Azərbaycan Cənubi
Qafqaz regionunun lider dövlətidir (əvvəli qəzetin 6
mart 2013-cü il tarixli sayında)
(əvvəli qəzetin 6 mart
2013-cü il tarixli sayında)
2003-2011-ci
illər ərzində ölkədə əsas kapitala yönəldilən
investisiyaların həcmi əhəmiyyətli şəkildə
artmış, 2010-cu ildə 2003-cü illə müqayisədə
2,9 dəfə, o cümlədən daxili investisiyalar üzrə
7,7 dəfə artmışdır. Təhlil olunan dövrdə
daxili investisiyaların ümumi investisiyalarda xüsusi çəkisi
24,8 faizdən 75,7 faizə qədər artmış, xarici
investisiyaların payı isə müvafiq olaraq 75,2 faizdən
24,3 faizə qədər azalmışdır. Yalnız
2003-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatına
yönəldilmiş 84,3 milyard ABŞ dollarının 45,1
milyard dolları xarici sərmayələr olmuş və bunun
üçdə iki hissəsini birbaşa xarici investisiyalar təşkil
etmişdir. İnvestisiyaları cəlb etməklə
yanaşı, Azərbaycan, eyni zamanda, onları ixrac edən
ölkəyə çevrilmiş və son səkkiz ildə
başqa dövlətlərə 5,7 milyard dollarlıq və ya
hər il orta hesabla 711 milyon ABŞ dolları həcmində Azərbaycan
sərmayəsi yatırılmışdır. Bu müddət
ərzində ölkəmizdə 161 sənaye müəssisəsi
və obyekti, Bakı-Tbilisi-Ceyhan neft boru və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin Azərbaycan hissəsi, 490 kilometr
uzunluğunda avtomobil yolları, 4 beynəlxalq hava limanı, 3
metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 737
kilometr uzunluğunda qaz kəmərləri istifadəyə
verilmiş, 1,3 milyon nömrəlik avtomat telefon stansiyaları
tikilmiş və ya yenidən qurularaq istismara verilmişdir.
Eyni zamanda, bu dövr ərzində ümumi sahəsi 13,2 milyon
kvadratmetr olan 101,3 min yeni mənzil, 3,9 min
çarpayılıq xəstəxana, növbədə 5,1 min
xəstəni qəbul edən ambulatoriya-poliklinika müəssisələri,
323,2 min şagird yerlik ümumtəhsil məktəbi, 7,9 min
yerlik məktəbəqədər uşaq müəssisələri,
23 Olimpiya İdman Kompleksi və digər mühüm sosial-mədəni
obyektlər tikilib istifadəyə verilmişdir.
Aparılan
təhlil və araşdırmalardan aydın olur ki, 2003-2011-ci
illərdə büdcə və vergi (fiskal) siyasətinin əsas
məqsədi əhalinin maddi rifah halının yaxşılaşdırılmasına,
əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin
yüksəldilməsinə, ölkə iqtisadiyyatının
idarə olunmasına, neft sektorundan yüksək gəlirlilik əldə
edildiyi orta və uzunmüddətli perspektivdə vəsaitlərdən
maksimum səmərəli istifadə edilməsinə, maliyyə
intizamının gücləndirilməsinə, həmçinin,
qeyri-neft sektorunun dayanıqlı inkişaf tempinə, ölkənin
makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, maliyyə
və iqtisadi böhranın həmçinin, inflyasiya təzyiqlərinin
mümkün qədər azaldılmasına yönədilmişdir.
Fiskal
siyasətin yuxarıda qeyd olunan hədəflərinin
reallaşdırılması nəticəsində 2003-2010-cu
illərdə dövlət büdcəsinin gəlirləri və
müvafiq olaraq xərcləri əhəmiyyətli şəkildə
artmışdır. Təhlili aparılan dövrdə büdcə
gəlirlərinin orta artım tempi 40,4 faiz, xərcləri isə
40,1 faiz təşkil etmişdir. Dövlət büdcəsi gəlirlərinin
ÜDM-ə faiz nisbəti 2003-cü ildə 17,1 faiz, xərclərinin
isə 17,3 faiz təşkil etdiyi halda, 2010-cu ildə
müvafiq olaraq bu nisbət 27,4 faiz və 28,3 faizə bərabər
olmuşdur. 2003-cü illə müqayisədə gəlirlər
9,3 dəfə, xərclər isə 9,5 dəfə
artmışdır. Büdcə göstəricilərinin
ÜDM-ə faiz nisbətinin və əvvəlki dövrlərlə
müqayisədə artımı 2003-2011-ci illər üzrə
Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin
əsas istiqamətləri son nəticədə əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına
və ölkə iqtisadiyyatının dinamik
inkişafının stimullaşdırılmasına xidmət
etmişdir. Büdcənin əsas gəlir mənbəyi olan
vergilərin vaxtında və tam ödənilməsinin təmin
edilməsi, vergi bazasının genişləndirilməsi, vergi
ödəyicilərinə xidmətin beynəlxalq standartlara
uyğunlaşdırılması, həmçinin vergi
orqanları ilə vergi ödəyiciləri arasında
münasibətlərin daha da təkmilləşdirilməsi məqsədi
ilə qəbul edilmiş, 2005-2007-ci illəri əhatə edən
“Vergi inzibatçılığının təkmilləşdirilməsi
Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində dövlət büdcəsi gəlirlərinin
əhəmiyyətli artımı təmin edilmişdir. Eyni
zamanda, büdcə gəlirlərinin artmasını şərtləndirən
səbəblərdən biri də “Azərbaycan Respublikası
gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına
dair Dövlət Proqramı”nın qəbul edilməsi və
uğurla reallaşdırılması olmuşdur.
Büdcə
gəlirlərinin artımı sosial proqramların da maliyyələşdirilməsində
öz bəhrəsini vermişdir. Eyni zamanda, sosial xarakterli
proqramlarla yanaşı, ölkə iqtisadiyyatı
üçün əhəmiyyətli hesab edilən digər
mühüm sənədlər qəbul edilmişdir ki, həmin
sənədlərin maliyyə mənbəyi kimi dövlət
büdcəsi çıxış etmişdir. Bu sənədlərdən
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nın icrası məqsədilə
dövlət büdcəsindən 2009-cu ildə 22,7, 2010-cu ildə
isə 106 milyon manat vəsait ayrılmışdır. O
cümlədən, kiçik və orta sahibkarlığın
inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa
Kömək Milli Fondundan 2003-cü ildə 10,7, 2004- cü ildə
18,5, 2005-ci ildə 36,3, 2008-ci ildə 87,8, 2009-cu ildə 129,5,
2010-cu ildə 44 milyon manat həcmində vəsait
ayrılmışdır. Ümumilikdə, 2003-2010-cu illərdə
ayrı-ayrı xərc komponentləri üzrə
götürdükdə ümumi dövlət xidmətləri
orta hesabla 31 faiz, müdafiəyə 38,4 faiz, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
orqanlarına 28,4 faiz, təhsilə 26,2 faiz, səhiyyəyə
33,8 faiz, sosial müdafiə və sosial təminata 26,4 faiz artmışdır.
Bütün
bunlarla yanaşı, ölkədə kredit sisteminin və
kreditləşdirmə prosesinin təkmilləşdirilməsi,
əhalinin banklara olan inamının bərpa edilməsi istiqamətində
atılan addımlar və həyata keçirilən islahatlar
nəticəsində kredit təşkilatları tərəfindən
qoyulan kreditlərin həcmi 2003-cü ildəki 670 milyon
manatdan, 2010-cu ildəki 9163,4 milyon manatadək və ya 13,7 dəfə
artmışdır. Əhalinin bank sektoruna olan inamının
artmasının əsas göstəricisi kimi 2003- cü ildə
bank sektoruna 644,4 milyon manat depozit qoyulmuşdusa, 2010-cu ilin
sonuna bu rəqəm 5448,8 milyon manat təşkil etmişdir
ki, bu da 8,5 dəfə artım deməkdir.
Aydındır
ki, həyata keçirilən bütün tədbirlərin
başlıca məqsədini ölkədə insanların
yaşayış şəraitinin
yaxşılaşdırılması və həyat səviyyəsinin
yüksəldilməsi kimi sosial məsələlər təşkil
edir. 2003-cü ildən etibarən bu istiqamətlərdə
çoxsaylı tədbirlər həyata keçirilmiş,
normativ-hüquqi sənədlər qəbul edilmişdir. Əhalinin
rifah halının yaxşılaşdırılması istiqamətində
əldə olunmuş nailiyyətlər davam etdirilmiş,
yoxsulluq səviyyəsinin daha da azaldılması, habelə
bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf
Məqsədləri”ndən irəli gələn vəzifələrin
ölkə xüsusiyyətləri nəzərə
alınmaqla yerinə yetirilməsinin təmin olunması məqsədi
ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı” (YADİDP) qəbul edilmişdir.
Proqramda əsas strateji məqsədlər müəyyənləşdirilmiş
və məqsədlər üzrə konkret müsbət nəticələr
əldə edilmişdir. Məsələn, makroiqtisadi sabitliyi
saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə
davamlı iqtisadi artımın təmin edilməsi istiqaməti
üzrə 2009-cu ildə ümumi daxili məhsulun (ÜDM)
artım tempi 9,3 faiz, o cümlədən qeyri-neft sektoru
üzrə 3,7 faiz təşkil etmiş, adambaşına
ÜDM-in həcmi 4033,2 manata (5018,2 ABŞ dolları) bərabər
olmuşdur. 2010-cu ildə ölkə üzrə ÜDM-in həcmi
41,6 milyard manat olmaqla əvvəlki ilə nisbətən 5 faiz
və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat
artmışdır. İl ərzində ÜDM-in
adambaşına düşən həcmi isə 3,7 faiz artaraq
4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir.
2010-cu ildə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 18,4
milyard manat təşkil etmiş və ötən ilin
müvafiq dövrünə nisbətən 7,9 faiz
artmışdır, eləcə də ÜDM-də sahənin
xüsusi çəkisi 44,4 faiz təşkil etmişdir.
Bütün bunlarla yanaşı, 2009-cu ildə əhalinin
nominal gəlirləri 9 faiz artmış və 22,6 milyard manat
təşkil etmişdir. 2010-cu ildə isə əhalinin
nominal gəlirləri 13,3 faiz artaraq 25,6 milyard manata
çatmışdır. Əhalinin sərəncamında
qalan gəlirlər adambaşına 2619,6 manat təşkil
etmiş və 2009-cu ilə nisbətən 12,9 faiz
artmışdır.
Təbii
ki, yoxsulluğu yaradan əsas amillərdən birinin
işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla
mübarizədə ölkədə əmək qabiliyyətli
əhalinin məşğulluğunun təmin olunması sahəsində
tədbirlərin həyata keçirilməsi önəmli yer
tutur. 2009-cu ildə ölkə üzrə 73,6 min, 2010- cu ildə
52,7 min daimi olmaqla 73 mindən çox yeni iş yeri
açılmışdır. Ölkə vətəndaşlarının
rifah halını yaxşılaşdırmaq məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və
sərəncamlarına əsasən 2003-2010-cu illər ərzində
yaşa görə əmək pensiyasının baza hissəsi
və sosial müavinətlərin məbləği bir
neçə dəfə
artırılmışdır. Bu sahədə daha
sistemli tədbirlərin reallaşdırılması, ölkədəki
pensiyaçıların pensiya təminatını
yaxşılaşdırmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 30 dekabr 2008- ci il tarixli sərəncamı
ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı” qəbul edilmişdir.
Təhlil
edilən müddət ərzində ölkədə məşğulluğun
təmin edilməsi istiqamətində də mühüm
addımlar atılmışdır. Eyni zamanda, atılan ən
mühüm addımlar ölkə başçısı tərəfindən
qəbul edilmiş bir sıra mühüm sənədlərin
icrası nəticəsində mümkün olmuşdur. Belə
ki, 2003-2011-ci illər ərzində əməkqabiliyyətli əhalinin
məşğulluğunu təmin etmək məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı
ilə “Azərbaycan Respublikasında məşğulluq
strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq
edilmiş və proqram çərçivəsində əmək
bazarının təkmilləşdirilməsi, onun institusional
inkişafı, məşğulluq sahəsində qanunvericilik
bazasının təkmilləşdirilməsi tədbirləri
həyata keçirilmişdir. Bu istiqamətdə “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)” və “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” kimi iki mühüm sənədin
reallaşdırılması da öz müsbət nəticəsini
vermişdir. Araşdırmalar
göstərir ki, uyğun strategiya və proqramların
icrası nəticəsində 2004-2010-cu illər ərzində
ölkə üzrə 912,9 min yeni iş yeri
açılmışdır.
Sosial sahələrin
inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil,
mədəniyyət, səhiyyə və digər sahələrdə
həyata keçirilən proqram və layihələr müstəsna
əhəmiyyət kəsb edir. Fondun əldə etdiyi nəticələr
beynəlxalq qurumlar tərəfindən də müsbət
qiymətləndirilmişdir. Ümumiyyətlə, ölkəmizdə
bu istiqamətdə əldə edilən uğurlara görə
BMT-nin İnkişaf Proqramı əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatına əsasən,
Azərbaycan 2005-2010-cu illərdə 34 pillə irəliləyərək
169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən
2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010- cu
illər üzrə ölkəmiz insan inkişafı indeksinin
orta illik artım tempinə görə MDB məkanında
birinci yerə layiq görülmüş və “orta insan
inkişafı” ölkələri qrupundan “yüksək insan
inkişafı” qrupuna keçmişdir.
Bu
gün elm və təhsil müəssisələrinin kompyuterləşdirilməsi,
beləliklə də gənclərin müasir texnologiyalardan
istifadə vərdişlərinə yiyələnməsinə
şərait yaradılması, onların virtual dünyaya
çıxışının təmin edilməsi ölkədə
müasir intellektual səviyyəyə malik gənclərin
formalaşdırılması istiqamətində
atılmış məqsədyönlü addımlardır.
“İnkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi
neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə
həm bu olmalıdır, həm də əlbəttə ki, təbii
ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox
qabaqcıl, müasir ölkəyə çevirəcəkdir,”
- deyən ölkə başçısının əsas məqsədi
neft kapitalını insan kapitalına çevirməklə Azərbaycan
Respublikasında dayanıqlı və sabit sosial-iqtisadi
inkişafa nail olmaqdan ibarətdir. Məhz bu baxımdan cənab
İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı
ilə təsdiq edilən “Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət
başçısının da vurğuladığı kimi,
bu proqram 5-10 ildən sonra, bəlkə də daha gec bəhrə
verəcəkdir, amma intellektual gələcəyə yönəldilən
investisiya kimi mütləq özünü
doğruldacaqdır. 2011-ci ilin aprel ayının məlumatlarına
görə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 740 nəfərin
təhsili ilə bağlı xərclər Azərbaycan
Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir.
Dövlət
Proqramında iştirak edən gənclərin əksər
hissəsi Böyük Britaniya (22,3 faiz), Türkiyə (16,9
faiz), Almaniya (15,1 faiz) və Fransanın (9,1 faiz) universitetlərində
təhsil alır. Proqram çərçivəsində xarici
ölkələrdə təhsil alanların 309 nəfəri
bakalavr, 307 nəfəri isə magistratura pilləsində
oxuyurlar. Xarici ölkələrin universitetlərində
bakalavr (mütəxəssis) pilləsində təhsil alan tələbələrin
əksər hissəsi idarəetmə (91 nəfər), tibb (70
nəfər) və informasiya və kommunikasiya texnologiyaları
(52 nəfər) sahələrində, magistratura pilləsində
təhsil alanların əksəriyyəti bakalavr pilləsində
olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (184
nəfər) sahəsində təhsil alır. Ali təhsilli
kadrların hazırlanması istiqamətində atılan bu məqsədyönlü
addımlar, həm də elm sahəsində görülən
işlərlə, həyata keçirilən islahatlarla
müşayiət edilir. Məhz bunun bariz nümunəsidir ki,
Azərbaycan Respublikasında elmin inkişaf etdirilməsi məqsədilə
4 may 2009-cu ildə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya və bu
strategiyanın həyata keçirilməsi ilə bağlı
proqram” qəbul edilmişdir. Bu əsasda, 2009-cu ildə Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu
yaradılmışdır. Fond elmin müxtəlif sahələri
ilə bağlı qrant müsabiqələri keçirir ki,
bu da ölkəmizdə elmin maliyyələşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
2003-2011-ci
illərdə təmin edilmiş müsbət dinamika, 2012-ci
ildə də davam etdirilmişdir. Başqa sözlə desək,
Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi və s. sahələrdə
daha uğurlu bir ili arxada qoydu. 2012-ci ilin iqtisadi nəticələri
sadəcə müsbət göstəricilərlə
müşahidə edilən artım deyil, həm də milli
iqtisadiyyatın dayanıqlı inkişafının
sübutudur. Həm də,
2012-ci ilin nəticələri ölkə
iqtisadiyyatının neftdən
asılılığının azaldılması
baxımından da xüsusilə diqqəti cəlb edir.
Statistik
araşdırmalar göstərir ki, 2012-ci il əhalinin gəlirlərində
7,4 faiz, orta aylıq əmək haqqında 5,7 faiz həcmində
real artımın olması və bu zaman inflyasiyanın təxminən
1,1 faiz mövcudluğu milli
rifahın yüksələcəyini deməyə əsas
verir. Bununla da əhalinin gəlirləri 34,5 milyard manata qədər
artıb. Digər tərəfdən, ÜDM-də gözlənilən
2,2 faizlik artımın faktiki olaraq neft hasilatının
azalması fonunda baş verməsi qeyri-neft sektorunun
inkişafı istiqamətində həyata keçirilən
islahatların, layihə və proqramların
uğurlarıdır. Belə ki, 2012-ci ildə qeyri-neft
sektorunda 10 faizə yaxın real artım əldə edilib. Nəzərə
almaq lazımdır ki, 2012-ci
ilin on bir ayı ərzində qeyri-neft sektoru üzrə
ÜDM-in həcmi təxminən 24,665 milyard manat olmaqla 2011-ci
ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artıb. Ümumiyyətlə,
2005-ci ildən etibarən qeyri-neft sektorunun bir qayda olaraq
artdığını görmək olar.Məhz bu prizmadan
yanaşdıqda, sektorun 2020-ci ilə qədər ÜDM-dəki
payının 75 faizə yüksələcəyini
proqnozlaşdırmaq olar. 2012-ci ildə isə 2011-ci illə
müqayisədə təqribən bu sektorda 7 milyard manat əlavə
ÜDM-in yaradılıb ki, bu tempi saxlamaq ölkənin gələcəyi
baxımından çox mühümdür.
Bütün
bunlarla yanaşı, Cənubi Qafqaz dövlətlərinin
2012-ci il üçün ümumi büdcə gəlirləri
26,6 milyard manat, büdcə xərcləri isə 26,7 milyard
manat proqnozlaşdırılıb. Azərbaycanın Qafqaz
dövlətlərinin ümumi büdcə gəlirlərindəki
payı 19,9 milyard manat və yaxud 74,8 faiz, ümumi büdcə
xərclərindəki payı isə 19,5 milyard manat və
yaxud 73 faizdir. Dövlət
Gömrük Komitəsinin məlumatına görə, 2012-ci
ilin 11 ayı ərzində ölkənin ümumi ticarət
dövriyyəsi 30,538 milyard dollar, o cümlədən ixracın məbləği 22,094
milyard dollar olub və idxal-ixrac əməliyyatları 154
ölkə ilə həyata keçirilib. 2012-ci ilin ən
mühüm hadisələrindən biri Azərbaycan və
Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP)
üzrə müqavilənin imzalanması olub. İlkin olaraq
16 milyard kubmetr qazın Türkiyə və Avropa bazarlarına
ixrac edilməsinə imkan verən, dəyəri 7 milyard dollar
qiymətləndirilən TANAP
2018-ci ilin ortalarında istifadəyə veriləcək
ki, nəticədə ölkəmiz neft ilə paralel olaraq qaz
ixracatçısına da çevriləcək.
Ötən
il qeyri-neft sektorunda 9,7 faizlik artım, yeni iş yerlərinin
açılması və əhalinin gəlirlərinin
çoxalması ilə müşayət olundu. Belə ki,
2012-ci il də 100 mindən artıq yeni iş yerləri
açılıb. Həmçinin yanvar-noyabr ayları ərzində
əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə
müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manat,
adambaşına düşən gəlir 12,2 faiz artaraq 3260
manat, orta aylıq nominal əmək haqqı isə 9 faiz
artaraq 390,2 manat olub. 2012-ci ildə əhalinin gəlirlərinin
8,3 faizi vergilər, sosial sığorta və üzvlük
haqlarına, 1,6 faizi isə kreditlər üzrə faizlərin
ödənilməsinə sərf edilib. 27,4 milyard manat isə əhalinin
sərəncamında qalıb ki, bu da əvvəlki illə müqayisədə 14 faiz
artıqdır. Nəzərə alsaq ki, bu il istehlak
mallarında inflyasiya cəmi 1,1 faiz olub, bu zaman demək olar
ki, adambaşına düşən gəlir, yəni 3260 manat əvvəlki
illə müqayisədə təxminən
11 faiz daha çox olub. Eyni zamanda, orta aylıq əmək
haqqının səviyyəsinə görə, Azərbaycan
Qafqazda birinci yerdədir ki, bu da
onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin
sosial həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən kompleks tədbirlər öz səmərəsini
verməkdədir.
Mərkəzi
Bankın 2012-ci il üçün əsas pul-kredit siyasəti
əvvəlki illərdəki kimi, inflyasiyanın birrəqəmli
olmasının təmin edilməsi, manatın məzənnəsinin
möhkəmləndirilməsi, həmçinin banklar və
digər maliyyə-kredit təşkilatlarının fəaliyyət
mexanizmlərinin daha da təkmilləşdirilməsidir.
Görülən tədbirlər nəticəsində Azərbaycan
manatı 0,2 faiz möhkəmlənərək
1,283 ABŞ dolları olub. Bu isə manata inamı daha da
artırıb və milli valyutamızın yığıma
yönləndirilməsini sürətləndirib.
2012-ci
il inflyasiya 1,1 faiz qiymətləndirilir ki, nəticədə
Mərkəzi Bank uçot dərəcələrində 0,25
faizlik azaltma etməklə pul-kredit siyasətini yumşaltmaq
istiqamətində addım atıb. Həmçinin 2011-ci ildə Mərkəzi Bank bank
sisteminin daha dayanıqlı və kapitaltutumlu olması məqsədi
ilə 2014-cü il yanvarın birindən etibarən nizamnamə
kapitalının 50 milyon manata çatdırılması
haqqında qərar verdi. Beləliklə, Azərbaycanda bank
sektorunun daha güvənli olması və sağlam təməlinin
təmin edilməsi istiqamətində vacib olan daha bir addım
atılıb.
2012-ci
ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta
ehtiyatlarının həcmi təxminən 6 milyard dollar və
yaxud da 14,7 faiz artıb. Hazırda ölkəmizin valyuta
ehtiyatları 46,5 milyard dollardır. Qeyd edək ki, ARDNF-nin
valyuta ehtiyatları strateji valyuta ehtiyatlarının əsasını
təşkil edir və fondun təsis edildiyi 2001-ci ildən bu
günədək fondun aktivləri 70 dəfə artıb.
Strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə,
ölkəmizin maliyyə dayanıqlığı və xarici
investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş
statusu güclənir. Həmçinin ölkəmizin
müharibə şəraitində olması valyuta
ehtiyatlarının əhəmiyyətini daha da önəmli
edir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları
ÜDM-in 70 faizinə bərabər olmaqla ölkənin xarici
borcundan 9 dəfə artıqdır. O cümlədən, Azərbaycan
dövlət ehtiyatlarının ÜDM-də payına görə,
MDB-də ən yaxşı göstəriciyə malikdir.
Avropa
Birliyində böhranın müşahidə olunmasına
baxmayaraq, 2012-ci ildə ÜDM-in təxminən 2 faiz artması və ən əsası
qeyri-neft sektorunda 9,7 faizlik artımın olması, həmçinin
inflyasiyanın 1,1 faiz təşkil etməsi, büdcənin kəsirlə
proqnozlaşdırıldığı halda profisitlə yerinə
yetirilməsi, strateji valyuta ehtiyatlarının 46,5 milyard
dollara kimi artması, əhalinin gəlirlərində 13,7
faiz və orta aylıq əmək
haqqında 9 faizlik artımın müşahidə edilməsi,
20 ildən sonra SSRİ dövründən qalan əmanətlərin
qaytarılmasına start verilməsi belə deməyə əsas
verir ki, Azərbaycan istənilən şəraitdə
özünün strateji məqsədlərini
reallaşdırmaq imkanı olan, seçdiyi hədəfə
çatmağa qadir bir ölkədir.
Beləliklə,
qeyd edilənlərdən aydın olur ki, artıq cənab
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Respublikası təbii-iqtisadi imkanlardan istifadə etməklə
çox güclü və dayanıqlı bir
iqtisadiyyatını formalaşdırmışdır. İstər
ümumi iqtisadi göstəricilərdə, istərsə də
sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə
dair göstəricilərin dinamik formada dəyişməsi,
ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və
inkişaf tempini xarakterızə edir. Eyni zamanda, dünyada davam edən
iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin
iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin
azaldığını, investisiya qoyuluşları və
kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını,
bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya
edildiyini, işsizlik səviyyəsinin artdığını
və bütün bunların Azərbaycanda ciddi formada hiss
edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi
qüdrətini təsəvvür etmək olar. Uzağa getmədən,
MDB ölkələrinin timsalında iqtisadi böhranın
ümumi mənzərəsi ilə tanışlıqdan
aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət
kəskin pisləşmiş və 2009-cu ilin əvvəlindən,
onların iqtisadi durumunu xarakterizə edən makroiqtisadi
göstəricilər aşağı
düşmüşdür. Konkret olaraq bu ölkələrdə
ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən,
Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz,
Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s.
azalmışdır. Təsadüfi deyil ki, artıq öz
iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının
təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın
uğurları bütün dünyada diqqətlə izlənilir
və ölkəmızin inkişaf tempini təmin edən
şərtlər geniş təhlil obyektinə çevrilir.
Bunu son vaxtlar dünyanın aparıcı mətbu
orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc
olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə
verdiyi qiymətlərdən də əyani görmək
mümkündür.
Böyük
Britaniyada nəşr edilən “Financial Times” qəzeti Azərbaycanın
investisiya imkanlarını şərh edərək yazır
ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına
təsir göstərməyib. Ölkə iqtisadiyyatında son
on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu
inkişafda özəl sektorun böyük rol
oynadığını xüsusi vurğulayıb. Məqalədə
o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri
böhrandan çıxmaq üçün səylər
göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi
artım müşahidə olunur. Ölkəmizdə əlverişli
investisiya mühitinin olduğuna qeyd edən “Financial Times”in
beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq
qarşıdakı illərdə Azərbaycana daha çox
investisiyanın cəlb ediləcəyini qeyd edir. Eyni zamanda,
nüfuzlu “The Ekonomist”də yazır ki, beynəlxalq maliyyə
böhranı davam etsə də, Azərbaycan sürətlə
inkişaf edərək lider dövlətlər
sırasında yer alacaqdır.
Bütün bunlar cənab İlham Əliyevin prezidentliyi
dövründə əldə
edilən uğurların kiçicik bir hissəsidir. Təbii
ki, bu müddətdə əldə edilən uğurları
bir məqalədə əhatə etmək
qeyri-mümkündür. Yekun olaraq bir faktı qeyd etmək
kifayətdir ki, nəinki müstəqilliyini yeni
qazanmış MDB respublikalarında, hətta dünyanın
uzun illər ərzində sürətlə inkişaf
etmiş ölkələrində ciddi tənəzzülün
baş verdiyi bir vaxtda Azərbaycan
iqtisadiyyatının böhran “küləyindən” məharətlə
qorunması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını,
aparıcı dünya universitetlərinin iqtisadçı
alimlərini təəccübləndirməkdədir. Bu alimlər
və təşkilatlar Azərbaycan Respublikasının
iqtisadi inkişaf modelini öyrənmək və digər
ölkələrdə də tətbiq etmək istiqamətində
düşünürlər. Təbii ki, bütün bunlar, azərbaycanlı
alimlər qarşısında da mühüm vəzifələr
qoyur.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
professor,
Aqil ƏSƏDOV,
institutun şöbə müdiri,
iqtisad
üzrə fəlsəfə
doktoru, dosent
Xalq qəzeti.- 2013.- 17 mart.- S. 3.