Dövlət İdarəçilik Akademiyası Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilmişdir. Bu barədə qərar 2013-cü ilin mart ayında qurumun Brüsseldə yerləşən baş qərargahında qəbul edilmişbaş direktor Rolet Loretanın imzası ilə Dövlət İdarəçilik Akademiyasına rəsmi məktub ünvanlanmışdır.

 

Dünyanın bir çox nüfuzlü dövlət idarəetmə akademiya və institutlarını birləşdirən bu qurumun əsas məqsədi idarəçilik sahəsində çevik mexanizmin yaradılması, idarəetmədə innovativ metodların işlənməsi, demokratik dəyərlər, sivil-hüquqi dövlət quruculuğu, qloballaşma dövründə inteqrasiya prosesinin inkişafında elm və təhsil qurumlarının rolunun daha da gücləndirilməsi və digər mühüm missiyanı əhatə etməkdir. Azərbaycandan bu beynəlxalq quruma ilk dəfə Dövlət İdarəçilik Akademiyası üzv qəbul edilmişdir.

Respublikamızda elm-təhsil sahəsində qarşılıqlı təcrübə, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətini nəzərə alaraq Dövlət İdarəçilik Akademiyasında da bu sahədə işlər həyata keçirilməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqinin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi yüksəlişində, rəqabətə davamlı insan potensialının və davamlı inkişafa zəmin yaradan biliyin formalaşmasında elmin, təhsilin müstəsna roluna göstərilən diqqət Azərbaycanın müasir dünyaya inteqrasiya prosesinin tərkib hissəsidir. Bu prioritetləri nəzərə alaraq Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindəki məqsədi elmə söykənən, təcrübə tərəfdaşlıqlarını genişləndirmək, innovasiyaları təbliğ etmək, yeni nəsil tərəfdaşlıq modelini hazırlamaqdan ibarətdir.

 Üzvlükdə əsas diqqət elm, təhsil, eləcə də, bilik və bacarıqların təkmilləşdirilməsi, onların qarşılıqlı faydalı mübadiləsinə töhfə verməyə yönəldiləcək.

 

 

Ə.BƏDƏLOV

 

 Xalq qəzeti.- 2013.- 29 mart.- S. 5.