LDU-da soyqırımı
qurbanlarının xatirəsi anıldı
Lənkəran Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş konfrans keçirilib. Tədbirdən əvvəl universitetin müəllim və tələbələri şəhərin mərkəzində soyqırımı qurbanlarının xatirə kompleksini ziyarət edərək önünə əklil qoyublar.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi sükutla yad edilib. Universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov konfransı açaraq erməni millətçilərinin hər zaman azərbaycanlılara düşmən münasibət bəsləmələrindən, onların əsassız torpaq iddialarından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz naminə atdığı addımların mühüm önəmindən danışıb. O bildirib ki, ölkə başçısının uğurlu siyasəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tezliklə bərpa olunacaq.
Tarix elmləri namizədi Ə.Baxşıyev “Azərbaycanlıların soyqırımı əsrlərin faciəsidir” mövzusunda məruzəsində bildirib ki, soyqırımı aksiyaları Lənkərandan da yan keçməmiş, 1918-ci ilin mart-aprel aylarında qəzada 40-dək kənd yandırılmış, günahsız insanlar qətlə yetirilmişlər. Həmin vaxt erməni daşnaklar tərəfindən rayonun Gərmətük, Mamusta, Sütəmurdov, Kərgəlan kəndlərində görünməmiş talanlar və qırğınlar törədilmişdir.
Universitetin müəllimi Q.Əmənullayev, tələbələrdən E.Həmidli, Ş.Adıgözəlova və başqaları bu günün rəsmi qeyd edilməsini alqışlayaraq bildiriblər ki, soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Universitetdə soyqırımı qurbanlarının xatirəsini əks etdirən kitab sərgisi də açılıb. Bundan başqa, soyqırımı haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün virtual aksiya keçirilib.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2013.- 31 mart.- S. 6.