Cenevrədə İKT sahəsində siyasət müzakirə olunur

 

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə Beşinci Telekommunikasiya – İKT Siyasəti Beynəlxalq Forumu işə başlamışdır.

Forum iştirakçıları 3 gün ərzində internetlə bağlı beynəlxalq dövlət siyasəti, o cümlədən trafik mübadiləsi məntəqələrinin yaradılmasının stimullaşdırılması, daha fəal artım və genişzolaqlı birləşmələrin inkişafı üçün əlverişli mühitin təmin edilməsi, IPv6 protokolunun təşəkkülü və başqa məsələləri nəzərdən keçirəcəklər.

Forum informasiya-kommunikasiya texnologiyaları sahəsində hazırda sürətli dəyişikliklərin baş verməsi nəticəsində əmələ gələn siyasətin əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün beynəlxalq səviyyəli tədbirdir. Tədbirdə müzakirələrin təşviqi, eləcə də hazırda ümumi qlobal siyasi baxışları, dünyada İKT-nin tənzimlənməsi və standartlaşdırılması üzrə səyləri əks etdirən konsensusun hazırlanması nəzərdə tutulur.

Açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanda İKT sahəsində dövlət siyasəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat vermişdir. Azərbaycanın bu il ilk peykinin orbitə çıxarıldığını qeyd edən nazir müavini peykdən Azərbaycanla yanaşı, Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin istifadəçilərinin də faydalana biləcəyini diqqətə çatdırmışdır.

Elmir Vəlizadə Azərbaycanın təşəbbüskarı olduğu Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında forum iştirakçılarına məlumat vermişdir. Qeyd edək ki, tədbir çərçivəsində TASİM layihəsinə həsr olunmuş xüsusi seminarın keçirilməsi də planlaşdırılır.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 15 may.- S. 6.