MART SOYQIRIMI: bəşəriyyət sussa da, faktlar susmur

 

XX əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı baş vermiş dəhşətli mart qırğınlarının miqyası o qədər böyük olmuşdur ki, bu hadisələr barədə kitablar toplusu yazılsa , filmlər çəkilsə belə, yenə də azdır. Ermənilərin uzun zamanlardan bəri xalqımıza düşmən kəsilməsi, sonsuz nifrət və ədavət bəsləməsi ötən əsrdə tam çılpaqlığı ilə üzə çıxdı. Biz son Qarabağ hadisələrindəki erməni vəhşiliyini bir kənara qoyaraq 95 il əvvələ – 1918-ci ilə ekskurs etməklə bunu bir daha aydın, qabarıq şəkildə görə bilərik.

 

1917-ci il oktyabr çevrilişindən sonra Romanovlar sülaləsinin devrilməsi və bolşeviklərin hakimiyyətə gəlməsi həm Rusiyada, həm də onun müstəmləkələrində bir sıra dəyişikliklərlə yadda qaldı. Artıq bir neçə il idi ki, xalqlar öz azadlıq və suverenliyini bərpa etmək üçün gizli və açıq şəkildə mücadilələr aparır və çarizmə müxtəlif formada dirəniş göstərirdilər. Rusiyada hakimiyyət böhranı və vətəndaş müharibəsinin yaşanması xalqların bir növ azadlıq arzularının məşəlinə çevrildi. Azərbaycan xalqı da öz vətənpərvər ziyalılarının arxasınca gedərək, dövlət müstəqilliyinin əldə olunması üçün səy göstərdi. Lakin bu arzuları boğmağa çalışan yeni qüvvələr meydana çıxdı. Bunlar bolşeviklər və ermənilər idilər. Əgər birincilər sadəcə siyasi quruluşu dəyişməklə, milli dövlətçiliyə son qoymağa çalışırdılarsa, ikincilər bütövlükdə yerli türk əhalini məhv edib, yerinə erməniləri köçürtmək və “böyük Ermənistan” yaratmağa cəhd edirdilər.

O zaman Bakıda hakimiyyətdə S.Şaumyanın başçılıq etdiyi Xalq Komissarları Soveti idi. Və bu qurum əslində bolşeviklərin və daşnakların arzularının icraçısına çevrilmişdi. Sual oluna bilər ki, axı bolşevik və daşnak ideologiyası fərqlidir. Necə ola bilər ki, Şaumyan sosialist düşərgəyə başçılıq edənlərdən biri ola-ola bu qırğınlarda iştirak etsin? Əvvəla, onu qeyd edək ki, bəli, bu ideologiyalar fərqlidir. Biri qatı erməniçilik xəstəliyinə tutulmuş ağlasığmaz iddialardan ibarət olan qurum və onun siyasi xətti, digəri isə sosialist-kommunist düşüncə tərzinin daşıyıcısı olan, yəni, insanlar arasında etnik və dini mənsubiyyət fərqi qoymadan “bərabərlik” anlayışını təbliğ edən ideologiya. Fərqi olmayan bir nüans var idi ki, o zaman bunu aşkar etmək çox çətin və xüsusilə sağlam əqidəli sosialistlər tərəfindən mümkünsüz idi. Bu, Stepan Şaumyan varlığı idi. Bu şəxs ilk baxışda bolşevik təsiri bağışlasa da, əslində ən qatı daşnak liderlərdən biri idi. Sadəcə bolşevik çuxasında gizlənmiş və özünün cinayət əməllərinə haqq qazandırmaq üçün fəaliyyətə keçmiş Şaumyanın türk düşməni Andronikdən heç bir fərqi yox idi. Mart soyqırımlarına başçılıq etməsi onun bir daha mübaliğəsiz bir daşnak olduğunu üzə çıxarır. Bu onu göstərir ki, Şaumyan sadəcə sosialistlərin düşərgəsinə “Daşnaksütyun” tərəfindən “yeridilmiş” kadr idi.

 AMEA-nın müxbir üzvü, tarixçi Yaqub Mahmudov daşnaklara haqlı xarakteristika verir: “Daşnaksütyun” partiyası, faktiki olaraq, hər biri 10 nəfər “döyüşçüdən” — terrorçudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, “Daşnaksütyun” siyasi partiya deyil, silahlı terror təşkilatı idi. “Hnçaq” və “Daşnaksütyun” terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparır, “yarışırdılar”. Rəsmi proqramlarında terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər “Türkə ölüm!” çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar.” Bu baxımdan proqramında silahlı mübarizəyə nisbətən yer ayırsa da, ümumilikdə irqçilik baxışlarından uzaq bir firqə təsiri bağışlayan sosialistlər daşnaklarla yaxın ola bilməzdi. Ümumiyyətlə, sosialistlərlə daşnakların yaxınlaşmasını Yelizavetpol qubernatoru A.Kaçalov Qafqaz canişininə etdiyi məruzələrində belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksütyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişdir. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır”. Sadəcə, daşnaklar həmişə olduğu kimi belə məqamda da özlərini yaxşıca komuflyaj etməyi bacarmışdı.

1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində amansız qarət və qırğınlara start verildi. Tarix elmləri doktoru Həcər Verdiyeva yazır ki, “1918-ci ilin fevralında Türkiyənin Ərzurum vilayətində Andronikin quldur dəstələri ağlasığmaz cinayətlər törədir. Həmin dövrdə erməni millətçilərinə himayədarlığı Rusiya bolşevikləri edir və V.Lenin hökuməti təmənnasız olaraq 6194784 rubl vəsait ayırır. Türkiyə ermənilərinə muxtariyyət dekretini həyata keçirmək məqsədilə bolşevizmi süngü ucunda yaymaq prinsipinə əsaslanan V.Lenin və onun kampaniyası S.Şaumyana Şərqi Anadoluda sovet hakimiyyətini qurmağı tapşırır və Qafqazın fövqəladə komissarı mandatını ona verir. Lakin Kiçik Asiyaya tələsməyən və bu tapşırığın reallıqdan uzaq olduğunu başa düşən S.Şaumyan Bakıda mart qırğınlarının “ilhamvericisi olur”.

 İlk olaraq Bakıda başlayan qırğınlar təqribən 12000 insanın həyatına son qoydu. Belə ki, Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” Partiyasının qələbə qazanması daşnak-bolşevik qüvələrin daha da radikallaşmasına səbəb oldu. Azərbaycanda ən güclü siyasi partiya “Müsavat” hesab olunurdu. Bu partiyanın əsas hədəfləri Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyəti idi. S. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər, Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının rəhbərləri “Müsavat”a qarşı müharibəyə başladılar. Əslində, bu partiyalararası mübarizə yox, xalqlararası qarşıdurmaya və daha doğrusu, yerli azərbaycanlı əhaliyə qarşı əsl genosidə çevrildi. Belə bir vaxtda Azərbaycan milli qüvvələri həm sayca az, həm də olduqca pis silahlanmış vəziyyətdə idi. Şaumyan yaxşı bilirdi ki, çarizm dövründə azərbaycanlı gənclər əsgərliyə aparılmırdı. Bunun nəticəsində isə bu xalq silahla necə davranmaq lazım olduğunu unutmuşdu. Buna görə də yerli əhaliyə “dərs vermək” üçün ömrü boyu arzuladığı şərait yetişmişdi. Martın 29-da müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin şəxsi heyətinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. H.Z.Tağıyevin 1918-ci il martın 17-də həlak olmuş oğlu Məhəmmədin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət dəstəsi mərhumu dəfn etdikdən sonra “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış bolşeviklər müsəlman dəstəsindən silahı yerə qoymağı tələb etdi. Dəstənin rədd cavabı gəldikdən sonra onlara tüfəng və pulemyotlardan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

 Mart soyqırımı ilə bağlı tədqiqatlar aparmış professor Anar İskəndərov yazır: “Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Sovetdə olan daşnaklar Sako Saakyan, Arakelyan və başqaları bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar. Bu baxımdan Erməni Milli Komitəsi xüsusi fəallıq göstərirdi. Müsəlmanlara qarşı talanlar Şamaxı, Göyçay, Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə Azərbaycanın bütün bölgələrini bürümüşdü.” (4) Şaumyanın başçılıq etdiyi ordunun bolşeviklərdən daha çox ermənilərdən təşkil edilməsini erməni alimi Q.Avetisyan da təsdiqləyir. O qeyd edir ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”.

 Bu minvalla Bakı qəzasında baş verən qırğınlar öz dəhşətli mənzərəsini tez bir zamanda ortaya qoydu. Küçələr minlərlə günahsız insanların meyitləri ilə dolu idi. Ermənilər bu qırğınlarda heç kəsə, hətta körpələrə də rəhm etmirdilər. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti anti-müsavat kampaniyası adı altında bütün qəza əhalisinə divan tutmuşdu. Bu barədə Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram -doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.

 Beləliklə, qırğınlar nəticəsində Bakının Məhəmmədli və Zibillidərə məhəllələrinin əhalisi, demək olar ki, son nəfərinə qədər qılıncdan keçirildi. Professor Xaqani Məmmədov yazır: “Ermənilər azərbaycanlılara məxsus bütün evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin yerləşdiyi “İsmailiyyə” binası vəhşicəsinə yandırılmışdı. “Təzə pir” məscidinin minarələri mərmilərlə dəlik-deşik edildi. Bir sıra yerlərdə döyüşən əsgərlərə erməni ziyalılarının rəhbərlik etməsi faciənin milli zəmin üzərində qurulduğunu qəti sübut edirdi. Ermənilərin törətdikləri vəhşiliklərin canlı şahidi olan görkəmli siyasi və ictimai xadim S.C.Pişəvəri yazırdı ki, 1918-ci il martın 30, 31 və aprelin 1-də gecəli-gündüzlü qırğınlarda çoxlu müsəlman öldürüldü. Ölənlərin sayı 10 mindən artıq idi. Pişəvəri yazırdı ki, 1918-ci ildə ermənilərin vəhşiliklərini, meyitlərin yandırılmasını öz gözləri ilə görüb.”

Bu kimi vəhşiliklər təbii ki, tək Bakıda deyil, Azərbaycanın əksər bölgələrində həyata keçirilir və yerli əhali vəhşicəsinə qətlə yetirilirdi. Təkcə Şamaxı hadisələri bir millətin soyqırımına məruz qalmasını sübut etmək üçün ən bariz nümunədir. Azərbaycanın tarixi antik dövrlərə gedən Şamaxı şəhərində mənfur Lalayevin başçılıq etdiyi bolşevik-daşnak qüvvələrin törətdiyi əməllər heç bir insanlıq müstəvisində müzakirə oluna bilməz. Ən yırtıcı vəhşi heyvanlar belə öz şikarlarına bu cür vəhşiliklə rəftar etmirlər ki, ermənilər dinc, silahsız Şamaxı əhalisinə belə divan tutmuşlar.

Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, “martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.”

Ermənilər Şamaxının 83 kəndinə hücumlar təşkil etmiş, 53 kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilmişdir. Təkcə Şamaxının 2 kilometrliyində yerləşən Əngəxaran kəndində erməni quldurları dəhşətli qırğınlar həyata keçirmişlər. Martın 18-də sübh çağı Şamaxının 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Müdafiəsiz kəndə soxulan düşmən tərəfindən Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var.

 Qaniçən Lalayevin türklərə nifrəti o qədər amansız idi ki, törədilən cinayətlər hətta onun ətrafında olanların da etirazına səbəb olmuşdu. Onun silahdaşı olan İ.Boqomolov bu hadisələrdə göstərdiyi qəddarlıqlara görə Lalayevdən şikayət etmişdi. İ.Boqomolovun A.Caparidzenin adına göndərdiyi müraciətdə deyilirdi: “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs edəsiniz. O, çoxlu sayda qadın və uşaq öldürmüş, evləri qarət etmişdir. Əmirov onu həbs etmək istədikdə qaçıb gizlənmişdir. Hamı təsdiq edir ki, o, məscidi yandırmış və orada çoxlu qadın qətlə yetirmişdi.” Lakin Lalayevin arxasında Şaumyanın və onun digər erməni cəlladlarının necə durduğu hər kəsə bəlli idi. Ona görə də Lalayevi nəinki həbs etmirlər, üstəlik o, qırğınları daha da şiddətləndirməklə ən iyrənc cinayətlərə imza atırdı.

 Hadisələr zamanı Şamaxıda gecə qaça bilməyənlərin hamısı öldürülmüş, qaçıb canını qurtaranların böyük bir hissəsi isə aclıqdan və soyuqdan ölmüşdülər. Nə dünya müharibəsində, nə də ondan sonra, heç bir əhali şamaxılıların başına gətirilən bu cür müsibətlər görməmişdir. Bu faciə özlərini müsəlmanların dostu kimi göstərən bolşeviklərin bayrağı altında ermənilər tərəfindən törədilmişdi.

 “Şamaxı soyqırımı” kitabının müəllifi, tarixçi Məhərrəm Zülfüqarlı öz əsərində qeyd edir ki, “Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.”

Bütövlükdə, Şamaxı qırğınlarına nəzər salsaq görərik ki, cəllad Lalayevin başçılıq etdiyi qoşun tərəfindən qəzanın 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət, şəhərin bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə sayılan və 800 yaşı olan “Cümə məscidi” yandırılmışdır. Bu faktları Fövqəladə Təhqiqat Komissiyasının tərtib etdiyi aktlar da təsdiqləyir.

 Şamaxı hadisələri ilə bağlı “Azərbaycan” qəzetində gedən bir yazıda qeyd olunmuşdu ki, S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.

 Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı, Kürdəmir və Göyçay qəzasının Cəngi, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli kəndlərində, Sultanov və Sadalı malikanələrində ermənilərin törətdikləri vəhşilikləri də tədqiq etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər Kürdəmirdə 56 evi, 127 ayrıca malikanəni, 2 məscidi, “Quran”ın təfsirinə dair zəngin kitabxananı yandırmışlar.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 29 mart.- S. 5.