Böyük alim Əhməd
Mahmudovun ömür yoluna işıq salan kitablar çapdan
çıxmışdır
Azərbaycanın görkəmli elm fədaisi,
akademik Əhməd Mahmudovun ömür yolu və zəngin
yaradıcılığından bəhs edən iki kitab nəşr
edilmişdir. AzərTAc xəbər verir ki, “İndiqo” mətbəəsində
nəfis şəkildə çapdan çıxmış
“Akademik Əhməd Mahmudov” və “Şahtaxtıdan
başlanan ömür” adlı bu kitablarda dəyərli alim
haqqında dolğun məlumatlar öz əksini
tapmışdır.
“Akademik Əhməd Mahmudov” kitabının
müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü Teymur Kərimlidir.
Kitabın redaktorları AMEA-nın müxbir
üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal
Abdullayev və professor Vilayət Quliyevdir.
Redaktorları akademiklər - Ziyad Səmədzadə
və İsa Həbibbəyli olan “Şahtaxtıdan başlanan
ömür” kitabının müəllifi isə Məmməd
Əlizadədir.
Hər iki kitabda akademik Əhməd Mahmudovun
yorulmaz elmi fəaliyyətindən, böyük
ziyalılığından, xalqına sonsuz sevgisindən,
yüksək insani keyfiyyətlərindən,
qazandığı nailiyyətlərdən geniş söz
açılmışdır.
Müəlliflər haqlı olaraq qeyd etmişlər
ki, alimin iqtisadiyyat və onunla bağlı sahələrdəki
araşdırmaları nəinki respublikamızda, eləcə
də dünyanın ən nüfuzlu elm mərkəzləri
yerləşən xarici ölkələrdə yüksək
qiymətləndirilir. Akademikin müəllifi olduğu kitablar,
monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə,
alim və oxucular tərəfindən dəyərli elmi vəsait
kimi istifadə olunur. Onun bir sıra əsərləri xarici
ölkələrin nüfuzlu elmi jurnallarında nəşr
edilmişdir.
Bütün bu və digər faktların yer
aldığı kitablarda görkəmli alimin həyat yolunu əks etdirən
müxtəlif fotoşəkillər də öz əksini
tapmışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuş hər iki kitab görkəmli alim, akademik Əhməd Mahmudovu geniş
auditoriyaya daha yaxından tanıdacaqdır.
Xalq qəzeti.- 2013.- 31 may.- S. 7.