Sözün zamanı, xzamanın sözü
Bəziləri sözü zamanında demək, yazmaq əvəzinə, gözləyir ki, zaman gəlsə,
fürsət düşsə deyərəm, yazaram.
Belələri həmişə, hər yerdə ilan kimi fürsət
axtarırlar. Fikir vermisinizmi,
televiziyalarda danışanların çoxu fürsət düşmüşkən
deyirlər. Deməli, fürsət axtarırmış...
Xülasə, yazmaq istədiklərimi vaxtında yazım ki, sözüm yerinə düşsün.
Yeri
gəlmişkən, sözü zamanında deməyim,
yazmağım mənə həmişə baha başa gəlib.
Bədxahlarım mənə çox
sağalmaz yaralar vurublar və indi də
onların içərisində yaşamaq
olduqca çətindir... Bu
çətinliklərə baxmayaraq, sözü vaxtında deməyənləri,
yazmayanları qəbul etmirəm və onların səmimiyyətinə
inanmıram.
Birinə vəzifə verirlər, işləyir, yaşayır, cəmiyyətdə müəyyən mövqe tutur. Vəzifədən çıxarılan kimi, başlayır ona vəzifə verənin, əlindən tutanın, kömək göstərənin arxasınca danışmağa və ya yazmağa! Və yaxud, iqtidardan çıxan kimi, keçir müxalifətə, ya da müxalifətdə dolana bilməyənlər keçirlər iqtidara. Bir partiyadan başqa partiyaya və s. və i. a. Xalq məsəlində deyildiyi kimi, gəzmədiyi ocaq başı qalmır.
Bir əsərdə
yazılır ki, əqidəsini tez-tez dəyişən adamlar
namussuz adamlardır! İndi
gəl, belələrinə bir vəzifə
tapşır, gör, xalqın
başına nə oyun açırlar!
Tez-tez
şahidi oluruq, canbir qəlbdə olanlardan biri ilişən
kimi, o biri mətbuatda onun əleyhinə yazır, televiziyada,
yığıncaqlarda onun kölgəsini
qılınclayır. Hansı ki,
birlikdə uzun müddət çörək
kəsiblər, birlikdə işlər görüblər.
Necə deyərlər, çətin günlərin dostu olublar. Bax, belələri zaman
gözləyirlərmiş ki, sözlərini
desinlər. Zamanında qorxurdular, çəkinirdilər,
istədiklərini deyə bilmirdilər, yaza
bilmirdilər. Xalq arasında belələrinə
yıxılana balta çalan
deyirlər. Onlar Süleyman
Rəhimovun Mehman əsərində
yaratdığı Qaloş obrazı
kimidirlər. Fürsət axtarırlar...
Söz
demək üçün zamanı gözləyənlər mənim
nəzərimdə ən qorxunc adamlardır! Elələri
də var ki, zamanı
gözləyə-gözləyə ölüb
gedirlər bu dünyadan.
Ömür qısadır, axı! Nə sözün var,
zamanında de də!
Gənc
yaşlarımda hər şeyi başqa cür
görürdüm. Cinayətkarı, residivisti,
dövlət əmlakını dağıdanı tuturdular, hamı onu tərifləyir,
onun müsbət xüsusiyyətlərindən
danışırdı. Qırx yeddi il müəllimlik edən, xalqın
balalarına dərs deyən atamdan bunun səbəbini soruşdum.
Dedi ki, oğul, bizim xalq qəlbi yumuşaq,
ürəyiyanan, bir sözlə, humanist xalqdır. Ona
görə də, insanlarımızın həmişə dara düşənə ürəkləri
yanır, ona yardım etmək istəyirlər...
Sonradan başa düşdüm ki, ürəyiyumşaqlıq
bizim xalqa çox zillətlər gətirib. Amma gözləmirdim ki, yaşa dolanda insanların
bu qədər daşürəkli,
bir-birinə laqeyd olduqlarını hər
addımda hiss edəcəyəm. Nə isə...
İnsanların özlərini gözə soxmaq, riyakarlıq, nədənsə varlanmaq kimi xüsusiyyətləri illərdir məni çox düşündürür. Məsələn, dünyadan köçmüş bir rəhmətliyin yubileyinin keçirilməsi haqqında qərar qəbul olunan kimi, hamı sarılır qələmə, onu tanıyan da, tanımayan da haqqında yazır. Eləsi var, məqaləsi ilə böyük qəzetlərin səhifələrini doldurur. Yazını oxuyanda məlum olur ki, heç demə, bu, səhifələri dolduran vaxtilə yubilyarın tələbəsi olub. Qalıram baş sındıra-sındıra ki, görəsən, hörmətli tələbə indiyədək niyə müəllimi haqqında heç yerdə bir kəlmə də yazmamışdır? İllah ki, yubilyar tanınmış adamlardan birinin qohumu ola! Qələm əhli yarışa girir, hamı istəyir rəhmətliyə öz töhfəsini versin. Həyatını dəyişmiş insanı hamıdan yaxşı tanıyan, onu, həqiqətən, yüksək şəxs kimi qiymətləndirən adam isə susmalı olur. Düşünür ki, bu da yazsa, deyəcəklər üzgörənlik edir. Ümumiyyətlə, bəzən ölən adamı o qədər tərifləyirlər ki, Habil Əliyev demişkən, adam istəyir ölsün.
Mirzə Cəlil, Sabir, Əbdürrəhim bəy Haqverdiyev və b. sözü zamanında deyirdilər və yazırdılar. Lakin o vaxtlar sözü zamanında demək o qədər də asan deyildi və bütün zamanlarda asan olmayıb. Sözü zamanında deyənlər həmişə yüksək qiymətləndirilib, xalqın böyük hörmətini, sevgisini qazanıblar.
İndi
əli qələm tutanların çoxu elmi dərəcə,
orden, medal, fəxri ad, hətta, qocalanda Fəxri Xiyaban
haqqında düşünürlər. Nə var, nə var, oranın
havası onların xoşuna gəlib...
Belələri sözü zamanında deyə
bilərlərmi? Əlbəttə, yox!
Bəlkə
də, insanlar sözlərini demək istəyirlər, ancaq
deyə bilmirlər, ya da onlara imkan verilmir. Çünki
sözü zamanında deyənlərə qarşı
bütün zamanlarda Səlib yürüşü olub,
qaraguruhçular sözü zamanında deyənlərin
başına min bir oyun açıblar.
Qaraguruh həmişə olub, indi də var. Biri ağıllı, məntiqli söz deyən kimi, fikir söyləyən kimi, düşürlər
üstünə ki, yalan deyir. Əvvəla, sizdən soruşan yoxdur, yalan deyir,
yoxsa düz deyir. İkincisi, sizə heç kim ixtiyar
verməyib ki, kiminsə düz, kiminsə yalan söylədiyini araşdırasınız,
müəyyənləşdirəsiniz. Bu, məhkəməlik işdir. Üçüncüsü, elə bilirsiniz
ki, hamı yalan deyir, təkcə
siz düz deyirsiniz? Məntiqli fikir söyləyən
adamla özünüzü
müqayisə edin, görün, o kimdir, siz kimsiniz? Tərəziyə qoysalar, o ağır
gələr, yoxsa, siz?
Xalqın tanıdığı, dəyərləndirdiyi
insanlar var, öz dost-tanışlarından,
qohumlarından başqa
heç kimin tanımadığı adamlar
var. Ağıllı söz
deyənin, yazanın qarşısında bəziləri
sussalar yaxşıdır. Çünki
deməyə sözləri
yoxdur!
Qaraguruhçular hamısı eyni cür danışırlar,
sanki, hamısı eyni cür düşünürlər. Elə bil,
xüsusi məktəb
keçiblər. Bilirsinizmi, onların
hamısı niyə bir almaya bənzəyirlər?
Çünki heç birisinin
xüsusi istedadı, bacarığı, qabiliyyəti
yoxdur. Ona görə də
müstəsna qabiliyyətli
adamları gözləri
götürmür, dözə
bilmirlər, başlayırlar
onu qaralamağa.
Təəssüf ki, çox
vaxt da buna
nail olurlar. Məsələn, niyə filankəsin başında tük var, mənim tüküm tökülüb?
Niyə filankəsin
hörməti getdikcə
çoxalır, məni
heç sayan yoxdur? Niyə
filankəsin gözəl
nitqi var, mən iki kəlmə
sözü bir-birinin arxasına qoşub, danışa bilmirəm?
Niyə? Nə üçün?...
Belələri birdəfəlik anlamırlar
ki, dar ürəkliliklə,
xəbisliklə yaşamaq
mümkün deyil.
Gərək ürək
geniş olsun!
Ziyalı, xalqı arxasınca aparmalıdır, xalqın
arxasınca getməməlidir. Ona görə
də sözü zamanında deməlidir.
Zamanında deyiləsi çox
sözümüz var.
Əşhədi billahi əliyyət-əzim,
Sahibi-imanam,
a şirvanlılar!
Yox yeni bir dinə
yəqinim mənim
Köhnə müsəlmanam,
o şirvanlılar!
Köhnə müsəlmanam,
a şirvanlılar.
Dahi Sabirin kəlamlarıdır. Mən də müsəlmanam, axı! Müsəlman kimi də bir məsələyə toxunmaq istəyirəm.
Şərq ölkələrindən birində gecələr məscidlərdən havalanan,
camaatı dik atılmağa məcbur edən zil səslər haqqında mətbuatda çox yazıldı. İndi həmin
səsləri Bakıda
eşidirik.
Bəri başdan deyim ki, iman sahiblərinə
sonsuz hörmət və ehtiramım var və onlara
hörmət etməyin
hər bir müsəlmanın borcu olduğunu düşünürəm. Bəzən məscidlərdən
gələn səslər
adamı qəflət
yuxusundan ayıltmaq gücünə malikdir.
Amma ətrafda yaşayan körpələri, qocaları,
xəstələri nəzərə
alaraq, mikrofonlardan ətrafa yayılan səsləri azaltmaq olmazmı? Bəlkə, uca, müqəddəs
ayinləri daha incə şəkildə səsləndirmək olar?
Bu barədə düşünmək lazımdır.
Mən biləni, burada çətin bir iş yoxdur...
Bu düşüncələrimi nəhayət, özümlə
əlaqədar fikirlərimlə
bitirmək istəyirəm. Hamı bilir
ki, mən yazıçıyam. Satira, tənqid
yönümündə daha
çox yazıram.
Deyirlər ki, öz eyiblərini görməyən xalq xoşbəxt ola
bilməz. Gərək tənqid yazanda
da elə yazasan ki, heç
kimin heysiyyatına toxunmayasan. Təhqirə yol verməyəsən,
məqsədin ancaq və ancaq nöqsanları,
çatışmazlıqları, eybəcərlikləri tənqid
etmək, gücün
çatan tərzdə
onların həll olunması yollarını
göstərmək olsun.
Belədə, sənin yazdıqların
maraqlı çıxar,
insanların qəlbinə
yatar.
Görkəmli alim, professor Pənah Xəlilov yazır: Kim millətini sevmirsə, onun eyiblərindən yazanda eyibli çıxacaq. Kim millətini sevirsə
və eyibli nə görürsə, onu anlayırsa, yeri gələndə şirin, məlhəmli gülüşlə onu qarşılayırsa, bu, onun nəcabətidir, xalqa bağlılığıdır.
...Milli Akademik Teatrda Hərənin öz payı... adlı satirik pyesimin tamaşaya qoyulması üçün
teatrın direktorunun əmri verilmişdi. Bir neçə ay keçməsinə
baxmayaraq, məşqlər
aparılmırdı. Çox narahat oldum və
direktordan, rejissordan səbəbini soruşdum.
Bildirdilər ki, əsər repertuardan çıxarılmışdır,
klassik əsərlərin
tamaşaya qoyulması
məsləhət görülür. Burada heç bir məntiqin olmadığını
gördüyümdən, dedim
ki, deməli, mənim əsərim 700 ildən sonra tamaşaya qoyulmalıdır,
eləmi? Nə var, nə var, pyesimdə cəmiyyətdəki eybəcərlikləri
qələmə almışdım.
Əlbəttə, pyes
müvəffəqiyyətlə tamaşaya qoyuldu və mən sözün zamanını
700 il gözləməli
olmadım...
Söz zamanında deyilməzsə,
yazılmazsa, onun heç bir təsiri olmaz, insanlar qələm sahibinə inanmazlar...
Xeyrəddin QOCA,
yazıçı, publisist.
Xalq qəzeti.- 2013.- 20 mart.- S. 6.