Böyük publisist,
görkəmli dövlət xadimi Əlimərdan
bəy Topçubaşov — 150
Azərbaycan Mətbuat Şurasının (AMŞ) və “Kaspi” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, AXC parlamentinin sədri, görkəmli publisist və ictimai xadim Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyi münasibətilə yubiley konfransı keçirildi.
Məclisi giriş sözü ilə açan AMŞ sədri Əflatun Amaşov Azərbaycan milli istiqlal məfkurəsinin formalaşmasında, mətbuat vasitəsilə sivil dəyərlərin yayılmasında və dövlətçiliyin bərpasında Əlimərdan bəy Topçubaşovun xidmətlərini vurğuladı, ciddi publisist və ictimai xadim kimi yubilyarın mədəni tariximizdə tutduğu məxsusi yeri səciyyələndirdi.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva XIX əsrin sonu — XX əsrin əvvəllərində xalqımızın istiqlal məfkurəsinin daşıyıcısı olan nəslin önündə gedən böyük amal sahibi Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığı barədə geniş söhbət açdı. O bildirdi ki, o zamankı Azərbaycan gerçəkliyinin aynasına çevrilmiş “Kaspi” qəzetinin naşiri və redaktoru olmaqla yanaşı, Əlimərdan bəy həm də Bakı Dumasının deputatı və sədri kimi milli haqlarımızın qorunmasında fədakarlıq göstərmişdir. Sonrakı illərdə Rusiya Dövlət Dumasının deputatı, burada türk-müsəlman fraksiyasının rəhbəri kimi Topçubaşov bu xalqların da milli-mədəni hüquqları, onların toparlanması uğrunda mübarizə aparmışdır.
AXC parlamentinin sədri olaraq Əlimərdan bəy yeni yaranmış dövlətin beynəlxalq birlik tərəfindən tanınmasına inadla çalışmış, AXC-nin süqutundan sonra mühacirətdə milli dövlətçilik irsinin qorunması, istiqlal savaşının davam etdirilməsi işinə sonadək sadiq qalmışdır. Bu gün Əlimərdan bəy Topçubaşovun adı, zəngin irsi dövlətçilik tariximizin parlaq səhifələrindən biri, xalqa xidmətin gözəl örnəyidir.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev sovet dövründə xalq düşməni elan olunmuş, adı və irsi yasaqlanmış Əlimərdan bəy Topçubaşovun yeni nəsillərə qədərincə tanıdılması, nadir şəxsiyyətinin və zəngin fəaliyyətinin öyrənilməsi ilə bağlı tarixi sənədlərdən söz açdı, yubilyarın həyatının az öyrənilmiş tərəflərinə nəzər saldı.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev Əlimərdan bəy Topçubaşovun qəzetçilik-naşirlik fəaliyyətindən danışdı, onun parlaq siyasi publisistikasının mətbuat tariximizi zənginləşdirdiyini bildirdi.
Konfransda çıxış edənlər Əlimərdan bəyin nəsillərə örnək ömür yolunun ayrı-ayrı mərhələ və yönlərindən danışdılar, yubilyarın irsinin öyrənilməsi, təbliği ilə bağlı təklif və mülahizələrini söylədilər.
Konfransda dövlətimizin və ölkə rəhbərliyinin milli istiqlal tarixinə həssas, qayğıkeş münasibəti də razılıqla qeyd olundu.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 31 may.- S. 6.