BEYLƏQAN: yeni hədəflər, yeni uğurlar

 

Arazqırağı obalarda  təbiətin  oyanışı  başqa  yerlərdən  daha  çox  hiss olunur. Aranın  yaz  nəfəsi  ayağı  suya, başı  günəşə  boy  atan  kiçik cücərtidən tutmuş birazdan kölgəsinə sürü yığışacaq nəhəng ağaclaradək  bütün bitkilərin  qəddini dikəltdi. Ağ-çəhrayı libasa bürünmüş bağ-bağçalar bar-bəhrəli yeni  bir ilə qucaq  açıb.  Yeddi  ayda  bir  qarış  boy atmış taxıl  zəmilərinin,  otlaqların  bir  ayda  yeddi  qarışlıq  möcüzəli həyatı  başlayıb...

Bu yerlərə  həyat  gətirən Araz da getdikcə  məcrasına sığışmır, öz  lilli-köpüklü suyu  ilə yeni torpaq  ilinin  üstünə  qanad  gətirmiş  kimi hayqırır... Ən  başlıcası  isə  bu  yerlərdə  min illərin qurub-yaratmaq  ənənəsini  yaşadan    zənginləşdirən insanların  qışın  mürgülü  həyatından  silkinib  çöl-bayıra axışması,  dincə qoyduqları torpaqla yenidən  qol-boyun  olmasıdır.

Beyləqana Novruz  şənliklərinin  el-obalarımıza  xeyir-bərəkət  müjdəsi payladığı, bu  təntənələrin  ürəklərə  yeni istək,  dizlərə  təpər,  qollara  güc  gətirdiyi  günlərdə   gəlmişdik. Yol boyu tarlalarda  hər kəsi  əkində-səpində, bağ-bağçaya  qulluqda, naxır-sürü yanında  gördük.  Yaşayış  məntəqələrində  aparılan  tikinti  işlərinin     meydanı  genişlənib.

Ötən ili   uğurla  başa  vuran  beyləqanlılar  bu ilin vəzifələrini də  düzgün  müəyyənləşdirmiş, qışlamanı əziyyətsiz, itkisiz   başa  vurmaq  üçün  zəruri  tədbirləri ardıcıl yerinə yetirmişlər.  Beləliklə,  birinci  rübdə   yeni təsərrüfat  ilinə   uğurlu başlanğıc verilmişdir.  Beyləqanda görüşdüyümüz adamlar  son illərdə  dövlətin  fəal  dəstəyi ilə   həyata keçirilən  proqram  və layihələrin aqrar  islahatların   möhkəm  təməl  üzərində yeni  bir  yüksəliş  yaratdığından ürəkdolusu  söhbət  açdılar.  Sosial-iqtisadi  tərəqqinin  insanların  rifahını  durmadan yaxşılaşdırması da  məmnunluqla vurğulandı.  Bunu qazanılmış  uğurların fakt və rəqəmlərdə  əksini  tapmış göstəriciləri    bir daha  təsdiqləyir.

Rayon icra  hakimiyyətində ötən ilin  başlıca  sosial-iqtisadi yekunları,  son illərin  inkişaf  meylləri,  birinci  rübün  ilkin  nəticələri  ilə bağlı  sənəd  və hesabatlarla  ətraflı  tanış olduq.  Doğrudan  da,  regional inkişaf proqramlarında  nəzərdə tutulmuş  mühüm  tədbirlərin dəqiq həyata keçirilməsi rayonu  sürətli  inkişaf  yoluna çıxarmışdır. Bütün  bunlar barədə söhbətimizdə rayon icra hakimiyyətinin başçısı  Vaqif Abdullayev    fərəhlə söhbət açdı.  Başçı  uğurların  qazanılmasında dövlət  başçısı İlham Əliyevin  beyləqanlılara göstərdiyi diqqət  və qayğını başçı ayrıca vurğuladı:

— 2012-ci il beyləqanlılar üçün tarixi bir ilə çevrildi. Ötən il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan səfəri zamanı rayonumuz üçün əhəmiyyətli olan bir sıra obyektlərin açılışında şəxsən iştirak etdi. Bu da cənab İlham Əliyevin regionlarımızın, eyni zamanda  Beyləqan rayonunun sosial-iqtisadi inkişafını şəxsi diqqətində saxladığını göstərir. Dövlət başçısının  himayədarlığı  ilə rayonda  tikinti-quruculuq  işləri yeni  mərhələyə  daxil olmuşdur.

Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ilin aprel ayında başlanmışdı. Mərkəz kürsü hissədən və iki mərtəbədən ibarətdir. Mərkəzin ümumi sahəsi kürsü hissəsi ilə birlikdə  1296 kvadratmetrdir. Mərkəzin I mərtəbəsində rəsm  və fotostudiya, elektron kitabxana, internet klub, ingilis dili kursu, xalçaçılıq sinfi, II mərtəbədə isə ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzey salonu, virtual sinif, kiçik konfrans zalı yerləşir. Mərkəz müasir işıqlandırma və isitmə, soyutma sistemi ilə təchiz olunmuşdur. Mərkəzin tikintisində qranit daşlardan və müasir tikinti materiallarından istifadə olunmuşdur. Prezident İlham Əliyev 2012-ci ildə Beyləqana səfəri zamanı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.    Rayon Mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. 2012-ci ilin aprel ayına kimi burada heç bir təmir aparılmamışdı. Ötən il binanın fasad hissəsi tamamilə dəyişdirilmiş, 500 nəfərlik zal təmir olunmuşdur. Müasir işıqlandırma, akustika, istilik sistemi və rahat oturacaqlar quraşdırılmışdır. Dövlət proqramı çərçivəsində, yerli əhəmiyyətli avtomobil yollarının təmiri və asfaltlaşdırılması tədbirlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında ayrılmış vəsait hesabına rayonun Beyləqan — Kəbirli — Baharabad avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. İl ərzində yolun 23,4 kilometr hissəsində asfaltlaşma işləri başa çatdırılmışdır. Hazırda 11,6 km avtomobil yolunun qalan hissəsində işlər davam etdirilir.

Ötən il  rayonun  sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatının bütün sahələrində əsaslı irəliləyişə nail  olunmuşdur. Rayon iqtisadiyyatının dinamik inkişaf tempi qorunub saxlanılmışdır. Bu dövrdə istehsal olunmuş məhsulların, işlərin və xidmətlərin ümumi həcmi 155,4 milyon manat olmuşdur. Bu, əvvəlki ildəkindən 31,5 milyon manat və ya 25 faiz, 2003-cü ildəkindən  4,2 dəfə çoxdur. Ümumi məhsul  buraxılışının adambaşına düşən  həcmi  9 ildə 4,2 dəfə, il ərzində isə 28,2 faiz artaraq 2187 ABŞ dolları təşkil etmişdir. Ümumi məhsul istehsalının və xidmətlərin  həcmi sənayedə 5,6, kənd təsərrüfatında 2,6, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorunda 1,8 dəfə artmışdır. Pərakəndə  əmtəə dövriyyəsi 4,3, tikinti işlərinin həcmi isə  37,4 dəfə çoxalmışdır.

Keçən il rayonda müvafiq artım tempi qorunub saxlanılmışdır. Bütün göstəricilər üzrə əvvəlki ildəkindən xeyli çox olmaqla faktiki qiymətlərlə   9,9  milyon manatlıq (132 faiz) sənaye, 70,8 milyon  manatlıq (104 faiz) kənd  təsərrüfatı məhsulları istehsal edilmişdir. 42,8 milyon manatlıq (əvvəlki ildəkindən 2,4 dəfə  çox) tikinti-quraşdırma işləri görülmüş, əhaliyə 31,9 milyon manatlıq (105 faiz)  müxtəlif xidmətlər  göstərilmişdir.

Ümumi həcmdə istehsal sahələrinin  xüsusi çəkisi  79,5 faiz, xidmət  sahələrinin xüsusi çəkisi 20,5 faiz təşkil  etmişdir.  Ümumdaxili məhsulun 6,2 faizi sənayenin, 45,6 faizi kənd  təsərrüfatının, 27,6 faizi tikintinin, 2 faizi nəqliyyat və rabitə xidmətlərinin, 18,6 faizi isə ticarət xidmətinin payına düşür. Əhaliyə ötən ildəkindən 1,4 milyon manat  çox olmaqla 88,2 milyon manatlıq ticarət-iaşə xidmətləri göstərilmiş, məişət xidməti də daxil olmaqla  pullu xidmətlərin  dövriyyəsi 0,4 milyon manat artaraq 22,1 milyon manat  təşkil etmişdir.

Son 1 ildə bütün  maliyyə  mənbələri hesabına  əsas kapitala  2003-cü ildəkindən  22 dəfə, 2011-ci ildəkindən  28,1 milyon manat çox olmaqla 48,5 milyon manat  investisiya yönəldilmişdir. Bunun 42,8 milyon manatı  (88,3 faizi) tikinti-quraşdırma  işlərinə, o cümlədən 26 milyon manatı  istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. Rayonda keçən il ümumi sahəsi 15,2 min  kvadratmetr  olan 142 fərdi yaşayış evi inşa edilmiş, istifadəyə verilən  əsas  fondların dəyəri 29,2 milyon manat təşkil etmişdir. Hazırda  rayonda  ümumi  sahəsi 1 milyon 585 min  kvadratmetr mənzil  fondu vardır.

Sosial  sahədə görülmüş işlərdən söz açan başçı bildirdi ki, rayonda əhaliyə fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilir. Dövlət proqramına uyğun olaraq yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi uğurla davam etdirilir. Ötən il rayonun Əlinəzərli, Orta Əlinəzərli, Birinci Aşıqlı, İkinci Aşıqlı, Eyvazalılar, Tatalılar, Təzəkənd kəndlərinə təbii qaz xətləri çəkilmiş, ümumilikdə 2470 abonent təbii qazla təmin olunmuşdur. Bundan əlavə, Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd, Xocavənd, Tuğ qaçqın və məcburi köçkün qəsəbələrinə qaz xətləri çəkilərək 814 abonentə təbii qaz verilmişdir. Yeni Qaradağlı  qəsəbəsinə qaz xəttinin çəkilişi də başa çatdırılmışdır.

Kəbirli, Örənqala, Xaçınabad, Günəşli, Yuxarı Kəbirli və Baharabad yaşayış məntəqələrinə magistral qaz xətləri çəkilişinə başlanılmışdır. Rayonun Allahyarlı, Mil, Yeni Mil, Milabad, Birinci Şahsevən, İkinci Şahsevən, Əmirzeyidli, Qaradağlı, Çəmənli, Əhmədli, Aşıqalılar kəndləri istiqamətində daşıyıcı qaz kəmərlərinin tikintisi nəzərdə tutulur.

Regional  İnkişaf Proqramında nəzərdə tutulmuş tədbirlər sırasında Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin əsaslı  surətdə yenidən qurulması üzrə  bütün hazırlıq  işləri görülmüşdür. Rayon ərazisində içməli su mənbəyi aşkar edilmiş, su-kanalizasiya xətlərinin keçəcəyi istiqamətlər  müəyyənləşdirilmiş, layihə-smeta sənədləri hazırlanmışdır. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış sazişə əsasən şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.

Son illər rayonun 24 yaşayış məntəqəsi üzrə 46 min nəfərdən artıq əhalinin içməli su təminatı yaxşılaşdırılmışdır. 12 yaşayış məntəqəsində yeni artezian quyularının qazılması və küçə xətlərinin çəkilməsi üçün lazımi layihə-smeta sənədləri  hazırlanmışdır.

Quruculuq-abadlıq işlərindən söz açan rayon rəhbəri  dedi ki, son illərdə həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı yenidənqurma, tikinti-abadlıq işləri Beyləqanın mənzərəsini xeyli dəyişmişdir. Beyləqan şəhərinin ən müasir üslubda şimal-şərq giriş kompleksi tikilmişdir. Yol boyu qiymətli bəzək kolları əkilmiş və ikitərəfli yaraşıqlı, işıqlandırılmış səkilərlə məhdudlaşan magistral yolun çəkilişi başa çatdırılmışdır.

Heydər Əliyev prospektində və mərkəzi dairədə yeni müasir işıqlandırma qurğuları və işıqforlar quraşdırılmışdır. M.Ə.Rəsulzadə küçəsindəki barılar gülbağ üzlük daşları ilə yenidən qurulmuş, “Bayraq Meydanı”nda və bir sıra ünvanlarda abadlıq işləri aparılmışdır. Birinci Şahsevən, İkinci Şahsevən, Birinci Aşıqlı, Əlinəzərli, Əmirzeyidli, Xalac-Araz, Aran-Mayak, Dünyamalılar avtomobil yollarında cari təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilir.

Regional İnkişaf Proqramına uyğun olaraq yeni açılmış istehsal, emal, ticarət və sair xidmət müəssisələri hesabına ötən il ərzində rayon üzrə 934 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Onlardan 864-ü daimidir.  Cari ildə istifadəyə veriləcək obyektlər hesabına onlarca vətəndaşın məşğulluq problemi həllini tapacaqdır.

Başçının dediklərinə əlavə olaraq bildirək ki, rayonun sosial-iqtisadi və mədəni həyatında əldə olunan uğurlu  nəticələr, aparılan yenidənqurma, abadlıq  işləri, yaşayıb-yaratmaq üçün  yaradılan  münbit şərait demoqrafik göstəricilərdə də əksini tapmışdır. Son 1 ildə rayon əhalisinin sayı  1500 nəfər  artaraq 91,1 minə, təbii artım 1388 nəfərə çatmışdır. Bu dövrdə rayona  gələnlərin sayı  341 nəfər olmuşdur.

Ötən il 12932 nəfər  istehsalçıya becərilən 49473,69 hektar sahə üçün  1 milyon 978 min 949,6 manat subsidiya verilmişdir. Cari ildə 5958 nəfər buğda və çəltik istehsalçısına əkilmiş 17 min 272 hektar sahə üçün  690 min 887 manat, toxumçuluq üçün  189 min manatdan çox subsidiya ayrılmış, onlara 50 faiz güzəştlə mineral gübrə satılmışdır. Yüksək  reproduksiyalı toxum istehsalı və satışına  görə  30-40 faiz  əlavə  maliyyə yardımı edilmişdir.  Bütün  bunların nəticəsidir ki, bu ilin məhsulu üçün 18,9 min hektarda dənli bitkilər, o cümlədən  17,6 min hektarda  buğda  əkilmişdir.

Ötən il 59194 ton (2778 ton çox) taxıl, o cümlədən 56101 ton (1889 ton çox ) buğda, 3093 ton (889 ton çox) arpa, 2588 ton (982 ton az) pambıq, 3187 ton (139 ton çox) kartof, 17452 ton (331 ton çox) tərəvəz, 5209 ton (390 ton çox) tərəvəz məhsulları, 5209 ton (390 ton çox) meyvə, 965 ton (75 ton çox) üzüm, 2621 tondan  çox  şəkər çuğunduru  istehsal edilmişdir. Şəfəq qəsəbəsində gün ərzində qəbul gücü 10 ton olan süd qəbulu və emalı zavodu fəaliyyət göstərir. Heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədi ilə 28732 hektar sahədə çoxillik yonca bitkisi, 2332 hektar təzə yonca bitkisi əkilmişdir.

İri malın sayı keçən il 797 baş artaraq 56,5 minə, qoyun-keçilərin sayı 4092 baş artaraq 297,3 minə, quşların sayı isə 56 min baş artaraq 498,1 minə çatmışdır. Əvvəlki ildəkindən çox olmaqla  7171 ton (281 ton çox) ət, 37,7 min ton (1390 ton çox) süd, 537 ton (27 ton çox) yun,  15744 min ədəd (5,6 min ədəd çox) yumurta istehsal edilmişdir.

Öyrəndik ki, ötən il dövlət proqramı çərçivəsində birtipli layihə əsasında rayonun Əmirzeyidli kəndində 180, Aşağı Çəmənli kəndində 220 şagird yerlik orta məktəb binaları şagirdlərin istifadəsinə verilmişdir. Hər biri 180 şagird yerlik 3 saylı Dünyamalılar, Sarısu və 6 saylı şəhər məktəblərində isə tikinti işləri davam edir. 2012-ci il ərzində Mil, Milabad, Yeni Mil kənd tam orta və Yuxarı Çəmənli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır.

Ölkə Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, binanın ətrafı abadlaşdırılmış və xəstəxana müasir inventar və avadanlıqlarla təmin olunmuşdur.

Beyləqandan xoş əhvalla, görüşdüyümüz insanların  verdikləri məlumatların  zəngin təəssüratı  ilə  ayrıldıq.  İnanırıq ki, beyləqanlılar yeni uğurların  sorağı ilə bu il daha böyük yeniliklər yaradacaqlar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 31 mart.- S. 6.