Masallı günbəgün dəyişir, gözəlləşir

 

...Bu gün Masallının görkəmi naşı gözlərdə təəccüb doğura bilər. Küçələrin dağılmasını,  yolların qazılmasını, toz-torpağın ətrafı bürüməsini nabələd adamlar ilk baxışdan, olsun ki, düzgün anlamazlar.  Amma səbri, əhatəli müşahidəsi və aparılan işlərdən az-çox xəbəri olanlar rayonda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri reallaşdırıldığının dərhal fərqinə varacaq. Hər tərəf qaynayır, hər yanda canlanma var. Orda-burda gözə dəyən bəzi görüntülərsə ötəri səciyyə daşıyır. Bu gün-sabah şəhərin təmizliyi, səliqə-sahmanı qaydaya düşəcək və adamlar yenidən, ancaq əzəlkindən daha gözəl, yaraşıqlı küçələrdə gəzib-dolaşmaqdan zövq alacaqlar. Elə inşaat meydanlarında rast gəlinən “Müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələri də tör-töküntünün çox tezliklə aradan qalxacağına işarədir.

 

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm qollarından biri də mərkəzdən uzaq bölgələrin, əyalət şəhərlərinin abadlaşdırılması, bütün yaşayış məntəqələrində vacib infrastrukturun yaradılması və bununla da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasıdır. İndi hansı rayona yolun düşsə, hərtərəfli abadlıq işləri aparıldığının şahidi olarsan. Masallı da dövlətin qayğısından nəsibini alan, sürətlə böyüyüb gözəlləşən rayonlardandır.

Rayonun rəmzi “giriş qapısı” sayılan şəbəkəli memarlıq nümunəsindən tutmuş İstisu meşələrinə, dağətəyi kəndlərə qədər yolboyu adamı təbii gözəlliklər və yeni tikililər müşayiət edir. Yazın gəlişi Masallıda növbəti turizm və istirahət  mövsümünün yaxınlaşdığını, qonaq-qaranın çoxalacağını xəbər verir. Odur ki, indidən ciddi səylər göstərilir ki, hər kəsdə gözəl təəssürat yaransın, kimsə buraların ümumölkə abadlıq yürüşündən kənarda qaldığını düşünməsin.

Bir qədər əvvəl elliklə sevinə-sevinə qeyd etdiyimiz Novruz bayramı günlərində paytaxt Bakıda və ölkənin digər iri şəhərlərində yaşayan Masallı əsilli həmvətənlərimizin çoxu doğma ata-baba yurduna gəlmişdi. Cənublularda bu, əzəli bir adətdir: el bayramlarını el-oba ilə keçirirlər. Yurd havası ilə nəfəs alırlar. Qohum-əqrabaya baş çəkir, təbrikləşərək hal-əhval tutur, yeniliklərlə maraqlanırlar. Örnək olası yurdsevərlik nişanəsidir.

Həmin günlərdə Masallıda əsl bayram ovqatı hökm sürürdü. Süfrələri bəzəyən cənub mətbəxinin çeşidli təamları, ağız ləzzəti - şirniyyatlar, 4 gün çəkən bayram satış-yarmarkasının təşkili, imkansız ailələrə sovqatların verilməsi xoş təəssürat yaradır, yaddaşlara naxış vururdu. Adamlar bu günlərin özəlliyinə, doğmalarla görüşlərin gözəlliyinə şükr edirdilər, ata ocağında bayramı keçirmələrindən şərəf duyurdular. Biz icra hakimiyyətində çalışan Hikmət Xəlilovun vasitəsilə onların ikisinin - vətənsevər ziyalılar Cəlil Xəlilov və Vəsadət Əzizovun Masallının bugünü ilə bağlı  fikirlərini öyrənmək imkanı əldə etdik.

Cəlil Xəlilov siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnikdir. Simferopol Ali Hərbi-Siyasi Məktəbini və Düşənbə Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Sovetlər dönəmində Şərq sərhəd dairəsində - Pamir dağlarında, sonradan isə Azərbaycanın sərhəd qoşunları sistemində xidmət edib. Komandan müavinliyinə qədər yüksəlib. Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi vəzifəsində çalışıb. Ötən ildən istefaya çıxan Cəlil Xəlilov hazırda müəllimlik və tədqiqatçılıq fəaliyyətilə məşğuldur. Bir neçə kitabın müəllifidir.

Vəsadət Əzizov Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professordur. Kardiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. 2000-2005-ci illərdə deputat kimi Masallı-Lənkəran seçki dairəsini Milli Məclisdə təmsil edib. Avropada tanınan kardioloq alimlərdəndir. Əməkdar həkim elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir. 450-dək çap olunmuş elmi əsərin, o cümlədən 24 dərslik, dərs vəsaiti, monoqrafiya, 3 müəlliflik şəhadətnaməsi və 1 ixtiranın müəllifidir.

Hər iki ziyalı doğma rayonu ilə ürəkdən fəxr etdiyi kimi, rayonda da onlara böyük rəğbət bəslənir. Masallının iftixarı hesab olunan ziyalıların fikirlərinin mötəbərliyinə, obyektivliyinə daha çox inandığımıza görə onları oxuculara təqdim etməyi lazım bildik.

-Masallıya vaxtaşırı gəlirəm, -deyə Cəlil Xəlilov sözə başladı. Hər dəfə də müəyyən bir yeniliyin, müsbət dəyişikliyin şahidi oluram. Bugünkü Masallı beş-on il qabaqkından əsaslı surətdə fərqlənir. Regional inkişaf üzrə Dövlət Proqramlarının bu rayona dair müddəalarının uğurla yerinə yetirilməsi fərəh doğurur. Son bir neçə ayda Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəzin yeni layihə üzrə böyüdülməsi, həmin parkda yay konsert salonunun təməlinin qoyulması, rayon icra hakimiyyəti aparatı üçün, Yeni Azərbaycan Partiyasının rayon şöbəsi üçün inzibati binaların tikilməsi, yeni bokstaekvondo məktəblərinin inşası, “Qəhrəmanlar” parkı, Dövlət Bayrağı meydanı - bütün bunlar tərəqqi, yüksəliş nümunələridir.

Masallının yeni rəhbərliyi günün, zamanın tələblərinə uyğun abadlıq-tikinti işlərinə başlaması ilə təqdir qazanır. Eşidib-gördüyümə görə, Rafil müəllim novator bir rəhbər kimi rəğbət qazanıb. Onun komandasının üzvləri də daim   yenilik hissi ilə yaşayırlar. Başlıcası odur ki, yerlərdən gələn təkliflər, təşəbbüslər rayon rəhbərliyi tərəfindən daim diqqətlə qarşılanır. Kənd və qəsəbələrdə təşkil edilən müntəzəm görüşlərdə, səyyar qəbullarda səslənən fikirlərə həssaslıqla yanaşılır. Maraq kəsb edən məsələlər cariperspektiv fəaliyyət planlarına daxil olunur, tez bir zamanda həyata vəsiqə qazanır. Kənd ağsaqqalları, ziyalılar rayon rəhbərliyinin vaxtaşırı onların görüşünə gəlməsini lazımınca dəyərləndirir və bunu əsl sadəlik, işgüzarlıq əlaməti sayırlar. Rayonda nə edilirsə, əhali üçün, sakinlərin rahatlığı üçün edilir. Bunu dərk edənlər inkişafa bacardıqları qədər təkan  vermək istəyir, şəxsi töhfələrini əsirgəmirlər. Tam əksəriyyət belədir. Masallıda belə bir mühitin olmasını yüksək qiymətləndirirəm.

Bu günəşli yaz günlərində Masallıya gəlməyimdən bir də ona görə hədsiz məmnunluq duyuram ki, burada möhtəşəm quruculuq işlərinin şahidi oldum. Eşitdiyim razılıq dolu fikirlərə qəlbən sevindim. Baharın gəlişi  ilə ruh yüksəkliyi daha da artan Masallı ictimaiyyətinin quruculuq əzmi xeyli güclənib. Uğurlar arzulayıram.

- Cəlil müəllimin söylədiklərinə tam şərikəm, -deyə Vəsadət Əzizov da söhbətə qatıldı. Görülən tədbirlər təqdirəlayiqdir. Abadlıq-quruculuq işlərinin kənd və qəsəbələri də əhatə etməsi sevindiricidir. Hazırda rayonun bütün yaşayış məntəqələrində 24 saat işıq olur. Əksər kəndlərə təbii qaz çəkilib. Su-kanalizasiya sistemi yaradılır. Yaşıllıqlar artırılır, istirahət guşələrinin sayı artır. Turizm genişlənir.

Masallının nümunəvi Olimpiya İdman Kompleksi var. Bundan başqa, şəhərdə bir neçə idman mərkəzi tikilmişdir. Öyrəndiyimə görə, hazırda Boradigah qəsəbəsində də idman kompleksi inşa olunur. Özübu kompleks rayonda ilk dəfə olaraq alternativ günəş enerjisi ilə qızdırılacaq. Bütün bunlar camaatın sağlamlığı, rifahı, böyüyən nəslin xoşbəxt gələcəyi üçündür.

Bir həkim kimi, alim kimi, səhiyyə və təhsil  sistemlərinin yeniliklərinə də sevinirəm. Tibb ocaqlarının təmiri, müasir avadanlıqla təchizatı, yeni məktəb binalarının tikintisi Masallıya  təəssübkeşlik hissi bəsləyən hər kəsi sevindirir. Xidmət səviyyəsi də indi artıq müasir tələblərə cavab verməkdədir. Şəhər mədəniyyəti elementləri artıq hər yerdə üstünlük təşkil etməyə başlayır. Həyat şəraiti daha da gözəlləşir. Bunu icra başçısı Rafil Hüseynovun və ayrı-ayrı sahələrə rəhbərlik edən məsul şəxslərin  uğurlarının başlanğıcı kimi dəyərləndirirəm. İnanıram ki, qələbələr seriyası bundan sonra ard-arda gələcək.

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydana, Heydər Əliyevin adını daşıyan parka baxdım. Möhtəşəm işlər gedir. Çox qısa zaman kəsiyində bu yerlər Masallının dilbər guşələrinə çevriləcək. Ön tərəfdəki torpaq sahəsinə əkmək üçün o qədər yaşıl ağac və al-əlvan gül bitkiləri daşınıb gətirilib ki, baxdıqca göz oxşayır. Buranın landşaft quruluşu, məncə, çox könülaçan olacaq. Bütün bunlar rayon rəhbərliyinin yüksək zövqündən, tədbirlərdə iştirak edənlərin tükənməz yaradıcılıq əzmindən soraq verir. Kimdeyir-desin, amma mən bu yenilikləri ürəkdən dəstəkləyir və “maşallah” deyirəm.

Bəli, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev bütün bölgələrimizə olduğu kimi, Masallıya da xüsusi diqqət göstərir. Bu qayğının nəticələri adamları sevindirir, ruhlandırır. Əslən  bu rayondan olan Cəlil Xəlilov və Vəsadət Əzizov da belələrindəndir. Onların bir müddət gəlib görmədikləri yerlərə yenidən güzarı düşəndə az qala gözlərinə inanmırlar. Təəssüratlarını bölüşməkdən, sevinclərini paylaşmaqdan məmnunluq duyurlar. Sürətli inkişafın, quruculuq işlərinin, yeni tikililərin heyranlıq yaratdığını söhbətlərində xüsusi vurğulayırlar. Hamısı da inanır ki, nailiyyətlər daha da artacaq, həyat daha da gözəlləşəcək.

 

 

Əli NƏCƏFXANLI

 

 Xalq qəzeti.- 2013.- 28 mart.- S. 5.