Mart soyqırımı: bəşəriyyət
sussa da, faktlar susmur
(əvvəli qəzetin 29 mart
sayında)
Şamaxı
qırğınları ilə paralel Quba şəhərinin əhalisinə
qarşı da amansız divan tutulmuşdur. Ərzurum ermənisi
olan və Türkiyədə əli saysız-hesabsız
türkün qanına batmış, Hamazasp Quba
qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı
arxiv materiallarında öz təsdiqini tapan
çıxışından da bəlli olur. Hamazasp şəhər
məscidinin yanındakı meydanda
toplaşmış müsəlmanlara müraciətlə
bildirmişdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət
türklərə qarşı vuruşmuşam. Mən erməni
mənafelərinin müdafiəçisiyəm. Mən Sovet
hökuməti tərəfindən cəza dəstəsi ilə
buraya göndərilmişəm ki, sizdən iki həftə
bundan əvvəl burada öldürülmüş ermənilərin
qisasını alım. (O, əlini üzərində toplar
dayanmış dağa tərəf tutaraq) sizin müsibətiniz
o vaxt başlayacaq ki, mən sabah o dağa qalxım. Sabah mən
o dağa qalxaraq şəhəri topa tutduracaq və yerlə
yeksan edəcəyəm. Hazırda mənim Didax və Alpan kəndlərində
döyüşlərim gedir. Sonra Uçgün və Kilit kəndlərinə
keçərək sizləri odlara yaxacaq və Şahdağa
çatacağam. Onda başa düşərsiniz ki, erməniləri
öldürmək nə deməkdir. Mən buraya qayda-qanun
yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil
öldürülmüş ermənilərin qisasını
almaq üçün göndərilmişəm”. Burada Hamazaspın on gün öncə
öldürülən ermənilərin qisasını
almağa gəlməsini qeyd etməsi sayca nisbətən az
erməni dəstələrinin Qubaya gözlənilməz
basqını və ləzgi silahlıları tərəfindən
onların darmadağın edilməsini nəzərdə
tuturdu. Bu dəfə onun rəhbərliyi ilə ermənilər
daha yaxşı silahlanmış və nizami qoşun dəstələri ilə
Qubaya gəlmişdi. Və kiçik özünümüdafiə
dəstələrinin onların qarşısında duruş gətirməyi
mümkünsüz idi. Hamazasp bu fürsəti əldən
vermədi. Şaumyan və
Korqanovun təşkilatçılığı ilə
daşnak Hamazaspın dəstələri Quba
şəhərində və qəzanın 122 kəndində vəhşiliklər
törətmiş, qətliamın birinci günü şəhərdə
713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını
qətlə yetirmişlər.
Quba şəhərində 3 minədək
dinc sakin qətlə
yetirilmiş, 105 ev və digər tikililər tamamilə
yandırılmışdır. Ümumiyyətlə Quba faciəsi
barədə rəqəmlər müxtəlifdir. Professor A.
İskəndərov yazır: “Təhqiqat
materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin
sayı 5 mindən artıq olmuşdur. Ona görə də
onlar silahsız dinc əhaliyə azğınlıqla divan
tuta bilmişdilər. Həmin
azğınlığın miqyasını təsəvvür
etmək üçün iki gün ərzində yalnız
Quba şəhərində 4 minədək müsəlmanın
öldürüldüyünü xatırlamaq kifayətdir. Bu
rəqəm Quba şəhər əhalisinin beşdə biri
demək idi... Hamazaspın vəhşilikləri nəticəsində
1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında
üst-üstə 16 mindən çox insan məhv
edilmişdir.”
Qubaya ilk
olaraq dəstə ilə göndərilən və
ağır döyüşlərdən sonra qovulan David
Gelovanin Fövqəladə
İstintaq Komissiyasına verdiyi ifadəsindən də
aydın olur ki, Hamazaspın silahlı dəstəsi siyasi məqsəd
üçün deyil, sadəcə müsəlman xalqından
intiqam almaq məqsədilə “Daşnaksütyun” partiyası
tərəfindən göndərilmişdi.
Göründüyü
kimi, mənfur Şaumyanın və onun əlaltıları
olan Hamazasp, Lalayev, Əmirov və digərlərinin vəhşi
əməlləri nəticəsində Azərbaycanda yerli əhali
amansızcasına qırılır və insanların
mal-mülkü qarət olunur, dağıdılır və
yandırılırdı. Bütün bunlara sovet hakimiyyətinin
qurulması adı verilməyə cəhd göstərilsə
də, əslində faktlar da sübut edir ki, bu hadisələrin
ən ümdə səbəbi “böyük Ermənistan”
xülyasının gerçəyə çevrilməsi istəyi
və türklərə olan qeyri-insani nifrətin nəticəsi
idi.
Daşnaklar
Azərbaycanın müxtəlif regionlarında etnik təmizləmə
siyasətini xüsusi amansızlıqla həyata
keçirirdi. Türk ordusunun zərbələrindən
qaçan ermənilər başda quldur Andronik olmaqla İrəvan
quberniyasının ərazisinə soxulmuş və Zəngəzur,
Göyçə,Dərələyəz, Naxçıvan və
Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar
aktlar törətmişdilər. Zəngəzur qəzasında
baş verən qırğınlar mart
soyqırımılarının ən dəhşətli
ssenarilərindən biri idi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər
tərəfindən dağıdılaraq yer üzündən
silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin
adları sadalanır. Məruzədə göstərilən 115 kənd yandırılmış, əmlakı oğurlanıb aparılmış, ərazisi zəbt olunmuşdur. Bu kəndlər
məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər
törədilmişdir ki, onları ayrı-ayrı kəndlər
üzrə göstərməyə imkan yoxdur. Ermənilərin
dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi
vəhşiliklər haqqında təhqiqat komissiyasının
aktları, onlara əlavələrdə kifayət qədər
məlumatlar vardır. Yuxarıda göstərilən 115 kənd
üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq
öldürülmüş, 1060 kişi, 794 qadın və 485
uşaq yaralanmışdır. Nəticədə, tam olmayan məlumata
görə təkcə Zəngəzur qəzasında
komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülüb və
ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər
hələ erməni vəhşilikləri haqqında tam məlumat
vermir. Belə ki, erməni vəhşiliklərinin
qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli
qarışıqlıq şəraitində onları
tam şəkildə müəyyənləşdirmək mümkün
olmamışdır. Azərbaycan
Respublikası parlamentinin üzvü Cəlil Sultanov
yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: “Zəngəzur
qəzası İrəvandan on
top və pulemyotlarla gəlmiş nizami
ordu tərəfindən
tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən
nizami erməni ordusunun sayı on minə çatır.
Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk
xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən
Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd
Qarabağ erməniləri ilə
birləşməkdir. Nəticədə
Naxçıvanla əlaqəni
tamam kəsmək, beləliklə də həm Qarabağ və
həm də Naxçıvan məsələsini birdəfəlik
həll etməkdir. Artıq kağız üzərindəki
etirazlara son qoymaq, iki yüz mindən
yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış
xain ermənilərin
iç
üzünü
açıb
dünyaya
çatdırmaq
vaxtı gəlib çatmışdır.
Xahiş edirəm təcili tədbir
görün ki, heç olmasa, Şuşa və Cəbrayıl
qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir.
Yubanmaq xalq və Vətən qarşısında cinayət və
satqınlığa bərabərdir”
Cəlil
Sultanovun həyəcanla dolu teleqramlarına nəzər
saldıqda həqiqətən o dövrdə vəziyyətin
necə mürəkkəb və acınacaqlı olduğunu
hiss etməmək olmur. Zəngəzur
qırğınları, demək olar ki, Ermənistanın bu
bölgəni öz tərkibinə qatmaq və Qarabağa
daxil olmaq üçün yeganə dəhliz və ələdüşməz
fürsət idi. Bu baxımdan ermənilər maksimum
imkanlarından istifadə edərək Azərbaycanın bu qədim
ərazisinə qarşı türksüzləşdirmə və
erməniləşdirmə siyasətini yubanmadan və cəlladlıqla
davam etdirirdilər. 1920-ci il yanvarın 24-də Cəbrayıldan C. Sultanovun Azərbaycan Parlamenti
adına göndərdiyi
son teleqramında deyilirdi: “Bütün teleqramlarıma əlavə olaraq hərbi əməliyyat yerindən məlum
edirəm ki, Zəngəzur sarıdan başınız sağ
olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədlərində — Əkərə çayı ətrafında cəmləşdirirlər.
Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və
hiyləgərliyi
qurbanlarının sayı
hesaba gəlməzdir. Yalvarıram, təcili və qəti tədbirlər
görün”. Məsələ burasındadır ki, erməni
quldurları qırğınlarda bütün “sərhədlər”i
keçərək yerli əhalini ən murdar
metodlarla-qadın,qoca, uşaq, hamilə bilmədən qətlə
yetirir, zorlayır, başlarını süngülərə
keçirir, diri-diri damğalayır, döşlərini kəsir,
dərilərini soyur və yandırırdı.
Onlar bu
cür iyrənc əməllərini Zəngəzurla
yanaşı Qarabağda da həyata keçirmişdilər.
Şıxımlı, Kövşatlı, Divanlılar,
Çaraküz, Mərzili, Təkli, Tuğ, Axullu, Məlikli,
Məzrə, Eyvazlı, Dolanlar, Şıxlar və digər
saysız hesabsız kəndlər ermənilərin amansız
basqınlarına məruz qalmış minlərlə sakinləri
qətlə yetirilmiş, təhqir olunmuş, əmlakları
isə qarət edilmişdir.
Konkret olaraq Cavanşir qəzası ərazisində ermənilər
yaşına, cinsinə fərq qoymadan uşaqlara,
qadınlara, qocalara və hətta şikəstlərə belə
aman vermədən azərbaycanlılara qarşı
çoxsaylı ölüm aktları həyata
keçirmişlər. Bir çox hallarda isə onlar ağlasığmaz qətl formaları tətbiq
etmişlər. Professor Ataxan Paşayev qeyd edir ki, Umudlu kəndində
Süleyman Qazax Aslan oğlu, Məmməd Məşədi
Paşa oğlu və Kazım Atam oğlu
ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra
isə onların cəsədlərini doğrayaraq hər
hissəsini bir yerdən
asmışlar. Həmkəndliləri onları
bu vəziyyətdə tapanda hansı hissəsinin kimə
mənsub olduğunu belə ayırd edə bilməmişdilər.
Hacı Qərvənd kəndində qətlə yetirilmiş
Zeynəb Şirin qızının döşləri kəsilmişdir.
Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin
sakinləri Ramazan Novruzəli oğlu, Qönçə
Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli
oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdı.
Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli
İmam oğlu Qazançı kəndi yaxınlığında
saxlanılmış, vəhşiliklə
öldürülmüş və
yandırılmışdı. Güneyqaya-Sırxavənd kəndinin
sakinləri Şərit İsmayıl oğlu və Rəcəb
Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən
başları kəsilib aparılmış şəkildə tapılmışdır. Ermənilərin
Qarabağda törətdiyi ölçüyəgəlməz
dağıntılar 100 milyonlarla hesablanmışdır. Azərbaycan
hökuməti ermənilərə qarşı bütün bu
etdikləri xəyanətlərə baxmayaraq, hər dəfə
səbrlə yanaşmış və bölgədə
sülh və əmin-amanlığı bərpa etməyə
təşəbbüs göstərmişdir.
Qarabağın
general-qubernatoru azərbaycanlıları ermənilərin
mümkün təxribatlarına qarşı son dərəcə
dözümlü olmağa çağırmış və
buna şəxsən nəzarət etmişdir. Lakin
bütün bu jestlərə baxmayaraq, Qarabağın erməni
əhalisi Azərbaycan hökümətini tanımamış
və o zaman “Ararat respublikası” adlanan Ermənistandan gələn
göstərişlərlə hərəkət etmişlər.
Qarabağ ərazisində ermənilərə Sokrat bəy MəlikŞahnazarov,
Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş
İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy
İşxanov qardaşları və başqaları rəhbərlik
edirdilər. Ermənilər cidd-cəhdlə təxribat-pozuculuq
hərəkətləri etməklə Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinə
tabeçilikdən boyun qaçırırdılar. Lakin
general-qubernator X. Sultanovun ciddi səyləri nəticəsində 1919-cu
il avqust ayında Azərbaycan hökuməti
ilə Qarabağ Erməni Milli
Şurası
arasında deklarasiya imzalanır. Bu
deklarasiya ilə Qarabağ
erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti
isə onlara mədəni -milli muxtariyyət hüququ verirdi.
Şübhəsiz ki, ermənilər üçün yazılı sənəd və ya
müqavilə, verilən söz heç bir əhəmiyyət
daşımırdı, ona görə də bu tanıma
qeyri-səmimi idi. Sonrakı hadisələr, bolşevik
işğalı ilə paralel Qarabağda yenidən alovlanan
erməni üsyanları da bunu sübut etdi.
Beləliklə,
Azərbaycanın müxtəlif yerlərində — Bakı,
Şamaxı, Quba, Zəngəzur, İrəvan,
Naxçıvan, Salyan, Lənkəran, hətta Güney Azərbaycanın Urmiya, Salmas, Xoy, Mərənd və
digər şəhərlərində baş verən
türk-müsəlman soyqırımları nəticəsində
xalqımız yüz minlərlə övladını itirdi. Əhalinin
min bir əziyyətlə ərsəyə gətirdiyi
ev-eşikləri yağmalandı, yerlə-yeksan edildi, tarixi
abidələrimiz, məscidlərimiz, mədrəsələrimiz,
qədim əlyazmalar saxlanılan kitabxanalarımız
dağıdıldı, insanların inanc yerləri hesab olunan
ziyarətgahlarımız, məscidlərimiz, müqəddəs
kitablarımız yandırılaraq məhv edildi. Bir sözlə,
başlanğıcını kütləvi surətdə
1918-ci il mart ayından etibarən götürən azərbaycanlıların
soyqırımı xalqımıza həm fiziki, həm də
mənəvi cəhətdən
sarsıdıcı zərbə vurdu. Üstündən
yüz ilə yaxın bir müddət keçməsinə
baxmayaraq hələ də ermənilərin öz
havadarlarının dəstəyi ilə xalqımızın
başına gətirdiyi müsibətlər xatirələrdən
silinmir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 30 mart.- S. 4.