Adı zirvələrdə yaşayan dahi

 

Şabran rayonunda  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə  keçirilən tədbirlər sırasında rayon gənclərinin  Çıraqqala tarixi abidələr kompleksinə yürüşü xüsusilə diqqət çəkmişdir. Hər il ulu öndərin doğum günündə gerçəkləşən bu yürüş Şabranda artıq ənənəyə çevrilmişdir.

Yürüşdən əvvəl rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, ictimaiyyət nümayəndələri və yürüş iştirakçıları  ümummilli lider Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuşlar.

Sonra elə bu heyətin böyük bir hissəsi  Şabran rayon mərkəzindən təxminən 25 kilometr məsafədə, ümumi uzunluğu 120 kilometr olan Gilgilçay müdafiə səddinin 34-cü kilometrliyində sərt qayanın zirvəsində yerləşən Çıraqqala tarixi abidələr komleksinə yürüşə başlamışdır. Üç saata yaxın çəkən yürüş Çıraqqala zirvəsində düzənlənən toplantı ilə davam etmişdir.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov ulu öndərin həyat və fəaliyyətindən geniş məlumat verərək bildirmişdir ki, yaşı min illəri adlayan ulu Azərbaycanın yetişdirdiyi nadir simalardan biri, müstəqil dövlətimizin tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev siyasət aləminin fatehləri sırasında öndə yer almaqla adını bəşər tarixinə qızıl hərflərlə yazmışdır. Xalqımızın qan yaddaşına Azərbaycan məfkurəsinin parlaq daşıyıcısı kimi daxil olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın yüz illərlə arzusunda olduğu əbədi müstəqilliyə qovuşmasına nail olmuşdur.

Azərbaycanı sonsuz məhəbbətlə sevən ulu öndər Vətəninin xoşbəxtliyi və xalqının firavanlığı naminə  ömrünü belə əsirgəməmiş, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizin öyrənilməsinə və təbliğ olunmasına xüsusi əhəmiyyət vermişdir. Bunun sübutu olaraq ümummilli liderin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması ilə bağlı 23 iyun 2003-cü il tarixli sərəncamını göstərmək olar ki, məhz bu sənəd  ondan sonra Şabranın tarixi adının bərpasına bir qapı açmışdır.

Bu gün biz şabranlılar, məhz Heydər Əliyevin 90 illiyində “Çıraqqala” zirvəsinə artıq ənənəyə çevrilmiş növbəti yürüşümüzü, ümummilli liderimizin mənəvi dəyərlərimizi, tarixi keçmişimizi qorumaq istiqamətində verdiyi tövsiyə və vəsiyyətə sadiqliyimizin, adı zirvələrdə yaşayan azərbaycanlı dahiyə sevgimizin kiçik bir nümunəsi hesab edirik.

 Sonra Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev yürüş iştirakçıları adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciətinın mətnini oxudu. Müraciətdə qeyd olunurdu ki, “biz şabranlılar bu yürüşlə müdrikliyin, dövlətçiliyin, xalqa, Vətənə sədaqətin misilsiz nümunəsini göstərən, fenomen şəxsiyyət, xalqımızın iftixarı və şərəf rəmzi olan Heydər Əliyevə sonsuz sevgi və məhəbbətimizi bir daha təsdiqləyir, hər il ümummilli liderimizin doğum günündə bu yolu keçəcəyimiz haqqında verdiyimiz vədə sadiq qaldığımızı  bildiririk.

Mütəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, dövlətçilik fəaliyyəti ilə müasir Azərbaycan tarixinə şanlı səhifələr yazan ümummilli liderin möhtəşəm xatirəsi həmişə qəlbimizdə yaşayacaq, onun siyasi və mənəvi irsi daim bizi möhtəşəm qələbələrə doğru aparacaq.

Sonda rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov qara zurnada səsləndirilən “Cəngi” sədaları altında birliyə və həmrəyliyə çağıran möhtəşəm tonqalı alovlandırdı. Bunula da yürüş başa çatdı.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2013.- 14 may.- S. 10.