Etnogenez, Azərbaycan xalqının və dövlətçiliyinin inkişaf tarixi

 

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin konfrans zalında “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli kimlik” konsepsiyasının hazırlanması layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər silsiləsindən “Etnogenez, Azərbaycan xalqının və dövlətçiliyinin inkişaf tarixi” mövzusunda ilk “dəyirmi masa”  keçirilmişdir. Tədbirdə qədim tarixin araşdırılması ilə məşğul olan alimlər (antropoloqlar, arxeoloqlar, etnoloqlar), dilçi alimlər, filosoflar, müxtəlif sahələr üzrə tədqiqatçılar, hüquqşünaslar, ictimai xadimlər, ali məktəb müəllimləri, tələbələr  iştirak etmişlər.

 

Müzakirədə vurğulanmışdır ki, hər hansı bir xalqın etnik tarixinin tədqiqi çox mürəkkəb araşdırma olub, bir alimin öhdəsindən gələ bilməyəcəyi qədər qəliz məsələdir. Bu, təkcə tarixçilərin deyil, mənbəşünas, arxeoloq, linqvist, etnoqraf, antropoloqların birgə işləməsini tələb edir. Çıxış edən natiqlər Azərbaycan xalqının etnogenezinin araşdırılması sahəsində çox az iş görüldüyünü və indiyədək etnogenez mövzusuna həsr edilmiş cəmi üç tədqiqat əsərinin mövcud olduğunu açıqlamışlar.

Müzakirədə bildirilmişdir ki, erməni və gürcü xalqları bu sahədə bizdən xeyli əvvəl xalqın etnogenezinin müəyyənləşdirilməsi sahəsində milli mənafeyə xidmət edən konsepsiya formalaşdırıblar. 1995-ci ildə Ermənistan Milli Elmlər Akademiyası iki cildlik “Erməni xalqının etnogenezi” əsərini nəşr etdirmişdi. Gürcülərdə bu qəbildən əsər daha erkən hazırlanmış, SSRİ dövründə nəşr olunmuşdur.

“Dəyirmi masa” da çıxış edən “Müsair İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, AMEA Tarix  İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə regional ofisinin rəhbəri Elçin Əskərov, AMEA Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Təvəkkül Əliyev, BDU tarix fakültəsinin dosenti, antropoloq Kərəm Məmmədov, BDU-nun dosenti, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu, ADPU-nun müəllimi, tarixçi Taleh Cəfərov, 21 saylı orta məktəbin direktoru, araşdırmaçı-yazar Ceyhun Bayramlı və digər iştirakçılar bu vəziyyətin aradan qaldırılması üçün müxtəlif təkliflər vermişlər.  Onlar Azərbaycan xalqının etnogenezinin hərtərəfli şəkildə tədqiq edilməsi və elmin bu məsələdə vahid mövqedən çıxış etməsinin zərurliyini vurğulamışlar. Bundan başqa, qədim və orta əsrlər yunan, latın, gürcü, erməni, pəhləvi-fars, ərəbdilli mənbələrin tənqidi mətninin hazırlanması və nəşri də vacib sayılmışdır. İştirakçılar mənbələrdən əldə edilmiş məlumatların təsdiq edilməsi üçün, Azərbaycan ərazisində arxeoloji tədqiqatlar zamanı əldə edilmiş müxtəlif insan qalıqlarının antropoloji tədqiqata cəlb edilməsini də səsləndirmişlər. Azərbaycan dilinin tədqiqi sahəsində uzun illər ərzində aparılmış uğurlu fəaliyyətin nəticələrinin ümumiləşdirilərək tədqiqatda istifadə edilməsi də vacib amil kimi tövsiyə olunmuşdur. Ən əsas məqamlardan biri kimi Azərbaycan xalqının etnogenezinin tədqiqi prosesində xalqın böyük şəxsiyyətlərin və hökmdar sülalələrinin etnik mənşəyinə də xüsusi diqqət yetirilməsi, Nizami Gəncəvi, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Babək, Cavanşir, Şah İsmayıl kimi tarixi simaların etnik mənşəyi ilə bağlı mövqeyinin və faktların daha da genişləndirilməsi, gücləndirilməsi də səsləndirilmişdir.

“Dəyirmi masa”da o da qeyd olundu ki, növbəti tədbirdən başlayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də layihəyə dəstək göstərəcəkdir.

Qeyd edək ki, “Milli kimlik” Konsepsiyası layihəsi çərçivəsində, cari il ərzində diskussiya və dəyirmi masaların davam etdirilməsi, ilin sonunda elmi konfransın təşkili və müvafiq tədqiqat kitabının nəşri planlaşdırılır.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 20 mart.- S. 7.