İlin axır çərşənbəsi...

 

Xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramının  müqəddəs çərşənbələrinin sonuncusu - Axır çərşənbəni qeyd edirik. Bu çərşənbə axşamlarında insanlar  sudan içərək, oddan keçərək, mehə bələnərək, nəhayət, gəlib torpağa baş əydi. Artıq Novruzun xoş nəfəsi duyulur. Digər çərşənbələrdə olduğu kimi, el arasında axırıncı çərşənbə də müxtəlif adlarla tanınır. İlaxır çərşənbə, Axır çərşənbə Torpaq çərşənbəsi vəs.

 

Qədimdən bu yana torpaqla bağlı  el arasında müxtəlif   deyimlər yaranıb: Torpağa göz ağardanda üz ağardar”, “Torpaqdan pay olmaz”, “Torpaq ovuclayan qızıl ovuclar”, “Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim”, “Yel qulaqlı olar”, “Torpağın qarası üz ağardar”, “Torpaqla oynayan ac qalmaz”, “Torpağa xor baxsan, o, sənə kor baxar”, “Torpaq deyər: öldür məni, dirildim səni”, “Torpağı bir yerdən götürülüb”.

 Bu da bir həqiqətdir ki,  insanın ən böyük andı məhz torpağa ünvanlanıb: “Torpaq haqqı”, “Yer haqqı”, “Torpağında qara yellər əsməsin”, “Torpağına dolu düşsün”, “Torpağın həmişə gül bitirsin”.

Axırıncı çərşənbədən sonra  təbiət oyanır, yaz fəslinin gözəlliyi duyulur, ağaclar çiçək açmağa başlayır, günəş şüaları torpağı qızdırır. Çərşənbələrin  ardıcıllığı  bayatı formasında  yaranmış tapmacalarda da özünü göstərir:

 

Qabaqda seli gözəl,

Dalınca yeli gözəl.

Yaxasında sünbülü,

Başında teli gözəl

(su, yel, torpaq Günəş).

 

Novruzun hər bir çərşənbəsi   xoş ovqatla, sevinclə, bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. Amma İlaxır çərşənbəni xalqımız   bir qədər fərqli formada keçirir. Bu çərşənbə paytaxt Bakı da  daxil olmaqla yurdumuzun hər bir bölgəsində böyük coşğu ilə qeyd olunur. Bir sözlə insanlar birgə şənlənir, birgə sevinirlər.

Torpaq çərşənbəsində süfrəyə düzülən nemətlərlə bağlı el arasında  müxtəlif tapmacalar formalaşıb, hafizələrdə qorunub saxlanaraq dövrümüzə gəlib çatıb. Məsələn:

 

 Altı daş, üstü daş - arasında səməni,

Qazanda bişən duzsuz aşımdı mənim (səməni halvası)

Sac üstündə çaddayar,

Ovucdan-ovuca addayar (Qovurğa).

Dolu olar yelini,

Bəzəyərlər gəlini (Novruz xonçası)

 

Bu çərşənbənin üstünlüyü ondadır ki, bütün küsülülər barışmalıdır. İnsanlar təzə paltar geyməli, xoş sözlər danışmalı, qəlbə dəyən ifadələr, ovqatı korlayan kəlmələr işlətməməlidir.Çünki bu  çərşənbədə   qapıya qulaq falına gələrlər. Adətə görə  qapı arxasından ilkin olaraq hansı sözü eşitsən, ilin o cür başa çatacaq. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidilərsə, yaxşılığa yozulmur.

Ona görə də bu çərşənbədə pis  danışmaq, qeybət etmək , kobud ifadələr işlətmək olduqca günahdır. Belə bir deyim də var ki, çərşənbə axşamı qulağı cingildəyən mütləq xəbər eşidəcək.

Bayramın hər bir çərşənbəsində olduğu kimi, bu axşam da tonqallar yandırılır. İnsanlar  ocağın ətrafında dövrə vuraraq onun üstündən tullanır, üzərlik yandırır, “Ağırlığım, uğurluğum odlara tökülsün” ifadələrini söyləyirlər.

Adətə görə,  nişanlı qızları da tonqalın  başına fırladarlar. Xoşbəxt tale tapsın deyə, həmin axşam ona xeyir-dua verərlər.

Axır çərşənbə günü süfrəyə  müxtəlif nemətlər düzülür. Bu çərşənbə günü süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir. Çox əvvəllər süfrəyə “Ş” hərfi ilə başlayan yeddi cür nemət düzülərdi: şərbət, şəkər, şam, şərab, şabalıd, şor, şirnis. Bir müddət keçdikdən sonra İslam dönəmində şərab yasaq olduğu üçün “Ş” hərfi “S” hərfi ilə əvəz edilib. Buna görə də axır  çərşənbədə süfrəyə yeddi nemət qoyulur: su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbüls.

Novruzun bu çərşənbəsinin daha bir özəlliyi  bu axşam ailənin sayı qədər süfrədə şam yandırılması və  səməni qoyulmasıdır.  Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.

Torpaq çərşənbəsində boyanmış  yumurta, qovrulmuş qovurğa, süzülmüş plov və şirniyyatlar  süfrəyə əlavə rəng qatır.

Bayram günlərində paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar da süfrəmizə  xüsusi əlvanlıq gətirir. Qoğal günəşi və istiliyi, şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənanı özündə tərənnüm edir. Süfrəyə qoyulan şirniyyatların bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsinə işarədir. Müxtəlif çərəz növləri -qoz, fındıq, badam,fısdıq və s. də süfrəni  öz rəngarəngliyi ilə bəzəyir. Qadınlar, qızlar isə  xonça tuturlar və müxtəlif şirniyyatlarla onu bəzəyirlər. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir.

Çərşənbə axşamı  qodu-qodu mərasimi keçirilər. Kəndirbaz oyunları, yumurta, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu,  cıdır,  zorxana yarışları bayramın daha da maraqlı keçməsinə səbəb olar.

Qədimdə insanlar  göyə papaq atarmışlar. “Papağını göyə at” ifadəsi bizdə də çox işlək fikirlərdəndir. Bu sevinc, Allaha minnətdarlıq  ifadəsi kimi işlənir. Bir şeyi bildirək ki, qədim türklərin dövründə də  hörmət əlaməti olaraq kiminsə qarsışında papağın çıxarılması həmin adama ehtiramın, onun yüksəkdə tutulmasının əsas göstəricisi idi.

Axır çərşənbə  qızlar sübh tezdən bulağa gedər, evə su gətirər, əl-üzü axar suda yuyarlar. Bulaqdan mütləq yeddi daş gətirib evdəki nemət dolu qabın içinə atarlar ki, bolluq olsun. Bu çərşənbəyə aid   müxtəlif nəğmələr, mahnılar qoşulub:

 

 Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Səməni saxla məni,

İldə göyərdərəm səni.

 

Adət-ənənəyə görə ilaxır çərşənbə  günündə evdən od, neft, kibrit vermək olmaz. Həmçinin süd məhsullarının  verilməsi düzgün hesab olunmur.

Torpaq çərşənbəsinin özəlliyi ondadır ki, bu axşam qızlar fala baxarlar.Nümunə:

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. İnanca görə bu mərasim  təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüüstə düşərsə oğlan olacağı gözlənilir.

Axır cərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstundə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.

Xalqımızım mili bayramı olan Novruz  çərşənbələri üzünü ulu Tanrıya tutub ürəkdən nə alqış etsəniz, nə diləsəniz, yerinə yetər. Əcdadlarmızın ruhu uyuyan ana torpaq çox müqəddəsdir. Gün o gün olsun ki, düşmən tapdağı altında olan torpağımız azad olunsun, orada bayram tonqalları çataq, qələbə marşımızın  sədaları altında uğurumuzu qeyd edək.

Allah hər bir ocağa ruzi- bərəkət gətirsin.Həmişə çıraqlarınız yansın. Bayramınız mübarək, Türk dünyası!

 

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2013.- 19 mart.- S. 8.