“Qoynu
qucaq-qucaq nurdu Lənkəran...”
Bu günlər Lənkəranın
küçə və meydanları elə bayramsayağı bəzədilib
ki, şəhər əsl festival mərkəzinə bənzəyir.
Günəş zərrin şəfəqləri ilə hər
yanı öz aydınlığına bələyir,
havanı isindirir. Göyqurşağının yeddi rənginin
yetmiş yeddi çaları sanki bəhsə durub adamların
çöhrələrini güldürür. Novruz ovqatı
bütün şəhərə, kənd və qəsəbələrə
hakim kəsilib.
Bir
neçə gün öncə Yaponiyanın Azərbaycandakı
səfiri Şusuke Vatanabenin Lənkərana səfəri
zamanı “Ot kökləri və insan təhlükəsizliyi
Qrant yardımı Proqramı” çərçivəsində
Zövlə kəndində tibb məntəqəsinin tikinti
layihəsi üzrə müqavilənin imzalanması
baharın ilk xoş məram müjdəsidir. Yenicə
başa çatan “Muğam aləmi” Beynəlxalq Muğam
Festivalının ilahi səslərinin könüllərə
çilədiyi ecazkar duyğular yaddaşlara naxış
çəkib. Kütləvi iməciliklərin iz qoyduğu zəhmət
sevincləri, 1500-dək imkansız ailənin hamısına
şəhər rəhbərliyi tərəfindən paylanan
sanballı bayram sovqatları, ənənəvi Novruz
satış-yarmarkasının təşkili Lənkəranın
qaynar həyat göstəriciləridir. Şirin dilli, xoş ləhcəli
şəhər sakinlərinin rastlaşdıqları hər kəsi
xeyir-dua ilə dindirməsi də ürəklərdə həzin
bahar mehləri əsdirir...
Torpaq
çərşənbəsinə bir gün qalmış Lənkəran
dəmiryol vağzalının qarşısındakı
meydanda ruzi-bərəkət rəmzi sayılan Novruza həsr
olunmuş el şənlikləri sakinlərə bol-bol sevinc bəxş
elədi.
Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri,
hüquq-mühafizə orqanlarının rəhbərləri,
ziyalılar və qonaqlar da şənliklərə
qatılmışdılar. Öncə ulu Dədə Qorqud əsrləri
adlayıb gələn saz havalarının müşayiətilə
Novruzu elliklə bayram edənləri salamlayıb ən gözəl
arzularını çatdırdı.
Sonra söz Taleh Qaraşova verildi. Rayon rəhbəri bütün lənkəranlıların
bayramını təbrik
etdi, hamıya səadət, firavanlıq
dilədi. O bildirdi
ki, bu il xalqımız Novruzu bütün sahələrdə qazanılan
böyük uğurlarla
qarşılayır. Bunu ölkəmizin
hər yerində olduğu kimi, hazırda Novruz sevinclərini yaşayan, füsunkar təbiəti baharın al-əlvan naxışları ilə
bəzənən Lənkəranın
da timsalında görmək fərəh doğurur. İndi rayonda yeni ab-hava duyulur, xoş əhval-ruhiyyə hökm sürür.
Lənkəran şəhərində, kənd və qəsəbələrdə geniş
abadlıq və quruculuq işləri aparılır. Cənab Prezident
İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması
sürətlə dəyişir
və gözəlləşir.
Natiq, Prezident İlham Əliyevin Lənkərana
ötənilki səfərinin
unudulmaz tarixi hadisəyə çevrildiyini
xüsusi vurğuladı.
Rayonda işgüzar və yaradıcı ruhun bərqərar olmasından,
yeni infrastruktur layihələrin icrasına
başlanmasından ətraflı
bəhs etdi.
2013-cü ilin də Azərbaycan üçün
parlaq nailiyyətlərlə
zəngin olacağına
əminliyini bildirdi:
-Qoy, bu bahar
bütün ailələrə
xoşbəxtlik gətirsin!
Yazın qədəmləri
xalqımıza düşərli
olsun, ellərə-evlərə
xeyir-bərəkət, ailələrə
əmin-amanlıq, nur
nəsib etsin!
Bayram tonqalı
yandırıldı. Qara zurnanın
müşayiəti ilə
gözəl-göyçək Bahar qız, Kosa və Keçəl
bəzəkli faytonda meydana daxil oldular.
Şən melodiyalar, oynaq
rəqslər, çal-çağır
sədaları ovqatları
bir daha təzələdi.
Şənlik iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq
muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri
sərgisi, Uşaq rəssamlıq məktəbinin
müəllim və şagirdlərinin rəsm
sərgisi, eləcə
də milli-mədəni
irsimizlə bağlı
örnəklərlə tanış oldular.
Rayonun incəsənət
ustaları, bədii özfəaliyyət kollektivləri
xalqımızın əzəli-əbədi
adət və ənənələrini nümayiş
etdirdilər. Qara zurnada “Cəngi”
səsləndirildi, idmançılar
milli güləş və ağırlıqqaldırma
bəhsində, kəndirdartma
yarışında güclərini
sınadılar. Pəhləvan Əlinin nümayiş etdirdiyi maraqlı nömrələr tamaşaçı
alqışlarına səbəb
oldu.
Tonqalın ətrafında şənlik
iştirakçıları kütləvi rəqslərə
qoşuldular. Separadi kəndinin “Nənələr”,
Boladinin “Kinəlim”, Girdəninin “Vənəvşə”
folklor ansambllarının,
populyar müğənnilərin
ifasında el nəğmələri,
Novruz bayramına aid mahnılar ifa edildi. Vilvan Sənətkarlıq klubunun
rəqs, C.Cabbarlı adına uşaq
musiqi məktəbinin
folklor qruplarının
üzvləri məharətlərini
göstərdilər.
Kosa və Keçəl öz dəstəsi ilə məzhəkələr çıxartdılar,
tamaşaçıları doyunca oynadıb-güldürdülər. İdmançılar
və meydan qəhrəmanları bayram
tonqalının üstündən
atıldılar...
Lənkəran Dövlət Universitetində
də yaddaqalan bayram tədbirləri keçirildi. Rektor, əməkdar elm xadimi Asəf İskəndərov müəllim
və tələbələri
təbrik etdi. Onlara elm və təhsildə uğurlar arzuladı.
Tədris korpusunda gözəl
şənlik təşkil
olundu. İştirakçılar
Lənkəran uşaq
evinə də gedib, orada tərbiyə
alan balaca
soydaşlarımıza bayram
sovqatları payladılar.
Uşaqlar da çevrələrinin
boş olmadığını
görüb sevindilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 20 mart.- S. 5.