Azərbaycanda
dayanıqlı inkişaf dinamikası
Ölkə iqtisadiyyatında son
illər ərzində yaşanan inkişaf tempi 2013-cü ilin ilk üç
ayında da davam etmişdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasının
yekunları göstərir ki, bütün makro-iqtisadi
göstəricilər üzrə artım tempi
qorunub saxlanılmışdır. Ölkənin
geosiyasi mövqeyi və
regional siyasi şəraiti
milli iqtisadiyyatın gücləndirilməsi,
rəqabəttutumlu istehsalın təmini və strateji inkişaf proqramlarının
qəbul edilməsi kimi vacib
amillərdən asılıdır. Məhz bu
prizmadan yanaşaraq
hökumət 2020-ci ilə hədəflənən iqtisadi inkişaf
konsepsiyası hazırlayıb və həmin konsepsiyada
ölkə üçün strateji baxımdan əhəmiyyətli olan məqsədlər müəyyən edilib. Növbəti 8 ilin
Azərbaycanın iqtisadi inkişafı
baxımından səmərəli olacağı artıq hiss edilməkdədir.
Nazirlər
Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında İlham Əliyev bu ilin birinci rübünün
yekunlarını qiymətləndirərkən qeyd etmişdir
ki, Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır.
İslahatlar artıq gözəl nəticələrə gətirib
çıxarır və bu baxımdan 2013-cü il də
keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm
ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr
görəcəyik. Ümid edirəm ki, 2013-cü il
xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafında rekord ili olacaqdır.
Ölkə
Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
aparılan fəaliyyəti yüksək qiymətləndirərək
əlavə etmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi
məsələsi bizim üçün iqtisadi sahədə əsas
prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş
işlər nəticəsində demək olar ki, bütün
hədəflərin təmin edilməsi şəraitində
qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır.
2013-cü ilin birinci rübündə iqtisadi inkişaf
özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft
sektorundakı inkişaf məni çox sevindirir. İqtisadi
islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən
də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki,
öz daxili imkanlarına söykənir, öz iqtisadi və
siyasi inkişafını özü təmin edir. İqtisadi
sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən
də qiymətləndirilir...Bu gün hələ də bəzi
ölkələrdə böhran öz acı nəticələrini
göstərməkdədir, Azərbaycanda nə
böhranın ən qızğın çağında, nə
də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti
yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın
müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir,
bizim maliyyə vəziyyətimizdir və artıq həyat
göstərir ki, bu, yeganə düzgün bir yoldur.
Bu ilin ilk rübü bütün
makro-iqtisadi göstəricilərdə artım tempi ilə
yadda qaldı
2013-cü
ilin birinci rübbündə yaradılan Ümumi Daxili Məhsul
(ÜDM) 12,9 milyard manat olub ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 3,1 faiz artıqdır.
Qlobal maliyyə böhranı fonunda Azərbaycan
iqtisadiyyatının 3,1 faiz böyüməsi təqdirəlayiq
haldır və bu aparılan islahatların praqmatik olduğuna
dəlalət edir.
Ölkədə
yaradılan əlavə dəyərin 6,8 milyard manatı və
ya 52,3 faizi sənayedə, 1 milyard manatı və ya 7,8 faizi
tikintidə, 787,3 milyon manatı (6,1 faizi) nəqliyyatda, 296
milyon manatı (2,3 faizi) kənd təsərrüfatında,
1,4 milyard manatı(10,4 faizi) ticarət və pullu xidmət sahələrində,
230,1 milyon maatı (1,8 faizi)
rabitədə, 1,7 milyard manatı(12,9 faizi) digər sahələrdə
istehsal edilib. Bu zaman məhsula və idxala vergilər 826,5
milyon manat, yaxud da 6,4 faiz təşkil edib.
Yeri
gəlmişkən qeyd edək ki, bu sektorda baş verən
artım qeyri-neft sənayesində 2,9 faiz artıma səbəb
olub, nəticədə bu sahənin ümumi sənayedəki
payı 19,2 faizə yüksəlib.
Ümumilikdə isə ÜDM-də sənayenin payı 8,6
milyard manat olub. 3 ay ərzində istehsal edilən sənaye məhsulunun
6,4 milyard manatı, yaxud 75 faizi mədənçıxarmanın,
1,6 milyard manatı, yaxud 18,4 faizi emalın payına
düşüb. Göründüyü kimi, son zamanlar
iqtisadiyyatın diversifikasiyası istiqamətində
görülən işlər neft sektorunda hasilatın
azalmasına baxmayaraq cəmi ÜDM-in artımına əngəl
ola bilməyib.
2013-cü
ilin ilk üç ayı ərzində adambaşına
düşən ÜDM-in 1399,6 manat və ya 1783,4 ABŞ
dolları həcmində olub. Bu göstərici 2012-ci ilin eyni
dövründə 1346,1 manat, yaxud 1711,9 ABŞ dollarına bərabər
olub. Göründüyü kimi, 2013-cu ildə
adambaşına düşən ÜDM təxminən 4 faiz
artıb.
Qeyri-neft sektoru iqtisadiyyatın əsas
hərəkətverici qüvvəsinə çevrilib
Bəhs
edilən dövr ərzində qeyri-neft sektoru 6,6 milyard manat və
yaxud ümumi ÜDM-in 51,3 faizi həcmində olub. Qeyri – neft
sektoru ötən ilin analoji dövrü ilə müqayisədə
11,4 faiz artıb ki, bu da hökumətin 2020-ci il inkişaf konsepsiyasında qeyri – neft sektoru
haqqında nəzərdə tutulan hədəfə
uyğundur. Ümumiyyətlə, qeyri-neft sektoru son illər
ardıcıl olaraq inkişaf edir. İqtisadi İnkişaf
Nazirliyinin 2013-cü il proqnozuna görə, qeyri-neft sektoru
ÜDM-i 11,7 faiz həcmində artmalıdır. İlin birinci
rübündəki artım onu deməyə əsas verir ki,
nazirliyin proqnozu reallaşacaq. Hökumətin başlıca məqsədinin
ölkə iqtisadiyyatının neft və qaz amilindən
asılılığını aradan qaldırmaq olduğunu
da nəzərə alsaq, əldə olunan nəticələr
həqiqətən bu sahədəki
nailiyyətlərə bariz nümunədir.
Qeyd
edək ki, qeyri-neft sektorunda hazırki artım sürəti
qorunub saxlamaqla 2020-ci ildə ölkə iqtisadiyyatında bu
sektorun payı təxminən 78 faizədək yüksələ
bilər. Nəticədə ölkənin neftdən
asılılığı kəskin azalacaq, bu sahədəki
inkişaf qeyri-neft ixracında özünü müsbət mənada
daha çox büruzə verəcək və milli
iqtisadiyyatın dayanıqlığı birmənalı şəkildə
təmin ediləcək.
Dayanıqlı
iqtisadi inkişaf sosial dövlət deməkdir
İqtisadi
böyümənin davam etməsi, xüsusilə qeyri-neft sektorundakı
sürətli inkişaf dinamikası təbii olaraq əhalinin
gəlirlərində də aydın hiss edilib. Sözügedən
dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manat olub.
Adambaşına düşən gəlir orta hesabla 836,4 manat və
yaxud aylıq 278,8 manata catıb. Hər nəfərə
düşən gəlir istehlak mallarının qiymətlərindəki
inflyasiyanı 3,3 faiz üstələyərək 4,5 faiz olub.
Vergi və sosial sığortaya yönəldilən gəlirlər
çıxıldıqda əhalinin sərəncamında
qalan gəlir 7 milyard manat olub ki, bu göstərici də
ötən ilin eyni dövrü ilə müqayisədə təxminən
5,5 faiz artıb. Əhalinin gəlirlərindəki artım
sonda banklarda əmanətlərin miqdarının 21,2 faiz
çoxalaraq 5,2 milyard manat olmasına səbəb olub.
İlin birinci rübünə gəlirlərin 70,8 faiz son istehlaka yönəldilib ki, bu da
iqtisadi dinamikanı şərtləndirən amillərdən
biri hesab edilə bilər.
Müzdla
çalışan işçilərin orta aylıq əmək
haqqı 7.8 faiz artaraq 397 manat olub. Analoji göstərici ötən
ilin eyni dövründə 368 manat idi. Sənaye, tikinti və nəqliyat
sektorunda çalışanların orta aylıq əmək
haqqı digər sektorlara nisbətən daha yüksək olub.
Belə ki sənaye sahələrində calışanların
əmək haqqı 605,8 manat, tikinti kompleksində 595 manat, nəqliyyatda
isə 515.1 manat məbləğində olub.
Gəlirlərin
artması nəticəsində yanvar-mart ayları ərzində
ticarət şəbəkələrindən əhaliyə
satılan istehlak mallarının pərakəndə dövriyəsi
9,5 faiz artaraq 4,5 milyard manat məbləğində olub. Bu
zaman realizə olunmuş istehlak mallarının 55,8 faizini ərzaq
məhsulları, 44,2 faizini isə qeyri- ərzaq məhsulları
təşkil edib. Ötən ilin eyni dövrü ilə
müqayisə etdikdə ərzaq mallarının
satışı 2,2 faiz, qeyri-ərzaq məhsullarının
satışı isə 20,4 faiz artıb. Qeyri-ərzaq məhsullarının
ciddi şəkildə artması məhz sosial rifahın
yüksəlməsindən xəbər verir.
Əhalinin
gəlirlərinin artımı hökumətin
qarşısında duran əsas məqsədlərdən
biridir ki, bu prosesin də daim diqqətdə
saxlandığı hiss edilməkdədir. Sosial bazar
iqtisadiyyatının formalaşmasında gəlirlərin daha
cox bərabər bölüşdürülməsi və vətəndaşların
ölkənin iqtisadi imkanlarına bərabər
çıxış yaradılması cəhdləri bəhrəsini
verməkdədir.
2013-cü
ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri
3565,3 milyon manat proqnozlaşdırılsa da faktiki olaraq 4669,6
milyon manat həcmində icra edilib. Büdcə gəlirlərinin
icrası 2013-cü ilin proqnozu ilə müqayisədə 31
faiz, 2012-ci ilin eyni dövrünə nisbətdə isə 33,9
faiz artıq yerinə yetirilib. Bu müddət ərzində
Dövlət Neft Fondundan dövlət büdcəsinə
2840,4 milyon manat vəsait transfert edilib. Dövlət büdcəsinin
gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsinə
səbəb vergilərin 3,2 faiz, gömrük
rüsumlarının 0,3 faiz, sair gəlirlərin isə 2,6 dəfə
proqnozdan artıq icra edilməsi olub.
Cari
ilin birinci rübündə dövlət büdcəsinin xərcləri
4514,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 58,8 faiz çox olub. Xərclənən
vəsaitlərin 1164 milyon manatı, yaxud 25,8 faizi
sosialyönümlüdür.
Aşağı inflyasiya və real
gəlirlər
2013-cü ilin birinci
rübündə istehlak
bazarında 1 faiz inflyasiya olub. Əhalinin artan
gəlirləri fonunda
inflyasiyanın 1 faiz olması gəlirlərin faktiki dəyərini artırıb, nəticədə
alıcılıq qabiliyyəti
müsbətə doğru
dəyişib. Həmçinin, yuxarıda da qeyd etdiyimiz kimi, gəlirlərin yığıma yönəldilən
hissəsinin artımı
baş verib. Ümumilikdə isə son illərdə
iqtisadi sabitləşmə,
uğurlu pul-kredit siyasəti, həmçinin
istehsal mühitindəki
canlanma inflyasiya sürətinin beynəlxalq
normalara uyğun, yəni birrəqəmli olmasının başlıca
səbəbidir. Bu tendensiya manatın məzənnəsinin möhkəmlənməsinə,
daxili istehsalın təşəkkül tapmasına,
normal investisiya mühitinin
formalaşmasına təsir
edən faktorlardan ən önəmlisidir.
İnflyasiya həddinin sabitləşməsində
son bir neçə ildə qlobal maliyə böhranı nəticəsində ölkədə
idxal inflyasiyasının
baş verməməsi
də müəyyən
rol oynayıb.
Ölkə Prezidenti inflyasiya
göstəricisinin aşağı
olmasını müsbət
qiymətləndirərək bildirmişdir: “Keçən
ilin yekunlarını müzakirə edərkən
mən qeyd etmişdim ki, bu il də
inflyasiya birrəqəmli
olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır—1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi
sabitlik üçün
çox önəmli
olan bir məsələdir. Eyni zamanda,
daim qeyd etdiyim kimi, bizim
bütün məqsədlərimizin
mərkəzində insan
amili dayanır. İnflyasiyanın aşağı səviyyədə
saxlanması əlbəttə
ki, insanların rifah halının yaxşılaşmasına xidmət
göstərir”.
Sonda qeyd edək ki, ölkə
iqtisadiyyatının inkişafı
bir çox beynəlxalq təşkilatlar
tərəfindən hazırlanan
hesabatlara da öz müsbət təsirini göstərib. Belə
ki, “Qlobal Rəqabətlilik Hesabatı”
na görə,
Azərbaycan 9 pillə
irəliləyərək 144 ölkə arasında
46-cı yerə layiq görülüb. Ölkəmiz bu göstərici üzrə MDB dövlətləri
arasında 1-ci yerdədir.
Hesabatın “əmək bazarının
səmərəliliyi” və
“makroiqtisadi sabitlik” kimi mühüm göstəricilərinə görə
isə ölkəmiz dünya dövlətləri
arasında daha irəli yerlərə layiq görülüb.
Bu göstəricilər üzrə
uyğun olaraq
26-cı və 18-ci yerləri
paylaşan Azərbaycan
son “Doing Business” hesabatında da 185 ölkə arasında 67-ci yerdə qərar tutub. Bununla yanaşı, ölkəmizin
iqtisadi vəziyyəti
beynəlxalq reytinq agentlikləri tərəfindən
də müsbət qiymətləndirilib. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli
kredit reytinqini “Ba1”- dən “Baa3” səviyyəsinə
yüksəldib, reytinq
üzrə proqnozu isə sabit kimi qiymətləndirib. “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini “BBB-” səviyyəsində
təsdiq etmişdir.
“Fitch Ratings” agentliyi isə Azərbaycanın yerli və xarici
valyutada uzunmüddətli
suveren investisiya reytinqini “sabit” proqnozu ilə “BBB-” səviyyəsində saxlamışdır.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
sədri, iqtisad elmləri
namizədi
Xalq qəzeti.- 2013.- 1 may.- S. 1; 2.