ERMƏNİLƏRİN
1905-1906-cı İLLƏRDƏ Zəngəzur qəzasında
törətdikləri qırğınlar
XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar, soyqırımlar və deportasiyalar həyata keçirilmişdir. Erməni silahlı dəstələri ilk dəfə ötən əsrin əvvəllərində silah gücünə müəyyən ərazilərdən azərbaycanlıların etnik təmizlənməsinə nail olmuşlar. Xalqımızın başına gətirilən bütün soyqırımı faciələrinə 1998-ci ildə hüquqi-siyasi qiymət verilmişdir. Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun əməkdaşı, Dövlət Mükafatı laureatı Nazim Mustafanın xalqımızın başına gətirilən faciələr silsiləsinin bir mərhələsi olan 1905-1906-cı illərdə Zəngəzur qəzasında törədilən qırğınlar haqqında məqaləsini oxuculara təqdim edirik.
Zəngəzur qəzasının ərazisi 7,827 kv. km olmaqla, Yelizavetpol quberniyasının ərazicə ən böyük qəzalarından biri idi. Bu qəza İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan, Yelizavetpol quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl qəzalarının əhatəsində, Araz çayı ilə İranla həmsərhəd idi. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də isə ermənilər yaşayırdılar. 1897-ci il siyahıyaalmanın nəticələrinə görə, qəzanın 138 min nəfər əhalisindən 71 min nəfərini türklər, 1807 nəfərini kürdlər, 62540 nəfərini ermənilər, min nəfərini isə qeyri millətlərin nümayəndələri təşkil edirdi. Qəza o dövrün inzibati bölgüsünə görə 5 polis sahəsinə bölünmüşdü.
Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə o dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Tarix Arxivində saxlanılan 46, 62, 183, 484 sayli fondların sənədləri içərisində həm erməni siyasi partiyalarının əsl mahiyyətini açan, həm də ermənilərin törətdikləri qırğınların miqyasını göstərən və hələ də elmi araşdırmalar dövriyyəsinə cəlb edilməyən xeyli miqdarda sənədlər mövcuddur. Həmin dövrdə nəşr edilən qəzetlərdə, xüsusən də Bakıda rus dilində nəşr edilən “Kaspi” qəzetində hadisələri xronoloji ardıcıllıqla əks etdirən məqalələr dərc edilmişdir. “Kaspi” qəzetində, həmçinin 1905-1906-cı illər qırğınlarına aid digər dövri nəşrlərdə, xüsusən də “Novoeobozrenie”, “Tiflisskiylistok”, “Sankt-Peterburqskienovosti” qəzetlərində, habelə ermənicə nəşr edilən qəzetlərdə dərc edilən məqalələri buna misal göstərmək olar. Zəngəzurda baş verən qırğınlar müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə çap edilən (Bakı, 1993) əsərində Zəngəzur qəzasının Sisyan və Vağudi kəndlərində ermənilərin törətdikləri qırğınlar və müsəlmanların ələ aldıqları əks tədbirlər haqqında yığcam olsa da məlumat verilmişdir. M.S.Ordubadinin “Qanlı illər” (Bakı,1911) əsəri Azərbaycan dilində 1905-1906-cı illər qırğınlarına həsr olunmuş ən sanballı əsər olsa da, yalnız Zəngəzur qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar öz əksini tapmışdır. Halbuki ermənilər 1905-ci ilin may ayından etibarən fasilələrlə Zəngəzurda terror və qırğınlar törətmişlər.
1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, ermənicə) əsərində Gəncə quberniyasının səkkiz qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu kimi böyük miqyasda və uzun sürən olmadığı xüsusilə vurğulanır. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və 1897-ci il ümumrusiya siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir.
Digər erməni müəllifləri S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ. Alibekovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illər qırğınlarının əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.
İndi isə qırğınların törədilməsindən öncə mövcud olan vəziyyətə nəzər salaq. XIX əsrin sonlarında formalaşan “Armenakan”, “Daşnaksütyun” və “Hnçak” erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə nail olmaq üçün əvvəlcə Türkiyənin Şərqi Anadolu vilayətlərində, sonra isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş və terror aksiyaları həyata keçirmişlər. 1895-1896-cı illərdə Şərqi Anadoluda xarici qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşamışdısa, 1908-ci ildə 1 milyon erməninin yaşadığı qeydə alınmışdı. Deməli, təkcə bu dövrdə kənardan Cənubi Qafqaza 100 min erməni gəlib yerləşmişdi.
Bununla belə, XX əsrin əvvəllərində İrəvan quberniyasının 7 qəzasından 4-də, Yelizavetpol quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. Hər iki quberniyada torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində cəmləşmişdi. Erməni siyasi partiyaları öz nizamnamələrində nəzərdə tutulduğu kimi, məqsədlərinə çatmaq-yəni sənaye müəssisələrini və torpaqları ələ keçirmək üçün ciddi hazırlıq işləri görmüşdülər. 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz niyyətlərini həyata keçirsinlər. Ermənilərin başlıca məqsədləri isə Bakıda və Cənubi Qafqazın digər şəhərlərində sənaye müəssisələrini, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında isə silah gücünə etnik təmizləmə həyata keçirməklə yeni-yeni torpaqlar ələ keçirməkdən ibarət idi.
Cənubi Qafqazda başlıca olaraq “Daşnaksütyun” və “Hnçak” partiyaları öz yerli təşkilatlarını yaratmış və nüfuz dairələrini genişləndirmək uğrunda bir-biriləri ilə mübarizə aparırdılar. Erməni terrorçu siyasi partiyalarının əsas məqsədlərini M.S.Ordubadi “Qanlı illər” (Bakı,1991) əsərində kifayət qədər dəqiqliklə ifadə etmişdir: “İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək kimi alçaq xəyallardan ibarət idi”.
XIX əsrin sonlarından etibarən Zəngəzurda “Hnçak” və “Daşnaksütyun” partiyalarının özəkləri fəaliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişlər. Bu məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksütyun” partiyalarının şöbələrini yaratmış, əhalini silahlandırmış, alınan silahların bir hissəsi gizli yolla Bakıya göndərilmişdi. Zəngəzur sahə prokurorunun müavini İv. Yakubovski Yelizavetpol dairə məhkəməsi prokuroruna 4 iyun 1905-ci ildə göndərdiyi təqdimatında yazırdı ki, 1905-ci il mayın 31-də Xınzirək məktəbinin nəzarətçisi Nazaret Şirakuni dindirilərkən ifadəsində göstərmişdir ki, kənddə “Hnçak” və “Daşnaksürtyun” partiyaları fəaliyyət göstərir. Şirakuni Xınzirək komitəsinin keşiş Ter-David Ter-Arutyunov başda olmaqla daha üç nəfər təbliğatçıdan ibarət olduğunu və fəaliyyətinin bütün Zəngəzur qəzasını əhatə etdiyini bildirmişdir. N.Şirakuni həmin komitənin əhalidən pul yığanların və terrorçuların olduğunu da öz ifadəsində göstərmişdir. Təbliğatçıların hər ay 120, pul yığanların 25-30 rubl aldıqları, terrorçuların isə aylıq yox, hər bir qətlə görə xeyli məbləğ aldıqları məlum olmuşdur. Qeyd edilənlərdən asılı olmayaraq şahid Şirakuni öz ifadələrində göstərmişdir ki, keşiş Ter-Osip bütün ehtiyatda olan hərbi mükəlləfiyyətliləri kilsəyə yığaraq and içdirmişdir ki, orduya səfərbərlik zamanı hərbi qulluqdan imtina edəcəklər...” (ARTA, fond 183, siy.3, iş 102, v.24-25).
“Məxfi” qrifi ilə saxlanılan başqa bir sənəddə isə qeyd edilir ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən 8 erməni prokurora verdikləri ifadələrdə göstərmişlər ki, onlar 80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər. Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə alır.
Həmin sənəddə göstərilir ki, oktyabrın 13-də keşiş Ter-Arutyunovun evində Cəbrayıl qəzasının rəisi Qaranı öldürmək üçün püşkatma keçirilmişdir. Püşkatma nəticəsində üç nəfərə – xınzirəkli Arsen Dadaniyevə, ballıcalılı (Şuşa) Baxşı Musaelova və irəvanlı Surenə ölüm hökmünü icra etmək həvalə edilmişdir. (ARTA, fond 183, siy.3, iş 102, v. 12-13).
Bu sənədlərdən görünür ki, 1905-ci ilin fevralında Bakıda qırğınlar törətmək üçün hələ 1904-cü ildə Zəngəzur qəzasında pul yığılmış, silah və sursat alınaraq Bakıya göndərilmişdir.
Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol qurbernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin edildikdən sonra bacanağı qarakilsəli Qağarşak Safrazbəyovun göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdür. Əsilov və Safrazbəyovun fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı düşmən kəsilmişlər. Qəza rəisi R. Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar başlanandan dərhal sonra yenidən 1-ci polis sahəsinə gəlib, erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili tədbirlər görməyi xahiş edirdi. (ARTA, fond 62, siy. 1, iş 42, v. 41-41).
A-donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat Əsilovu qətlə yetirmişdilər.
1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları qırğınlar mart ayında İrəvana sirayət etmiş, may ayından etibarən isə Naxçıvanda davam etdirilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni silahlı dəstələrinin Naxçıvanın kəndləri üzərindən Zəngəzura doğru hərəkətlərinin qarşısı alındıqdan sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi mənasında barıt çəlləyinə çevirmişdilər. Erməni terrorçu dəstələri tez-tez təxribatlar törədir, ətrafdakı azərbaycanlı kəndlərinə basqınlar edirdilər.
Ermənilər qırğınlara başlamaq bəhanəsi əldə etmək üçün Naxçıvanın Şıxmahmud və Tumbul kəndlərində həyata keçirdikləri ssenarini Zəngəzurda da həyata keçirmişdilər. Belə ki, özləri avqustun 16-da Gorusdan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə brnakotlu iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar.
Ta qədimdən aran Qarabağın, hətta
Cavad qəzasının heyvandarlıqla məşğul olan əhalisi
yazda Zəngəzur və Dərələyəz
dağlarındakı yaylaqlara köç edər, payızda
isə geri dönərdilər. Türkmənçay
müqaviləsindən (1928) sonra İrandan
köçürülərək gətirilən ermənilərin
bir qismi Zəngəzurun mülayim iqlimi olan dağətəyi
zonalarında məskunlaşdırılmışdılar. Ona
görə də əksər erməni kəndləri
köç yollarının üzərində yerləşirdi.
Ermənilər azərbaycanlıların
yaylağa köçləri və geri qayıtdıqları
zaman onlara basqınlar edir, elat əhalisini qətlə yetirir,
mal-qarasını və məhsullarını ələ
keçirirdilər. 1905-ci ilin yayında Şuşada,
Xaçın dərəsində və Ağdam yolunda baş
verən münaqişələrin xəbəri
yaylaqdakılara çatdıqdan sonra onlar ermənilərin
basqınlarından xilas olmaq məqsədilə arana enmək
qərarına gəlirlər. Lakin köç yolu Gorus şəhərinin
ermənilər yaşayan hissəsindən və Xndzoresk erməni
kəndindən keçirdi. Avqustun 17-də ermənilər
şayiə yayırlar ki, guya dağdan arana qayıdan Kərimbəyi
və Kürdmahmudlu kəndlərinin köçəriləri
Naxçıvan qəzasından olan 5 erməni qadınına
türk libası geyindirərək özləri ilə
aparırlar. Ermənilər həmçinin türklərin
onların mal-qarasını oğurlayıb apardıqları
barədə də şayiə yaymışdıalr. Pristav
Voskresenski türkləri təqib edərək, vəziyyəti
yerində öyrənmiş və ermənilərin yalan
söylədiklərini təsbit etmişdi. Ermənilərlə
atışan Voskresenski bir ermənini qətlə
yetirmişdi.
(A-do, s.251).
Avqustun 18-də Həmzəli kəndindən Niftalı bəy
15 nəfər dostu ilə birlikdə Gorusa gələn zaman
şəhərin girəcəyində mövqe tutan erməni
silahlıları onlara atəş açırlar. Nəticədə
Niftalı bəy və onun dəstəsindən iki nəfər,
ermənilərdən də iki gənc
öldürülür. Avqustun 20-də
qubadlılı İldırım bəy Sultanov rus pristav
Yevorskinin vasitəsilə Gorus ermənilərinə ultimatum
göndərir. Ultimatumda Gorusda saxlanılan
türkləri azad etmək, köçərilərin sərbəst
hərəkəti üçün yol vermək, erməni
silahlı dəstələrini Gorusdakı mövqelərindən
uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb
olunurdu. Qəza rəisi Avaliani
İldırım bəyin təzminat ödəmək tələbindən
başqa digər tələblərinin ödənilməsini təmin
etdirmişdi. (A-do, s.252).
Qarahunc kəndi də ermənilərin terror yuvasına
çevrilmişdi. A-donun yazdığına görə,
sentyabrın 6-da Gorus həbsxanasından azad edilən Məmmədəli
Xanlar bəy Qarahunc kəndinin yaxınlığından
keçərək evinə qayıdarkən ermənilər tərəfindən
izlənərək güllələnir. Bu
terror əməlinə görə Qarahunc kəndinin erməniləri
ekzekuasiyaya (cəriməyə) məruz qoyulmuşdu.
Qarahunclular 1500 rubl cərimə edilmiş, üstəlik, 150
kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin
ödənməsi ermənilərin üzərinə
qoyulmuşdu. (A-do, s.254).
Sentyabrın 18-də Yelizavetpolun general-qubernatoru
Takayşvili əhali arasında barışıq yaratmaq məqsədilə
Gorusa gəlir.
Vəziyyətlə yerində tanış
olduqdan sonra Takayşvili ermənilərin təqsirkar
olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları
kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs
etdirir. (A-do, s.265).
1905-ci il
sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf
kəndlərdən gələn silahlı dəstələrin
köməyi ilə türk kəndlərinə hücum edərək
Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəyləidə
50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15
evi sakinləri ilə birlikdə yandırıb
dağıtdılar. Birinci üç kənd
isə tamamailə qarət edilir. (A-do,
s.266).
“Kaspi” qəzeti 5 noyabr 1905-ci il tarixli sayında “Kavkaz” qəzetinə istinadən
yazırdı ki, Yelizavetpolun müvəqqəti qubernatoru
oktyabrın 27-də Gorusdan Qafqaz canişininə
aşağıdakı məzmunda teleqram göndərmişdir:
“Gorusdan çıxaraq iki gün ərzində Cəbrayıla
çatdım. Vəziyyətlə tanış
olaraq sizin nəzərinizə çatdırıram ki, əvvəllər
görülən tədbirlər nəticəsində qəzada
sakitlik bərqərar olmuşdur. Oktyabrın 16-dan isə
müxtəlif yerlərdən gəlmələrdən və
fərarilərdən ibarət olan erməni bandası Zəngəzur
qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq
erməni kəndləri olan Zamzur, Daşbaşı, Cilan və
digər kəndlərin sakinləri ilə birlikdə tatar kəndləri
olan Aşıxmalikli və Tararlı kəndlərinə
hücumları nəticəsində 8 tatar
öldürülmüş, meyitlərin başları bədənlərindən
qoparılmış, bəzilərinin sağ əli və
sağ qulaqları kəsilmişdir. Meyitlər
elə eybəcər hala salınmışdır ki,
bütün bunlar şəriət qaydalarına görə
Qaryagin qəzasının müsəlmanları arasında
çaxnaşma yaratmışdır. Qətllərin
bütün iştirakçıları təhvil verilənədək
təqsirkar erməni kəndlərində ekzekuasiya
qoyulmuşdur”.
Gürcüstan Mərkəzi Tarix Arxivində
saxlanılan bir çox sənədlərdə ermənilərin
1905-1906-cı illərdə törətdikləri
qırğınlar barədə materiallar öz əksini
tapmışdır. Həmin qəbildən olan sənədlərin
birində Sisyan kəndində törədilən
qırğınlardan bəhs edilir. Sənəddə
qeyd edilir ki, 1905-ci ilin oktyabrında Zəngəzur qəzasının
10 erməni kəndinin silahlı sakinləri qəzanın azərbaycanlılar
yaşayan Sisyan kəndinə hücum etmişdir. 75 nəfər
Sisyan sakini öldürülmüş və yaralanmışdır.
Yalnız kazakların özlərini yetirməsi nəticəsində
qətliam və talanın daha böyük miqyas
almasının qarşısı alınmışdır. (GMTA, f. 83, s. 1, iş 32, v.
260).
Erməni
müəllifi A-donun yazdığına görə, 1905-ci il noyabrın 22-də Ərəfsə kəndindən
Seyid Adıgözəl yoxa çıxır. Bu
hadisə Sisyan kəndinin 200 evdən ibarət türklərini
daha çox həyəcanlandırır. Sisyan
kəndi Ağkənd, Əlili, Təzəkənd və Tolors
kəndlərinin əhatəsində yerləşirdi. Noyabrın 23-də sisyanlılar Təzəkənd kəndini
iki tərəfdən mühasirəyə alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə
qaçırlar. Üç gündən
sonra sisyanlıların Comərdli və digər türk kəndlərinin
köməyi ilə Təzəkəndə hücumları
baş tutur. Noyabrın 26-da ətrafındakı
erməni kəndlərindən Təzəkəndə gələn
ermənilər Sisyan üzərinə birgə hücuma
keçirlər. Türklər çoxlu
itki verdikdən sonra kəndin ortasındakı təpənin
üstündə yerləşən köhnə qalanın
qalıqları arasına çəkilirlər. Ermənilər 50-yə qədər evi
yandırıb, kəndin mal-qarasını özləri ilə
aparılar. Əsgərlərin kəndə
gəlib yetişməsindən sonra silah gücünə
Sisyan ermənilərdən təmizlənir. Sisyanlılardan 50-dən çox ölən və
yaralanan olur. Ermənilərdən 5 nəfər
öldürülür. Bu münaqişədən
sonra bölgədə bir müddət sakitlik hökm
sürür. (A-do, s.279-280).
Sisyandan Gorusa gedən yol Ağudi və Vağudi kəndlərindən
keçirdi. Ətraf
kəndlərdə yaşayan ermənilər Gorusa getmək
üçün ya Ağudi və Vağudinin ərazisindən
keçməli, ya da yollarını dəyişib dağlara,
dərələrə getməli idilər. Ona
görə də ermənilər Ağudi və Vağudini
aradan götürməyi qərara almışdılar. A-donun yazdığına görə, dekabrın 25-də
böyük bir erməni silahlı dəstəsi Ağudi
üzərinə hücuma keçir. Ağudililər
böyük itki verərək Vağudi kəndinə
qaçırlar. Kənddə qalanların
bir hissəsi isə məsciddə gizlənmişdi.
Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki
mövqelərdə qalmış, digər hissəsi isə kəndə
soxulmuş, evləri yandırıb dağıtmağa
başlamışdı. Bu zaman Şəki kəndinin
türkləri köməyə çatırlar və
davanın gedişi dəyişir. Bundan
sonra ətrafındakı türk kındlərindən, eləcə
də Dərəbasdan köməyə gəlirlər. Kəndə hücum edən ermənilər
mühasirəyə düşürlər və onlar geri
çəkilmək məcburiyyətində qalırlar. Bu hücum zamanı ağudililər 60 nəfərdən
çox, ermənilər isə 22 nəfər itki verirlər.
(A-do, s. 281-282).
Dərəbas dərəsində bir-birinin ardınca
Şinətağ, Lor, Geğatag, Dərəbas, Lçen və
Şamb kəndləri yerləşirdi. Bu kəndlərdən
4-də ermənilər, Dərəbas və Şamb kəndlərində
isə ermənilərlə türklər qarışıq
yaşayırdılar. Dərəbasda 215
türk, 36 erməni ailəsi, Şambda isə 20 türk, 35
erməni ailəsi mövcud idi. Noyabrın
sonlarında Gorus yolunda 2 erməni öldürülür.
Onların qətlində Dərəbas türklərindən
şübhələnirlər. Vəziyyət
gərginləşir. Dərəbasdan 20-30
ailə kəndi tərk edir. Onların evlərində
Şambdan olan ermənilər yerləşir. Digər erməni kəndlərindən isə ermənilər
Dərəbasa yığışırlar. Dekabrın 26-da erməni silahlıları türk evlərinə
hücum edirlər. Kəndin əhalsinin
bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki
üç böyük evdə - Molla Əbülhəsənin,
Ələkbər bəyin və Abbas Ələkbər
oğlunun evində sığınacaq tapırlar. A-do
erməni vəhşiliyini belə təsvir edir: “Evlərində
gizlənmiş ermənilər köməyə gələnlərin
qışqırıqlarını eşidən kimi vəhşiləşmiş
kimi küçəyə atıldılar, türklərin evlərinə
hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək,
yuxarıda adları çəkilən evlərə
çatmışdılar, hansı ki, orada türklər
böyüklü-kiçikli, arvadlı-uşaqlı
sığınacaq tapmışdılar. Ermənilər
burada cinayətkarlığın ən dəhşətli
formasını həyata keçirdilər. Onlar bu
üç evə od vurub, içindəki
insanları sağ-sağ yandırdılar. Cinayət
alovlar və dağıntılar içində həyata
keçirildi və çoxsaylı insanlar məhv oldu.
Biz o yanmış evlərin insan sümükləri ilə
qarışmış külünü gördük və
sarsıldıq, o qatilləri, daha çox isə dəhşətli
cəhənnəmi törədənləri lənətlədik...
Öldürülmüş,
yandırılmış, meyitləri səpələnmiş
adamların sayı 272 nəfərə çatırdı”.
A-do Dərəbasda törədilən bu cinayətin
yerli hakimiyyət ciddi araşdırılmasını
münasib görmədiyini, polisin yalnız bir protokol tərtib
etməklə işini bitmiş hesab etdiyini qeyd edir. (A-do, s. 284-285).
1905-ci il dekabrın 29-da Tatev erməniləri türklərin
yaşadıqları Kürdlər adlanan kəndə hücum
etmiş, lakin müqavimət göstərə bilməyərək,
çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində
qalmışdılar. Kənd talan edilmiş,
sonra isə yandırılaraq xarabalığa
çevrilmişdi. A-do ermənilərin bu
hərəkətinə heç bir əsas tapa bilmədiyini,
bu hücumu barbarlıq və məhkum olunası əməl
kimi xarakterizə etmişdir. (A-do, s.274).
Ermənilərin
Sisyan, Ağudi, Dərəbas və digər kəndlərdə
törətdikləri vəhşiliklər öz növbəsində
azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar
ki, məşhur quldurbaşı Keri Əngələkət
(Angeğakot) kəndindədir və onun
başçılığı ilə türk kəndlərinə
yeni hücum hazırlanır. 1906-cı il
yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər
kəndlərdən yığışmış türklərin
böyük bir dəstəsi Əngələkət kəndinə
hücum edir. Dəstəyə Şahsuvar bəy
başçılıq edirdi.. Hər iki tərəf onlarla itki verdikdən sonra
atışma kəsilir. (A-do, s.286-287).
“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə
istinadən yazırdı ki, dekabrın 25-də ermənilərlə
toqquşma nəticəsində 70 nəfər ağudili qətlə
yetirilmiş, 30 ev yandırılmışdır. Daha sonra ermənilərin 278 nəfər Dərəbağ
kəndinin tatarlarını öldürdüyü xəbəri
verildi.
(ardı var)
Xalq qəzeti.- 2013.- 31 mart.- S. 3.