MÖHTƏŞƏMLİK

 

“Xilaskar” tamaşası haqqında

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 131 illik tarixi var. Saysız-hesabsız əsərlərə səhnə həyatı vermiş bu məşhur teatrda yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” pyesinin tamaşası da müvəffəqiyyətli olmuşdur. Tamaşa ona görə həyəcan yaradır ki, bu səhnə əsərində xalqımızın ümummilli lideri Heydər Əliyevin obrazı canlandırılır. Elə burada qeyd edək ki, Heydər Əliyev obrazı Azərbaycan dramaturgiyasında ilk dəfədir yaradılır. Özü də necə?! Mən deyərdim ki, Heydər Əliyev möhtəşəm geyimi, yerişi-duruşu, danışığı, nitqi, hərəkətləri... həyatda olduğu kimi.

Doğrusu, uzun illər Heydər Əliyevi diqqətlə müşayiət edən bir müasiri kimi, tamaşaya baxıb təəccüb və heyrətimi gizlədə bilmədim. Tanınmış aktyor, əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyev obrazını məhz həyatda olduğu kimi, inandırıcı şəkildə yaradır. Aktyorun oyununda heç bir nöqsan tapmaq mümkün deyil. Bunu təkcə mən demirəm, bütün tamaşaçıların fikri belədir.

Məsələ burasındadır ki, tamaşada bütün aktyorların oyunu yüksək qiymətləndirilir. Hər bir aktyor üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlir. Bu da biz tamaşaçıları düşündürür: Bəlkə, “Xilaskar”da rol alan sənətçilər ona görə dolğun obrazlar yarada bilirlər ki, XX əsrin 90-cı illərini əhatə edən sənədli-publisistik dramda baş verən hadisələrin şahidi olmuşlar?! Əminəm ki, bu fikrimizdə haqlıyıq. Çünki həmin illərdə baş verən hadisələr mənim də gözlərim önündə olmuşdur. Təsadüfi deyil ki, səhnədən-səhnəyə, süjetdən-süjetə kövrək duyğular keçirirdim, o günlər kino lenti kimi canlandı. Hərdən gözlərimi yumurdum ki, yoxlayım, görüm, doğrudanmı İftixar Piriyev Heydər Əliyev kimi danışır? Özüdür ki var! Kimin şəkk-şübhəsi varsa, tamaşaya baxsın...

“Xilaskar”a tamaşa edə-edə düşünürsən: qaragüruh böyük öndəri necə də anlamamışdır! Ağzımızda “qaragüruh” deyirik... Amma xalq görkəmli rəhbəri çox gözəl başa düşür. Xalqın mitinqlərindən yalnız bir səs ucalır: “Heydər-Xalq!” “Xalq-Heydər!”. Bu çağırışların dalğasında o zamankı Ali Sovetin binası qarşısında “istefa!”, “istefa!” səsləri eşidilir. Bəli, insanlar o zaman iqtidarda olanların tezliklə getməsini, Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyir.

Ali Sovetdə baş verənlər isə bir daha gözlərimiz önündə canlanır. Ali Sovetin sədri (xalq artisti Elmira İsmayılova) Ədalətə (aktyor Əhliman Ərşadlı) deyir: - Kim ağlına gətirə bilərdi ki, Azərbaycana belə faciələr üz verəcək. 20 Yanvar faciəsi, iqtisadi böhran... Mən qorxuram qardaş qırğını olsun...

Ədalət: - Belə getsə, olacaq. Azərbaycanın bir yolu var. O da Heydər Əliyevin adı ilə bağlıdır. Xilaskarımız odur. Xalq gedib Heydər Əliyevi hakimiyyətə gətirməlidir.

Ədalətin bu mövqeyi xanım sədrin ürəyincə olmadı. Ona “Yaxşı, yaxşı, gedə bilərsən”, –  deyir. Bütün hadisələr, xüsusən iqtidardakıların narahatlığı bundan sonra başlanır. Saqqal Həmzə (xalq artisti Süleyman Nəcəfov) kimiləri bilmirlər hansı yolu tutsunlar, kimi dəstəkləsinlər: hakimiyyətdə olanları, yoxsa Heydər Əliyevi. Odur ki, min sifətə girirlər. Ali Sovetin bəzi deputatları da onun kimi, Heydər Əliyevin adını eşidəndə, elə bil, onların başına qaynar su tökürlər. Tamaşa boyu Heydər Əliyevin gəlişinə mane olmaq istəyənlər səs-küy salırlar, sifətdən-sifətə düşürlər, simasızlıqlarını gizlədə bilmirlər. Hətta, Saqqal Həmzə Ədalətə deyir: – Yenə sənə deyirəm, sənin istədiyin adam hakimiyyətə gələ bilməyəcək. Qoymayacaqlar ey!” Ədalət isə dediyindən dönmür: - Gələcək! Mütləq gələcək! Mən o günü səbirsizliklə gözləyirəm. Çünki o şəxsiyyət mənim xalqımın ümididir, pənahıdır...

Nəhayət, Heydər Əliyev Ali Sovetin deputatı kimi görünür. Çıxış üçün ona söz verilir. Lakin salonda əyləşənlər onun çıxışına mane olmağa çalışırlar. Heydər Əliyev isə yüksək səslə çıxış edir: - Mənim Azərbaycana qayıtmağımla əlaqədar cürbəcür şayiələr yayılır. Onlara cavab olaraq bəyan edirəm: Mənim doğma torpağa qayıtmağım ancaq respublikanın bu ağır, bu çətin dövründə öz vətəndaşlıq borcumu yerinə yetirməyimlə, azadlıq uğrunda mübarizəyə qoşulmağımla bağlıdır. Məni bir azərbaycanlı kimi, bu hüquqlardan heç kəs mərhum edə bilməz...

Heydər Əliyev (aktyor İftixar Piriyev) qətiyyətli çıxışına davam edərək, Azərbaycanda mövcud olan vəziyyət haqqında bəzi fikirlərini və təkliflərini xalqa çatdırır. Yerdən “reqlament”, “reqlament” deyə qışqırışanlara Heydər Əliyev cavab verir: – Mənim nitqim sizin üçün əziyyətdirsə, düşüm yerimə. Ancaq mən istəyirəm ki, sizə həqiqəti çatdırım, yalnız həqiqəti!

Heydər Əliyev məlum həqiqətləri söyləyərkən deputatlar ayaqlarını döşəməyə vururlar. Hay-küy qopur. Sonra deputatlar Heydər Əliyevə təxribat xarakterli suallar verirlər. Heydər Əliyev sərrast cavabları ilə onları susmağa məcbur edir. Aktyor İ.Piriyev bu səhnələrdə Heydər Əliyevi bütün qətiyyəti, mədəniyyəti  ilə göstərməyə nail olur.

Sonra şairə söz verilir. O deyir: – Hörmətli millət vəkilləri! Biz son 70 illik tariximizdə həmişə vəzifədə olanın yaltağı, vəzifədən gedənin isə qənimi olmuşuq. Əliyev yoldaşın çıxışına mən diqqətlə qulaq asdım. Əliyev yoldaşa hücumdansa, gəlin görək o, nə deyir. Nə olar. Yəni dünən o kişi bizim rəhbərimiz deyildi? Ayıb deyil? Dünən o kişi bizim rəhbərimiz olub, o kişiyə “bəli-bəli” deyib buralarda nə qədər əl çalmışıq. Bu taxta, divar şahiddir. Bir qulaq asaq görək bu kişi nə deyir axı?.. O kişi bizə onu demək istəyir ki, Qarabağ məsələsində bu üç illik mübarizədə bizim vahid və işlənmiş konsepsiyamız olmayıb. Yalandır?! Biz bunu müzakirə etməli ikən bu mühüm məsələni kənara qoyub, ondan keçmiş intiqamımızı almağa çalışırıq. Mən dədələrimizdən bizə yadigar qalan əxlaq normalarının, igidlik şərtlərinin dağılmasına acıyıram. Görəsən, biz bu gün niyə bu qədər xırdalanırıq? Axı dədələrimiz belə namərdlik eləməzdi... Bu vəziyyətə düşmənlərimiz baxsaydı, sevinməzdilərmi? Rəhmətlik Sabir düz deyib. Allah sənə rəhmət eləsin, böyük ustad!   

...Bu gün biz bütün qüvvələrimizi birləşdirib Qarabağ məsələsinin həllinə yönəltməli ikən, intiqam almaq üçün mikrofon qabağında növbəyə durmaq nə dərəcədə kişilik hesab olunurmuş, görəsən?!.

Bu məqalənin müəllifi kimi mənim səhnədən səslənən yuxarıdakı fikirləri möhtərəm oxuculara çatdırmağımın məqsədi yəqin ki aydındır. Təəssüf ki, bəziləri indiyədək gözümüz önündə baş vermiş belə biabırçılıqlardan ibrət dərsi götürmürlər...

Heydər Əliyev çıxış edir, 70 il mövcud olan İttifaqın yararsız olduğunu bəyan edir: — Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmalıdır, müstəqil olmalıdır, – deyir xanım sədrə. Leninin büstünün salondan götürülməsinin vacibliyini bildirir. Sədr də müxtəlif sətiraltı sözlərlə, işarələrlə deputatları ayaqlarını döşəməyə vurmağa, səs-küy salmağa təhrik edir. Hətta o, üzünü salona tutub: “Heydər Əliyev danışanda siz niyə susursunuz” – soruşanda filosof deputat cavab verir: -Biz susmadıq. Biz ayaqlarımızı döşəməyə vururduq.

Xalq artisti Elmira İsmayılova o zamankı Ali Sovetin sədrini necə də böyük sənətkarlıqla oynayır.

Tamaşada xanım-sədrin göstərişi ilə Heydər Əliyev haqqında böhtançı məktublar təşkil edilməsi, onu tənqid edən televiziya verilişləri hazırlanması, bir sözlə, ona iftiralar atılması barədə tapşırıqlar verilir.

Möhtərəm oxucular! İndi mən bu sətirləri yazarkən əsəbdən əllərim əsir. Necə ki tamaşaya baxanda həmin hissləri keçirirdim. Axı tamaşada baş verənləri vaxtilə mən öz gözlərimlə görmüşəm! Tamaşanın güclü təsiri də məhz o zamankı həqiqətlərin olduğu kimi çatdırılması ilə çox bağlıdır.

Tamaşada tez-tez əqidəsini və üzvü olduğu partiyaları dəyişənlər, altdan-altdan “işi” görənlər, böhtan xəbərləri yuxarılara çatdıranlar, özündən böyük vəzifəlilərin tapşırığı ilə oturub-duranlar, təmiz insanlara ləkə atmaq istəyənlər və başqaları ifşa olunur.

Pyesdə Gəncə hadisələri də xüsusi yer tutur və Heydər Əliyevin Gəncəyə getməsi, bu haqda deputatların bir-birinə əks fikirlər söyləməsi tamaşaçılarda böyük maraq yaradır.

Nəhayət, ədalət zəfər çalır. Heydər Əliyev Ali Sovetin sədri seçilir.

İndi də yaltaqlar, simasızlar, hər addımda Heydər Əliyevi ləkələmək istəyənlər onun şəklini başlarının üstündən asıb Saqqal Həmzə kimi ona-buna sübut etməyə çalışırlar ki, “mən əvvəldən demişdim də. Heydər Əliyev mütləq hakimiyyətə gələcək. Gəlin mənim kabinetimə, görün divara kişinin neçə portretini vurmuşam”.

Bu, həmin Saqqal Həmzədir ki, “Heydər Əliyev heç zaman hakimiyyətə gələ bilməz” – deyirdi. Təəssüf, indi də belələri “fəaliyyətdədir”. “Xilaskar” tamaşası belələrinə böyük zərbədir – desək,  yanılmarıq.

Pyesin müəllifi, görkəmli yazıçı Aqşin Babayev 1991-2006-cı illərdə Milli Məclisin mətbuat katibi olmuş, əsərdəki hadisələri şəxsən müşayiət etmişdir. Odur ki, pyesin tamaşası bu qədər canlı çıxmışdır. Demək olar ki, mən son on ildə bu qədər maraqla baxılan ikinci tamaşa görməmişəm.

Tamaşanı teatrın baş rejissoru Oruc İzzətoğlu böyük sənətkarlıqla hazırlamışdır. Biz indiyədək istedadlı sənətkarın bir sıra maraqlı quruluşlarını görmüşük. Amma rejissorun “Xilaskar”a verdiyi quruluş və tərtibat unudulmazdır. O, son dərəcə canlı səhnə mizanları ilə tamaşaçını heyrətləndirməyi bacarmışdır.

Tamaşanın musiqi tərtibatçısı Nuranda Qurbanova və rejissor assisenti Səadət Həsənalıyeva quruluşçu rejissorun ali məqsədini duyaraq son dərəcə diqqətlə işləmişlər, nəticədə gözəl bir tamaşanın yaranmasına kömək etmişlər.

Yeri gəlmişkən, bir sıra ölkələrdə təkcə bir obraz yaratdığına görə aktyora ən yüksək fəxri ad verirlər. Mən Heydər Əliyev rolunun ifaçısı İftixar Piriyevin belə yüksək fəxri ada layiq olduğunu düşünürəm. Çünki hər aktyor Heydər Əliyev obrazını onun kimi möhtəşəm canlandıra bilməz...

Ali Sovetin sədri rolunun ifaçısı, xalq artisti Elmira İsmayılova tamaşaçıları çox təəccübləndirir. Aktrisa ona tapşırılmış obrazı olduğu kimi yaratmağa müvəffəq olur. Biz onun danışığına, hərəkətlərinə diqqətlə fikir verəndə o zamankı Ali Sovetin xanım sədrini görürük.

Ədalət obrazı sanki aktyor Əhliman Ərşadlı üçün yazılmışdır. Ədalət adına uyğun olaraq ədalətli, vicdanlı insandır. O, Heydər Əliyevin hakimiyyətə gələcəyinə inanan insanların dəyərli nümayəndəsidir. Ədalət inanır və inandırır ki, xalqımızın yeganə xilaskarı Heydər Əliyev ola bilər. Əhliman Ərşadlı bu ağıllı və uzaqgörən obrazın düşüncələrini çox gözəl ifadə edir.

Saqqal Həmzə (xalq artisti Süleyman Nəcəfov) tamaşanın əvvəlindən axırına kimi diqqət mərkəzində olur. Aktyorun danışığı, hərəkətləri daim gülüş yaradır, o, hansı tərəfə yıxılmağın lazım olduğunu bilməyən bir insan obrazına çevrilir.

Sədr əvəzi — aktyor Niyaməddin Səfərəliyevin oyununa baxanda tamaşaçılar o zamankı sədr müavinini xatırlayırlar. Gənc, təcrübəsiz, üstəgəl Heydər Əliyevin qarşısında çox cılız görünən sədr müavinini bir daha yada salırıq.

Deputat – əməkdar artist Vaqif Kərimov yaddaqalan ifası ilə nəzəri cəlb edir.

Aktyorlar Əjdər Zeynalov, əməkdar artist Vidadi Əliyev, Ramiq Nəsirov, Rövşən Cəfərov, Afət Məmmədova, xalq artisti Tamella Abdullayeva, Tutu Əliyeva, Ceyhun Əliyev, Ramil Məmmədov, Elçin Hacıyev ayrı-ayrı deputatların obrazlarını canlandırırlar. Onların hər birinin müvəffəqiyyətli oyunu barədə ayrıca yazmaq olar. Çünki bu sənətkarlar böyük zəhmət tələb edən məsuliyyətli bir işin öhdəsindən gələrək, tamaşanın son dərəcə maraqlı alınması üçün öz dəst-xətlərini nümayiş etdirmişlər.

Demək olar ki, teatrın bütün kollektivi – bədii quruluş hissə müdiri Xaqani Əliyev, ədəbi hissə müdiri Aytən Seyidzadə, musiqi hissə müdiri, əməkdar artist Sevda Ələkbərzadə və başqaları “Xilaskar” tamaşasının araya-ərsəyə gəlməsində öz istedad və bacarıqlarını əsirgəməmişlər.

Tamaşa Azərbaycanın bir sıra rayonları ilə yanaşı, Gürcüstanda, Dağıstanda və Türkiyənin 7 şəhərində nümayiş etdirilmiş, haqqında kütləvi informasiya vasitələrində yüksək rəylər yazılmışdır.

“Xilaskar”ın uzun müddət səhnədə qalacağına inanırıq.

 

 

Xeyrəddin QOCA,

yazıçı

 

Xalq qəzeti.- 2013.- 31 mart.- S. 4.