Söz cəbhəsinin veteranı
Ələsgər CABBAROV - 80
Biz hamımız hörmət
əlaməti olaraq, qocaman jurnalist Ələsgər
Cabbarova “əmi” deyirik.
Əslində
o, bizim ağsaqqalımız, müəllimimiz,
ustadımızdır. İxtisasca jurnalist deyil, 57 il bundan
əvvəl Azərbaycan
Sənaye İnstitutunu
bitirib. Amma Ələsgər Cabbarovu mühəndis kimi yox, daha
çox qələm adamı kimi tanıyıblar.
Neft-maşınqayırma zavodunda işləyərkən
Azərbaycan radiosu ilə əməkdaşlıq
edib. Əmək adamlarının fədakarlığını əks
etdirən söhbətləri,
reportajları, elmi-kütləvi
verilişləri dinləyicilər
tərəfindən rəğbətlə
qarşılanıb. “Elm
və həyat” jurnalı yaradılanda, elmi mövzuya yaxşı bələd olan Ələsgər müəllimi də redaksiyaya işə dəvət ediblər.
Elmi-kütləvi nəşrdə çalışmaq hər
adamın işi deyil. Spesifik xüsusiyyətləri olan “Elm və həyat” jurnalında Ələsgər Cabbarovdan
əmək adamı haqqında oçerk hazırlamaq, yaxşı bildiyi istehsalat sahəsi barədə məqalə yazmaq tələb olunmurdu.
Burada o, tanınmış alimlərin
yazılarını redaktə
etməli, respublikamızda
və dünyada baş verən elmi-texniki yenilikləri oxucuya çatdırmalı
idi. Ələsgər
Cabbarov bu işin öhdəsindən
layiqincə gəldi və jurnalın oxucu rəğbəti qazanmasında böyük
pay sahibi oldu. Onun imzasını tanıyır,
yazılarını maraqla
oxuyurdular.
İş elə gətirdi ki, Ələsgər müəllimin yazı tərzi, özünəməxsus
üslubu, terminlərdən
yerində istifadə etmək bacarığı
böyük şairimiz
Rəsul Rzanın da diqqətini cəlb etdi. Ələsgər Cabbarov həmişə istedadlı gəncləri
axtaran, himayə edən bu söz
sərrafının Azərbaycan
Sovet Ensiklopediyasında
işləmək təklifi
ilə məmnuniyyətlə
razılaşdı və
uzun illər Rəsul Rzanın rəhbərlik etdiyi yaradıcı kollektivdə
çalışdı.
Ələsgər
Cabbarov düz on iki il “Xalq qəzeti”nin bölgə müxbiri olub. Onun
müxtəlif illərdə
“Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Bakı”,
“Səhər” qəzetlərində də çoxlu məqaləsi
dərc olunub. Təcrübəli jurnalistin fikrincə, hər
bir yazı oxucuya təkcə informasiya yox, müəyyən
bilik də verməlidir. O, əlinə qələm alanda, ilk
növbədə, bu barədə düşünür. Yoxsa,
dili yaxşı bilən, mübtədanın, xəbərin
cümlədə yerini müəyyənləşdirməkdə
problemi olmayan bir jurnalist üçün bir qəzet səhifəsi
həcmində material hazırlamaq nə böyük işdir
ki?.. “Elm və həyat” jurnalında, Azərbaycan Sovet
Ensiklopediyasında çalışarkən oxucuya bilik vermək bacarığına
yiyələnməsi Ələsgər Cabbarovu başqa
jurnalistlərdən fərqləndirib. Məhz bu cəhətinə
görə “Azərnəşr”də buraxılan bir neçə
kitabın redaktorluğu Ələsgər müəllimə
tapşırılıb.
Uşaqlıq
və gənclik illərini Azərbaycanın səfalı
guşələrindən olan Qəbələdə keçirən Ələsgər Cabbarovu bölgələrdə
də yaxşı tanıyırlar. O, əlində qələm
ölkəmizi kəndbəkənd gəzib. Necə deyərlər,
səmimiyyəti, mehribanlığı ilə hər kənddə
özunə bir ev tikib, dost qazanıb. Mehriban ailə
başçısı, sədaqətli dost,
qayğıkeş insan kimi tanınan Ələsgər müəllimin
sözünə, məsləhətinə ehtiyac duyanların
sayı yüzlərlə, minlərlədir.
Xatirə
danışmaq, gənclik illərini xatırlamaq yaşlı
adamlara xas olan cəhətlərdəndir. Ələsgər
Cabbarov da tez-tez dönüb geriyə baxmağı,
keçdiyi ömür yoluna nəzər salmağı
xoşlayır. Danışdıqca fərəhlənir,
sevinir ki, həmişə xeyirxahlığı, vətəndaşlıq mövqeyi
ilə fərqlənib, Vətənini, xalqını sevən
bir insan kimi tanınıb.
Ələsgər
Cabbarov Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər
Məclisinin üzvüdür. Keçirilən tədbirlərdə,
aparılan müzakirələrdə həmişə fəallığı
ilə seçilir. Onun adını hörmətlə çəkir,
çıxışını maraqla dinləyirlər. Duzlu,
məzəli söhbətləri də öz yerində. Ən
əsası isə odur ki, Ələsgər müəllim bu
gün də qələmindən ayrılmayıb, müxtəlif
qəzetlərlə əməkdaşlıq edir,
yaradıcılıq nümunəsi sayıla biləcək məqalələr
yazır. Respublika Ağsaqqallar Şurasının təbliğat
informasiya işinə bacardığı köməyə
edir.
Ömrünün
6 onilliyi sözə, elmə, faydalı biliyin
yayılmasına həsr etmiş ağsaqqal qələm
dostumuzu səksən illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq!
Məzahir
SÜLEYMANZADƏ,
əməkdar mədəniyyət
işçisi,
Azərbaycan Mətbuat
Şurası Ahıl
Jurnalistlər Məclisinin
sədr müavini
Xalq qəzeti.- 2013.- 14 may.- S. 9.