FÜZULİ:
sahibkarlığa şərait də var, qayğı da
Əvvəlcə
bəzi statistik rəqəmlərə diqqət yetirək:
Hazırda
rayonda 200-dən artıq sahibkarlıq obyekti fəaliyyət
göstərir ki, bunların da 130-u son 2 ildə
yaradılmışdır.
Bu
gün rayonda istehsal olunan kənd təsərrüfatı və
sənaye məhsulları istehsalı yüz faiz özəl
bölmənin payına düşür.
Keçən
il rayonun fermer və sahibkarları 103 min tona yaxın taxıl
götürmüşlər. Bu, rayon tarixində ən
yüksək göstəricidir və Füzuli, respublika
üzrə 100 min ton həddini keçən rayonlardan biri
olmuşdur. Halbuki ərazisinin 70 faizi hələ də
düşmən tapdağı altındadır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ötən il
dekabr ayının 15-də Füzuliyə tarixi səfəri
zamanı son 2 ildə tikilib istifadəyə verilmiş 10
mühüm obyektin, o cümlədən Əhmədbəyli kəndində
3 min ton kənd təsərrüfatı məhsulları
saxlayan soyuducu anbarın açılışında
iştirak etmiş, bazar iqtisadiyyatına, azad
sahibkarlığın inkişafına göstərilən
diqqət və qayğını yüksək qiymətləndirmişdir.
Təkcə
son vaxtlar yaradılmış sahibkarlıq obyektlərində
500-dən çox rayon sakini daimi işlə təmin
olunmuşdur.
Yuxarıda
sadaladığımız fakt və rəqəmlərdən
də göründüyü kimi, son vaxtlar Füzuli rayonunda həyatın
bütün sahələrində əsaslı yüksəliş
və dinamik inkişaf əldə edilmişdir. Ən əsası
isə odur ki, cəbhə xəttində, düşmənlə
üzbəüz dayanmış bu insanların əhval-ruhiyyəsi
yüksəlmiş, təşəbbüskar və
yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava
yaranmışdır.
Ölkə
Prezidenti İlham Əliyevin qarşıya qoyduğu
mühüm vəzifələr, o cümlədən özəl
bölmənin, azad sahibkarlığın daha sürətli
inkişafı ilə əlaqədar verdiyi tapşırıq
və tövsiyələr Füzuli rayonunda da böyük diqqət,
səy və ardıcıllıqla həyata keçirilir. Azad
sahibkarlığın inkişafına göstərilən həssas
münasibət, bu sahədə yaradılmış münbit
və əlverişli şərait, əsassız
yoxlamaların, süni maneələrin aradan
qaldırılması istiqamətində işlənib
hazırlanmış əsaslı və ardıcıl tədbirlər
xüsusilə diqqəti cəlb edir. Heç də təsadüfi
deyildir ki, son 2 ildə müxtəlif təyinatlı özəl
müəssisələrin sayı 2 dəfədən çox
artmışdır.
Burada
sözsüz ki, ilk növbədə, ölkə
başçısının respublikamızda azad
sahibkarlığın, bazar iqtisadiyyatının sürətli
inkişafına yönəldilmiş ardıcıl və qətiyyətli
fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik
diqqət və qayğını, imzaladığı fərman
və sərəncamları ayrıca qeyd etmək
lazımdır. Füzulidə tanış olduğum,
görüşdüyüm, söhbət etdiyim sahibkarlar,
iş adamları, fermerlər, yaradılmış azad, rahat və
münbit şərait üçün ölkə rəhbərinə
hədsiz minnətdarlıqlarını bildirdilər,
bütün imkan və səylərini iqtisadiyyatın daha da
genişləndirilməsinə yönəldəcəklərini
bəyan etdilər.
Burada
məsələnin başqa bir tərəfi də diqqəti cəlb
edir. Bu da ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi,
Füzulidə fəaliyyət göstərən özəl
müəssisələrin, sahibkarlıq obyektlərinin
böyük əksəriyyəti məhz son 2 ildə
yaradılmışdır. Deməli, söhbət yerlərdə
işin düzgün təşkilindən, yaradılan əlverişli
mühitdən, diqqət və qayğıdan gedir.
Böyük məmnuniyyət hissi ilə demək
lazımdır ki, Füzuli Rayon İcra Hakimiyyətində,
onun yerli strukturlarında bu sahədə ardıcıl və
sistemli iş qurulmuş, sahibkarlara, iş adamlarına həssas
və qayğıkeş münasibət ön plana çəkilmişdir.
Təsadüfi
deyildir ki, son 2 il ərzində burada iş qurmaq istəyən
sahibkarlar qarşısında yaşıl işıq
yandırılmışdır. Füzuliyə
axırıncı səfərimin də əsas məqsədi
və mahiyyəti məhz bu idi: bu gün rayonda fəaliyyət
göstərən sahibkarlarla iş necə qurulmuşdur?
Mövcud imkan və potensial necə üzə
çıxarılır, işin daha yaxşı təşkili
üçün əlavə imkan və səylər necə
səfərbər olunur? Sabahkı qayğılar, arzu və
düşüncələr, məqsəd və vəzifələr
barədə nə demək olar?
Nəriman Əliyev, “Qarabağ
Broyler” MMC-nin rəhbəri:
– Qətiyyətlə
deyə bilərəm ki, ötən il dekabr ayının 15-i
kollektivimizin hər bir üzvünün, bütövlükdə
Füzuli rayonu əhalisinin qəlbində əziz və
unudulmaz bir xatirə kimi daim yaşayacaqdır. Məhz həmin
gün ölkə Prezidenti İlham Əliyev Füzuliyə
tarixi səfər etmişdir. Prezidentlə keçirilən
unudulmaz anlar, görüş və söhbətlər,
işimizin daha yaxşı təşkili üçün
verdiyi qiymətli məsləhət, təklif və tövsiyələr
yaddaşımıza əbədi olaraq həkk olunmuşdur.
Müəsisənin
tikintisinə 2011-ci ildə başladıq. Yeri gəlmişkən,
onu da əlavə edim ki, rayon rəhbərliyi bu təşəbbüsümüzü
böyük razılıq və minnətdarlıqla
qarşıladı. Sənədləşmə, müvafiq
yerin ayrılması və s. məsələlər qısa
müddət ərzində öz müsbət həllini
tapdı.
“Qarabağ
Broyler”in illik istehsal gücü 2,5-3 min ton
quş ətidir. Hazırda ayda 150-180 ton ət
istehsal edə bilirik. İşçilərimizin
sayı isə 100 nəfərdir. Tam
gücü ilə işləyəndən sonra isə burada
170 nəfər daimi işlə təmin olunacaqdır.
Onu da əlavə
edək ki, Füzuli rayonunda sahibkarların, iş
adamlarının azad və sərbəst fəaliyyəti
üçün heç bir maneə yoxdur. Kim
gücü, imkanı daxilində harada nə açmaq,
yaratmaq istəyirsə heç bir süni maneə olmadan fəaliyyət
göstərə bilər. Rayonumuzun zəngin
təbii sərvətləri, hələ istifadə edilməmiş
imkan və ehtiyat mənbələri çoxdur. Bu isə, heç şübhəsiz, azad
sahibkarlığın sürətli inkişafı
üçün olduqca əhverişli şərait
yaradır. Beləliklə, mən iş
adamlarını, sahibkarları Füzuliyə dəvət edirəm.
Burada sizi xoş və səmimi münasibət,
əlverişli şərait, diqqət və qayğı
gözləyir. Təki imkan və təcrübənizə,
arzu və məqsədlərinizə uyğun olaraq tikin, qurun,
yaradın, yeni iş yerləri açın.
Şəhriyar Əliyev, “Şəhriyar”
ailəvi istirahət mərkəzinin direktoru:
–
Füzulinin gözəl təbiəti, təmiz havası burada
həm də istirahət mərkəzlərinin
yaradılmasını zəruri edir. Onu da əlavə
edim ki, bizim istirahət mərkəzi bu istiqamətdə hələlik
birincidir. Şübhə etmirəm ki, gələcəkdə
rayonumuzda belə mərkəzlərin sayı çox
olacaqdır. Axı, insanlar yaxşı
işlədikləri kimi, yaxşı da istirahət etmək
istəyirlər. Başqa yerlərə
getmək isə həm vaxt, həm də əlavə vəsait
tələb edir. Bu cəhətdən
rayonumuzun ərazisində yaradılmış belə istirahət
mərkəzləri olduqca əlverişlidir.
İstirahət mərkəzində əylənmək,
boş və asudə vaxtını maraqlı və məzmunlu
keçirmək üçün hər cür şərait
yaradılmışdır. Biz bu mərkəzi
yaradarkən respublikamızın, eləcə də
dünyanın ən məşhur istirahət
ocaqlarının müsbət təcrübəsindən
yaradıcılıqla istifadə etməyə
çalışmışıq. Hələlik
burada 50 nəfər daimi işlə təmin olunmuşdur.
Əlbəttə, gələcək illərdə
mərkəzin imkanları genişləndikcə
işçilərin də sayı artacaqdır.
Bu günlərdə maraqlı, həm də
düşündürücü bir hadisə ilə
rastlaşdım. Əslən Füzuli rayonundan olan köhnə
tanışlarımdan biri ilə görüşdüm.
Hal-əhvaldan sonra məlum oldu ki, xarici ölkələrdən
birindən istirahətdən təzəcə qayıdıb.
Təəssüratı zəngin idi, necə deyərlər,
dil qəfəsə qoymurdu. Buna
sözümüz yoxdur. Kim hara istəsə
səfər edə bilər, istiharətini harda istəsə
keçirə bilər. Ancaq mənim demək
istədiyim mətləb başqadır. Sözarası
tanışımdan soruşdum ki, son vaxtlar yolu Füzuliyə
düşübmü, yeni yaradılan istirahət
ocaqlarından xəbəri varmı?
– Yox,
–dedi, sonra da günahkarcasına gülümsəyərək
–Dünyanı gəzirik, burdan-bura rayonumuza gedə bilmirik.
Ancaq gərək bu yaxınlarda vaxt tapıb mütləq gedəm...
Yenə də
təkrar edirəm: mən dünyanı gəzməyin,
görməyin əleyhinə deyiləm. Bu,
olduqca vacibdir. Ancaq bir atalar sözündə deyildiyi
kimi, əvvəlcə evin içi, sonra çölü... Onu da deyim ki, indi, necə deyərlər, evin
içi daha abad, gözəl və zəngindir. Deməli,
gəlməyə, gəzməyə və görməyə dəyər...
Aydın Hüseynov, kənd təsərrüfatı
məhsulları soyuducu anbarının müdiri:
– Etiraf
edim ki, Füzuli rayonu ərazisində soyuducu anbar kompleksinin
yaradılması barədə çoxdan
düşünürdüm. Ancaq konkret olaraq belə
bir imkan və şərait yalnız 2011-ci ildə yarandı.
Ona görə də dərhal işə
başladıq. Müəssisənin
açılışına Prezident İlham Əliyevin
xeyir-dua verməsi isə unudulmaz bir hadisə oldu. Heç kimə sirr deyildir ki, əvvəllər kənd
əməkçiləri bu cəhətdən çox əziyyət
çəkirdilər. Üstəlik, bir çox hallarda ili ziyanla başa vururdular, böyük zəhmət
bahasına yetişdirdikləri məhsulun bir hissəsi xarab
olurdu. Ona görə ki, məhsulları saxlamaq
üçün müvafiq yer yox idi. Başqa
yerlərə aparmaq isə əlavə vaxt və vəsait tələb
edirdi.
Füzuli ənənəvi kənd təsərrüfatı
rayonudur. O da
fərəhlidir ki, son illər məhsul istehsalı dinamik
şəkildə inkişaf edir. Başqa
sözlə desək, belə bir böyük soyuducu anbarın
tikintisinə ciddi ehtiyac vardı. İllik
gücümüz 5 min tondur. Hazırda
burada 1800 ton məhsul var. 25 nəfər daimi işlə təmin
olunmuşdur. Soyuducu anbar tam gücü ilə
işləyəndən sonra isə daimi işləyənlərin
sayı 90 nəfər olacaqdır.
Bütün
füzulililər kimi, mən də ölkə Prezidenti
İlham Əliyevin ötən il dekabr
ayının 15-də rayonumuza tarixi səfəri zamanı dərin
məzmunlu çıxışının, dediyi müdrik
sözlərin, səmimi arzu və tövsiyələrin təsiri
altındayam. Böyük qürur və iftixar hissi ilə
bildirmək istəyirəm ki, ölkə
başçısı Füzuliyə səfəri çərçivəsində
bizim müəssisənin fəaliyyəti ilə yaxından tanış olmuş, açılış mərasimində
iştirak etmişdir. Bu, əlbəttə, hər
birimizin məsuliyyət hissini daha da artırmaqla bərabər,
yaddaşımızda unudulmaz xatirələr
yaratmışdır. Prezident Füzulinin bərpasını,
işğaldan azad olmuş torpaqlarda yaradılmış şəraiti,
qısa müddət ərzində burada
görülmüş işləri yüksək qiymətləndirərək
demişdir: “Füzulidə son illər ərzində
görülən işlərlə bağlı sizi təbrik
etmək istəyirəm. Sizi əmin etmək istəyirəm
ki, Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə
bağlı səylərimi əsirgəməyəcəm.
Daim bu məsələ diqqət mərkəzində
olacaqdır. Biz hələ
çox-çox görüşəcəyik, çünki
Füzulidə gələcəkdə böyük işlər
görüləcək, böyük açılışlar
olacaqdır”.
Böyük
qətiyyət və tam əminliklə demək istəyirəm
ki, ölkə Prezidentinin Füzuliyə tarixi səfəri,
qısa müddət ərzində görülmüş
işlərə verdiyi yüksək qiymət, keçirilən
unudulmaz görüş və söhbətlər, yüksək
hədəflərə istiqamətlənmiş arzu, tövsiyə
və tapşırıqlar hər birimizin qəlbində
böyük qürur və iftixar hissi oyatmışdır. Dövlət başçısının bu
münasibəti qurub-yaratmaq əzmimizi, sabaha olan inam və
ümidimizi daha da yüksəlmiş, bütün imkan və
səylər hərəkətə gətirilmişdir. Deməli, cəbhə xəttində yerləşən,
düşmənlə üz-üzə dayanan, ona göz
dağı olan Füzulinin daha abad, qalib və xoşbəxt
günləri hələ qabaqdadır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 20 mart.- S. 7.