“Şahdəniz-2”
layihəsi cənub qaz dəhlizinin əsas
təchizatçısı olacaq
Regionda qlobal enerji layihələrinin
təşəbbüskarı və iştirakçısı
olan Azərbaycan hazırda bir
sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la
təminatında mühüm rol oynayır. Məlum olduğu
kimi, ölkəmizi dünyanın potensial qaz
ixracatçılarından birinə “Şahdəniz”
yatağı çevirmişdir.
Dünyanın ən zəngin qaz-kondensat yataqlarından
sayılan “Şahdəniz” yatağının istismara verilməsindən
altı ildən artıq vaxt ötür.
Xatırladaq ki, adıçəkilən yatağın istismarını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi 1996-cı ilin iyun ayında Bakı şəhərində imzalanmışdır. 2003-cü ilin fevral ayında isə layihə çərçivəsində əsas tikinti-quraşdırma işlərinə start verilmişdir. Ötən müddətdə “Şahdəniz” yatağında Xəzər regionu üzrə ən nəhəng platformalardan biri quraşdırılmış, sualtı boru kəməri çəkilmiş, Səngəçal sahil terminalında genişləndirmə işləri aparılmışdır. 2006-cı ilin sonlarında isə Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış unikal platforma vasitəsilə “Şahdəniz” yatağından ilkin qazın hasilatına başlanmışdır. Həmin platformadan hasil edilən təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradan isə qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır.
Son illər Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyi xeyli möhkəmlənmişdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Elə hazırda gündəmdə olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər. Görünür buna görədir ki, 2012-ci ilin yayında həyata vəsiqə almış Trans-Anadolu boru kəməri (TANAP) layihəsi çərçivəsində çəkiləcək kəmərin də məhz “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi üzrə hasil ediləcək qaz həcmlərinin hesabına doldurulması nəzərdə tutulur.
“Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. bp-Azərbaycan şirkətinin 2012-ci ilin yekunları ilə bağlı hesabatına əsasən, “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən il ərzində layihə üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 269 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 99 milyon dollar sərf olunmuşdur. Ötən il “Şahdəniz” yatağındakı öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz”
yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar
olunan quyuların sabit rejimdə işləməsi qaz
hasilatının
artırılmasına imkan yaradır. 2012-ci ildə
yatağın gündəlik hasilat həcmi
21,1 milyon kubmetr qaz və 44 min 100 barrel kondensat təşkil
etmişdir.
İl ərzində “Şahdəniz”
yatağından 7,73 milyard kubmetr qaz və 2 milyon ton kondensat
çıxarılmışdır.
Bununla belə, yataqdakı 2 saylı
quyunun texniki səbəblər
ucbatından dayanması qaz hasilatının həcminə təsirsiz
ötüşməyib. Xatırladaq ki, sutkada təqribən 6 milyon
kubmetr qaz verən həmin
quyunun yenidən işə
salınması yataq
üzrə gündəlik hasilatın həcmini 27 milyard kubmetrə çatdırmağa imkan verəcək. Bütövlükdə
isə 2006-cı ilin sonlarından - “Şahdəniz”
yatağında hasilata
başlanıldığı gündən 2012-ci ilin sonunadək yataqdan 37,6 milyard kubmetr təbii qaz və
10,1 milyon
ton kondensat hasil edilərək mövcud
ixrac boru kəmərləri vasitəsilə dünya
bazarına çıxarılmışdır. “Şahdəniz”
yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə
yanaşı, burada
quraşdırılmış platformada qazma əməliyyatları da
davam etdirilir. Belə ki, ötən müddətdə yeni quyular sistemi
istismara verildikdən sonra platformadan yeni quyular
qazılmışdır. 2012-ci ilin fevral ayında SDA05 hasilat quyusunda intervensiya işləri
yekunlaşdırılmışdır. Bundan
sonra SDA06 hasilat quyusunda yenidən tamamlanma
əməliyyatlarına start verilmiş və ikinci
rübdə işlər başa
çatdırılmışdır. Sentyabr
ayında platformadakı qazma qurğusunun beşillik
sertifikatlaşdırılması tamamlandıqdan sonra SDA03y quyusunun yanaqazma əməliyyatlarına
hazırlanmasına başlanmışdır. Bu
quyunun isə cari ilin üçüncü
rübündə təhvil verilməsi gözlənilir. 2013-cü ildə daha
bir quyuda intervensiya əməliyyatlarının
aparılması nəzərdə tutulur.
Həmin quyu
gələn ilin birinci
rübündə istismara veriləcək.
Bütün bunlarla yanaşı, “Şahdəniz”
yatağının tammiqyaslı işlənməsi üçün
planlaşdırılmış tədbirlər də uğurla reallaşdırılır. Belə ki, ötən ilin ikinci rübündə üç
qabaqlayıcı quyuda qazma
işləri həyata keçirilmişdir.
Daha sonra isə SDX06 quyusunda
sınaq əməliyyatları aparılmış və bu işlər ilin son ayında başa
çatdırılmışdır. 2013-cü ilin əvvəllərində “İstiqlal”
qazma qurğusu vasitəsilə
SDC02 quyusunun aşağı hissəsində
başlanmış qazma əməliyyatlarının
üçüncü rübdə
tamamlanması planlaşdırılır. Qazma qurğusunda kiçik
modernləşdirmə işləri aparıldıqdan sonra isə SDC03 quyusunun
qazılmasına başlanacaq. 2012-ci ilin dördüncü rübünün sonunda
Heydər Əliyev adına qazma qurğusu vasitəsilə SDX07A bərpa olunmuş qazma işləri
isə cari ilin birinci yarısında başa
çatdırılacaq. Yeri gəlmişkən,
Heydər Əliyev adına qazma qurğusunda planlaşdırılmış texniki tədbirlərin və
sertifikatlaşdırma işlərinin həyata keçirilməsindən
sonra ilin üçüncü rübdə SDD02 quyusunda qazma əməliyyatlarına
başlanacaq. Həmin quyu
isə 2014-cü ilin ikinci
rübündə təhvil veriləcək.
Məlum olduğu kimi, 2012-ci ilin aprel ayından etibarən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihə işlərinə start verilmişdir. Bu isə Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi istiqamətində son dərəcə mühüm bir addım olmuşdur. Ötən müddətdə ilkin mühəndis-layihə işləri ilə bağlı mühüm irəliləyişlər əldə edilmişdir. Xatırladaq ki, “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq dünya səviyyəli, nəhəng bir layihədir. Hesablamalara görə, dəyəri 25 milyard dollar təşkil edən bu layihə çərçivəsində ”Şahdəniz" yatağından ildə əlavə olaraq 16 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da yatağın illik hasilat gücünün 25 milyard kubmetrə çatdırılmasına imkan yaradacaq. Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdiriləcək iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyi ilə çəkləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəməri marşrutunun mövcud ixrac gücünə ildə 16 milyard qaz həcmlərinin əlavə olunması, eləcə də Səngəçal terminalının genişləndirilməsi daxildir. Bununla yanaşı, Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri çəkilməli və genişləndirilməlidir.
“Şahdəniz” yatağının
ikinci işlənmə mərhələsinin ölkəmiz
üçün əhəmiyyəti olduqca
böyükdür. Belə ki,
sözügedən mərhələ çərçivəsində
hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın
ixrac imkanlarını genişləndirməklə
yanaşı, “Şahdəniz” qazının
alıcılarının sayının da
artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda,
eləcə də dünyada strateji tərəfdaş kimi
mövqeyini bir qədər
də möhkəmləndirəcək. Ən
başlıcası isə
“Şahdəniz” yatağının ikinci
işlənmə mərhələsi
Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa
investisiyanın qoyulmasına gətirib
çıxaracaqdır. “Şahdəniz” yatağının
tammiqyaslı işlənməsi layihəsi yeni
cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını
artırmaqla yanaşı, köhnə qitənin enerji təhlükəsizliyinin təminatına
da mühüm
töhfələr verəcək. Hazırda
Avropanın təbii qaza olan
tələbatının ödənilməsi üçün
yeni bir ixrac marşrutunun
yaradılması istiqamətində tədbirlər davam etdirilir. Ötən ilin iyun ayında Azərbaycan
və Türkiyə hökumətləri arasında Türkiyə
Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəmərinin
inşası və tranzit sazişləri
imzalanmışdır. Daha sonra isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya
edildikdən sonra qanun
statusu almışdır. Artıq TANAP
layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə
paralel həyata
keçirilməsinə başlanmışdır. Layihənin səhmdarlarından birinə çevrilməsi
üçün
ARDNŞ-in təklif etdiyi
12 faizlik iştirak
payıını əldə edən bp
şirkəti hazırda Azərbaycan və Türkiyə
hökumətləri tərəfindən TANAP layihəsinə
dəvət olunmuş bütün
iştirakçılarla yaxından işləyir. Bundan əlavə, bp TANAP layihəsinə dəstək olaraq Türkiyənin
BOTAŞ şirkəti ilə əməkdaşlığı
da davam etdirir.
Ötən
il dekabr ayının 18-də “Şahdəniz” konsorsiumu ilə
ARDNŞ arasında bir sıra sazişlər
imzalanmışdır ki, bunu da yekun investisiya qərarının
qəbulu istiqamətində mühüm addım saymaq olar. Yeri gəlmişkən, “Şahdəniz” konsorsiumunun
ikinci mərhələ qazını
Türkiyənin qərb sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına
çatdırılmasını nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) və Nabukko
Uest layihələri də cənub dəhlizinin
son hissəsi kimi
qiymətləndirmə mərhələsindədir. Hazırda
bp də daxil olmaqla “Şahdəniz” konsorsiumunun
digər iştirakçıları Avropaya
qaz nəql edəcək boru
kəməri sisteminin hər bir hissəsində iştirak
etməyi planlaşdırırlar. Xatırladaq ki,
bu sistemə Cənubi Qafqaz
boru kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün
seçiləcək TAP və ya Nabukko Uest daxildir.
Hazırda bütün diqqət Avropa marşrutunun yekun seçim prosesinə
yönəlmişdir. Həmin proses isə
TAP və Nabukko Uest
layihələrinin növbəti bir
neçə ay ərzində tam qiymətləndirilməsindən ibarətdir. Bu iki layihə arasında yekun
seçim qərarının 2013-cü ilin ortalarında verilməsi gözlənilir. “Şahdəniz” yatağının
tammiqyaslı işlənmə layihəsinin yekun
investisiya qərarı da
məhz bu il ərzində
qəbul ediləcək. Bütövlükdə isə
2013-cü ildə layihə üzrə işlərə 2,3 milyard dollar vəsait xərclənəcək.
“Şahdəniz-2” layihəsi çərçivəsində böyük qaz
hasilatının 2018-ci ildə
başlanması proqnozlaşdırılır.
2012-ci
ildə “Şahdəniz” yatağından çıxarılan
qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə
Səngəçal terminalına nəqli də uğurla davam
etdirilmişdir. Xatırladaq ki,
hazırda Səngəçal terminalının emal sistemləri “Şahdəniz”
yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul
edib ixraca yönəltməyə
imkan verir. Bütövlükdə
isə terminalın ümumi gündəlik
qaz emalı gücü
39,5 milyon kubmetr təşkil
edir. Məlum olduğu
kimi, “Şahdəniz” qazı Səngəçal
terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu kəmər 2006-cı ilin sonlarında istismara
verilərək əvvəlcə Gürcüstana,
2007-ci ilin iyul
ayından başlayaraq isə Türkiyə,
Yunanıstan və digər Avropa ölkələrinə
“Şahdəniz” qazını çatdırır. Ötən il Cənubi Qafqaz boru kəməri ilə
bağlı fəaliyyətlərə 11 milyon
dollar vəsait xərclənmişdir. İl ərzində
kəmərlə
ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən
11,1 milyon kubmetr təşkil
etmişdir. Bütövlükdə
isə 2012-ci ildə adıçəkilən kəmərlə
4 milyard 60 milyon
kubmetrdən çox Azərbaycan qazı ixrac olunmuşdur.
Yeri gəlmişkən, bu yaxınlarda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi üzrə keçirilən ictimai dinləmələrdə “Şahdəniz-2” layihəsi çərçivəsində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi məqsədilə Azərbaycan ərazisində yeni qaz kəmərinin inşa ediləcəyi ilə bağlı məlumat verilib. Xatırladaq ki, bu işlər çərçivəsində yeni boru kəmərinin başlanğıcı Hacıqabula yaxın ərazidən başlayıb, Gürcüstanla sərhədə qədər təqribən 386 kilometr uzanacaq. Daha sonra boru kəməri Gürcüstan ərazisinədək də daha 56 kilometr uzadılacaq və həmin nöqtədən başlayaraq isə mövcud kəmərə birləşdiriləcək. Azərbaycanda boru kəmərinin başlanğıcında yeni ərsinləmə stansiyası və 5 yeni bağlayıcı siyirtmə stansiyası yerləşəcək. Ölkəmizdə ilkin tikinti işlərinə 2014-cü ilin ortalarında, əsas tikinti işlərinə isə 2015-ci ilin əvvəlində başlanacaq və 2017-ci ilin sonunda tamamlanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi gözlənilir. Tikinti işlərində 1200-1500 nəfərin çalışacağı, layihənin isə 3 milyard dollara başa gələcəyi bildirilir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 28
mart.- S. 5.