Suraxanı rayonunda Novruz bayramı

 

İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, xoş ovqatla müjdələyən Novruz bayramı münasibətilə Suraxanı rayonunda silsilə tədbirlər təşkil edilir. İlaxır çərşənbəsi günü də Heydər Əliyev parkında ümumrayon şənliyi keçirildi. Park baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına böyük səməni yerləşdirilmişdi. Bahar qızı, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edir, məzəli söhbətlərilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.

 

Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. S.Bəhlulzadə adına mədəniyyət sarayının incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mərasim iştirakçılarını bu gözəl bayram münasibəti ilə təbrik edərək xoş arzularını bildirdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Prezident İlham Əliyevə uğurlar arzuladı.

Şənliyin aparıcıları çıxışlarında xalqımızın doğma Azərbaycanın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc yüksək əhval-ruhiyyə ilə qarşıladığını bildirdilər. Vurğuladılar ki, Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.

Mərasimdə incəsənət ustaları, bədii özfəaliyyət kollektivləriKosa, Keçəl Bahar qıztamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutdular, idmançılar məharətlərini göstərdilər. Şənlik iştirakçılarının isə milli musiqinin sədaları altında rəqsləri alqışlarla qarşılandı.

Şənlikdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak edirdi.

Novruz şənlikləri rayonda davam edir. İndiyədək rayon icra hakimiyyətinin təşkilatçılığı ilə əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 saylı internat məktəbində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində, “N” saylı hərbi hissədə bayram tədbirləri təşkil olunmuşdur. Bu gün sabah isə rayonun qəsəbələrində, o cümlədən 2 saylı uşaq evində şənliklər keçiriləcəkdir.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 mart.- S. 8.