Nəsimi rayonunda soyqırımı ilə bağlı
tədbir keçirilmişdir
Nəsimi rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.
Əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, tarix boyu təcavüzkar siyasət yeridən, “dənizdən-dənizə böyük Ermənistan” xülyasından əl çəkməyən ermənilər xalqımızı zaman-zaman soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli dəstəyi ilə onu əzəli torpaqlarından çıxarmağı məqsədinə çevirmişdir.
1918-ci ilin mart qırğınları zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri və mədəniyyət abidələri məhv edilmişdir. 1988-ci ildə ermənilərin Qarabağı Azərbaycandan qoparmaq məqsədilə başladıqları müharibə nəticəsində isə minlərlə insan amansızlıqla öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
N.Məhəməliyev demişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bu cinayətlər ulu öndərimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam dolğunluğu ilə əksini tapmış və bununla da soyqırımına siyası və hüquqi qiymət vermək imkanı yaranmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, bu mühüm sənəd həm tarixə obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də uydurma “erməni soyqırımı” ilə bağlı düşmənlərimizin təbliğatına güclü zərbədir.
Sonra rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xalid Kərimov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev və başqalarının çıxışları dinlənildi.
Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 30 mart.- S. 5.