Azərbaycanda 1918-ci ilin Mart hadisələri zamanı ermənilər 700 minə qədər azərbaycanlını qətlə yetirmişlər

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini demişdir ki, ermənilər XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımı törətmişlər.

 

“1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam etmişdir. Həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalmışdır”.  “Trend”-in məlumatına görə, bunu çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirmişdir.

“Trend”-in arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırımı törətmişlər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Cəbi Bəhramov demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, ”Azərbaycan" qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “Biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi”.

C.Bəhramov bildirmişdir ki, Mart hadisələri zamanı Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdir: “Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalmışdır. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa dövlətləri və sovet hökuməti dayanmışdır. Bu proses 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunandan sonra da davam etmişdir.

1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilmişdir. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaq. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter almışdır. 1930-cu illərə də diqqət yetirsək, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalmışdır.

Bu proses 1941-1945-ci illər müharibəsində davam edib. Bu müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi. O zaman orduda olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları güllələyirdilər. Belə olan halda, Azərbaycanın rəhbəri Mircəfər Bağırov vəziyyətə müdaxilə etdi milli diviziyalar təşkil olundu. Azərbaycanlılar sübut etdilər ki, digər xalqlardan da döyüşkəndirlər müharibədə qəhrəmanlıqlarla bunu sübuta yetirdilər".

 

 

Xalq qəzeti.- 2013.- 28 mart.- S. 4.