-türk bağı” adlı kitabında Ç.Qaraşarlının elmi fəaliyyətinə yüksək qiymət vermişlər.

Son söz isə dövlətimizin müvafiq qurumlarınındır. Tədqiqatçının yeni-yeni faktlarla zəngin olan növbəti əsərlərinin müxtəlif dillərdə nəşr olunmasına, Avropada və türk dünyasında yayılmasına dövlət dəstəyi Azərbaycanın dilçilik elminə böyük töhfə, eləcə də, ömrünün böyük bir hissəsini türk tarixinin yeni səhifələrinin açılmasına həsr etmiş tədqiqatçıya mənəvi dəstək olardı.

 

 

Fazil GÜNEY,

fəlsəfə doktoru, yazıçı,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2013.- 17 mart.- S. 5.