Azərbaycan rəqabət
qabiliyyətli iqtisadiyyat reytinqində mühüm yer tutur
Azərbaycanın yüksək
templə inkişaf etməsi ilk növbədə Prezident
İlham Əliyevin yürütdüyü çevik və
düşünülmüş iqtisadi siyasət kursunun nəticəsidir.
Bu baxımdan Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik
Hesabatı – 2012-2013” nəşrinə əsasən, Azərbaycan
Respublikası reytinq cədvəlində 9 pillə irəliləyərək
dünyanın 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır.
Forumun
hesablamalarında ölkəmiz makroiqtisadi sabitliyə görə
hazırda dünya miqyasında 18-ci yerdədir və bu
göstəricinin yaxın dövrlərdə xeyli
yaxşılaşdırılması üçün kifayət
qədər iqtisadi resursa və mexanizmlərə malikdir.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrası nəticəsində Azərbaycanın
bölgələrində geniş abadlıq və quruculuq
işləri görülmüş, yeni sənaye və kənd
təsərrüfatı obyektləri istifadəyə
verilmiş, 200-ə yaxın ümumtəhsil məktəb
binası, əlavə tədris korpusları inşa
edilmiş, 100-dən çox məktəb əsaslı təmir
olunmuş, onların maddi-texniki bazası yenilənmişdir.
Ötən
il ölkənin valyuta ehtiyatlarının məbləği
artaraq 46 milyard dollar olmuşdur. Bu isə ümumi daxili məhsulun
70 faizini təşkil edir. Digər tərəfdən, Azərbaycan
Respublikasının 2013-cü il üçün müəyyən
olunmuş dövlət büdcəsi ölkənin iqtisadi
potensialının gücləndirilməsinin təzahürü
olaraq rekord həddə çatdırılmışdır.
Belə ki, bu il dövlət büdcəsi gəlirlər
üzrə 19 milyard 159 milyon manat və yaxud 24,4 milyard ABŞ
dolları, xərclər üzrə isə 19 milyard 850 milyon
manat (25,2 milyard dollar) təşkil edir. Bu isə on il əvvəlki
dövr ilə müqayisədə büdcə həcminin
müvafiq olaraq 15,7 və 16 dəfə artımı, ölkənin
iqtisadi-sosial problemlərinin aradan qaldırılmasına
geniş maliyyə imkanlarının yönəldilməsi deməkdir.
Bu
gün ölkəmizin əldə etdiyi iqtisadi uğurların
təməlini ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan yeni neft strategiyasının uğurla
reallaşdırılması təşkil edir. Ötən il
neft hasilatı sahəsində müəyyən çətinliklər
yaşansa da, həyata keçirilmiş tədbirlər sayəsində
həmin problemlər müsbət həllini
tapmışdır. Məsələn, təqribən 300
milyard kubmetr qaz ehtiyatına malik olan “Ümid” yatağı Azərbaycanın
enerji təhlükəsizliyinə ilk töhfələrini verməkdədir.
Eyni zamanda Azərbaycanın zəngin təbii ehtiyatlarında
maraqlı olan “Qaz de Frans” və “Total” şirkətləri
“Abşeron” yatağında məhsuldar qaz ehtiyatları müəyyən
etmişlər. Yeni yataqların kəşfi nəticəsində
Azərbaycanın qaz ehtiyatlarının həcmi artaraq 2,6
trilyon kubmetrə çatdırılmışdır.
Proqnozlar isə ümumi potensialın 6 milyard kubmetr təşkil
etdiyini göstərir.
Ötən
il Azərbaycan və Türkiyə arasında əlaqələr
daha da inkişaf etdirilərək ən yüksək həddə
çatdırılmışdır. 2025-ci ilədək Azərbaycandan
ixrac olunan qazın əsas hissəsinin qardaş Türkiyəyə
və Avropa ölkələrinə ünvanlanması nəzərdə
tutulmuşdur. Bu baxımdan ötən ilin əhəmiyyətli
iqtisadi uğurları sırasında iyun ayının 26-da
İstanbulda Azərbaycan və Türkiyə hökumətləri
arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə
bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə
malikdir. Geniş iqtisadi, siyasi və strateji mahiyyət
daşıyan, Azərbaycan dövlətinin təşəbbüsü
ilə irəli sürülən həmin layihə üzrə
çəkilən kəmər Türkiyənin şərq
hissəsindən qərb istiqamətinə uzanaraq, Azərbaycan
qazının Avropaya kənar vasitəçi olmadan sabit və
təhlükəsiz şəkildə tranzitini təmin edəcəkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısı bir daha vurğulamışdır ki,
“TANAP layihəsinin də təşəbbüskarı məhz
Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl
nəticələrə gətirib çıxarıb. Biz nəinki
ölkəmizi inkişaf etdiririk, eyni zamanda
inkişafımız bölgəyə də müsbət təsir
göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsi üçün bizə imkan yaradır. Təsadüfi
deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında
imzalanmış sənədlərdə Azərbaycan bu sahədə
çox önəmli və həlledici tərəfdaş kimi
göstərilir”.
Ümumi
smeta dəyəri 7 milyard ABŞ dolları olan və 2018-ci ildə
istismara daxil edilməsi nəzərdə tutulan yeni boru
magistralı Cənubi Qafqaz kəmərini Avropa Birliyinin qaz təminatı
xətləri ilə əlaqələndirəcəkdir.
İlkin hesablamalara əsasən, 2020-ci ildə TANAP xətti
vasitəsilə nəql olunan 16 milyard kubmetr qazın 6 milyard
kubmetri Türkiyənin, qalan hissəsi isə Avropa dövlətlərinin
istehlakçıları üçün nəzərdə
tutulmuşdur. Gələcəkdə - 2026-cı ildə isə
ümumi qaz nəqlinin həcmi artaraq 31 milyard kubmetrə
çatdırılacaqdır.
2012-ci
ildə enerji sahəsində Azərbaycan və Türkiyə
arasında qarşılıqlı faydalı əməkdaşlıq
TANAP layihəsi ilə məhdudlaşmamışdır.
İzmir şəhərində “Petkim” şirkətinin yeni
“Star” Neft Emalı Zavodunun da təməli qoyulmuşdur.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsində qeyd
edilir ki, bu gün dünyanın aparıcı iqtisadi və
maliyyə institutlarının rəyləri və
proqnozları, ən əsası, uğurlarımızın
real mənzərəsi bir daha təsdiq edir ki, hələ
2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi
strateji hədəflər, qarşıya qoyduğu vəzifələr
reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan
artıq 2009-cu ildə iqtisadi keçid dövrünü
başa çatdırmışdır və hazırda
dünyanın müasir və inkişaf etmiş ölkələri
ilə müqayisə olunur. Son 10 ildə biz
iqtisadiyyatımızı şaxələndirməyə,
ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası,
iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə
nail olduq. Ötən müddətdə ölkəmizin strateji
valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq
46 milyard dolları ötmüşdür. Hesab edirəm ki, yoxsulluğun
səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə
5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin
ən böyük uğuru hesab olunmalıdır.
Respublikanın şəhər və rayonları, qəsəbə
və kəndləri tanınmaz dərəcədə dəyişmiş
və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir.
Ölkəmiz
öz tərəfdaşları ilə mühüm transmilli
enerji və kommunikasiya layihələrini uğurla
reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini
dəyişdirməkdə və onu zənginləşdirməkdə
davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən
80 faizi Azərbaycanın payına düşür.
Öz
enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz
Avropanın enerji bazarında mühüm amilə
çevrilir, həm də onun təhlükəsizliyinə
öz töhfələrini verir. Hesablamalara görə,
hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında
Azərbaycanın payı 30-40 faiz təşkil edir.
Azərbaycanda
sahibkarlığın inkişaf etdirilməsi, əlverişli
investisiya mühitinin təmin olunması dövlət siyasətinin
başlıca istiqamətlərindən biridir. Ölkəmiz
bazar iqtisadiyyatı yolu ilə inkişaf edir, iqtisadi sahədə
liberal islahatlar davam etdirilir, azad sahibkarlığa böyük
diqqət və qayğı göstərilir. Son illər ərzində
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
sahibkarlara güzəştli şərtlərlə 1 milyard
200 milyon kredit verilmiş, ötən il bu rəqəm 250 milyon
manat təşkil etmiş, bu il də həmin məbləğdə
vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu
gün Azərbaycanda ÜDM-in 83 faizinin özəl sektorda
formalaşması sahibkarlığın gücünün,
onun cəmiyyətin, dövlətin inkişafına əvəzsiz
töhfələrinin göstəricisidir. Sahibkarlar vergi ödəyiciləridirlər,
iş yerləri açırlar, dövlətin iqtisadi
gücünü, resurslarını artırırlar. Haqlı
olaraq sahibkar da dövləti özünə arxa hesab edir, ona
güvənir. Bütün bu işlərin fonunda bəzi yerli
icra hakimiyyəti orqanları rəhbərlərinin sahibkarlara
münasibətində xoşagəlməz halların
mövcudluğu, əlbəttə
ki, yolverilməzdir.
Prezident
İlham Əliyev regionlara səfərlərində həmişə
sahibkarlarla görüşür, onları narahat edən
problemlərlə maraqlanır və bu məsələləri
daim diqqət mərkəzində saxlayır. Təəssüf
ki, bəzi yerli icra orqanlarının rəhbərləri
bundan nümunə götürmürlər, sahibkarlara,
yumşaq desək, soyuq münasibət bəsləyirlər. Bəzi
hallarda isə sahibkarlıq subyektlərinə öz
tabeçiliklərində olan strukturlar kimi yanaşırlar və
onlara aidiyyəti olmayan tapşırıqlar verirlər. Azərbaycan
Prezidenti sahibkarlara ən yüksək səviyyədə dəstək
verirsə, onların arxasında durursa, bütün problemlərinə
diqqət və qayğı ilə yanaşırsa, dövlət
orqanları, vəzifəli şəxslər bundan nəticə
çıxarmalıdırlar. Dövlət strukturları
iş adamlarının fəaliyyətinə şərait
yaratmalı, onlara mane olmamalıdırlar. Vergi ödəyiciləri
kimi sahibkarların fəaliyyətinin
stimullaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər daha da sürətləndirilməlidir.
Bütün bunlar dövlət başçısının,
qanunlarımızın qarşıya qoyduğu vəzifələr
və tələblərdir.
Yeri
gəlmişkən, bir məqama da toxunaq. Azərbaycan
hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq
institutların proqnozlarına görə, yaxın perspektivdə
ölkədə iqtisadi artımın davam edəcəyi
gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi
Bankının (AMB) 2012-ci il üzrə “Pul siyasəti
İcmalı”nda ətraflı məlumat verilmişdir.
İcmalda vurğulanır ki, Dünya Bankı
açıqladığı son iqtisadi xülasəsində
Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə
davam edəcəyini və 4,2 faiz təşkil edəcəyini
proqnozlaşdırır. Bütövlükdə, DB, BVF, Avropa
Yenidənqurma və İnkişaf Bankı və BMT-nın
proqnozları 2013-cü ildə ölkədə iqtisadi
artımın orta hesabla 3,5 faiz olacağını göstərir.
Qeyd
edək ki, 2012-ci ildə ÜDM real ifadədə 2,2 faiz
artmış və nominal olaraq 54 milyard manata
çatmışdır. Hesabat ilində neft-qaz sektorunda 5 faiz
azalma qeydə alınmış, qeyri-neft sektorunda isə
artım 9,7 faiz təşkil etmişdir. Yaradılan əlavə
dəyərin 2/3 hissəsi məhsul istehsalı, 1/3 hissəsi
isə xidmət sahələrinin payına düşür.
İcmala
əsasən, AMB tərəfindən aparılan Real Sektorun
Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin
optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə
əsasən, ilin əvvəlindən xidmətə tələb
və ticarət üzrə satış gözləntisi indeksi
artıma meyillidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin
qida, tikinti materiallarının istehsalı və toxuculuq alt
seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət
avadanlıqları seqmentlərində müşahidə
edilmişdir. Gözləntilərin belə pozitiv olması sənayedə
realizə olunmamış izafi mal ehtiyatının
azalmasında da özünü büruzə verir. Ümumilikdə,
AMB tərəfindən aparılan RSM nəticələri son
aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin
sayının yüksəldiyini və bu artımın
dayanıqlı olduğunu göstərir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 17 mart.- S. 1-2.