Heydər Əliyevin Bakı telefon rabitə sisteminin inkişafında müstəsna xidmətləri var

 

Bəşəriyyətin yetişdirdiyi dahi şəxsiyyətlər sırasında yer alan  Heydər Əliyev Azərbaycanın müasir tarixində müstəqil dövlətçilyin memarı və qurucusu, görkəmli dövlət xadimifenomenal siyasətçi kimi müstəsna rol oynamış, adını  və xatirəsini xalqımızın əbədi yaddaşına həkk etmişdir. Umummilli lider Heydər Əliyevin 30 illik siyasət epoxası xalqımızın yüz illərlə həsrətində olduğu Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala yarıdan çoxu sovet dönəminə təsadüf  edir. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini izləyəndə, onun Vətənini hədsiz dərəcədə sevən, onun tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və sayğı ilə yanaşdığına heyrətlənməyə bilmirsən. Onun həyatının tarixə qızıl hərflərlə yazılan  hər hansı dövrünü araşdırıb, xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ Dövlət Təlükəsizlik orqanı kimi çox sərt rejimli bir qurumda çalışdığı illərdə belə içində Azərbaycanın müstəqillik arzuları alışıb yanırmış. Bu arzular onun bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.

Ötən əsrin 60-cı illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişafda İttifaq respublikalarından çox geridə qalırdı. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu mənzərə sürətlə dəyişməyə başladı. Həmin illərdə respublikanın sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyulmuşdur. 250-dən çox zavod, fabrik, istehsal sexi və emal müəssisəsi tikilib istifadəyə verilmiş, çoxgəlirli sahə olan üzümçülük sürətlə inkişaf etmiş və istehsalat strukturlarına yeni texnologiyalar tətbiq olunmuşdur.Respublikada milli gəlir 2,5 dəfə artmış, adam başına düşən ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox olmuşdur.

Ölkədəki mövcud reallıqlar – hakimiyyət böhranı, genişlənməkdə olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın strateji mövqelərinin əldən getməsi, bunların yaratdığı xaos və anarxiya gənc müstəqil respublikanın taleyini sual altında qoyurdu. Azərbaycan dövlət müstəqilliyinin çox erkən dövründə həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan iflasa uğramağa başladığı çox ağır bir məqamda heç bir amilə, təhdid və təzyiqlərə baxmayaraq, öz xilaskarını – ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Tarix çox qısa bir zamanda göstərdi ki, Azərbaycan xalqının bu seçimi yeganə doğru seçim idi.

Azərbaycanın siyasi-iqtisadi məkanında hansı proseslərin getdiyini, bu zəngin neft ölkəsinin  ətrafında hansı siyasi çoxgedişli kombinasiyaların qurulduğunu bütün incəlikləri ilə görən böyük siyasət adamı eyni zamanda, müstəqilliyə yeni qovuşmuş respublikanın bir deyil, bir neçə transformasiya dövrü yaşadığını da aydın dərk edirdi: diktaturadan demokratiyaya, imperiya köləliyindən milli müstəqil dövlətçiliyə və ən əsası iqtisadi iflasdan sağlamlaşdırmaya və inkişafa keçid. Bu ağır və eyni zamanda, həyatı vacib işlərin reallaşmasına mane olan, onları əngəlləyən problemlər isə olduqca çox idi.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin, o cümlədən də rabitə infrastrukturunun sürətli inkişafına güclü təkan verdi.

Böyük öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkə rabitəsinin də inkişafına xüsusi diqqət və qayğı göstərmiş, rabitə və informasiya - kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı  islahatlara başlandı. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” deyən ümummilli liderimizin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünya rabitə sistemində özünə məxsusi yer tutmuşdur.

Heydər Əliyev bu mühüm və vacib sahənin respublikamız üçün əhəmiyyətini vurğulayaraq deyirdi: “Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir”. Ümummilli lider haqlı olaraq qeyd edirdi ki, müasir informasiya - kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz.”

Məhz bunu əsas götürərək, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın rabitə sisteminin dünya rabitəsinə sürətli inteqrasiyasını, uyğunlaşdırılmasını təmin etmək məqsədilə 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya - kommunikasiya (İKT) üzrə (2003 - 2012-ci illər) Milli Strategiya”nı təsdiq etdi. Zaman  göstərir ki, onun rəhbərliyi və tövsiyələri ilə hazırlanan bu strategiya  respublikanın rabitə sistemində çox böyük intibaha səbəb oldu. Bu mühüm sənədin ölkəmizdə tətbiqinin 10 ilə yaxın müddətində müasir informasiya texnologiyalarının prioritet istiqamətləri müəyyənləşdirilmiş, qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik idarəetməni təmin etmək məqsədilə“elektron hökumət”in yaradılması əsas məsələlərdən biri kimi önə çəkilmişdir.

Bakı telefon rabitə sisteminin zəngin inkişaf tarixi də ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1969-1982 və 1993-cü ildən indiyə qədər olan inkişaf dövrü əsasən iki mərhələdən ibarətdir. Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda, digər sosial-iqtisadi sahələr kimi paytaxt  Bakının telefon rabitəsi, keçmiş SSRİ respublikalarının nəinki paytaxt, hətta bir çox böyük şəhərləri ilə müqayisədə belə çox geri qalırdı. Bakı keçmiş ittifaqın beşinci böyük şəhəri olsa belə, şəhərin telefon şəbəkəsi dövrünə görə köhnə texnologiyalar əsasında qurulmuşdu, Təsnifatına görə kiçik tutumlu və telefon nömrələnmə sistemi, o dövrlərdə rayon mərkəzlərində olduğu kimi, beş rəqəmli idi. Hər yüz nəfərə düşən telefon sayına görə on beş ittifaq respublikasının paytaxt şəhərləri arasında Bakı on dördüncü yeri tuturdu. Belə bir vəziyyət, əlbəttə, Heydər Əliyev kimi ölkəsini, xalqını sevən müdrik rəhbəri narahat etməyə bilməzdi.

Respublikanın ictimai, siyasi və iqtisadi inkişafında telefon rabitəsinin mühüm əhəmiyyət daşıdığını çox yaxşı bilən Heydər Əliyev, respublikada, eləcə də, Bakıda bu sahədə mövcud olan acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün 1970-ci il iyun ayının 24-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələni müzakirəyə çıxardı və buradaca bu vacib məsələ haqqında xüsusi qərar qəbul etdi. Bundan sonra respublikanın hər yerində, o cümlədən Bakı şəhərində rabitə qurğularının və avtomat telefon stansiyaların tikintisi üçün əlverişli şərait yarandı. Dahi rəhbərin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində cəmi bir il ərzində Bakının telefon rabitə sisteminin orta tutumlu şəbəkə səviyyəsinə yüksəltmək üçün altı rəqəmli nömrələnmə sistemi tətbiq edilərək, şəbəkədə yeni-yeni telefon stansiyalarının tikintisinə imkan yarandı.

Bakı şəhərində telefon şəbəkəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin  göstərişi ilə Mərkəzi Komitə və Nazirlər Soveti 1974-cü il avqust ayının 30-da “Bakı şəhərində telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında” yeni bir qərar qəbul edir. Bu tarixi qərarla ümumi tutumu yüz altmış dörd min dörd yüz nömrəyə çatan və o dövr üçün tam müasir olan onlarla avtomat  telefon stansiyasının tikilməsinə başlanır. Bununla da  Bakıda telefon rabitəsinin böyük sürətlə inkişaf mərhələsinin başlanğıcı qoyulur.

Təbii ki, şəhər telefon şəbəkəsini genişləndirmək və etibarlı rabitə sistemi yaratmaq üçün əvvəlcə dövrün tələblərinə uyğun infrastruktur yaradılmalı idi. Hər şeydən əvvl, tikiləcək bütün ATS binaları üçün torpaq sahəsi ayrılmalı, binalar və ATS-lər layihələndirilməli, həmin layihələr SSRİ Plan Komitəsində təsdiq olunmalı, Moskvadan telefon stansiyaları üçün avadanlıq ayrılmalı idi.

Aydın idi ki, respublikamızda, o cümlədən Bakı şəhərində belə irimiqyaslı layihələrin həyata keçirilməsi məhz Heydər Əliyevin SSRİ mərkəzi dairələrində böyük nüfuzu sayəsində mümkün olurdu. Bu layihələrdə binaların tikinti xərcləri şəhər sovetinin vəsaiti hesabına, yeraltı telefon kommunikasiyalarının tikintisi, torpağın qazılması və daşınma işlərinin əksəriyyəti şəhər və rayon ictimaiyyətinin qüvvəsi ilə təmənnasız aparılırdı. Orta hesabla ay ərzində 20-30 kilometr xəndək qazılır, telefon kanalizasiya qurğuları tikilirdi. Bakı şəhər İcraiyyə Komitəsinin rəhbərliyi ilə bütün idarə və müəssisələr səfərbər edilmiş, Rabitə Nazirliyində, Bakı Telefon Rabitəsi Şəbəkəsində, şəhər partiya və icraiyyə komitələrində qərargahlar yaradılmışdı. İşin gedişi və nəticələr ayda 1-2 dəfə Mərkəzi Komitənin aparıcı şöbələrində və Bakı şəhər Partiya Komitəsində müzakirə olunur, verilən tapşırıqların yerinə yetirilməsi haqqında hər rayona ciddi göstərişlər verilirdi.

Etiraf etmək lazımdır ki, Bakı telefon və digər rabitə şəbəkələri indi də ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-ci illərində tikilmiş xüsusi binalar və yeraltı telefon-kanalizasiya xətləri infrastrukturu bazası üzərində genişlənir və müasirləşdirilir. Maraqlı idi ki, o zaman müdrik rəhbər digər strateji sahələrdə olduğu kimi, rabitə sahəsində çalışan rəhbər kadrların və mütəxəssislərin də  əsasən Azərbaycanlı olması üçün uzaqgörən siyasət yeridirdi. Hakimiyyətinin ilk mərhələsində Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş Sovetlər Birliyinin nüfuzlu ali məktəblərinə göndərməsi də Azərbaycanın parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri idi. Çünki bu kadrlar sonradan bir çox sahələrdə strateji vəzifələrə milli kadrların təyin olunmasına imkan verirdi.

Bu məqsədlə məhz onun xeyir-duası ilə 1970 - 1980-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin səksəndən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə, o cümlədən telefon rabitəsi sahəsində, azərbaycanlı gənclərin ali təhsil almasını həyata keçirmək mümkün olmuşdu. Hətta Azərbaycan Dövlət Politexnik İnstitutuna tələbə qəbulu zamanı Rabitə Nazirliyinin təklifləri belə nəzərə alınırdı. Beləliklə, 1980-ci ilə qədər rabitə sahəsində kifayət qədər milli kadr ehtiyatı yaranmışdı. Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra məhz bu kadrlar sayəsində, ölkəmizin və Bakı şəhər rabitə şəbəkələrinin normal işi və müasir texnologiyalar əsasında yenidən qurulmasının həyata keçirilməsində heç bir ciddi problem yaşanmadı.

Müstəqilliyimizin ilk illərində Heydər Əliyev özünün bütün xarici səfərlərində, xarici şirkətlərin rəhbərləri ilə görüşlərində aparıcı şirkətləri Azərbaycan iqtisadiyyatına, o cümlədən rabitə sektoruna sərmayə qoymağa təşviq edirdi.

Yaxşı yadımızdadır ki, Prezident Heydər Əliyevin 1994-cü ildə Londona rəsmi səfəri çərçivəsində bir sıra sənədlərlə yanaşı, Azərbaycanla Böyük Britaniyanın “Ci-Pi-Ti” telekommunikasiya şirkəti arasında əməkdaşlıq haqqında saziş də imzalanmışdı. Bu saziş nəticəsində  qısa vaxtda “AzEvroTel” Birgə Müəssisəsi yaradıldı və 92 saylı ATS-in bazasında 92/97 indeksli elektron avtomat telefon stansiyası qurularaq paytaxt sakinlərinin istifadəsinə verildi. 1997-ci ildə “AzEvroTel” BM-in təntənəli açılış mərasimində Heydər Əliyev yeni ATS-in əhəmiyyətini yüksək qiymətləndirərək rabitənin mühüm sahə olduğunu bir daha diqqətə çatdırdı: “Bu çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır”.

Bundan bir müddət sonra , 1994-cü ilin fevralında Heydər Əliyev qardaş Türkiyə Respublikasına səfərin zamanı Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən “NETAŞ” şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurmasını tövsiyə etdi. Nəticədə, Türkiyənin “NETAŞ” və “TELETAŞ” şirkətləri ilə geniş əməkdaşlıq əlaqələri başladı və  Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görüldü. 1993 -2003-cü illər Bakı şəhərində və Bakı ətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi. Bununla da  Bakının bütün  kənd və qəsəbələri telefonlaşdırıldı. 2002-ci ildə isə arzu olunan həddə gəlib çatdıq – paytaxda telefon növbəliliyi ləğv edildi.

Azərbaycanı daim inkişafda və yeniləşmədə görmək istəyən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar  yeni telefon çəkilişi tarifinə 50 faiz güzəşt tətbiq etmək, həmçinin  güzəştli şəxslərə telefon aparatı hədiyyə vermək üçün martın 11-dən mayın 31-ə qədər kampaniya keçirilir. Kampaniya müddətində Bakı şəhəri ərazisində daşınan IP telefon nömrələri endirimlə 20 manat tariflə çəkilir. Artıq mart ayının 11-dən bu günə kimi kifayət qədər istifadəçi güzəştli tariflərlə telefon çəkdirmişdir. Kampaniya çərçivəsində Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və aztəminatlı ailələrə də telefon aparatı hədiyyə edilir.

 İKT-nin dinamik inkişafını təmin etmək məqsədilə ölkə başçısının sərəncamı ilə təsdiq etdiyi “2011 - 2013-cü illər Bakının sosial iqtisadi inkişafı haqqında Dövlət Proqramı” nda paytaxtın bütün qəsəbələrində telefon stansiyalarının ən müasir texnologiyalar əsasında yenidən qurulması nəzərə tutulur. 2013-cü ilin 3-cü rübünün sonuna proqramda nəzərdə tutulan bütün obyektlərin tikintisi müfəvəqiyyətə başa çatacaqdır.

Hazırda ölkəmizin hər bir qəsəbə və kəndində belə əhalinin sürətli internetdən istifadəsi məqsədi ilə tədbirlər reallaşmaqdadır.  Hörmətli Prezidentimiz tərəfindən Azərbaycanda hər bir evə kimi  sürətli internet layihəsinin Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi haqqında göstəriş verilmişdir. Hazırda internet xidmətində idarə və müəssisələrə, biznes strukturlarına, Beynəlxalq Neft konsorsiumuna daxil olan xarici şirkətlərə, bank, təhsil, səhiyyə müəssisələrinə və s. qurumların ofisinə optika ilə tələb olunan sürətli internet xidməti göstərilir. Əlavə olaraq, mis fiziki kabellərlə 250 mindən çox abunəçiyə “ON-line” rejimində sürətli internet xidməti göstərilir. Bu gün  Bakı şəhər əhalisinin yetmiş beş faizindən çoxu sürətli internetdən istifadə edir.

İndi paytaxtda telefon abunəçilərinin sayı 820 min nəfəri ötüb. Buna baxmayaraq, dövlət başçısının xüsusi tapşırığı ilə paytaxtın İKT  texnologiyaları şəbəkəsi müasir dünya standartları səviyyəsində sürətlə inkişaf edir. Bakı şəhərində hər bir ailəni telefon rabitəsilə  təmin etməklə yanaşı,  indi şəhər ərazisində tikilmiş yeni evlərə və yaşayış massivlərinə  telefon və İKT xidmətlərin göstərilməsi üçün mütəmadi işlər görülür.

 

 

 Beytulla HÜSEYNOV,

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin

baş direktoru

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 4.