Meşələrin mühafizə olunmasına diqqət artırılır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.

 

Nazirlikdən verilən məlumata görə araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797,23 kubmetr həcmində, 3606,81 manat dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilmişdir.

Bundan başqa, Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən son günlərdə Balakən MMBM-in ərazisində aparılmış yoxlamalar zamanı 171,45 kubmetr həcmində, 690,18 manat dəyərində qanunsuz ağac kəsilməsi faktı da müəyyən olunmuşdur.

Beləlilklə, aparılan araşdırmalar zamanı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər vəzifəli şəxslərinin öz vəzifə borclarını layiqincə icra etməmələri nəticəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilmişdir.

Aparılan araşdırmalar zamanı aşkar olunmuş özbaşına qırıntılara görə hesablanmış 4296,99 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin olunmuşdur.

Məlumatda daha sonra bildirilir ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Balakən MMBM-in direktoru işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülmüşdür.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 28 mart.- S. 4.