AMEA-nın Şərqşünaslıq İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur

 

Martın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanının əhəmiyyətini vurğulamış, ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri vəhşiliklərdən söhbət açmışdır.

Bildirilmişdir ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri genişmiqyaslı soyqırımı hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan evindən, öz el-obasından didərgin düşmüşdür. Erməni millətçiləri keçən əsrin müxtəlif mərhələlərində - 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə qanlı faciələr törədilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin faciəli səhifələri unudulmamalı, tarixi həqiqətlər gənc nəsillərə çatdırılmalıdır.

 Tədbir çərçivəsində institut əməkdaşlarının yazdıqları, eləcə də Cənubi azərbaycanlı müəlliflərdən tərcümə etdikləri ermənilərin həm Şimali, həm Cənubi Azərbaycanda xalqımıza qarşı törətdikləri soyqırımına həsr olunmuş kitabların təqdimatı olmuşdur.

Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin  “Azərbaycanlıların soyqırımı sənədlərdə” və “Quba. Aprel-may 1918-ci il. Müsəlman qətliamları sənədlərdə” , Tohid Məlikzadə Dilmaqaninin  “Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində - soyqırımı” kitabları və digər nəşrlər barədə ətraflı məlumat verilmişdir . Bildirilmişdir ki, böyük əhəmiyyət daşıyan bu kitablar erməni millətçiləri tərəfindən yürüdülən siyasətin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbələrdir.

 

 

Xalq qəzeti.- 2013.- 30 mart.- S. 5.